525.Az

Ermənistan iqtisadi inkişafını Azərbaycanda görür


 

ERMƏNİ NAZİR: "AZƏRBAYCANLA AZAD TİCARƏT REJİMİ BÖYÜK BAZARLARA ÇIXMAĞA KÖMƏK EDƏCƏK"

Ermənistan iqtisadi inkişafını Azərbaycanda görür<b style="color:red"></b>

Ermənistanda sosial-iqtisadi vəziyyətlə bağlı çətinliklər qalmaqdadır. İllərlə işğala görə, iqtisadi blokada şəraitində yaşayan İrəvan bu gün həm özünün vəziyyətdən çıxması, həm də regionun inkişafı, təhlükəsizliyi üçün atmalı olduğu addımları ləngidir. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Azərbaycan və Türkiyə ilə başladılan münasibətlərin normallaşması prosesindən əslində, daha çox qazanan bu ölkənin özü olacaq. Lakin Ermənistan hökuməti prosesin irəli aparmasını ləngidir, imzalanmış üçtərəfli bəyanatların (Azərbaycan, Ermənistan, Rusiya) icrasını gecikdirir. Bununla belə Ermənistan hakimiyyəti başa düşür ki, iqtisadi inkişafı, regional və beynəlxalq layihələrdə iştirakı, bir sözlə, ölkənin gələcəyi üçün mütləq qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmalıdır. Ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan yerli mediaya müsahibəsində bunu etiraf edib. O, iqtisadi vəziyyətin ürəkaçan olmadığını söyləyib: "Deyə bilmərik ki, qarşıda bizi ancaq yaxşı şeylər gözləyir".

Kerobyan əlavə edib ki, Azərbaycanla azad ticarət siyasətinin qurulması Ermənistanın daha böyük bazarlara çıxmasına kömək edərdi: "Azərbaycanla ticarət əlaqələri Ermənistanın biznesinə və sakinlərinə zərər verməyəcək, bunun tam əksini söyləyə bilərik".

Nazir deyib ki, ticarəti inkişaf etdirmək üçün Azərbaycanla dəmir yolu əlaqəsini bərpa etmək lazımdır - daha geniş regiona çıxışı olan dəmir yolu əlaqəsi olmadan inkişaf etmiş sənayeyə malik olmaq mümkün deyil. Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası Ermənistanın həm də Rusiya, İran, Mərkəzi Asiya ilə dəmir yolu əlaqəsini təmin edəcək.

Ermənistan-Türkiyə sərhədi mövzusuna gəlincə, V.Kerobyan bildirib ki, əgər bu sərhəd açılsa, Ermənistanda cəmi 2-3 il ərzində 30 faiz iqtisadi artım qeydə alına bilər, bunu bir sıra beynəlxalq araşdırmalar sübut edir: "Və bu qiymətləndirmə inam yaratsa da, İqtisadiyyat Nazirliyi hələ də öz araşdırmalarını aparmaqda davam edir".

Erməni nazir söyləyib ki, bütün dünya, xüsusən də regionumuz çağırışlarla doludur: "Bu mənada biz zəifləməməli, əksinə, növbəti rüblər və illər üçün qeydə alınan nəticələri konsolidasiya etmək üçün işimizi gücləndirməliyik".

Məlumata görə, ilin birinci yarısında Ermənistanda aqrar sektorda 5,5 faiz azalma olub. Həmçinin, ekspertlərə görə, iqtisadiyyatın müəyyən sahələrində müşahidə olunan artım da qısamüddətlidir. Məsələn, ölkəyə turistlər gəlməsə, pandemiya yenidən pik həddə olsa, iqtisadiyyat çökəcək.

Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri, ekspert Baqrat Asatryan mövzunu şərh edib. O, Ermənistan və Azərbaycanın hələ də ticarət əlaqələrini inkişaf etdirməkdən çox uzaq olmasından təəssüfləndiyini dilə gətirib.

"Lakin mən həmişə, onilliklərdir bu mövqeyə sadiq qalmışam ki, biz açılmalıyıq, iqtisadiyyatın, xüsusən də ticarətin bu istiqamətdə inkişafına imkan verməliyik. Bu, bütün Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına kömək edəcək", erməni ekspert bildirib.

Gələcəkdə Azərbaycanla dəmir yolu əlaqəsinin mümkün açılmasından danışan Asatryan Ermənistan iqtisadiyyatının 30 ildir ki, nəqliyyat blokadası şəraitində yaşadığını və buna uyğunlaşdığını xatırladıb: "Ona görə hesab edirəm ki, yolun qısa müddətdə açılması ilə digər alternativ yolun olmasından başqa fövqəladə nəsə baş verməyəcək. Lakin zaman keçdikcə, ölkələr arasında əlaqələr, o cümlədən, ticarət yaxşılaşarsa, dəmir yolu əlaqəsi Ermənistan iqtisadiyyatı üçün mühüm potensial imkana çevriləcək. Axı sırf nəzəri cəhətdən azad bazar iqtisadiyyatı indiki şərtlərlə işləyə bilməz, korrupsiya, inkişafda birtərəflilik və digər neqativ hallar yaranır. Bunlar inkişaf imkanlarına mənfi təsir göstərir. Bu 30 il bizə açıq şəkildə göstərdi ki, kiçik açıq iqtisadiyyat belə qapalı, sərt şəraitdə işləyə bilməz".

Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri hesab edir ki, iqtisadiyyatın inkişafı üçün Ermənistanın açıqlığa, məhz konseptual planda ümumən kommunikasiyaların açıqlığına ehtiyacı var: "Bu, yeni imkanlar konkret proqramlardır. Əgər bu fürsətdən istifadə etməyimizə kömək edəcək inkişaf planlarını irəli sürəcək qədər ağıllı olsaq, onda hər şey yaxşı olacaq. Yox, bu baş verməsə, onda heç nə olmayacaq və hər şey indiyə qədər olduğu kimi qalacaq".

 

 





03.08.2022    çap et  çap et