525.Az

Xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə tədbir keçirilib


 

Xalq artisti Rauf Hacıyevin  100 illiyi münasibətilə tədbir keçirilib<b style="color:red"></b>

Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə kitabxananın fəal oxucuları və əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən kitabxananın əməkdaşı Təranə Məmmədova görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O bildirib ki, Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən, simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb.

Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olub və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri, həmçinin, kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapıb. O, respublikanın mədəni həyatında yaxından iştirak edib və səmərəli ictimai fəaliyyəti ilə tanınıb.

Sonda Rauf Hacıyevin musiqilərini bəstələdiyi filmlərdən ibarət videoçarx nümayiş etdirilib.

 

 





03.08.2022    çap et  çap et