525.Az

Elm və təhsilin vəhdəti


 

Elm və təhsilin vəhdəti<b style="color:red"></b>

Prezident İlham Əliyevin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm Azərbaycan Milli Elmlər Akademiyası, həm də yeni yaradılan nazirlik məşğul olacaq. İslahatlar elmi tədqiqatların aparılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və elmi nailiyyətlərin iqtisadiyyata inteqrasiyası baxımından əhəmiyyətlidir.

Yəni "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Prezidentin Fərmanının əsas məqsədi elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsidir. Fərmanla Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılacaq və elm sahəsində dövlət siyasətini, tənzimləməni həyata keçirəcək. Elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər yeni nazirliyə verilib və Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.

Milli Elmlər Akademiyasının əsasən texniki, təbiət elmləri ilə bağlı institutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilsə də, bu, akademiyanın ləğvi mənasına gəlmir. Humanitar institutlar AMEA-nın balansında qalır. AMEA-nın Gəncə, Naxçıvan bölmələri, eləcə də Şəki və Lənkəran elmi mərkəzləri öz fəaliyyətini bu qurumun tabeliyində davam etdirəcək. Alimlərin, elmi müəssisələrdə çalışan işçilərin ixtisarı nəzərdə tutulmur və qurumun yeni statusu onun yeni nizamnaməsi ilə müəyyənləşdiriləcək. AMEA-da prezident seçkiləri, ənənəyə uyğun olaraq həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək. Həm AMEA-nın balansında qalan, həm də yeni nazirliyə verilən elmi institutlar öz işlərini əvvəlki qaydada davam etdirəcəklər.

Təhsil naziri Emin Əmrullayev deyib ki, bu qərarı Azərbaycan Milli Elmlər Akademiyasının ləğvi kimi qiymətləndirmək düzgün deyil. Milli Elmlər Akademiyası öz fəaliyyətini davam etdirir: "Sadəcə olaraq Akademiyanın tabeliyində olan bəzi elmi-tədqiqat İnstitutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib".

Nazirin dediyinə görə, tabelik və elmi fəaliyyət qarışdırılmamalıdır. Çünki hətta yeni struktur yaradıldıqdan sonra da həm texniki, həm də humanitar sahə üzrə elmi prioritetləri müəyyənləşdirmək, elmi fəaliyyətlə bağlı ölkənin vacib istiqamətlərini müəyyən etmək məhz AMEA-nın səlahiyyətləri olaraq qalır. Mən inanıram ki, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi və nazirliyin tabeliyində olan həm ali təhsil müəssisələri, həm elmi təşkilatlar birlikdə ölkədə elmin və təhsil inkişafına nail olacaq".

Təhsil naziri bildirib ki, institutlarda çalışan alimlərin ixtisarından söhbət getmir. Çünki məqsəd ixtisar etmək və yaxud kimisə işdən çıxarmaq deyil. Uzunmüddətli inkişaf elmsiz mümkün deyil, bu səbəbdən ixtisarlar baş verməyəcək. E.Əmrullayevin sözlərinə görə, nazirliyin daxilində koordinasiya qurumları ola bilər: "Nazirliyin Kollegiyasında da elm tərəfindən olan insanların təmsilçiliyi olduqca vacibdir".

E.Əmrullayevin dediyinə görə, Elmlər Akademiyası, elmlə bağlı danışanda yaş faktoru çox qabardılır: "Səmimi desəm, yaş faktorunun ciddi problem olduğunu düşünmürəm. Mənə görə insanların yaş yox, təcrübələri önəmlidir. Elmdə, ümumiyyətlə yaş həmişə yuxarı olur. "Nobel" mükafatları alanlar sırasında da gənclər az olur. Ancaq bu varisliyin, dayanıqlığın təmin edilməsi üçün gənclərin elmə cəlb edilməsi olduqca vacibdir. Bu sahəyə gələn gənclərin hansı stimulları var, bunu nəzərə almalıyıq".

Nazir vurğulayıb ki, elm və təhsili bir-birindən ayırmaq mümkün deyil. Bəzən hətta "tədris" sözü də işlənir: "Mən buraya "tədqiqatlar" sözünü də əlavə edərdim. Elmi tədqiqatlar və ali təhsil müəssisələrində həyata keçirilən tədris proqramlarını bir-birindən ayırmaq mümkün deyil. Çünki istənilən elmi tədqiqatları aparmaq üçün mütəxəssislər hazırlanmalıdır. Onların yetişməsi üçün müvafiq proqramlar olmalıdır. Bir elmi tədqiqatçının hazırlanmasına pillələrlə gəlib çatmalıyıq. Ali məktəblərdə də kadr hazırlığının daha keyfiyyətli olması üçün ən mütərəqqi elmi tədqiqatları aparma şəraiti və mühiti olması vacibdir. İnanıram ki, bir çox ali təhsil müəssisələrində, tədqiqat institutlarında bu mühit bəzi hallarda mümkün olub, bəzi hallarda isə olmayıb. Amma bu vəhdət nəticəsində biz daha irəliyə addım ata biləcəyik".

Nazirin sözlərinə əsasən, Elm və Təhsil Nazirliyi elmi qurum deyil: "Bu, qətiyyən doğru deyil. Nazirliklər elmi fəaliyyətlə məşğul deyil, söhbət elm sahəsinin idarə edilməsindən gedir. Elm və təhsilin qarşılıqlı əməkdaşlığı uzun müddətdir ki, Azərbaycan cəmiyyətində müzakirə olunurdu. Prezidentin fərmanına əsasən, yeni yaradılan qurum elm sahəsində tənzimləmə funksiyasını və elmi fəaliyyətin koordinasiyası, inzibati idarəedilməsi, elm sahəsinin maliyyələşməsini həyata keçirir. Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş qurumların fəaliyyəti də elmlə bağlıdır. Məmurlar elmin qarşısında duran suallara cavab verən şəxslər deyil". E.Əmrullayev deyib ki, bu və ya digər sahələrin də uğurlu olması üçün dövlət siyasətinin müəyyənləşməsi, icrası, icraya nəzarət funksiyası və s. məsələlər Elm və Təhsil Nazirliyinin funksiyalarına əlavə edilib.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun dediyinə görə, cəmiyyətimizin alimə də, elmə də hörməti böyükdür. Elmin potensialından düzgün istifadə etməyi bacarmalıyıq. Elmə baxışımızı dəyişməliyik. Elm - alimin özünü ifadə formasıdır. Əgər bu potensial varsa, alim özünü ifadə edəcək. Əgər yoxdursa, istər alim, istər padşah, istərsə də milyarder oğlu olsun, özünü ifadə edə bilməyəcək. Belə insanların elmin başına keçməsi elmi boğmaqdır. İnkişaf etmiş ölkələrin hamısı elmə əsaslanaraq inkişaf edirlər. Dünyanın 200 aparıcı universitetinin 186-sı inkişaf etmiş ölkələrdədir. Yerdə qalan 14-ü isə ikinci dünya dövlətlərindədir. Elm yeni texnologiya, yeni texnologiya isə yeni məhsul yaradır. Deməli, bazarı zəbt edən məhsulların 60-80 faizi intellektual məhsuldur. Ancaq nəzərə almaq lazımdır ki, elm çox bahalı sahədir.

Şahlar Əsgərov bildirib ki, hər ölkə elmin bütün istiqamətlərini inkişaf etdirə bilməz. İnkişaf etməkdə olan dövlətlərdə bəzi sahələr (silahqayırma, hərbi sənaye) istisna olmaqla elm texnologiya yarada bilmir. Bu səbəbdən də yeni texnologiyanın yaradılması zəifdir. Misal üçün, qardaş Türkiyənin ixracatında intellektual məhsulların payı 10 faizdən azdır. Texnoloji sinqulyarlıq dövründə yaşayırıq. İstehsal olunan məhsulların çoxu intellektual məhsuldur. Texnologiyaya təsir edən güclü faktor - elmdir. Bu faktorun təsiri altında Sinqapurun istehsal etdiyi intellektual məhsulun həcmi RF-dən çoxdur: "Bizim kimi ölkələrin də Sinqapur, Cənubi Koreya kimi sürətlə inkişaf etməsi nəzəri cəhətdən mümkündür. Bunun üçün vacib şərtlər ödənilməlidir. Güclü universitetlər yaratmaq və texnologiyanı xaricdən almaq, rəqabət mühiti yaradıb, monopoliyanı sıradan çıxarmaq, elmin taleyini Pareto 80-lərə yox, Pareto 20-lərə tapşırmaq, o yerdə ki, hər kəs az bilir, orada deməli, hamı az bilir, çünki bilik toplanmır, elmin başına kvazi alim yox, milli mənafeni yüksək tutan həqiqi alim təyin edilməlidir. Elmimizin fəlsəfəsinə yenidən baxılmalıdır. Həm məzmun, həm də struktur baxımdan Azərbaycan Milli Elmlər Akademiyası modernləşməlidir. O elm sahələri və ya istiqamətləri inkişaf etdirilməlidir ki, onlar ölkəmizə, xalqımıza xeyir gətirər. SSRİ tərkibindəki və bugünkü Elmlər Akademiyası eyni məqsəd daşımamalıdır. İmperiya üçün elmin hər istiqaməti əhəmiyyətlidirsə, bizim kimi ölkələr üçün elmin ancaq müəyyən istiqamətləri əhmiyyətlidir. Bunun fərqinə varmaq lazımdır".

Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov deyib ki, təhsil və elmin vahid idarəçilikdə birləşdirilmə Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən islahatlar uğurlu şəkildə davam etməkdədir: "İslahatlar paketi yalnız kadrların dəyişdirilməsi ilə məhdudlaşmır. Prezident İlham Əliyevin qətiyyəti və müdrikliyi sayəsində ölkəmiz yalnız idarəçi kadr patensialı baxımından deyil, həm də idarəçilik sisteminin yeniləşməsi ilə növbəti inkişafa yönlənmişdir. Son illərdə bəzi dövlət strukturlarının birləşdirilməsi, yeni qurumların yaradılması, idarəçiliyin modernləşdirilməsi, yeni dünya düzəninə cavab verən idarəetmə formasının qurulması ölkə rəhbərinin idarəetmə sahəsində siyasətinin başlıca xəttini təşkil edir".

Millət vəkilinin dediyinə görə, Prezident İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı son fərmanı yeni çağırışların, islahatların tərkib hissəsi kimi günün tələbindən irəli gələn bir sənəddir: "Bu fərmanda nəzərdə tutulan dəyişikliklər, ilk növbədə, təhsilin keyfiyyətinin yüksəldilməsini və təhsil uğurları əsasında elmin inkişafını hədəfə alıb. Dünya elmşünaslığında hər zaman öz mövqeyi olmuş, böyük alimləri ilə tarixdə ad qoyub. Azərbaycanın bütün sahələrdə olduğu kimi, çağdaş elmi fəaliyyətdə də önə çıxması hər kəsi, xüsusilə ölkə rəhbərliyini düşündürən önəmli məsələlərdəndir. Ümummilli lider Heydər Əliyevin elmə və alimlərə qayğısı Prezident İlham Əliyev tərəfindən ötən illərdə uğurla davam etdirilib. Milli Elmlər Akademiyası, onun elmi institutlarının fəaliyyəti daim ölkə rəhbərinin diqqətində olub. Son fərman da elə bu diqqət və qayğının növbəti önəmli nümunəsidir".

R.Mahmudov vurğulayıb ki, Azərbaycanda Elm və Təhsil Nazirliyinin yaradılması, ölkənin elmi-intellektual potensialının bir mərkəzdə cəmləşdirilməsi bu sahənin yeni inkişafına səbəb olacaq:  "Prezidentin fərmanında nəzərdə tutulan islahatlar Azərbaycan vətəndaşının məktəbəqədər təhsildən başlamış elmin zirvəsinədək biliklər aləmində yüksəliş yolunun bir qurumun nəzarətində olmasını təmin edəcək. Elm-təhsil sferasını əhatə edən bu struktur dəyişikliyinin ciddi nailiyyətlərə səbəb olacağı şübhəsizdir. Prezidentin elm və təhsillə bağlı köklü islahatları həm də bütövlükdə islahatlar paketinin tərkib hissəsidir. Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında inkişaf zirvəsinə çatmasını qəti şəkildə qarşıya məqsəd qoyub və ölkəmizi bu məqsədə doğru aparır. Birmənalı şəkildə dövlət başçısının imzaladığı məlum fərman ölkədə elmin, təhsilin inkişafına hesablanıb və uğurlu inkişaf strategiyasına böyük töhfədir".

Sevinc QARAYEVA

 

 

 





02.08.2022    çap et  çap et