525.Az

"Azərbaycanda elmin yüksələn xətlə inkişafı istiqamətində yeni mərhələnin əsası qoyulur"


 

"Azərbaycanda elmin yüksələn xətlə inkişafı istiqamətində yeni mərhələnin əsası qoyulur"<b style="color:red"></b>

Yeni fərman müasir dövrdə Azərbaycanda elmin cəmiyyətdə statusunun müəyyən edilməsi, maliyyələşdirilməsi, eləcə də elm və təhsilin bir-biri ilə daha sürətli inteqrasiyası istiqamətində əhəmiyyətli addım olmaqla yanaşı, həm də beynəlxalq təcrübəyə əsaslanaraq ölkəmizdə elmin inkişafı istiqamətində kompleks islahatların aparılması, mühüm nailiyyətlərin əldə edilməsi üçün geniş perspektivlər açacaq.   

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Mehriban İmanova Prezident İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci il iyulun 28-də imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə bağlı fikirlərini bölüşərkən belə deyib. 

M.İmanova Elmin İnkişafı Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, Fond əsas etibarilə təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramları və layihələrini və digər elmi tədbirləri qrant şəklində ünvanlı maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara azad yaradıcılıq imkanı yaratmağı hədəfləyir. Dövlət başçısının imzaladığı yeni fərman məhz bu kimi mühüm vəzifələrin uğurla həyata keçirilməsinə təkan verəcək, Azərbaycanda elmin dünya təcrübəsinə əsaslanaraq maliyyələşdirilməsi, elmlə məşğul olan şəxslərin əməyinin yüksək səviyyədə qiymətləndirilməsi üçün yeni imkanlar yaradacaq.

Fondun icraçı direktorunun fikrincə, elm sahəsində dövlət siyasətinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı səlahiyyətlərin Elm və Təhsil Nazirliyinə həvalə edilməsi Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə etmək, sosial problemlərin həllində elm və texnikanın rolunu yüksəltmək və dövlətin elmi informasiya və innovasiya ehtiyatlarını artırmaq baxımından son dərəcə vacibdir.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatları, habelə digər qurumların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı Fərmanın əhəmiyyətini vurğulayan M.İmanova bundan sonra AMEA-nın Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edəcəyinə, bu iki qurumun birlikdə dövlətimizin inkişafına mühüm töhfələr verəcəyinə, dünyanın aparıcı universitetləri, tanınmış elm və təhsil qurumları ilə səmərəli əlaqlərin qurulacağına inamını ifadə edib.

“Elm və təhsilin vahid mərkəzdən - Elm və Təhsil Nazirliyi formatında idarə olunması dünyanın bir çox ölkələrində sınaqdan keçirilmiş təcrübədir”, - deyən EİF-in icraçı direktoru onu da əlavə edib ki, bu Fərmanların icrası ilə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, gənclərin nüfuzlu xarici universitetlərdə təhsil imkanlarının yaradılması sahəsində ciddi uğurlar əldə ediləcək,  alim və mütəxəssislər yeni hədəflərə çatmaq, dünya elminin tələblərinə cavab vermək üçün daha da əzmlə çalışacaq.  

Həmçinin gənc alimlərin müxtəlif sahələrdə ölkə elminin potensialını gücləndirməsi üçün stimul yaranacaq, Elmin İnkişafı Fondu da öz növbəsində gənclərin öz bilik və bacarıqlarını reallaşdırmaları, əldə etdikləri elmi nailiyyətləri təcrübədə tətbiq etmələri istiqamətində fəaliyyətini gücləndirəcək.
Hər iki fərmanı son illər ölkəmizdə elmin və təhsilin inteqrasiyası istiqamətində atılmış ən mühüm, islahat yönümlü addımlardan biri kimi qiymətləndirən icraçı direktor EİF adından Azərbaycan elmi və təhsilinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. 

İcraçı direktor elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasının EİF-in qarşısında duran əsas vəzifələrdən olduğunu vurğulayaraq, artıq bu vəzifələrin yeni xarakter aldığını, Fondun imkanlarından daha səmərəli istifadənin zərurətə çevrildiyini söyləyib:

“Fəaliyyətə başladığı ilk gündən etibarən elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edən, Azərbaycanda elmi tədqiqatların stimullaşdırılması işini həyata keçirən, qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləyən EİF dövlət başçısının elm və təhsilin sürətli inteqrasiyasını nəzərdə tutan Fərmanına uyğun olaraq öz fəaliyyətini yenidən təşkil edəcək, Azərbaycan elminin tərəqqisi, eləcə də alim və ziyalılarımıza dəstək yolunda inamla addımlayacaq”.
 

 





03.08.2022    çap et  çap et