525.Az

Gürcüstanda sular durulmur


 

Gürcüstanda sular durulmur<b style="color:red"></b>

Rusiyanın Ukraynaya qarşı müharibəsinin təsirlərinin ən çox müşahidə olunduğu postsovet ölkələrinin siyahısının önündə yer alan Gürcüstanda sular durulmur. Ukrayna ilə həmrəylik göstərən və Tbilisinin Qərb blokunda yer almasında təkid edən gürcü müxalifəti iqtidara qarşı mübarizəsini gücləndirib. İqtidardakı "Gürcü arzusu" partiyası isə müxalifəti və bəzi Qərb dairələrini Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək cəhdində ittiham edir. Belə görünür ki, Gürcüstanda iqtidar-müxalifət mübarizəsində daxili siyasət məsələləri gündəmdən çıxıb. Onun yerini xarici siyasətlə bağlı məqamlar alıb. Gürcüstan siyasətini yaxından izlədikdə bu məqam çox aydın görünür. Elə vəziyyət yaranıb ki, Qərb ölkələrinin təmsilçiləri də Gürcüstandakı iqtidar-müxalifət mübarizəsinin iştirakçısına çevriliblər. ABŞ Nümayəndələr Palatasının üzvü Adam Kinzinger xüsusi açıqlama ilə çıxış edərək Gürcüstanı müharibəyə sürükləmək istəklərinin olmadığını bəyan etmək məcburiyyətində qalıb: "ABŞ Ukraynada döyüşləri dayandırmaq istəyir ki, Ukrayna öz ərazisinin bir qarışını da itirməsin. Bizim Gürcüstanı müharibəyə sürükləmək istəyimiz yoxdur. Bu, tamamilə yanlışdır".

"Gürcü arzusu" iqtidarının liderlərindən biri, paytaxt Tbilisinin meri Kaxa Kaladze dəqiq ünvan göstərmədən Gürcüstanı Rusiya ilə savaşa cəlb etmək istəyənlərin mövcudluğundan bəhs edib. Bu açıqlamanı Kaxa Kaladze paytaxtın küçələrindəki üzərində "Müharibəni Qərb deyil, Rusiya istəyir" sözləri yazılmış pankartlarla bağlı suala cavablandırarkən söyləyib: "Bu kampaniyanın nə olduğunu və nəyə xidmət etdiyini bilmirəm".

İsveçrənin "Credit Suisse" bankı tərəfindən 2.7 milyard funt-sterlinq vəsaiti dondurulan Bidzina İvanişvilinin vəkilləri Credit Suisse bankı ilə əsas yazışmalarını açıqlaya biləcəklərini bildiriblər. Hazırda Gürcüstanda iqtidarda olan "Gürcü arzusu" partiyasının qurucusu və ilk Baş naziri olan Bidzina İvanişvilinin vəkilləri bildirirlər ki, "Credit Suisse" bankı iş adamına məxsus 2,7 milyard funt-sterlinq vəsaiti dondurmaqla ona təzyiq edir. Bu təzyiqlər isə Ukrayna hadisələri və Gürcüstanın daxili siyasi həyatı ilə bağlıdır. İvanişvili ilyarım əvvəl siyasəti tərk etdiyini açılasa da, gürcü müxalifəti və Qərbdə bəzi dairələr düşrünürlər ki, milyarder ölkəni hələ də "pərdə arxasından" idarə edir. Belə iddialar var ki, yalnız Nazirlər Kabineti deyil, dövlət qurumları da ona tabedir. Bu iddialar isə heç də əsassız deyil.

İyun ayında Avropa Parlamenti Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqini tələb edən qətnamə çıxarıb. Qətnamədə milyader Kremllə bağlı olan və Gürcüstanda demokratiyanın inkişafına mənfi təsir göstərən "oliqarx" adlandırılıb.

İvanişviliyə qarşı sanksiya çağırışları Ukrayna hökumətinin nümayəndələri tərəfindən dəfələrlə səsləndirilib. Xüsusilə də iddia edilir ki, milyarder Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yan keçmək sxemlərində iştirak edir. Bu iddialar hələlik təsdiqini tapmasa da, gündəmdən də düşmür. Bütün bunlar isə Gürcüstanın daxili siyasətinə təsir göstərərək gərginliyi artırır. Bu gərginliyi üçüncü prezident Mixail Saakaşvilinin Gürcüstanın siyasi həyatında iştirak etmək niyyətində olmadığı haqqında açıqlaması da azaltmır. Aydın görünür ki, Rusiya ilə Ukrayna arasında müharibə şiddətləndikcə Gürcüstanda iqtidar-müxalifət mübarizəsi də gərginləşəcək.

 

 





04.08.2022    çap et  çap et