Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 95-ci ildönümü münasibətilə tədbir keçirlib. “525”ə səfirlikdən verilən məlumata görə, Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min və hərbi hərbi attaşesi baş polkovnik Vanq Leinin iştirakı ilə keçirilən tədbirə Azərbaycan Ordusunun yüksək rütbəli generalları və yüksək vəzifəli şəxsləri, ölkədəki diplomatik nümayəndəliklər və hərbi attaşelər qatılıblar.
Attaşe Vanq Lei çıxışında bildirib ki, ötən 95 il ərzində Çin Kommunist Partiyasının güclü uzaqğörən siyasi rəhbərliyi altında Çin Xalq Azadlıq Ordusu milli varolma, milli müstəqillik, xalqların azadlığı, regional sabitlik və dünyada sülhün bərqərarlığı uğrunda qəhrəmancasına mübarizə apararaq, milli suverenliyin müdafiəsi, təhlükəsizliyin və inkişafın təminatında, eləcə də dünyada regional sabitliyin qorunmasında mühüm qüvvə rolunu oynayır. Çin xalqı daim sülhsevərliyi ilə tanınıb. Çin, həmçinin dinc inkişaf yoluna sadiqdir və həmişə aktiv müdafiəyə əsaslanan milli müdafiə siyasəti yürüdür. Heç vaxt hegemonluq, genişlənmə, təsir dairəsi, düşərgə qarşıdurması axtarışında olmayıb. Yeni dövrdə Çinin milli müdafiəsini fərqli edən də məhz bu xüsusiyyətləridir.
Attaşe Vanq Lei qeyd edib ki, Çin silahlı qüvvələrinin gücləndirilməsi və modernləşdirilməsi istiqamətində dayanmadan irəliləyir, özünə güvənərək qətiyyət və bacarıqla milli maraqlarını müdafiə edir. O, bu yolda qarşılaşacağı hər bir risk və çətinliklərlə üzləşməyə daim hazırdır.
“Çin, böyük bir ölkə olaraq, bəşəriyyət üçün “ümumi gələcəyi olan icma” konsepsiyasını vicdanla həyata keçirir. Çin Silahlı Qüvvələri həmçinin beynəlxalq vəzifələrini səmərəli şəkildə yerinə yetirir. Yeni dövrdə beynəlxalq hərbi əməkdaşlığı hərtərəfli inkişaf etdirməklə yanaşı, bütün dünya orduları ilə qarşılıqlı etimadı, qarşılıqlı faydanı gücləndirməyə davam edir. Çin ordusu BMT-nin sülhməramlı əməliyyatlarında fəal iştirak edir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında ən böyük qoşun yerləşdirən ölkə olmaqla yanaşı, beynəlxalq dəniz müşayiəti, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, yeni koronavirus epidemiyası ilə mübarizə və humanitar yardımlarda fəal iştirak edir, dünyada sülhü qorumaq üçün əməli tədbirlər həyata keçirir”.
Hərbi attaşe bildirib ki, Çin və Azərbaycanın dostluq əlaqələri böyük tarixə malikdir. Əlavə edib ki, hələ 2 min il əvvəl qədim İpək Yolu iki xalqı sıx şəkildə bir-biri ilə bağlamışdır: “Çin Azərbaycanın müstəqilliyini dünyada tanıyan ilk dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində iki ölkənin dövlət başçılarının və Silahlı Qüvvələrin Ali Baş komandanlarının qayğıkeş rəhbərliyi altında Çin və Azərbaycan Silahlı Qüvvələri arasında dostluq münasibətləri və əməli əməkdaşlıq rəvan inkişaf edib, beynəlxalq və regional məsələlərdə əməkdaşlıq getdikcə sıxlaşıb”.
Attaşe Vanq Lei vurğulayıb ki, cənab Sədr Si Cinpinin və cənab Prezident İlham Əliyevin strateji rəhbərliyi altında, Çin və Azərbaycan Silahlı Qüvvələrinin birgə səyləri ilə hər iki tərəf yüksək səviyyəli dialoq, strateji məsləhətləşmələr və praktiki əməkdaşlıqda daha səmərəli nəticələr əldə edəcək: “Münasibətlər mütləq yeni səviyyəyə qalxacaq və yeni mərhələyə qədəm qoyacaqdır. Çin və Azərbaycan Silahlı Qüvvələri arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi iki ölkənin əsas mənafelərinə uyğundur, şübhəsiz ki, iki xalqa da fayda verəcək, dünyada regional sülh, sabitlik, firavanlıq və inkişafa xidmət edəcəkdir.
Qonaqlar Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 95-ci ildönümü münasibətilə təbriklərini bildirib, həmçinin Çinin beynəlxalq sülhməramlılıq, dəniz müşayiəti, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, yeni koronavirus epidemiyası ilə mübarizə və humanitar yardım sahəsində göstərdiyi fəal səylərə öz heyranlıqlarını ifadə ediblər. Əlavə olaraq, onlar Çinin milli müdafiə və hərbi quruculuq sahəsinə yeni və daha böyük nailiyyətlər arzulayıblar.
Tədbirdə “Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 95-ci ildönümü” adlı fotosərgi təşkil olunub. Sərgi qonaqlar tərəfindən yüksək qiymətləndirilib.


PƏRVANƏ
çap et