525.Az

Qaçış - Xaqani Cəfərli yazır


 

Qaçış - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiyanı hər ay təxminən 150-200 min nəfər insan tərk edir. Əgər bu vəziyyət dəyişməsə, ilin sonuna qədər Rusiya iki milyon vətəndaşını itirəcək. Ukraynaya qarşı müharibənin ilk aylarında rusiyalılar ölkələrini müvəqqəti tərk edirdilərsə, indi onların əksəriyyəti vətənlərindən birdəfəlik gedirlər. Ekspertlər bunun Qərblə qarşıdurmanın uzun illər (hətta onilliklər) davam edə biləcəyi qənaətinin yaranması ilə izah edirlər. Avropa sivilizasiyasına aid edilən ruslar Qərbdən təcrid olunmuş, Şərqə yönəlmiş bir ölkədə yaşamaq istəmirlər. Rusiyanı tərk edənlər özləri üçün perspektiv və parlaq gələcək görmədikləri üçün ölkələrindən qaçırlar.

Rusiyanı tərk edənlərin çoxu gənclərdir. Orta təbəqənin nümayəndələri, yaradıcı ziyalılar və İnformasiya Texnologiyaları mütəxəssisləri də Rusiyadan gedənlər arasında üstünlük təşkil edirlər. Bu təbəqənin təmsilçilərinə Qərb ölkələrində böyük tələbat olduğu üçün onlar vətənlərini tərk etdikləri üçün çətinliklə üzləşmirlər.

Belə aydın olur ki, Rusiyadan qaçanlar Putinin vəd etdiyi "cənnət"ə də getmək istəmirlər. Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin Qərblə nüvə müharibəsi ehtimalından bəhs edərkən, Qərb ölkələrinin əhalisinin tövbə etməyə vaxt tapmayacağını, rusiyalıların isə "cənnət"ə düşəcəyini vəd etmişdi. İndi belə görünür ki, hər ay Rusiyanı tərk edən 150-200 min nəfər insan Putinin vəd etdiyi cənnətə getmək istəmir. Rusiyanın əhali itkisini Mərkəzi Asiyadan olan miqrantlar və Ukraynadan məcburi köçürülənlər hesabına əvəzləmək də mümkün deyil.

Artıq rəsmi qurumlar da yaranmış vəziyyətin ağırlığını etiraf edirlər. Federal Dövlət Statistika Xidməti (Rosstat) etiraf etməyə məcbur olub ki, başqa ölkələrdən gələnlərin axını rusların sayının azalmasını artıq kompensasiya etmir. Statistika Xidmətinin "senzura"dan keçən məlumatına görə, 2021-ci ilin birinci rübündə Rusiyanı tərk edənlərin sayı 100 min nəfərə yaxın olduğu halda 2022-ci ilin birinci rübündə bu göstərici 200 min nəfəri keçib. Rusiya Federasiyasına xarici işçi qüvvəsinin axını, əksinə, kəskin şəkildə azalıb. Ekspertlərin hesablamalarına görə, 2022-ci ilin sonuna kimi Rusiyanın əhalisi 2021-ci ilin sonuna nisbətən ən azı 1,3 milyon nəfər azalaraq 144,2 milyon nəfər təşkil edəcək. Əgər işğal olunmuş Krımın əhalisi - 2,5 milyon insan nəzərə alınmasa, Rusiyanın özünün əhalisi 141,7 milyon nəfərə qədər azalacaq. 

Rusiya hakimiyyətinin bəzi tənqidçiləri isə Federal Dövlət Statistika Xidmətinin məlumatlarının şişirdildiyini bildirirlər. Məsələn, tanınmış blogerlərdən biri olan sahibkar Dmitri Potapenko 2019-cu ildə özünün yutub kanalında Rusiyanın daimi əhalisinin real sayının 140 milyon nəfərdən aşağı düşdüyünü dəfələrlə bəyan edib. Onun dəlillər əsasında söylədiyi fikirlər rəsmi qurumlar tərəfindən təkzib edilməyib.

Ekspertlər qeyd edirlər ki, Rusiyanın əhalisi artıq bir neçə il ardıcıl olaraq sürətlə azalır. Bu ilin əvvəllərindən başlayan güclü axın isə əsl fəlakət kimi dəyərləndirilir. Amma bu vəziyyət daha da pisləşə bilər. Ekspertlər Ukraynaya qarşı müharibədə ciddi uğur qazana bilməyən Putin hakimiyyətinin döyüş meydanında vəziyyəti dəyişmək üçün ümumi səfərbərlik edəcəyini, bunun isə ölkədən insan axınını daha da sürətləndirəcəyini güman edirlər.

Qeyd edək ki, Sovet İttifaqında keçirilən son siyahıyaalmada, 1989-cu ildə o zamankı Rusiya Federasiyasının daimi əhalisi 147,4 milyon nəfər təşkil edirdi. SSRİ-də keçirilən son siyahıyalmadan 33 il və Rusiyanın ərazisinin Krımın işğalı hesabına genişlənməsindən sonra Rusiyanın əhalisinin sayı 1989-cu ildəkindən azdır. Bu isə iqtisadiyyatın deqradasiyasına səbəb olur.

Enerji daşıyıcıların qiymətlərinin yüksək olması hələlik iqtisadiyyatdakı deqredasiyanın aşkar görünməsinə imkan vermir. Neftin bahalı olması hələlik Rusiyanı xilas edir. Ancaq bu, uzun müddət davam edə bilməz. Bir neçə gün öncə Avropa Birliyi Rusiyaya qarşı növbəti  sanksiya paketini tətbiq etdi. Sayca yeddinci olan paketə Rusiyadan qızıl idxalına qadağa və ölkənin aparıcı bankı olan "Sberbank"ın aktivlərinin dondurulması daxildir. Rusiya dünyanın ikinci ən böyük qızıl hasilatçısıdır. Qızıl ixracı Moskva üçün əhəmiyyətli gəlir mənbəyidir. Xüsusilə qlobal maliyyə sistemi ilə əməliyyat aparmaq baxımından qızıl ixracatı Rusiya üçün çox önəmlidir. İyun ayında qəbul edilən əvvəlki - altıncı paketdə isə Rusiyadan neft idxalının məhdudlaşdırılması yer almışdı. Avqustun ilk günündənsə Rusiyadan daş kömür idxalı dayandırılıb. Rusiya iqtisadiyyatından xarici sərmayənin qaçışı, xarici şirkətlərin ölkəni tərk etməsi və sanksiyaların nəticələrinin hər ötən gün ağırlaşması Rusiyadan insanların qaçışını da sürətləndirəcək. Sanksiyaların təsiri altında olan Rusiya iqtisadiyatı həqiqətən çökməyə başlayıb. Rusiyanın avtomobil sektorunda bu ilin may ayında istehsal 2021-ci illə müqayisədə 97 faiz azalıb. İstehsal edilən avtomobillər isə müasir tələblərə cavab vermir. Çünki rus istehsalçılarının istehsal etdiyi avtomobildə təhlükəsizlik yastıqları və avtomatik ötürücü qutusu olmayacaq. Avtomobil sənayesinin göstəriciləri sanksiyaların təsirini müəyyən etmək baxımından çox önəmlidir. Belə vəziyyət isə rihafa can atan rusiyalıları qane edə bilməz və onlar yaranmış vəziyyətdən çıxış yolunu ölkəni tərk etməkdə görürlər.

Ukraynaya qarşı müharibədə uğursuzluq isə hətta nəzəri inkişaf ehtimalların da üstündən xətt çəkir. Ukraynaya hərb meydanında qalib gələ bilməyən, məğlubiyyəti isə təsəvvür belə edilməyən Rusiyada hakimiyyətinın yaranmış vəziyyətdən "kütləvi şəkildə cənnətə düşmək"lə çıxmaq istəyi yarana bilər. Rusiya əhalisi isə Putinin vəd etdiyi "cənnət"ə getmək istəmir və buna görə kütləvi şəkildə sürətlə ölkələrini tərk edirlər.

 





03.08.2022    çap et  çap et