Hər kəsin sevgisi onun özünə bənzəyir. Cəsarətsizsənsə, sevgin də qorxaqdı, ürkəkdi. Güclüsənsə, sevgin hər zəlzələyə, fırtınaya dözümlüdü. İşıqlı adamsansa, sevgin də göz qamaşdırır. Bu mənada məhəbbət, daha doğrusu onun “taleyi”, sonluğu insanın özündən, xasiyyətindən xeyli dərəcədə asılıdı. Zamanında ata bilmədiyin addım, etdiyin qorxaqlıq həyatının axarını dəyişər, tək qala, hətta bədbəxt ola bilərsən. Yaxud ömrünün ən həlledici anında göstərdiyin cəsurluq, inadkarlıq əbədi bir işığa çıxarar səni. Bəlkə, elə taleni də Allah insanın xasiyyətinə görə yazır... Sevgini də buna görə lütf edir... Sənə çəkə bildiyin qədər, gücün çatan böyüklükdə eşq bəxş edir. Amma hardasa ürəyin yoruldusa, qolların o ağırlığa tab gətirmədisə, çətinliklərin qarşısında dizlərin əsdisə, özündən küs. Zaman ən qəddar məhfumdu. Onu nə saxlamaq, nə də geri çevirmək olur. Elə məhəbbətin özü də qəddardı. O da zamana bənzəyir bir az. Üz çevirdisə, çətin məsələdi. Hə, nə keçib getmiş zamanı qaytara bilirsən, nə sevgini.
... Min ildi aldadırsan özünü. Gah qismətin, gah mühitin, gah həyatın acı qanunlarının, gah qadağaların boynuna atırsan günahı. O vaxt valideynlər qoymadı da, yoxsa... Qorxdu da qaçmaqdan, yoxsa... Cavan idik də ürək eləmədik, yoxsa... Yaşa dolursan! Müdrikləşirsən... Böyüyürsən əslində, olanları bir-bir yada salıb hamının cavabını verirsən. Hətta xəyalən o illərə qayıdıb valideynləri də razı salırsan, sözbaz camaatı da yerinə otuzdurursan, sevdiyinin əlindən tutub dünyanın o başına da gedirsən. Amma elə ki o xəyallarından qopdun, qəm basır səni. Təəssüf hissi çeynəyir, didir içini. Təsəlli axtarırsan. Yenə də xatirələr gəlir köməyinə. Uzaqdan, çox uzaqdan görünür hamısı. Əlini alnına dayayıb, gözlərini qıyıb baxırsan keçmişinə. Ürəyin sıxılır. Darıxırsan! İndi hardadı? Nə düşünür? Görən o da səni xatırlayırmı? Nə qədər də qəribədi insan psixologiyası. Bəzən təsəllini mümkünsüz, qeyri-real nələrdənsə alırsan. Məsələn, guya o dünyada görüşəcəyinizdən, yaxud yuxularda rastlaşacağınızdan... Əliağa Kürçaylının “Yadına düşürəmmi?” şeiri də iki hissin üzərində qurulub: təəssüf və təsəllinin. Şeirin səmimiliyi, poetik gücü, zərifliyi ilə yanaşı digər üstünlüyü də orijinal quruluşunda, strukturundadı. Hər üç bəndin birinci beş misrasında aşiq xatirələrə dalır, heyfislənir, bəzən özünü, bəzən sevgilisini, yaxud taleyi qınayır, son misralarında isə təsəlli axtarır. Yeganə təsəllisi heç olmasa o qadın tərəfindən xatırlanmaq, onun xəyallarında görüşməkdi. Və bütün bəndlərin sonunda eyni sualın təkrarı bir daha onu göstərir ki, sevgililərin yeganə görüş yeri xəyallardı, xatirələrdi... Amma şair şeirin son bəndində o xatirələrdən də gileylənir, “Bir nişanə qoymadıq xatirə dünyasında” – deyir. Birgə olduqları zamanı daha gözəl, daha çılğın yaşamaq mümkünmüş deməli...
...Bir anda, bircə anda “səadət fürsətini əldən qaçıranda”, “ixtiyarı taleyin əlinə verəndə” eləmisən o səhvi! Amma indi bütün bunları düşünməyin anlamı varmı?! Zaman acımasızdı, sevgi dönükdü... Heç birini geri qaytara bilməzsən...
...Günah kimdədir görən? Mən bilmirəm!
Əliağa Kürçaylı:
“Yadına düşürəmmi?”
Qaldı arxada artıq ömrün xoşbəxt illəri,
İndi mənim əlimə dəyməz sənin əllərin.
Söylə hərdən əsəndə soyuq payız yelləri,
Dağılanda üzünə o pərişan tellərin,
Deyirsənmi olaydıq eşqin gənclik yazında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?
Səadət fürsətini qaçırtdıq sən də, mən də,
Onu köhlən at kimi salmalıydıq kəməndə,
Hərdən sevda yolunu azıb dumanda, çəndə,
Sənə ümid verəcək bir işıq görməyəndə
Bələdçi olurammı cığırlar arasında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?
Gəl indi xatırlayaq bütün olanları biz,
Özümüz yazmalıykən hökmü biz, qərarı biz,
Taleyin əllərinə verdik ixtiyarı biz,
Günah kimdədir görən? Mən bilmirəm! Barı biz
Bir nişanə qoymadıq xatirə dünyasında.
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?
çap et