525.Az

VIII “Muğam” müsabiqəsinin qalibləri müəyyənləşib - Yenilənib


 

VIII “Muğam” müsabiqəsinin qalibləri müəyyənləşib - <b style="color:red"> Yenilənib</b>

Şuşada keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.

525.az xəbər verir ki, müsabiqəsinin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, eyni zamanda, mədəniyyət və incəsənət xadimləri, görkəmli xanəndə və musiqiçilər iştirak edib.

Konsert proqramı Vətən müharibəsi şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xalq artisti Mənsum İbrahimovun ifası ilə final konsert proqramı açıq elan edilib.

Daha sonra müsabiqənin finalçıları çıxış edib. Çıxışlar bitdikdən sonra qaliblər müəyyənləşib:

Azyaşlı qrup üzrə üçüncü yerin qalibi Sabir Ağayev, ikinci yerin qalibi Fatimə Kərimova, birinci yerin qalibi isə Həzrət Əzizli olub.

Gənc xanəndələr arasında isə Daşqın Kürçaylı və Vüqar Əbilov üçüncü yer, Ülkər Abdullayeva və Aynur Həsənova ikinci yerin qalibi seçiliblər.

Birinci yerin qalibi isə Fuad Əzizzadə olub.

İki ifaçı isə həvəsləndirici mükafatla təltif edilib.

***

VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilir.

525.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.

Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.

Münsiflərə Xalq artistləri Arif Babayev, Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və müsabiqənin icraçısı Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi daxildir. Finalda gənc xanəndələr Fuad Əzizzadə, Ülkər Abdullayeva, Daşqın Kürçaylı, Aynur Həsənxanova, Vüqar Əbilov, Pedram Rəncbər və Məftun Səfərli ilə yanaşı, azyaşlı ifaçılar Həzrət Əzizli, Fatimə Kərimova və Sabir Ağayevin çıxışları dinləniləcək, münsiflər heyətinin məşvərətindən sonra qaliblər elan olunacaq.

Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.

 





05.08.2022    çap et  çap et