525.Az

Şuşanın hüzurunda... - Kənan Novruzov yazır


 

Şuşanın hüzurunda... - <b style="color:red"> Kənan Novruzov yazır</b>

Səhər saat yeddinin yarısında Heydər Əliyev Sarayının qarşısına çatanda ətrafda xeyli insanın olduğunu görürəm - həmkarlarımız, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları. Səfərimiz Şuşayadır. Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılışını işıqlandırmaq üçün media nümayəndələri də dəvət olunublar.

Uzaqdan tanınmış hərbi ekspert Ədalət Verdiyevi görürəm. Yaxınlaşıb görüşürəm. Məlum olur ki, qızını düşərgəyə yola salmağa gəlib. Fürsətdən istifadə edib Ədalət müəllimlə ayaqüstü söhbət edirəm. Ermənistanın davam edən təxribatları ilə bağlı fikirlərini öyrənirəm. Özünəxas inamla "Yaxşı olacaq" deyir. Əminəm ki, indi nəinki ətrafdakı insanlar, bütün azərbaycanlılar, o cümlədən, diaspor təşkilatının üzvləri narahatdır. Hər kəsin ürəyi hərbi qulluqçularımızla döyünür.

Təqribən yarım saatdan sonra avtobuslara minib yola düşürük. 5 avtobusuq.

Həyəcanlıyam. İlk dəfədir Şuşada olacam. İndiyədək bu şəhər haqqında ancaq eşitmişəm. Bəzən də, söz düşəndə özüm danışmışam. Haralı olduğum soruşulanda qürurla "Şuşalıyam" demişəm və nisgili dilə gətirmişəm. Şuşanın adını çəkəndə həmişə qəlbimin dərinliyində qəribə sızıltı hiss etmişəm. Həmin anlarda izaholumaz duyğular keçirmişəm. Düşünmüşəm ki, haçansa mütləq Azərbaycanın bu dilbər guşəsini görəcəm. Amma nə vaxt olacağını bilmirdim. Şükür olsun, 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi nəticəsində digər ərazilərimiz kimi, Şuşa da düşməndən təmizləndi.

Şuşa daim mənim "sarı simlərimdən" biri olub. Adını eşidəndə tutulmuş, özümü doğmamdan ayrı qalan və bu həsrətin bitməsi üçün hər şeyə hazır adamlar kimi hiss etmişəm. Görünür, torpaqdan yetim qalmaq belə olur...

...Bizim avtobusda ancaq media nümayəndələridir. Jurnalistlər gündəmi müzakirə edirlər: Rusiya ilə Ukrayna arasındakı müharibədən Milli Yaylaq Festivalında baş verənlərə, Tayvandakı gərginlikdən sosial şəbəkələrdə dezinformasiyaların artmasına qədər hər şeyi. Əlbəttə, toqquşan fikirlər də olur, müzakirələr bəzən mübahisəyə çevrilir, amma sonda ortaq məxrəc tapılır.

Dialoqlardan belə məlum olur ki, bu, mənim kimi bəzi həmkarlarımın da Şuşaya ilk səfəridir. Amma indiyədək şəhərdə bir neçə dəfə olanlar da var. Danışırlar ki, ora, həqiqətən, başqa bir məkandır: havası da gözəldir, suyu da. Hətta daş-torpağı da... Şuşanı görənlər bu ezackar şəhər barədə danışdıqca Rəşad Məcidin bu misralarını xatırlayıram:

 

Min şəhər adı var dillərdə əzbər,

Adların ən üstün adıdır Şuşa.

Musiqi notudur cüt hecasıyla,

Dilimin şəhdidir, dadıdır Şuşa.

 

Yoldaşlardan biri sözünə davam edir: "...Ötən dəfə Şuşaya gedəndə çıxmaq istəmirdim. Elə gözəl idi ki... Özümü başqa aləmdə, başqa dünyada hiss edirdim". Bu sözləri eşitdikcə daha da səbirsizlənirəm. Qarşıda isə uzun saatlar var...

...Gözümü yumuram. Söhbətlərə qulaq-qulaq asa-asa bir az mürgüləməyə çalışıram. Deyəsən, alınır. Yuxuya gedə bilərəm.

Qəfil verilən sualla gözümü açıram. Jurnalistlərdən biri yanındakı yoldaşından soruşur: "Xankəndiyə nə vaxt gedirik?" O da cavab verir ki, ən qısa zamanda. Əlbəttə, Xankəndiyə də gedəcəyik. Buna kimsənin şübhəsi yoxdur. Xüsusilə 44 günlük Vətən müharibəsi, o cümlədən, Şuşa zəfəri Azərbaycan Ordusunun və diplomatiyasının nəyə qadir olduğunu göstərdi.

...Yolumuza davam edirik. Səfalı rayonlar bir-bir geridə qalır. Söhbətlərimiz isə bitmir. Jurnalist olan yerdə müzakirələr necə başa çata bilər ki?..

Media işçiləri arasında Qarabağın digər torpaqlarından, o cümlədən, Ağdamdan olanlar da var. Onlar da təsdiqləyirlər ki, Qarabağ üzükdürsə, Şuşa onun qaşıdır.

Əvvəllər də Qarabağa bir neçə dəfə gəlmişəm. Füzuli, Cəbrayıl, Zəngilanda olmuşam. Hər dəfə eyni yoldan - ermənilərin vaxtı ilə tərifləməkdən yorulmadığı "Ohanyan səddindən" keçmişəm. İndi də həmin yollarda irəliləyirik. Dağıdılmış sədləri, yolun qırağındakı dağıdılmış texnikaları gördükcə növbəti dəfə qürur hiss keçirirəm. Savaşdan əvvəl erməni rəsmiləri deyirdilər ki, bu, keçilməz səddir. Azərbaycan Ordusu isə cəmi 44 gün ərzində nəyin nə cür olduğunu, necə deyərlər, dünyanın neçə bucaq olduğunu qarşı tərəfə başa saldı. Silahlı Qüvvələrimiz göstərdi ki, bizim üçün mümkünsüz nəsə yoxdur.

Çoxları kimi mən də telefonumu çıxarıb, ətrafı çəkirəm. Səngərlər, məftilli hasarlar, dağıdılmış texnikalar... Bu, Azərbaycan əsgərinin 44 gün ərzində gördüyü böyük işin əsas göstəricilərindən, nəticələrindən biridir.

Yolboyu "Ohanyan səddinin" qalıqlarını gördükcə insanın qəlbini qəribə bir fəxarət hissi bürüyür. Bu, az qala, bütün səfər iştirakçılarının simasında hiss olunur.

İşğaldan azad edilmiş rayonlarda yenidənqurma işləri sürətlə davam edir. Postlardan keçəndə polis işçiləri heyətə hərbi salam verirlər. Pəncərədən onlara baxıram. Aralarında hərbçilər də var. Hansısa hissin təsiri ilə mən də sağ əlimi yuxarı qaldırıram. Beləliklə, onlara olan ehtiramımı göstərmək istəyirəm. Məhz bu hərbi polislərin yorulmaz fəaliyyətlərinə görə biz Qarabağa bu cür rahatlıqla gələ bilirik. Düzdür, torpaqlarımız artıq əbədi olaraq bizdədir. Ancaq düşmən təxribatı heç zaman istisna deyil. Bunu son günlər sərhəddə və Qarabağda baş verən hadisələr də göstərir. Necə deyərlər, su yatar, düşmən yatmaz. Xüsusilə də erməni kimi xain, bədnam düşmən.

Şuşaya çatana yaxın əvvəl bu ərazilərdə olmuş yoldaşlar xəbərdarlıq edirlər. Deyirlər ki, pəncərələrdən çölə baxmaq məsləhət deyil. Növbəti dəqiqələrdə niyə belə dediyini anlayıram. Çünki yollar dolanbacdır. Və hər dəfə yuxarı - dağlara qalxırsan. Pəncərədən çölə baxanda dərələri, meşələri görürsən və istər-istəməz narahat olursan. Ona görə də deyirlər ki, ən çox indi yatmaq lazımdır. Əlbəttə, yata bilsən...

Bir müddətdən sonra özümü narahat hiss edirəm. Başım gicəllənir və soyuq tər gəlir. Anlayıram ki, normaldır. Çünki yuxarı qalxdıqca atmosfer təzyiqi azaldır. Narahatlığı unutmağa çalışıram. Şuşanın - qüdrətli şəhərin hüzuruna süst formada getmək istəmirəm.

Təxminən yarım saatdan sonra dolanbac yolları geridə qoyuruq. Bizi burada musiqi ilə qarşılayırlar. Hər kəs sevinclidir, hər kəs əl qaldırıb oynayır.

Günorta saat birdə  "Xarıbülbül" otelinin qarşısına çatırıq. Buradakı nümayəndələr düşərgə iştirakçılarına lazımi göstərişlər verirlər. Digər jurnalistlər kimi, mən də fürsətdən istifadə edib açıqlamalar alıram.

İmkan tapıb atama mesaj yazır, Şuşaya çatdığımı deyirəm. Cavab verir: "Baba torpağına xoş gəldin". Babam, filoloq-alim Ramiz Novruzovun ruhu, yəqin şaddır. Necə şad olmasın? Axı uzun illər bu ailənin hər yayı məhz Şuşada, Cıdır düzündə keçib.

Tədbirin açılış mərasimi başlayır. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qonaqları salamlayır. O, "Şuşa İli"ndə xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin qədim şəhərdə bir araya gəlməsini müsbət hadisə olduğunu deyir.

Fürsət tapıb ətrafda gəzir, fotolar çəkirəm. Dağıdılmış karvansaralarda oluram. Buradakı işçilərlə söhbət zamanı məlum olur ki, ermənilər Vətən müharibəsinə qədər buraları bazar kimi istifadə ediblərmiş. Oğrudurlar axı, öyrəşiblər. Yadıma məşhur misra düşür: "Şuşa bir günəşdir, Şuşa bir aydır, Parisə bənzərdi dağılmasaydı". Şuşa yenidən Paris olacaq...

Uçulmuş pilləkənlərlə ikinci mərtəbəyə qalxıram. Daşların üstündə Azərbaycan dilində yazılar yazıblar. "Şuşa əməliyyatı" ilə dünya hərb tarixinə düşən əsgərlərimiz yazıblar.

Uzaqlara baxıram. Mümkün qədər çox. Dağları görürəm. Şuşanın gözəlliyinə xüsusi əzəmət qatan bu dağların başı daha dumanlı deyil... Çox şükür...

Vaqifin türbəsinə, güllələnmiş heykəllərə diqqətlə baxıram. Bu abidələr tarixin  mirasıdır.

Sonra kol-kos basmış yollarla yuxarı qalxıram. Burada ilk dəfə olsam da, rahatam. Özümü evimdəymişəm kimi hiss edirəm. Gəzə-gəzə tədbirin keçirildiyi ərazidən xeyli uzaqlaşıram. Qarşıdan gələn orta yaşlı bir kişi ilə salamlaşır və soruşuram: "Düşmənin evləri haradadır?" Əvvəlcə diqqətlə məni süzür və suala sualla cavab verir: "Burada qalan deyilsiz?" Özümdən asılı olmayaq təbəssüm edirəm. Sevinirəm. Görünür, artıq Şuşaya azərbaycanlıların nəfəsi, ayaq izi qayıdır. Jurnalist olduğumu, ezamiyyətə gəldiyimi deyirəm. Kişi də özünü təqdim edir. "Azərişığ"ın əməkdaşı olduğunu, Şuşa azad edildikdən sonra, yəni iki ildir burada işlədiyini söyləyir. Fürsətdən istifadə edib məni maraqlandıran bəzi məsələlər barədə suallarımı verirəm. Onun sözlərinə görə, burada qalırlar, ayda iki dəfə Bakıya gedir, ailələrini görür, qayıdırlar. Deyir ki, ermənilər Azərbaycanın Ordusunun qəfil həmləsini gözləmədiklərinə görə, evlərindən nəsə götürməyə imkanları olmayıb. Ancaq dabanlarına güc verib, qaçmağa çalışıblar.

Deyilənə görə, Şuşada nə vaxtsa Ermənistan Baş naziri Nikol Paşinyanın iqamətgahı da olub. Arada gəlib-gedirmiş. Yeri gəlmişkən, Paşinyan məhz Cıdır düzündə çaxır içib oynayandan sonra Azərbaycan Ordusu "Dəmir yumruq"la onun ağlını başına gətirmişdi. Rəsmi İrəvana başa salınmışdı ki, bizimlə bu tərzdə davranmaq olmaz. Deyəsən, Ermənistan hakimiyyəti "Dəmir yumruğun" dadını unudub. Çünki son vaxtlar Qarabağda və sərhəddə düşmən təxribatının nəticəsində durum yenidən gərginləşib. Elə isə, bəlkə də, Diaspor Gənclərinin növbəti düşərgəsi Xocalıda, Xankəndidə keçirilər.

Xeyli gəzdikdən sonra yenidən tədbir keçirilən yerə qayıdıram. Konsert proqramı davam edir. Müxtəlif sənətçilər, o cümlədən, Ayaz Qasımov, Pərviz Abdullayev Qarabağla bağlı mahnılar ifa edirlər. Bir yandan Şuşanın insanı məst edən havası, bir yandan da bu həzin, nostalji yaşadan mahnılar... İnsan istər-istəməz düşüncələrə qapılmalı, necə deyərlər, uzaqlara getməli olur...

Yanımda oturan həmkarlarımızdan biri kövrəldiyimi hiss edir. Başa düşürəm ki, olmaz. Bir az da gəzirəm. Ətrafda siqaret çəkənlər var. Qəribədir, insanlar siqaretin kötüyünü yerə atmağa qorxurlar. Sanki Şuşanın müqəddəsliyi qarşısında günah edəcəklərindən qorxurlar.

Nahar etdikdən sonra jurnalistlər Bakıya qayıtmaq üçün avtobusda yerlərini tuturlar.

Gecə dördə işləmiş Bakıya çatırıq. Gün ərzində yaşadıqlarım, Şuşaya ayaq basmağım mənə yuxu kimi gəlir. Tez yatmaq, səhərin açılması üçün tələsirəm ki, bu yuxumu yazıya köçürüm.

2-4 avqust, 2022

 





05.08.2022    çap et  çap et