525.Az

Tanınmış daşnakların Ermənistana girişinə qadağa qoyulur 


 

Tanınmış daşnakların Ermənistana girişinə qadağa qoyulur <b style="color:red"></b>

Ermənistan hakimiyyəti daşnakların ölkəyə girişini qadağan etməkdədir. Ötən ay fransalı erməni, "Daşnaksütyun ARFD"nin fəalı Murad Papazyanın Ermənistana girişi qadağan edilib. Bir neçə gün əvvəl daşnak partiyasının Niderlanddakı Gənclər Birliyinin üzvü Syune Abrahamyanın, ardınca Amerika Erməniləri Milli Komitəsinin - "Hay Dat" təşkilatının Niderlanddakı nümayəndəliyinin rəhbəri, ARFD-nin fəal üzvü Masis Abrahamyan da "persona non qrata" (arzuolunmaz şəxs) elan edilib. O, "Zvartnots" hava limanından ölkəyə buraxılmayıb.

"Daşnaksütyun"un Qərbi Avropa Mərkəzi Komitəsi bununla bağlı bəyanat yayıb. Qeyd olunub ki, Ermənistan hökuməti "persona non qrata" adlandırılan şəxslərin siyahısını hazırlayıb: "Əvvəlki açıqlamalarımızda vurğulandığı kimi, ölkəni uçuruma aparan xain Paşinyan rejiminin alətinə çevrilmiş Milli Təhlükəsizlik Xidməti öz çağırışına sadiq qalmır və bu antimilli qərarlara görə eyni dərəcədə məsuliyyət daşıyır. Biz bütün mümkün və qanuni üsullarla vətəndən məhrum olunmağımıza yönəlmiş bu dəhşətli kampaniyaya qarşı mübarizə aparmalıyıq. Bu cür qorxaq qərarların sahibləri yazıqdırlar, xüsusən də Ermənistanın bütövlüyü və rifahı üçün mübarizə aparan "Hay Dat"ın sadiq fəallarını belə bir şəkildə sıxışdırıb susdura biləcəklərini düşünəndə yazıq olurlar. Mübarizəmiz milli və hüquqi dövlət bərpa olunana qədər güclənməlidir, bunun ilkin şərti antimilli və xəyanətkar diktator klanının aradan götürülməsidir".

Bəyanatdan göründüyü kimi, daşnaklar açıq şəkildə Paşinyan və komandasına qarşı təhdidlə çıxış edirlər.

"Daşnaksütyun"un parlamentdəki "Ermənistan" fraksiyasındakı deputatı İşxan Saqatelyan da Paşinyanın populist, qatil diktator olmağa çalışdığını, heç bir gücə və legitimliyə malik olmadan avtoritar rejim qurmağa çalışdığını deyib: "Bunun sübutu rüsvayçı təqiblər, siyasi məhbuslar, yeni uydurma cinayət işləri, qula çevrilmiş hüquq-mühafizə orqanları və məhkəmə sistemidir".

Bəs tanınmış daşnakların ölkəyə buraxılmamasına səbəb nədir? Erməni mətbuatı səbəb kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanın Niderlanda və Fransaya səfərləri zamanı yerli erməni icmalarının istefa tələbi ilə ona qarşı etiraz aksiyası təşkil etmələrini göstərir. Hələ ki, iki şəxsin ölkəyə buraxılmaması ilə bağlı açıqlama verilməsə də, Murad Papazyanla bağlı qərara aydınlıq gətirilib. Ermənistan hökuməti Fransa vətəndaşı olan Papazyanı Parisdə Ermənistanın Baş nazirinin başçılıq etdiyi hökumət nümayəndə heyətinin kortejinə hücum təşkil etməkdə ittiham edir. Nəticədə o, Ermənistanda "arzuolunmaz şəxslər" siyahısına salınıb. Nikol Paşinyanın korteji ilə bağlı insident ötən ilin yayında baş verib. Parisdə etirazçılar avtomobilləri müxtəlif əşyalarla vurub, nəticədə erməni jurnalistləri aparan maşının güzgüsü sınıb. Hökumətin izahatında qeyd olunur ki, arzuolunmaz şəxslər arasında hücumun fəal iştirakçıları da olub.

"Yalnız Fransa polisi və təhlükəsizlik qüvvələrinin səyi nəticəsində Baş nazirin üzərində Ermənistan bayrağı olan avtomobilinə edilən hücum zamanı vəziyyətdən çıxmaq mümkün olub. Bunu sübut edən məlumatlar müxtəlif KİV-lərdə dərc olunub, internetdə videomateriallar yerləşdirilib", - məlumatda bildirilir.

Xatırladaq ki, daşnaklar mütəmadi olaraq ölkə daxilində və xaricdə Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar təşkil edir, ona qarşı açıq təhdidlər, hədələr səsləndirirlər. Eyni zamanda Azərbaycanla və Türkiyə ilə başladılan münasibətlərin normallaşması prosesinə qarşı çıxırlar. Bəzi mənbələrə görə, Paşinyan hökuməti xaricdəki tanınan daşnakların ölkə daxilində təsir imkanlarını azalatmaq istəyir. Onların "arzuolunmaz şəxs" elan edilməsi də məhz buna hesablanıb.

 





02.08.2022    çap et  çap et