525.Az

Moskva İsraildən qisas alır


 

Moskva İsraildən qisas alır<b style="color:red"></b>

Rusiyanın Ədliyyə Nazirliyi yəhudilərin İsrailə repatriasiyasına və repatriantlara yardım göstərən "Soxnut" Yəhudi Agentliyinin qanunvericiliyi pozduğu iddiası ilə qurumun ləğv olunması üçün məhkəməyə müraciət edib. Rusiya rəsmiləri bunun heç bir siyasi məqsəd və səbəb daşımadığını, yalnız hüquqi məsələ olduğunu qeyd etsələr də, hər kəs anlayır ki, Moskva İsraildən qisas alır.

İyulun 24-də baş nazir Yair Lapid "Soxnut"un Rusiyada düşdüyü böhran vəziyyətinə dair xüsusi iclas keçirib. Repatriasiya və inteqrasiya naziri Pnina Tamano-Şata, maliyyə naziri Aviqdor Liberman və tikinti naziri Zeev Elkin iştirak etdikləri iclasa bütövlükdə 30 nəfər  qatılıb. Görüşlə bağlı yayılan məlumatda Yair Lapid hökumətinin mübarizə əhval-ruhiyyəsində olduğu vurğulanır. Məlumata görə, görüşdə iştirak edən nazirlər Zeev Elkin və Aviqdor Liberman Rusiyaya qarşı ən sərt mövqe nümayiş etdiriblər, digərləri isə Kremli sakitləşdirməyin yollarını axtarmaq təklifini irəli sürüblər.

 "Soxnut" Yəhudi Agentliyin ləğvinin qəfil gündəmə gəlməsi bir neçə səbəblə izah olunur. Moskvanın İsrailə münasibətinin dəyişməsi öncə Rusiyanın İranla yaxınlaşması ilə izah edilir. Ukraynada ciddi uğur qazana bilməyən Rusiya ağır hərbi itkilər verir. Məlumata görə, Rusiya İrandan pilotsuz uçuş aparatları və artileriya mərmiləri almaq istəyir. Ukraynadakı hərb meydanında üstünlüyünü itirən Rusiya öz ordusunu İrandan almaq istədiyi dronlar vasitəsilə gücləndirmək istəyir. Çinə bəslədiyi ümidlər özünü doğrultmadığından Rusiya üzünü İrana çevirib. İran isə Rusiyaya etdiyi yardımın müqabilində Moskvanın İsraillə münasibətlərini yenidən dəyərləndirməsini istəyir. Təsdiqlənməmiş məlumata görə, İran hətta Rusiya ilə alyans da yaratmaq niyyətindədir. Əgər bundan sonra da Rusiya ilə İran arasında münasibətlər dərinləşməkdə davam etsə, paralel olaraq Moskva ilə İsrailin münasibətləri pisləşəcək. Rusiya İranın tələbləri qarşısında İsrailin əleyhinə addımlar atsa da, yəhudi dövləti ilə münasibətləri pisləşdirməyin təhlükəli ola biləcəyinin də fərqindədir. Rusiyanın Ukraynaya qarşı müharibəsində bitərəf qalan İsrail bundan sonra Kiyevə hərbi-texniki dəstək verə bilər. Bu isə son zamanlar hərb meydanında qüvvələr nisbətinin Qərbin keyfiyyətli silahları hesabına dəyişdirən Ukraynaya əlavə imkanlar yarada bilər. Məlum olduğu kimi İsraildə hava hücumundan müdafiə sistemi və pilotsuz uçuş aparatları çox inkişaf edib. Bu sahədə İsrailin Ukraynaya dəstəyi Rusiya üçün çox arzuolunmazdır. Ancaq artıq Rusiya ilə Qərb arasında münasibətlər pisləşdikcə Moskva seçim qarşısında qalır. Rusiya təkbaşına sona qədər davam gətirə bilməyəcəyini anlayır.

Rusiyanın "Soxnut" Yəhudi Agentliyini ləğv etmək istəyinin ölkədə "beyin axını"nın qarşısını almaq niyyətilə izah edənlər də var. Müharibənin başladığı 5 ayda Rusiyanın əhalisi 430 min nəfər azalıb. Ekspertlər reallığın daha ciddi olduğunu, ölkəni tərk edənlərin böyük əksəriyyətinin nəzərə alınmadığını qeyd edirlər. Ekspertlərə görə, ölkəni tərk edənlərin sayı bir neçə yüz min nəfər təşkil edir. Öz sahəsində yüksək səviyyəli mütəxəssislərin bir çoxunun "Soxnut" Yəhudi Agentliyin təşkilatçılığı ilə İsraili seçdikləri haqqında iddialar vardı. İndi Rusiya sanki bu prosesin qarşısını almağa çalışır. Ancaq müasir dövrdə insanların köçünün qarşısını almaq çox çətindir. "Soxnut" Yəhudi Agentliyi olmadan da İsrailə köçmək istəyənlər öz məqsədlərini həyata keçirəcəklər. Rusiyanın belə addımları isə yalnız onun özünə zərər verəcək.  

 

 





01.08.2022    çap et  çap et