525.Az

Mahiyyətcə inqilabi, məzmunca əhatəli, məqsədlərinə görə strateji Fərman


 

Mahiyyətcə inqilabi, məzmunca əhatəli, məqsədlərinə görə strateji Fərman<b style="color:red"></b>

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı müasir dövrümüzün tələblərindən irəli gələn və Azərbaycan elminin inkişafına yönəlik bir sənəddir. Ali təhsil ilə elmin birgə fəaliyyəti və inteqrasiyası elmin inkişafına xidmət edəcək və çox uğurlu addımdır. Dünyanın bir çox inkişaf etmiş ölkələri bu modeldən istifadə edir və uğurlu nəticələr əldə edib. Zamanın tələbinə uyğun olaraq Azərbaycan da elmin inkişafı məqsədilə müasir çağırışlara adekvat addımlar atır.

Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının dediyinə görə, Azərbaycan Milli Elmlər Akademiyası ləğv olunmur, qalır, amma balacalaşır və dəyişir. Təbiət elmləri və dəqiq elmlər üzrə olan bütün institutlar Təhsil Nazirliyinə verilib: "Dünyada da bu proses eynidir. Keçmiş Sovet İttifaqında, Ukraynada, Gürcüstanda və Qazaxıstanda da bu nazirlik Elm və Təhsil Nazirliyi adlanır. Bu, görülməmiş bir şey deyil. Avropa ölkələrində də - Almaniyada, Fransada və başqa ölkələrdə də eyni vəziyyət  mövcuddur. Ona görə də buna uyğun adlandırılıb".

Hamlet İsaxanlı deyir ki, Ədəbiyyat, Tarix, Fəlsəfə, Hüquq və digər humanitar sahələrə aid institutlar AMEA-nın adı altında saxlanılır: "AMEA qalır, sadəcə fəaliyyət sahəsi məhdudlaşır. Eyni zamanda, bu qurumda reformlar həyata keçiriləcək. O cümlədən, AMEA rəhbərliyinin təklifləri gözlənilir. Təbii ki, keyfiyyəti artırmaq üçün kiçilmə məsələləri olacaq. Elm və təhsil bir-birinə bağlıdırlar. Birini o birindən ayırmaq olmaz. Çünki elm olmalıdır ki, orada yüksək təhsil olsun. Elmin də yaranma yolu təhsildən keçir. Ona görə onlar bir yerdə olmalıdır. Amma bir yerdə olmaq nə deməkdir? Bu sualın cavabı addım-addım aydınlaşacaq. Düşünürəm ki, sonrakı məqamlarda elmi tədqiqat institutları dəyişərək müəyyən elmi tədqiqata üstünlük verən universitetlərə birləşdirələcək. Bu variant ağlabatan görünür".

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin Fərmanına uyğun olaraq Elm və Təhsil Nazirliyinin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasının ictimai və humanitar elm sahələri institutlarından yenidən təşkil edilməsinin nəzərdə tutulması ölkəmizdə bütün sahələrdə uğurla aparılan geniş və dərin islahatların tərkib hissəsidir: "Zərurətdən və obyektiv səbəblərdən verilən, elmimizin idarəedilməsinin təşkilinin səmərəli qurulmasına, qarşısında dayanan vəzifələrin müasir tələblərə uyğun yerinə yetirilməsinə yönələn, ölkəmizin ümumi inkişafına faydanı nəzərdə tutan bu Fərman mahiyyətcə inqilabi, məzmunca əhatəli, məqsədlərinə görə isə stratejidir. Azərbaycan elminin simasını dəyişməyi, səviyyəsini yüksəltməyi və dünyada özünəməxsus yer almasını nəzərdə tutan bu Fərman böyük tarixi əhəmiyyət daşıyır".

M.Qasımlının sözlərinə əsasən, Fərmanın uğurla icra edilməsi nəticəsində ölkəmizdə elm və təhsilin inteqrasiyası dərinləşəcək, elmi tədqiqatların nailiyyətləri universitet auditoriyalarına daha tez daxil olacaq, istehsalata tətbiqi sürətlənəcək: "Elm yedəkdə sürünməyəcək, ölkəmizin ümumi inkişafına kömək edəcək. Gənclər elmə həvəslə gələcək, nəsillər arasında üzvi əlaqə, təbii varislik təmin ediləcək. Dövlətimiz üçün ən vacib olan elmi-tədqiqat işlərinin qısa, orta və uzunmüddətli sistemli planlaşdırılması həyata keçiriləcək, dünya səviyyəsinə çıxa biləcək araşdırmalar aparılacaq. Universitet təhsilimizin keyfiyyəti yaxşılaşacaq. Prezidentimiz nitqlərində daim vurğulayır ki, ölkəmizin inkişafı qabaqcıl elm, təhsil və yeni texnologiyalardadır. Əslində elmimizin tarixində yeni mərhələ başlanır. Görüləcək işlər xeyli çox, ağır və məsuliyyətlidir. İndi hər şey icraçılardan, bu işə məsul şəxslərdən asılıdır".

Təhsil eksperti Nadir İsrafilov deyib ki, belə bir addımın atılması gözlənilən idi: "Neçə illərdən bəri "təhsilsiz elm, elmsiz təhsil ola bilməz" deyirdik, ancaq bu ideyanın reallaşdırılması istiqamətində konkret addımlar atılmırdı. Bu müddəa bəziləri tərəfindən birmənalı şəkildə qəbul edilirdi. Amma bir çoxları onun reallaşmaması, inkişafın kompleks aparılmaması, elmin təhsilə verdiyi töhfənin hələ ki lazımi nəticə verməməsi, bu məqsədlərə ayrılan vəsaitin kifayət etməməsi və yaxud əksinə, elmə ayrılan vəsaitlərin səmərəli istifadə olunmamasından hər hansı bir nəticənin əldə edilməməsi qənaətində idilər. Elmin inkişafına ayrılan vəsaitin xərclənməsi üçün konsepsiyanın olmadığını vurğulayanlar da var idi. Bu gün dünya iqtisadiyyatı elmi biliklərə söykənən inkişaf xətti götürdüyündən ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir. Odur ki, yalnız ölkədaxili sosial-iqtisadi tələblərə cavab verən mexanizmlərin deyil, bütövlükdə, qlobal dünyanın rəqabətinə cavab verən mexanizmlərin hazırlanması tələb olunur. Bütün inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması, elmlə təhsilin sintezi istiqamətində sistemli şəkildə bir neçə mərhələdə islahatlar aparılır. İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir. Digər tərəfdən, "Hər il dövlət büdcəsindən elmə ayrılan müəyyən vəsaitlər müqabilində Azərbaycan alimlərinin son 20-30 ildə çoxlarının yadında qala biləcək bir elmi tapıntısı, kəşfi, iqtisadiyyata bəhrə verəcək bir yeniliyi olubmu?" sualını qoyanlar da olub. Hətta alimlərin əksəriyyətinin universitetlərdə cəmləşdiklərini əsas gətirərək AMEA-nın ləğv edilməsi əvəzində Təhsil Nazirliyinin yenidən formalaşdırılaraq, bir çox ölkələrdə olduğu kimi, Elm və Təhsil Nazirliyinə çevrilməsi təklifi ilə çıxış edənlər də az olmayıb".

Ekspert bildirib ki, idarəetmənin daha effektiv işləməsi üçün Təhsil Nazirliyində struktur dəyişikliyinin zəruriliyi də, yəni Elm və Təhsil Nazirliyinin yaradılması, o cümlədən, AMEA, təhsil sferasında olan bütün müəssisələrin, elmi təşkilatların və məktəbəqədər təhsil müəssisələrinin bu quruma həvalə edilməsi çağırışları da zaman-zaman gündəmə gəlib: "Sistemdə dəyişikliklərin olmaması və yaxud vəzifəli şəxslərin uzun müddət qalmasının o qədər də yaxşı nəticə verməməsi, yeni kadrların isə yeni layihələrlə işləməyə, etimadı doğrultmağa çalışacaqları barədə mülahizələrdə də müəyyən həqiqət var. Digər bir məsələ də onunla şərtlənirdi ki, "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya" sənədi və 2013-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın bəzi müddəaları belə bir struktur dəyişikliyi aparılmasını labüd edirdi. Yəqin, çoxları bilməmiş deyil ki, MDB məkanında Azərbaycan, Türkmənistan, Tacikistan və Moldovanı çıxmaqla, yerdə qalan ölkələrdə bu qurum "Təhsil Nazirliyi" yox, "Elm və Təhsil Nazirliyi" adlanır. Bir halda ki, bizim universitetlərin əksəriyyəti Təhsil Nazirliyinin tabeçiliyindədir və onların nəzdində elmi-tədqiqat mərkəzləri (institutlar və laboratoriyalar) fəaliyyət göstərir, onda bu qurumu "Təhsil Nazirliyi" adlandırmağa heç lüzum da qalmır. Digər tərəfdən, həmin universitetlərin öz elmi şuraları, magistraturaları, doktoranturaları da var və bu təsisatlar təhsildən daha çox, elmə yaxındır. Hesab edirəm ki, yeni yaradılacaq qurum uşaq bağçalarının, universitetlərin özünə tabeliyini gücləndirməklə, təhsil pillələri arasında vahidlik, ardıcıllıq, varislik prinsiplərinin qorunmasını təmin edəcək, nazirliyin yanında yaradılan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi vasitəsilə elm və təhsil sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsində idarəetmənin tənzimləmə və əlaqələndirmə funksiyalarının işlək hala gətirilməsinin mobilliyini və çevikliyini təmin edəcək. O ki qaldı yeni yaradılan Elm və Təhsil Nazirliyinin Azərbaycan elminin və təhsilinin inkişafına hansı töhfələri verəcəyi məsələsinə, bu, artıq zamana bağlı məsələdir".

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov qeyd edib ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı son illər bu sahədə aparılan ardıcıl islahatların davamıdır. Fərmanla Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi adlandırılması, AMEA-nın bir sıra elmi müəssisə və qurumlarının bu nazirliyin tabeliyinə verilməsi həmin sahələrin yeni dövrün çağırışlarına uyğun təkmilləşdirilməsinə, elmimizin və təhsilimizin qarşılıqlı əlaqəli şəkildə daha sürətlə inkişaf etdirilməsinə stimul verəcək: "Elmimizə böyük diqqət və qayğı göstərən, Azərbaycan aliminin cəmiyyətin inkişafındakı roluna yüksək dəyər verən Prezident həyata keçirdiyi struktur islahatları ilə Azərbaycan elminə ikinci həyat verdi. Ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru ilə bağlı institutların AMEA-nın tərkibində saxlanılması Azərbaycan Prezidentinin həm bu sahələrə, həm də bütövlükdə AMEA-ya verdiyi yüksək dəyərin nəticəsidir. AMEA-nın tərkibində fəaliyyət göstərəcək institutlar mühüm əhəmiyyətli elm sahələri ilə məşğuldur. Bu institutlarda vətənimizin qədim və müasir tarixi, arxeologiyası, etnoqrafiyası, antropologiyası, folkloru, ədəbiyyatı öyrənilir. Prezident bu sahələrin strateji əhəmiyyətini nəzərə alaraq, həmin institutları məhz Azərbaycanın əsas elmi mərkəzinin tərkibində saxlayıb. Elm sahəsində aparılan islahatlar bu hədəflərə çatmaq üçün bizə əlavə stimul verəcək. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan xalqı bu gün aparılan islahatların bəhrəsini görəcək, elm adamlarımız mühüm nailiyyətlər qazanaraq ölkəmizin inkişafına öz dəyərli töhfələrini verəcəklər".

Sevinc QARAYEVA

 





03.08.2022    çap et  çap et