525.Az

Birinci Qarabağ müharibəsi əlillərinə növbəti dövlət qayğısı


 

EMİN HƏSƏNLİ: "AZƏRBAYCAN DÖVLƏTİ HƏR ZAMAN BU KATEQORİYADAN OLAN İNSANLARA XÜSUSİ DİQQƏTLƏ YANAŞIR"

Birinci Qarabağ müharibəsi  əlillərinə növbəti dövlət qayğısı<b style="color:red"></b>

Azərbaycan dövləti şəhid ailələrinə, müharibə iştirakçılarına hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb, onların sosial təminatı, sağlamlıq vəziyyəti və digər məsələlərdə ardıcıl proqramlar həyata keçirir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.

Dövlət başçısı bu günlərdə bir neçə rayona yeni təyin edilmiş İcra Hakimiyyətinin başçılarını qəbul edən zaman bu mövzuya yenidən toxunub: "Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, "öldü var, döndü yoxdur" deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir".

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi Prezidentin bu kateqoriyadan olan insanlara növbəti dəstək və qayğısıdır. Dövlət başçısının müvafiq fərmanına əsasən, daha bir mühüm sosial dəstək proqramına - Birinci Qarabağ müharibəsində iştirak etmiş və sağlamlığını itirmiş, ümumilikdə 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlanıb.

Həmin kateqoriyalardan olanlara, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələr edilir: I dərəcə əlilliyə görə - 8800 manat, II dərəcə əlilliyə görə - 6600 manat, III dərəcə əlilliyə görə - 4400 manat. Bu qərar minlərlə müharibə əlili olan vətəndaşlarmıza, onların ailələrinə böyük dəstəkdir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib ki, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi mexanizmi humanist yanaşma, ödənişlə təminat proqramının əhatə dairəsinin daha geniş olması prinsipləri əsasında hazırlanıb.

O deyib ki, birdəfəlik ödəmə təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, yəni reabilitasiya olunduğundan əlillik dərəcəsi hazırda olmayan şəxslərə də verilir.

Eyni zamanda, Birinci Qarabağ müharibəsi əlili vəfat etdiyi halda onların vərəsələrinə də bu vəsaitin verilməsi nəzərdə tutulub. Həmçinin, əvvəllər hazırkı məbləğdən az ödəniş almış şəxslərə də ödəniş olacaq.

Mövzunu "525"ə şərh edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" ictimai birliyinin sədri Emin Həsənli deyib ki, Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərib: "Ən yaxşı cəhət isə budur ki, İkinci Dünya müharibəsi, Çernobıl hadisəsi iştirakçılarının, 20 Yanvar faciəsi şəhidlərinin ailələrinin, əlilləri, birinci və ikinci Qarabağ müharibələrinin iştirakçılarının, şəhid ailələrinin, əlillərin, müharibə veteranlarının statusu eynidir. Yəni şəhid ailəsi statusu, müharibə əlilləri ilə bağlı status, müharibə veteranlarına aid imtiyaz onların hər birinə aiddir. Ölkə Prezidentinin təqaüdünü alırlar, şəhid ailələri, müharibə əlilləri mənzillə təmin edilirlər, övladları özəl universitetlərə qəbul ediləndə belə təhsil haqqı dövlət tərəfindən ödənilir. Bu kateqoriyadan olan insanların övladlarının asudə vaxtlarının təşkili üçün dövlət müxtəlif proqramlar həyata keçirir. Onlar məşğulluq proqramına cəlb olunurlar. Müasir texnologiyaya əsaslanan protezlərlə təmin olunurlar, dünyanın ən müasir xəstəxanalarında müalicə alırlar. Azərbaycan dövləti hər zaman bu kateqoriyadan olan insanlara xüsusi diqqət və dəstəyini göstərir".

Hərbi ekspert bu istiqamətdə "YAŞAT" Fondunun gördüyü işlərin əhəmiyyətini də qeyd edib.

O xatırladıb ki, Prezident şəhid ailələri, müharibə əlilləri, veteranları ilə bağlı bir sıra mühüm fərman və sərəncamlar imzalayıb: "2018-ci ildə yenidən Prezident seçilən cənab İlham Əliyevin ilk fərmanı şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı oldu. Həmin fərmana əsasən, şəhid ailələrinə 11000 manat məbləğində birdəfəlik ödəmələr verildi. Dövlət başçısının növbəti fərmanına əsasən, Birinci Qarabağ müharibəsi əlillərinə birinci, ikinci və üçüncü dərəcə üzrə birdəfəlik ödəmələr təmin edilir. Bu onu göstərir ki, Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə iştirakçılarına dəstəyi davamlıdır, sistemlidir. Hər il dövlət mənzillər, avtomobillərin verilməsini, onların müalicəsini, sanatoriyalara göndərilmələrini, övladlarının yay düşərgələrinə cəlb edilmələrini təmin edir. Azərbaycan sosial yönümlü dövlətdir. Xüsusən də müharibə iştirakçılarına, şəhid ailələrinə ardıcıl diqqət və qayğı göstərilir".

E.Həsənli əlavə edib ki, son illər aparılan siyasətin nəticəsində Azərbaycanda çox vətənpərvər gənclik yetişib, bu Vətən müharibəsi zamanı da özünü sübut etdi: "Bu gəncliyin qəhrəmanlıq salnaməsi bütün xalq üçün örnəkdir. Bayraq, Vətən, torpaq qədər şəhidlərimiz, qazilərimiz bizim üçün əzizdir, onlara ehtiram hər kəsin borcudur. Bu ənənəni Ulu öndər Heydər Əliyev qoyub, cənab Prezident tərəfindən də bu siyasət uğurla davam etdirilir".

Xatırladaq ki, hərbi yönümlü qeyri-hökumət təşkilatları Prezident İlham Əliyevə məktub ünvanlayıblar. Onlar şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə göstərilən bu həssas, qayğıkeş münasibətə görə dövlət başçısına təşəkkür ediblər.

 

 





04.08.2022    çap et  çap et