525.Az

Ordumuzun "Qisas" əməliyyatı


 

TÜRKİYƏLİ HƏRBİ EKSPERT ABDULLAH AĞAR: "AZƏRBAYCAN ORDUSU ŞƏHİDİNİN QANINI YERDƏ QOYMADI"

Ordumuzun "Qisas" əməliyyatı<b style="color:red"></b>

Ermənistan tərəfi 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəlarını yerinə yetirmək əvəzinə yeni təxribatlara əl atır. Avqustun 3-də onların növbəti terror-təxribatı nəticəsində Azərbaycan Ordusunun əsgəri Anar Kazımov şəhid oldu. Bundan sonra isə ordumuz "Qisas" antiterror əməliyyatı həyata keçirdi. Əməliyyat nəticəsində şəhidimizin qisası alındı, düşmənə sarsıdıcı zərbələr endirildi.

Xatırladaq ki, yuxarıda qeyd edilən bəyanata əsasən, Rusiya sülhməramlılarının bölgəyə daxil olmasına paralel olaraq, bütün erməni terrorçu birləşmələri Azərbaycan ərazisini tərk etməli idi. Ancaq bu günə qədər Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri qalmaqdadır. Bölgədə sülh və sabitliyin təmini, həmçinin, müharibədən sonra başladılan normallaşma prosesində irəliləyiş üçün üçtərəfli bəyanatlar tam icra edilməli, Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı qüvvələri çıxarılmalıdır. Əks halda, Ermənistan tərəfi onu nə gözlədiyini yəqin ki, təsəvvür edə bilir.

Mövzunu "525"ə şərh edən Türkiyənin təhlükəsizlik üzrə tanınmış eksperti Abdullah Ağar deyib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandı, Ermənistan isə məğlub oldu: "Onlar bunun acısını və iztirabını yaşayırlar. Ermənistan tərəfi hansısa şəkildə bunun əvəzini çıxmaq üçün əlindən gələn hər şeyi etməyə çalışır".

Ekspertə görə, qarşı tərəf bu nöqtədə hansısa boşluq tapsa, həm hərbi, həm siyasi, eləcə də diplomatik və beynəlxalq münasibətlər anlamında ondan istifadə etməyə cəhd göstərəcək.

"Burada görünən odur ki, rus əsgərlərinin arxasına sığınmış erməni silahlıları onlardan hansısa şəkildə güc alaraq Azərbaycan Ordusuna, dövlətinin suverenliyinə qarşı təxribatlar törədirlər. Azərbaycan Ordusu "Qisas" antiterror əməliyyatı ilə üzərinə düşəni etdi. Yəni şəhidinin qanını yerdə qoymadı. Digər tərəfdən isə Ermənistana nə dərəcədə qərarlı olduğunu göstərdi", - ekspert söyləyib.

A.Ağar hesab edir ki, mövzu çox həssasdır və işin içində ruslar var: "Ruslar özlərinə xas həssas bir tarazlıq yaradıblar. Zərif tarazlıqla suverenlik arasında güclü bir əlaqə qurub, suverenliyimizdən heç vaxt güzəştə getməyəcəyimizi göstərməliydik. Bu mənada Qarabağımızdan, suverenliyimizdən zərrə qədər də güzəştə getməyəcəyimizi bu şəkildə göstərdik".

Türkiyəli ekspert vurğulayıb ki, rus kontingentinin yerləşdiyi hissə Azərbaycanın əraziləridir. Müharibədən sonra üçtərəfli bəyanat imzalandı. Rusiya lideri Vladimir Putin o zaman Azərbaycan Prezidentinə söz vermişdi və sözünü tutmalıdır. Əgər Putin sözünü yerinə yetirməsə, bu, böyük bir güvənsizliyə səbəb olacaqdır. Eyni zamanda, başqa gərginliklərin meydana çıxmasına şərait yaradacaq.

Ekspert əlavə edib ki, əgər rusun arxasındakı erməni üzərindən Azərbaycan torpaqlarına çökmək kimi bir dərdi yoxdursa, bu, həll edilə bilər: "Ancaq Azərbaycanla bağlı pis niyyətləri varsa, o zaman torpaq üçün, şərəf üçün təkrar mübarizə etmək lazım gələcək".

A.Ağar Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin avqustun 5-də Soçidə keçirəcəkləri görüşdə bu məsələnin gündəmə gələcəyini istisna etmir: "Çünki son dərəcə həssas bir məsələdir. Rusiya hərbçilərinin olduğu Qarabağ bölgələrinin nə ruslar, nə də rusların himayəsindəki ermənilər tərəfindən istismar edilməsi lazımdır. Ora Azərbaycan torpaqlarıdır. Bu məsələdə Türkiyə sonuna qədər Azərbaycanın yanında olacaq. Digər tərəfdən, qeyri-səmimilik qoxusu var. Bu, əvvəldən özünü göstərməkdədir. Biz də bunu görür və hiss edirik. Oradakı ermənilərə rus pasportlarının verilməsinə dair iddialar var. Bundan əlavə, hələ də qondarma "Artsax"ı, "Stepanakert"i (Xankəndi) yaşatmağa dair səylər görürük. Azərbaycan Ordusunun orda məhv etdiyi erməni qanunsuz hərbi hədəfləridir. İndi Rusiya sözünü yerinə yetirmir və çox böyük bir güvənsizlik yaranmaqdadır. Rusiya böyük dövlətdir, amma verdiyi sözü tutmasa, imzası olan bəyanatların icrasına çalışmasa, bunun Azərbaycanla Rusiya arasında münasibətlərə damğasını vuracağını da söyləmək lazımdır".

A.Ağar onu da deyib ki, Türkiyə hər zaman olduğu kimi Azərbaycana dəstək verəcək: "İstər diplomatik, istər siyasi, istər hərbi sahədə bu dəstək davam edəcək. Bu, bir həqiqətdir. Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir və bunu Qarabağ müharibəsində artıq isbatlayıblar".

 

 





05.08.2022    çap et  çap et