525.Az

XX əsrin portreti - Vilayət Quliyev yazır


 

XX əsrin portreti - <b style="color:red">Vilayət Quliyev yazır</b>

Son onilliklərdə bəlkə də ilk dəfə idi ki, təxminən 400 səhifəlik kitabı birnəfəsə oxudum. Söhbət görkəmli alim və dövlət xadimi, 1950-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasına rəhbərlik etmiş akademik Musa Əliyevin "Öz dəst xəttimlə" ("Svoim poçerkom") adlı memuarlarından gedir. Əgər əsərə bir neçə kəlmə ilə qiymət vermək zərurəti yaransaydı, əsla tərəddüd etmədən onu məzmun və mahiyyət baxımından yazıya başlıq seçdiyim şəkildə - "XX əsrin portreti" adlandırardım. Həm də retuşsuz, gerçək portreti...

Birnəfəsə oxuduğum kitab haqda yazmaya bilməzdim.

Aspirantlıq illərində EA Rəyasət Heyətinin binasında Musa Əliyevin Akademiyanın digər prezidentləri ilə yanbayan asılmış portretini görmüşdüm. Sifətindən nəciblik və xeyirxahlıqla birlikdə qətiyyət, dəbdə olan ifadə ilə desəm, özgüvən - özünə inam yağırdı. O dövrdə internet, vikipediya olmadığından təbii ki, maraqlandığın şəxs, yaxud hadisə ilə bağlı bir neçə dəqiqə ərzində məlumat əldə etmək imkanı yox idi. Yadımdadır ki, İnstitutumuzun tanınmış və yaşlı alimlərindən biri Akademiya rəhbərliyinə istehsalatdan gəldiyi üçün Musa Əliyevin Rəyasət Heyətinin iclaslarında bəzən "Yoldaş institut direktorları!" əvəzinə çaşıb "Yoldaş zavod direktorları!" dediyini danışırdı. Bu, yəqin ki, sadəcə uğursuz zarafat idi...

Memuar ədəbiyyatına günümüzdə hər zaman olduğundan daha böyük tələbat var. Çünki oxucu rəsmi tarixşünaslığın ştamp və qəliblərindən bezib. Həyat haqda, dövrün ruhu, insanları haqda canlı şahidlərdən eşitməyi daha üstün tutur. Lakin gerçəkçi, obyektiv xatirə yazmaq ilk baxışdan göründüyü qədər asan deyil. Azərbaycanda isə, etiraf edək ki, lap çətindir. Kiminsə babası, hətta ulu babası haqda xoşa gəlməyən bir həqiqəti dilə gətirsən, yaxud sirr pərdəsini qaldırsan, mütləq düşmən qazanacaqsan. Tərif-özünüreklam janrında yazılmış memuarlar isə təbliğati materiallardan çox da cəlbedici deyil. Saxta notlar, qeyri-səmimi məqamlar belə xatirələrdə daha çox nəzərə çarpır.

Akademik Musa Əliyevin memuarları hətta üzərində müəyyən "təmizlənmə" işləri aparılandan sonra da dövrə və hadisələrə münasibətdə kifayət qədər tənqidi, lakin obyektiv və prinsipial təsir bağışlayır. Müəllif özünün, ailəsinin, dost və yaxınlarının, hətta əleyhdar və rəqiblərinin mürəkkəb bioqrafiyasından çıxış edərək bəşər tarixinə mütəhərrik, ziddiyyətli yüzillik kimi daxil olan XX əsrin geniş panoramını yaradır. Əks təqdirdə onun xalq və tarix qarşısında böyük məsuliyyət hissi ilə yazdıqlarını "dövrün portreti" adlandırmaq mümkün olmazdı.

Musa Mirzə oğlu Əliyev 1908-ci ildə, çoxsaylı azərbaycanlı icmasının yaşadığı Aşqabad şəhərində doğulub. Valideynləri Azərbaycanın tarix və mədəniyyət baxımından iki mühüm, özünəməxsus regionunu təmsil edirdilər. Atası Şamaxıdan, anası Şuşadan idi. 1985-ci ildə Moskvada vəfat edib. Tərcümeyi-halının iki mühüm hadisəsi - doğumu və ölümü Vətəndən uzaqlarda baş versə də, bütün şüurlu həyatı Azərbaycana bağlı olub. Bilik, qüvvə və bacarığını doğma Vətəninin inkişafına, çiçəklənməsinə sərf edib. Aradan illər keçəndən sonra yetirməsi, akademik Akif Əlizadə bu şəksiz həqiqəti vurğulayaraq yazırdı: "Böyük müəllimim harada işləməsindən asılı olmayaraq həmişə doğma vətəninin, Azərbaycanın naminə çalışmışdı".

Mükəmməl roman qədər maraqlı, ibrətamiz memuarları tam əsasla Musa Əliyevin doğma xalqı, tarix və elm qarşısında son fədakarlığı adlandırmaq mümkündür. Alim on ümumi dəftəri əhatə edən həyat hekayəsini şairlər demişkən, ömrünün qürubunda - 1970-ci illərin sonunda yazmağa başlamışdı. Həmin dövrdə artıq səhhətində ciddi problemlər yaranmışdı. Həkimlərin bütün səylərinə baxmayaraq, görmə qabiliyyətini itirirdi. "Bu, mənim həyata sonuncu töhfəmdir, - deyə müəllif əsərin finalında, onuncu dəftərdə yazırdı: - Artıq deyə bilərəm ki, kor olmuşam. Çox çətinliklə yazıram. Heç nə oxuya bilmirəm. Sona (həyat yoldaşı - V.Q.) kömək edir. Bu gedişlə böyük əsər üzərində işləmək mümkün deyil. Yarım il ərzində görmə qabiliyyətimi demək olar ki, bütünlüklə itirdim. İndi həkimlər heç olmazsa, qismən görə bilməyim üçün əllərindən gələni edirlər".  

Memuarların ilk oxucusu Musa Əliyevin qızı - şərqşünas alim, mərhum Rəna xanım idi. İstər texniki, istərsə də emosional baxımdan mütaliəsi o qədər də asan başa gəlməyən əlyazmasını oxuyub bitirəndən sonra Rəna xanım qərar vermişdi: atasının həyat hekayəsi mütləq çap edilməli, geniş auditoriyaya çatdırılmalıdır. Ancaq xeyirxah niyyəti yalnız aradan 40 ilə yaxın bir vaxt keçəndən sonra gerçəkləşdirmək  mümkün olmuşdu. Kitab bu il "Çaşıoğlu" nəşriyyatında Əməkdar jurnalist Nadejda İsmayılovanın geniş müqəddimə və sanki düşünmək üçün pauza rolu oynayan çoxsaylı aydınlaşdırıcı şərhləri, orijinalın mətninə zəruri müdaxilələri ilə çap edilib. Bu mənada Nadejda xanım tam əsasla həmmüəllif sayıla bilər. Redaktor-resenzent vəzifəsini isə ADA Universitetinin rektoru, tanınmış alim və diplomat Hafiz Paşayev öz üzərinə götürüb. Burada da bir qanunauyğunluq var. Rəna xanımın həyat yoldaşı kimi, təbii ki, o, Musa Əliyevi yaxından tanıyırdı, elmi və ictimai fikir tarixindəki yerinə, mövqeyinə, vətəndaşlıq və insani keyfiyyətlərinə dərindən bələd idi. Hafiz müəllimin xatirələrdəki bu və ya digər mövzu, yaxud məsələlərlə bağlı qısa müsahibələri izahedici mahiyyət daşımaqla bir sırada keçmişin fakt və hadisələrinə müasirliyin gözü ilə baxmağa, müəllifin fəhm və uzaqgörənliyini daha bariz şəkildə aşkara çıxarmağa imkan verir. Həm də belə müdaxilələr əsərə müəyyən bir interaktivlik gətirir.

Musa Əliyev də mənsub olduğu xalqın əksər nümayəndələri kimi çoxsaylı  məhrumiyyətlərə qatlaşmalı, XX əsrin bir-birindən çətin sınaqlarından çıxmalı olmuşdu. 9 yaşında anasını, bir  il sonra yeganə qardaşını itirmişdi. Ermənilərin Şamaxıda törətdikləri soyqırımı zamanı əmisi, I Dövlət Dumasının deputatı, tanınmış ictimai-siyasi xadim Məhəmmədtağı Əlizadə, çoxsaylı qohumları qətlə yetirilmişdi. Bolşevik inqilabı nəticəsində ailələri müflis vəziyyətə salınmışdı. 

Atası geniş imkanlara malik tacir olsa da, oğlunun biznesini davam etdirməsi fikrini yaxın buraxmamışdı. Hər vasitə ilə onu yaxşı təhsil almağa təşviq etmişdi. Doğrudur, Mirzə Mahmud onun həkim olmasını istəyirdi. İstəyi baş tutmamışdı. Amma tale fədakar ataya  yeganə övladının görkəmli alim və dövlət xadimi kimi tanındığı, respublika Nazirlər Soveti sədrinin birinci müavini, EA prezidenti kimi yüksək vəzifələr tutduğu günə qədər yaşamağı qismət etmişdi.

Musa Əliyev orta məktəbi Aşqabadda başa vurub Bakıya gəlmişdi. Çətin müsabiqədən (175 yerə 600 nəfər iddiaçı vardı) keçib Azərbaycan Politexnik İnstitutunun energetika fakültəsinə qəbul olunmuşdu.

1920-ci illərin ortalarında bir müddət Bakı Universiteti və Azərbaycan Pedaqoji İnstitutunda çalışan türk alimi və ictimai xadim Mühitdin Birgen vətənə döndükdən sonra çap etdirdiyi xatirələrində dövrün Azərbaycan gəncliyinin yüksək mədəni-intellektual səviyyəsindən, biliklərə yiyələnmək təşnəliyindən söz açaraq yazırdı: "Milli həyata yeni gələn bu nəsil o qədər böyük həvəslə çalışıb öyrənirdi ki, onların arasında onlar kimi çalışmamaq üçün bir müəllim gərək insan yox, hissiz, duyğusuz daş parçası olaydı. Bakıdakı bir illik işim də daxil həyatımda on bir il müəllimlik etmişəm. Bu qədər sürətlə yüksələn tələbə kütləsini heç zaman görmədim, bir də görəcəyimi təsəvvür etmirəm". 

Heç şübhəsiz, Musa Əliyev həmin gəncliyin ən parlaq nümayəndələrindən idi. Alimin sonrakı həyat yolu da bu həqiqəti təsdiq edir. İnstitutu başa vuranda o, Azərbaycanda geologiya sahəsində nəzəriyyə ilə təcrübəni  bacarıqla sintez edən mütəxəssis kimi tanınırdı. Dəfələrlə biri-birindən çətin ekspedisiyalarda olmuşdu. Nadejda İsmayılovanın yazdığı kimi, "Yura dövrünün balıqqulaqlarına mənzil qonşularından daha yaxşı bələd idi". Leninqraddakı aspirantura illəri isə gənc azərbaycanlı alimi Ümumittifaq miqyasına çıxarmışdı. 28 yaşında müdafiə etdiyi namizədlik dissertasiyası elmdə yeni söz sayılırdı. Yura dövrünə aid aşkar etdiyi yeni balıqqulaqları növünə Vətəninin şərəfinə tseramus-azərbaycanius adını vermişdi. Şübhəsiz, bu, bir alim üçün həqiqi triumf idi...

Ad təsadüfi seçilməmişdi. Çünki Azərbaycana xidmət, azərbaycanlı adını uca tutmaq Musa Əliyevin genində, təbiətində idi. Uzun həyatı boyu bu yolda karyerası, bəzən hətta azadlığı bahasına başa gələ biləcək riskli addımlardan çəkinməmişdi. Elmi və ictimai-siyasi fəaliyyətinin devizi "Hər şey Azərbaycan üçün! - olmuşdu. Gürcü qonşularımızın Stalinin hesabına Qafqazda at oynatdıqları qorxulu 1937-ci ildə Azərbaycan Geologiya bürosunu Zaqafqaziya Geologiya trestinin tərkibindən çıxarıb müstəqil idarəyə çevirmişdi. Dəfələrlə Bakıda özlərinə isti yuva qurmuş arxalı erməni elm məmurlarına öz yerlərini göstərmişdi.

Ötən əsrin 30-cu illəri qəribə dövr idi. İnsanları çox gənc deyiləcək yaşda mühüm vəzifələrə irəli çəkir, üzərlərinə böyük məsuliyyət qoyurdular. Məsələn, memuarlarda haqqında hörmətlə söz açılan Hüseyn Rəhmanov 32 yaşında respublika Nazirlər Sovetinin sədri olmuşdu. Eyni taleni Musa Əliyev özü  də yaşamışdı. 30 yaşında bütün keçmiş SSRİ-də və dünyanın bir çox ölkələrində  AZİ kimi məşhurlaşan mühüm neft akademiyasının - Azərbaycan Sənaye İnstitutunun rektoru təyin edilmişdi. Onun prinsipial idarəçiliyi və həyata keçirdiyi islahatlar nəticəsində cəmi iki il sonra - 1940-cı ildə Sənaye İnstitutu Moskva Neft İnstitutunu arxada buraxaraq ölkənin neft profilli ali məktəbləri arasında birinci yeri tutmuşdu. Maraqlıdır ki, 1940-1941-ci tədris ilində Azərbaycanın gələcək rəhbəri Heydər Əliyev də bu institutda təhsil almışdı.

Vaxtı ilə tələbəsi olduğu ali məktəbin 80 illik yubileyində çıxış edən Prezident H.Əliyev təhsil illərini xatırlayaraq demişdi: "O dövrdə aldığım təhsil, tərbiyə, bilik, öyrəndiyim intizam mənim gələcək həyatımda fövqəladə dərəcədə böyük rol oynadı. Ona görə də həmin illəri həmişə böyük məmnuniyyətlə yada salıram. O vaxt burada rektor Musa Əliyev idi. Sonralar böyük alim kimi tanındı, Elmlər Akademiyasının Prezidenti oldu..."

İkinci Dünya müharibəsinin ağır illərində Musa Əliyev Moskvada, Xalq Neft Komissarlığı tədris müəssisələrinin rəhbəri vəzifəsində çalışmışdı. Böyük ölkənin müxtəlif guşələrinə səpələnmiş 3 neft institutunun, 25 neft texnikumunun fəaliyyətini əlaqələndirmiş, onlardan bəzilərinin bütün avadanlıq, müəllim və tələbə heyəti ilə birlikdə arxa cəbhəyə  köçürülməsini təmin etmişdi. Amma belə mühüm xidmətlərinə baxmayaraq, müharibənin sonunu Azərbaycan KP MK elm və təhsil şöbəsinin müdiri - yəni əvvəlkindən qat-qat kiçik vəzifədə qarşılamalı olmuşdu. Çünki Mir Cəfər Bağırov potensial rəqib kimi gördüyü hər bir tanınmış azərbaycanlını dərhal zərərsizləşdirməyi, yaxud da gətirib gözünün qabağında saxlamağı onun inkişafına meydan açmaqdan daha üstün tuturdu. Görünür, hərtərəfli biliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, tükənməz enerji və işgüzarlığa malik Musa Əliyev də onun nəzərində belə potensial rəqiblərdən idi.

Amma hamını xof altında saxlamaqla bir sırada M.C.Bağırova da təmiz, namuslu, iş bacaran adamlar lazım idi. Ona görə də Musa Əliyev 1947-ci ildə respublika Nazirlər Soveti sədrinin birinci müavini - Dövlət Plan Komitəsinin sədri təyin olunur. Qısa müddət ərzində onun təqdimat və təşəbbüsü ilə SSRİ Dövlət Plan Komitəsi Bakıda Akademiya şəhərciyi, Dövlət kitabxanası, Akademik Dram teatrı, Şamaxı Astrofizika rəsədxanası, Gəncədə Alüminium zavodu, Sumqayıtda boru prokat və sintetik kauçuk zavodları kimi strateji əhəmiyyətə malik iri miqyaslı tikintilərin həyata keçirilməsinə vəsait ayırır. Azərbaycanda əsrin tikintiləri sayıla bilən Bakı metrosu və Neft Daşları da Musa Əliyevin adı və fəaliyyəti ilə bağlı idi. Bağırovla sərt polemika şəraitində açıq dənizdə neft istehsalının böyük perspektivi olduğunu sübut edəndən sonra Moskvada SSRİ Nazirlər Soveti sədrinin müavini Beriyanı da inqilabi ideyanın tərəfdarları sırasına çəkə bilmişdi.

1950-ci ilin yanvarında Azərbaycan EA-nın üç həqiqi üzvü - prezident M.Mirqasımov, akademiklər - Səməd Vurğun və Georgi Qazıyev M.C.Bağırovun yanına gedib "respublikanın xozeyinini" böyük alim,  görkəmli neftçi-geoloq kimi Musa Əliyevin EA-ya həqiqi üzv seçilməsinin  zəruriliyinə inandırmışdılar. Mart ayında isə taleyində daha bir gözlənilməz dəyişiklik olmuşdu - eyni alimlər yenidən Bağırova müraciət etmişdilər. Acınacaqlı vəziyyətdə olan Akademiyanı düşdüyü vəziyyətdən qurtarmaq üçün Musa Əliyevin bilik, təcrübə və təşkilatçılıq qabiliyyətinə ehtiyac duyulduğunu demişdilər. Bağırov seçim ixtiyarını onun öz öhdəsinə buraxmışdı. Musa müəllim isə dövlət ierarxiyasında daha böyük vəzifə tutmasına baxmayaraq, elmi fəaliyyətə üstünlük vermişdi. 

Xatirələrində qeyd etdiyi kimi, səkkiz illik fəaliyyəti ərzində Akademiyanın siması əsaslı şəkildə dəyişmişdi. Sağlam elmi mühit yaradılmışdı. Elmi işçilərin sayı 1050 nəfərdən 2500 nəfərə çatdırılmışdı. 1950-ci ildə EA əməkdaşlarının yalnız 30 faizi yerli xalqın nümayəndələri idi. 1958-ci ildə isə bu göstərizi 70 faizə yüksəlmişdi. Moskva, Leninqrad, Xarkov kimi elmi mərkəzlərə göndərilən azərbaycanlı aspirantlar sonrakı onilliklərdə respublikada və İttifaq miqyasında müxtəlif elmi istiqamətlərin aparıcı nümayəndələrinə çevrilmişdilər.

Müəyyən obyektiv səbəblərə görə Musa Əliyev 1958-ci ildə Azərbaycanı tərk etməli olmuşdu. SSRİ EA-nın o zamankı prezidenti, akademik A.N.Nesmeyanovun dəvəti ilə Moskvaya gedib EA və SSRİ Neft Maşınqayırması Sənayesi nazirliyinin elmi-tədqiqat Geologiya və Neft-qaz yataqlarının istismarı institutunun direktor müavini vəzifəsində çalışmışdı. Ona əslində direktorluq təklif olunmuşdu. Lakin təbiətən təvazökar insan olan Musa Mirzəyeviç İnstitutda SSRİ EA-nın dörd həqiqi üzvünün çalışdığını əsas gətirərək təklifi qəbul etməmişdi. Xatirələrində bu İnstitut haqda yazırdı: "...son istinadgahım olan bu İnstitutu sevdim. Nəhayət burada xalis elmlə məşğul olmağa, tədqiqatlar aparmağa, yazmağa və fundamental əsərlər çap etdirməyə imkan tapdım".

Amma bu da hələ son deyildi. Həyatının altıncı onilliyinin tamamında akademik Musa Əliyev vacib missiya ilə - birgə Sovet-Əlcəzair neft müqaviləsinin rəhbəri kimi müstəqilliyinə yenicə qovuşmuş ərəb ölkəsinə yollanmışdı. Azərbaycanlı alimin namizədliyi üzərində Sov.İKP MK-nın neft şöbəsi və SSRİ Neftçıxarma sənayesi naziri V.A.Şaşin xüsusi israr etmişdilər. Musa Əliyevin qarşısında texniki-iqtisadi deyil, həm də siyasi-ideoloji vəzifələr qoyulmuşdu: Fransa və ABŞ-ın Əlcəzair neft sənayesinə müdaxiləsini minimuma endirməli idi. Musa Əliyev çalışdığı bütün sahələrdə olduğu kimi, burada da yüksək göstəricilərə nail oldu. Birinci müqavilənin müddəti başa çatandan sonra əlcəzairlilər onun ikinci müddətə qalmasına israr etdilər və istəklərinə nail oldular. 1970-1971-ci illərdə ölkədə 2000 nəfərdən çox sovet neft mütəxəssisi çalışırdı. Sovet alimlərinin akademik Musa Əliyevin rəhbərliyi altında Saxara və Atlasın geologiyasına dair rus, ingilis, fransız və ərəb dillərində çap olunan iki monoqrafiyası indi də Əlcəzairin neft profilli ali məktəblərində dərslik kimi istifadə olunur.

Trafaret ifadə kimi səslənsə də, Musa Əliyevin həyatı xalq üçün, vətən üçün ideya naminə yaşanmış ömür idi. Azərbaycanın XX yüzillikdə keçdiyi çətin və şərəfli yol onun taleyində öz təcəssümünü tapmışdı. Musa müəllim gördüyü böyük işlərlə bu əsrin portretini cızanların ön cərgəsində olmuşdu. Onun geniş, çoxcəhətli fəaliyyəti həm də gələcəyə - XXI əsrə aparan yollara işıq salmışdı.

 





06.08.2022    çap et  çap et