525.Az

Azərbaycanlı rejissor İranda 6 illik həbs cəzası aldı - Vahid Mustafayev yazır


 

Azərbaycanlı rejissor İranda 6 illik həbs cəzası aldı - <b style="color:red"> Vahid Mustafayev yazır</b>

Vahid MUSTAFAYEV

 

Bir müddət əvvəl BakiFilm kinostudiyasında ərsəyə gətirmək istədiyimiz yeni bədii filmin çəkiliş qrupunu təşkil etmək məqsədi ilə İrana yola düşdük. Səfərimiz haqda xəbər tutan dostum, görkəmli Azərbaycanlı rejissor Cəfər Pənahi də bu səfərdə bizimlə görüşüb film haqqında öz maraqlı mülahizələrini söyləmək istəyirdi. Baxmayaraq ki, Azərbaycandan, Vətəndən gələn bütün sənət adamları üçün Cəfərin ev-eşiyi hər zaman açıq olur, bu dəfə onun qapıları bağlı idi… Cəfər zindanda idi.  

İranın paytaxtı Tehranda saxlanılan Cəfər Pənahinin 2010-cu ildə ona kəsilmiş 6 illik həbs cəzasının hamısını çəkmək üçün 2022-ci ildə məhkum edilməsi və bütün bu müddəti evdə yox zindanda keçirəcəyi təsdiqləndi.

Cəfər Pənahi 2010-cu ildə İranda zorakılıq əleyhinə nümayişləri dəstəklədikdən sonra saxlanılıb, "Sistem əleyhinə təbliğat aparmaq" ittihamı ilə 6 il həbs cəzası almış, iki ay həbsdə qaldıqdan sonra şərti azadlığa buraxılmışdı - ona 20 il film çəkmək, ssenari yazmaq və ölkədən çıxmaq qadağan edilmişdi.

O gündən düz 12 il keçəndən sonra Cəfər yenidən zindana salınır. Bəlkə bütün bu illər boyu qadağalar və məhkəmə qətnaməsinə məhəl qoymayaraq sənətinə sadiq olaraq Azərbaycanlı rejissor, “Taksi” filmi ilə 2015-ci ildə Beynəlxalq Berlin Film Festivalının ən böyük mükafatı olan “Qızıl Ayı” və “Üç həyat” filmi ilə 2018-ci ildə Kann Film Festivalında “Ən Yaxşı Ssenari” mükafatını aldığına görə? Yox! Bəs onda Niyə?
Sadəcə olaraq Pənahi iki həmkarının azadlığa buraxılması üçün birgə müraciət imzaladığına görə saxlanılıb. 

Digər rejissorlar Muhammed Rəsulof və Mustafa Əl Əhməd 2022-ci ilin may ayında Abadan şəhərində 10 mərtəbəli binanın uçması nəticəsində 40-dan çox insanın ölümü ilə bağlı sosial şəbəkələrdəki paylaşımlarına görə həbs edilmişdilər. Onların günahı - təhlükəsizlik qüvvələrini “silahlarını yerə qoymağa” və fəlakətlə bağlı etirazların qarşısını almamağa çağırmaqda idi. Lakin hökümətin nəzarətində olan İRNA dövlət xəbər agentliyi verdiyi xəbərə əsasən, iki rejissor Abadan şəhərində "iğtişaşları qızışdırmaqda və cəmiyyətin psixoloji təhlükəsizliyini pozmaqda" ittiham edilibllər. Nəticədə görkəmli rejissorlar Muhammed Rəsulof və Mustafa Əl Əhməd həbs olunur.

Buna etiraz olaraq Pənahi, özü daxil olmaqla 334 iranlı kinorejissor və fəalın imzaladığı bəyanatı öz “İnstagram” hesabında paylaşır. Bəyanatda "Müstəqil kino xadimlərinin və azad düşüncə sahiblərinin məruz qaldığı təzyiq və qorxutma siyasətini, həmçinin, əsas fərdi və ictimai hüquqların müvafiq qurum və təşkilatlar tərəfindən sistematik şəkildə pozulmasını pislədikləri" ifadə olunub.

Azərbaycanlı rejissor, 62 yaşlı Cəfər Pənahinin qapılarının açılmasını İranda və bütün dünyada milionlarla insan tələb edir! Lakin təəssüf edirəm ki, Azərbaycanda, bir neçə kino təşkilatı və ittifaqları ilə fəxr edən ölkədə heç kim ustadın dərdinə qalmır. Bu gün Azərbaycan aşiqi olan Pənahiyə, bir sıra rəsmi qadağalara baxmayaraq əksər filmlərində Azərbaycanlı aktyorlarla işləyən və filminin vacib səhnələrini Azərbaycan dilində çəkən həmvətənimizə dəstək lazımdır! Axı Azərbaycanlıların Berlinari və ya Kann festivalında qalib olan sənətkarları çox deyil.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb

 





06.08.2022    çap et  çap et