525.Az

Tanrı haqqında düşüncələrim - Əlisəfdər Hüseynov yazı


 

Tanrı haqqında düşüncələrim - <b style="color:red"> Əlisəfdər Hüseynov yazı</b>

Yüz trilyonda birin umacaqları

   

Nədənsə çoxlarına elə gəlir ki, Ulu Tanrı  yalnız və yalnız nə vaxtsa yaratdığı Yer kürəsində yaşayan bəndələrinin problemlərini nizama salmaqla məşğuldur və onun başqa heç bir qayğısı ola bilməz. Biz Yer kürəsinə dünya da deyirik və elə düşünürük ki, Tanrının fəaliyyətinin, nəzarətinin hüdudları elə bu dünya anlayışının çevrəsi ilə qapanır - sanki onun əlavə qayğısı, onu məşğul edən başqa bir problem yoxdur.

Halbuki Tanrı təkcə dünya dediyimiz Yerin yox, tərkibinə 100 trilyon (!!!)  ulduz daxil olan qalaktikaların yerləşdiyi kainatın yaradıcısıdır! Əgər nəzərə alsaq ki, yaşadığımız Yer həmin 100 trilyon ulduzlardan birinin - Günəş sistemi adlanan ulduzun bir elementidir, Tanrının fəaliyyət, nəzarət sferasında bu Dünyanın yeri barədə tam təsəvvür yaranar - bu, yüz trilyonda birdən də azdır - Yer kürəsi Günəş sistemindəki planetlərdən biridir axı.

Biz həmin 100 trilyon ulduzun daxil olduğu qalaktikalarda olmuş və olacaqlar barədə heç vaxt heç nə bilməyəcəyik, yəni  bilməyəcəyik ki, Tanrı bu sonsuz kainatı, bu qalaktikaları nə üçün yaradıb və o qalaktikaların daxilində hansı qanunlar, hansı mövcudluq prinsipləri fəaliyyət göstərir, o qalaktikalarda canlı həyat varsa, onun elementləri nələrdir, ordakı canlılar da elə bizim kimidirlər, ya yox.

Yüz trilyonlarla qalaktikanı əhatə edən kainat bizim üçün yüz trilyondan da çox cavabsız sualdan ibarət bir sirdir! Bu sualların cavabları, deməli, həmin sirr də yalnız Tanrıya agahdır və Tanrı bizim də onlardan agah olmağımıza lüzum görmür...

Hamının qəbul etməli olduğu sadə bir məntiq var: "Əgər biz bir şeyin varlığına tam şəkildə əmin deyiliksə, onun yoxluğuna da eyni əminliklə inana bilmərik. Bu o deməkdir ki, hər 2 halda düşüncəmizin doğru olmağına əminlik sıfıra bərabərdir - bir şeyin baş veməsinin (yaxud mövcud olmasının) ehtimalı və həmin ehtimalın reallaşacağına əminlik tamam ayrı-ayrı anlayışlardır. Lakin bu məntiqi paradiqma "Tanrı-kainat-qalaktika-canlı həyat"  çevrəsində özünü doğrultmur. Çünki biz həmin qalaktikalara daxil olan ulduzlardan birinin elementi olan Yerdə - canlı həyat olan məkanda mövcuduq və deməli, digər qalaktikalardakı ulduzlarda da həyatın olması ehtimalı və buna əminlik sıfırdan qat-qat çoxdur.

Uzunçuluq olmasın deyə, yekunlaşdırım: Tanrı sonsuzluq, yəni kainat miqyasında mövcud olan bir harmoniyanın yaradıcısı və bu harmoniyanı tənzimləyən ilahi qüvvədir və onu bu missiyanı başa çatdırdığını düşünmək sadəlövhlükdən başqa bir şey deyil. Çünki missiyanı başa çatdırmaq, bütün imkanları reallaşdırmaq artıq donmaq, yox olmaq deməkdir. Tanrı isə əbədi və mütləqdir - o, hər an, hər yerdə - təkcə 100 trilyonların bir zərrəciyi olan, Günəş sistemində milyon ili kainat sistemində  bəlkə də bircə an olan Yerdə yox, bütün kainatın hər nöqtəsindədir, bizim bilmədiyimiz və heç vaxt da bilməyəcəyimiz sirli missiyaları yerinə yetirməklə məşğuldur.

Elə isə heç rəvadırmı ki, Tanrının diqqət, sevgi, mərhəmət sferasını yalnız özümüzlə məhdudlaşdıraq, yersiz, mənasız əməllər törədək, sonra ondan əfv diləyək, sonsuz  istəklərimiz və umacaqlarımızla ona əlavə problemlər yaradaq?

Həmişə deyirik ki, Tanrı mərhəmətlidir, bağışlayandır. Nəyə görə fikirləşməliyik ki, bu mərhəmətin, bu şəfqətin obyekti elə yalnız bizik, yaxud biz olmalıyıq?

Olmazmı ki, elə bizlər də Tanrıya xoş olacaq əməllərimizlə - mərhəmətimiz, şəfqətimizlə bu dünyanı əlavə qayğılardan azad edək, hər an göyə üz tutub Tanrıdan nə isə ummaq, onunla sövdələşmək kimi yersiz əməllərə son qoyaq?

Tanrı təkcə bizim dünyanın yox, sonsuz dünyanın - kainatın yaradıcısıdır və deməli, həmin kainatın hər nöqtəsi, hər zərrəsi Tanrı üçün Yerin əhəmiyyəti qədər əhəmiyyətlidir. Gəlin bunu unutmayaq və bu sonsuzluqda sonsuz sayda missiyaları yerinə yetirən Tanrıya mane olmayaq!

           

Reallıq və xülya

  

İnsanın xislətindədir - xoş günündə, kefinin kök vaxtında bu xoşbəxtliyə görə Allahı yada salıb ona şükür eləməyi unudur, dara düşən kimi isə Allahı xatırlayıb əllərini açaraq göyə üz tutur və kövrək səslə yalvarır: "İlahi, kömək elə... məni bu bəladan qurtar"... və s.

Yaxud "İlahi, filan işim düzəlsin, qurban kəsərəm!" - deyənlər düşünürlərmi ki, bununla, əstəğfürullah, Allahla sövdələşmək istəyirlər?

Soruşan lazım: "Bəs xoş gününə görə niyə qurban kəsmək istəmirsən?"

Çoxları unudur ki, həmin o xoş anları da ona bəxş edən Allahdır və buna görə Allaha minnətdarlıq etməyi lazım bilmirsə, buna ehtiyac duymursa, pis günündə də Yaradana üz tutmağa haqqı çatmır.

Üstəlik, Allah ona digər canlılarda olmayan ağıl, fikirləşmək qabiliyyəti verib və bəndə bu töhfənin qədrini bilmirsə, belə qeyri-səmimi jestlərlə Allahın etibarını qazanmaq sadəcə xülya deyilmi?

     

"Səhv düşəndə yerimiz"

 

Məlumdur ki, hər bir dində Tanrının, necə deyərlər, Tanrı olmasını şərtləndirən, onun Tanrı obrazını səciyyələndirən xarakterik cəhətlər var. Digər dinləri deyə bilmərəm, amma İslamda Tanrı heç nə (heç kim) ilə müqayisə olunmayan varlıq kimi başa düşülür. Bu, Tanrının zatını açan "Mühələfatun" təliminin təməl prinsipidir.

Həmin prinsipin mahiyyətini belə də ifadə etmək olar: "Tanrı əvvəli və sonu olmayan, heç kimə (nəyə) bənzəməyən bir varlıqdır".

Bu fikri yadda saxlayaq və keçək nəyinsə varlığını şərtləndirən atribut anlayışına.

Atribut hər hansı varlığın ayrılmaz, əhəmiyyətli, yəni onun varlığının necəliyini, mahiyyətini müəyyən edən xüsusiyyətlər məcmusudu. Bu mənada "Mühələfatun" əslində Tanrının atributlarını soraq verir, yəni bu anlayış altında nəzərdə tutulan varlığın mahiyyətini ortaya qoyur. Mahiyyət isə bundan ibarətdir ki, Tanrı bizim hiss və duyğularımızın, şüurumuzun çevrəsindəki  bütün varlıqlardan o taydadır, külli varlıqlardan fərqli, gözəgörünməyən,  gözönü atributu olmayan ilahi (və ideal) varlıqdır. Deməli, Tanrı haqqında düşünəndə də, danışanda da məhz onun zatına uyğun, uca adına layiq epitetlərlə, ibarələrlə elə leksik-semantik, sintaktik kontekstdə danışmalıyıq ki, alınan nitq Tanrının zatına uyğun olsun, onu tamamlasın.

Əlbəttə, Tanrını ağ saç-saqqallı nurani baba kimi qavrayan uşaq təfəkkürünə güzəşt etmək olar və lazımdır. Uşaq nə bilir ki, materiya, ideya, sonsuzluq, ideal nə deməkdir?

Yaxşı bəs onda özünü mömin hesab edən, İslamı dərindən öyrəndiyini düşünən bəzi din xadimlərinin, mollaların, eləcə də hər gün göyə əl açıb Tanrıdan kömək, mərhəmət diləyən sadəlövh insanların söylədikləri və  İslamın özündən gələn tezislərlə daban-dabana zidd olan replikaları, cümlələri necə, hansı məntiqlə yozasan? Özü də bu cür paradokslar ən çox fikrin, mühakimənin predikatlarında (cümlələrdə feillərdə) özünü göstərir: "Tanrı hər şeyi görür (eşidir, bilir...)", "Tanrı deyib (dedi"...) tipli cümlələr əslində, heç nə və heç kimlə  müqayisə olunmayan Tanrının məchul obrazına göz, qulaq, dodaq, dil əlavə edərək onu dolayısı ilə, əstəğfürullah, insan qiyafəsində vizuallaşdırmaq cəhdi deyilmi? Eşitmək - qulağı, görmək - gözləri ilə qavramaq, demək - danışmaq, söhbət etmək mənaları verirsə, Tanrını bu cür ifadələrlə konkretləşdirmək, konkret məkana bağlamaq onu adına, ucalığına layiq olmayan tərzdə bəsitləşdirmək deyilmi?

"O kişi hər şeyi görür, hər şeyi eşidir" kimi cümlələri işlədən hər kəs əslində, uşaq ağlı ilə düşünüb danışdığına elə özü şəhadət verir.

Amma iş bununla bitmir. Tanrını bu sayaq adiləşdirmək, bəsitləşdirmək, konkretləşdirmək dinin prinsipial məsələləri ilə bağlı mühakimələrdə də bir çox həllolunmaz ziddiyyətlərə gətirib çıxarır.

Mənə etiraz edə bilərlər ki, "bilir", "eşidir", "deyir", "görür" kimi sözlər dediyiniz cümlələrdə birbaşa yox, məcazi mənalarda işlədilir, yəni söhbət hər şeyin Tanrıya agah olmasından gedir və bu səbəbdən də boyaları tündləşdirməyə, vəziyyəti dramatikləşdirməyə lüzum yoxdur.

Mənim cavabım belədir: "Olmazmı ki, Tanrı barədə danışanda fikrimizi əlavə, çaşdırıcı, yanlış yozumlara rəvac verməyən bir sintaksisdə ifadə edək? Məsələn belə - "Bu dünyada hər şey Tanrıya agahdır, heç bir şey onun təsir sahəsindən kənarda öz-özünə baş vermir və verə də bilməz".

Yaxud "Musa peyğəmbər Tanrı ilə söhbət edib" cümləsindəki qətiyyən yerinə  düşməyən "söhbət edib" söz birləşməsini "təmasda olub"la əvəz etmək o qədərmi çətindir?

Tanrı ideal varlıqdır, yəni maddi deyil, onun nə ölçüləri, nə də bizim anladığımız, bizə məlum olan duyğu üzvləri var. Elə isə insana xas olan əlamətləri Tanrıya da şamil etmək heç bir məntiqə sığmır.   

Məncə, ilahiyyatçılar, özlərini bu sahədə mütəxəssis hesab edən din xadimləri nağıl və miflərlə insanları fanatizmə, xurafata sürükləməkdənsə, belə ciddi məsələlərlə məşğul olsalar, cəmiyyətə və dini maarifləndirmə işlərinə dəyərli töhfələr vermiş olarlar.

 

"Yaxşı nədir, pis nədir"

 

Gündə 5 rükət namaz qılan, hər il oruc tutan, özünü dindar, Allah adamı hesab edən bir tanışımla yol gedirdik. Qəfildən hardansa  əcaib bir məxluq peyda olub yolumuzu kəsdi. Cındırından cin hürkürdü. Qançır sifətindən, məst gözlərindən dərhal başa düşdüm ki, alkoqolikdir, yanğısını söndürmək dəmi gəlib, amma pulu yoxdur və əl açıb bizdən pul istəyəcək.

Elə də oldu.

Tanışımın "səxavətinə" bələd idim və düşünürdüm ki, İslamın haram buyurduğu şəraba təslim olub özünü belə miskin günə salan bu şəxsi ciddiyə almaz. Amma gözlədiyimin tam əksi oldu - o, dərhal ciblərini eşələyib tapdığı qəpikləri onun ovcuna basdı və həmin şəxs heç "sağ ol" belə demədən çox güman ki, yaxınlıqdakı mağazaya cumdu.

Bəlkə də dərinə getməzdim, amma tanışımın məmnun halda dodaqları altında dediyi "Borcumdan çıxdım" sözləri məni dillənməyə məcbur elədi.

Soruşdum:

- Hansı borcdan danışırsınız?

Dedi:

- Allah qarşısındakı borcdan.

Yenə soruşdum:

- Harda yazılıb ki, Allahın qoyduğu yol ilə getməyən, Allahın haram buyurduğu şərabı almaq üçün sənə əl açan birisinə pul vermək Allah qarşısında borcdur?

Həmsöhbətim laqeydcəsinə dedi:

- Bilirsən, o, mənə əl açıb.

kömək istədi, mən də yaxşılığımı etdim. Əsas budur. Sonrası mənim nəyimə lazımdır?

Dedim:

- Sən o biçarəyə yaxşılıq eləmədin axı, əksinə, onu harama, günaha sürüklədin, onun ölümünü sürətləndirdin. Allahdan qorxmadın?

Tanışım etiraz etmək istədi, amma nəyə görəsə dinmədi, əllərini yelləyib "eh" deməklə kifayətləndi.

Bilirsiniz bizdə Allah qarşısında borcunu bu sayaq başa düşənlər nə qədərdir?

 





05.08.2022    çap et  çap et