525.Az

Yolun bağlanması


 

Yolun bağlanması <b style="color:red"></b> Korpus kəşfiyyat bölüyünün sabiq komandiri,

İkinci yazı


Horadiz uğrunda döyüş oktyabrın 24-ü günorta başlasa da, ayın 23-ü günün ikinci yarısından başlayaraq düşmən qəsəbəni artilleriya atəşinə tutduğundan artıq əhəmiyyətli dağıntılar baş vermişdi və bir neçə mülki şəxs şəhid olmuşdu. 

Şmaysın reyd dəstəsi öz vəzifəsini yerinə yetirib cəbhəni yardıqdan sonra Hadrut alayı Çartaz alayı ilə birlikdə Horadiz üzərinə hücuma keçdilər. Axşamı onlara Qafan və Gorus briqadaları adlanan hərbi birləşmələrin bir neçə hissəsi də qoşuldu.  Hələ sentyabr ayında qəsəbənin və ona bitişik Mollaməhərrəmli kəndinin mülki vətəndaşlarını silahlandırıb onlardan özünü müdafiə dəstələri təşkil etmişdik. Bu dəstələrin əsas vəzifəsi sərhəd qoşunlarının  döyüşçüləriylə birlikdə qəsəbənin üst tərəfindəki cəbhə zolağını müdafiə etmək və geri çəkildikdə mülki əhalinin təhlükəsizliyini təmin etmək idi. Oktyabrın 24-ü günorta saatlarında Horadizin şərq istiqamətindəki yaranmış təhlükəni görüb İran ərazisinə keçmək üçün yeganə keçid yeri olan su bəndinə yığışan əhalini qorumaq üçün sərhədçilər və özünü müdafiə dəstəsinin döyüşçüləri bəndə doğru geri çəkilib oranı müdafiə etməyə başladılar. Xocalı hadisəsindən sonra bu və buna oxşar faciələrin bir də təkrar olunmaması bizim hamımız üçün əsas vəzifə hesab olunurdu. 

Bizim hərbi hissənin vur-tut cəmi iki tankı var idi ki, bunların da biri həmin vaxt Horadiz ərazisində dayanırdı. Əhalinin axıradək təhlükəsiz keçidini təmin etmək üçün bənd yaxınlığında döyüşü qəbul edən bu tank özləri bu qəsəbənin sakinləri olan Şakir Bayramov və Malik Allahverdiyevdən ibarət heyətlə son mərmiyə qədər döyüşmüş, axırda özləri də sağ-salamat tankı bənd üzərindən İran ərazisinə keçirə bilmişdilər. Döyüşün  nəticəsində düşmən xeyli canlı qüvvə itki vermiş, həm  də iki  tankı məhv edilmişdi. Horadiz uğrunda döyüşün rəmzinə çevrilmiş bu düşmən tankları sonradan biz Horadizi geri alanda həmin yerdəcə dururdu. Sonralar abadlıq işləriylə əlaqədar bu tankların qalıqları oradan götürülmüşdü. Oktyabrın 23-ü yolun bağlanmasıyla başlayıb 27-si Zəngilanın işğalı ilə başa çatan bu əməliyyatda Dərzili döyüşünü də nəzərə alsaq, Horadiz döyüşü düşmənin ən çox itki verdiyi döyüş idi.  Sağ Horadiz doğru geri çəkilməsindən sonra sol cinahın da sabit rabitə əlaqəsinə baxmayaraq, cəbhəni boşaltdığını görən 8-ci tabur komandiri Z.Həsənov döyüşçülərinə Qozluçay istiqamətində Araz kənarına geri çəkilmə əmri vermişdi. Onlara dəstək verməli olan reaktiv artilleriya batareyası da texnikalarını atıb onlara qoşulmuşdu. Bu variantı əvvəlcədən nəzərə aldığımıza görə, həm görüş yeri kimi, həm də son müdafiə ocağı kimi Araz kənarındakı sərhəd zastavası nəzərdə tutulmuşdu. Amma yaranmış şəraiti nəzərə alıb ondan maksimum səmərə almaq üçün mən Z.Həsənovdan onun bir bölüyünün “geridəqalma” əməliyyatı məqsədilə istifadə olunmasına icazə aldım. Bu bölüyü Qozluçay yarğanında gizlədib onlara təlimat verdikdən sonra geridəqalma üçün nəzərdə tutulmuş ərazinin detallı kəşfiyyatını aparmaq üçün iki nəfər kəşfiyyatçımla ora getdim. Bu əməliyyatın məqsədi ağlagəlməz yerdə qrupun gizlədilməsi və işğaldan sonra düşmənin operativ-taktiki arxa zolağında diversiya aparmaqla ona daha çox ziyan vurmaq idi. Bu məqsədlə hər şeyi hazırlayıb geri qayıtdıqda həmin bölüyün tam şəkildə fərarilik etdiyinin şahidi olduq. Axşamüstü görüş yeri olan Qazaxlar zastavasına gələndə oranı tamam boş gördük. Nə 8-ci tabur, nə artilleriyanın şəxsi heyəti, nə də nizamnamə üzrə buranı dairəvi müdafiə etməli olan sərhədçilərdən heç bir əsər-əlamət yox idi. Əsas giriş qapısından bizim bura gəlişimiz çox uğursuz bir ana təsadüf etdi. Qarşı hasardan ora doluşan düşmən əsgərləriylə qarşılaşdıq. Həyətdəcə döyüşü qəbul edib gəldiyimiz yolla çıxmaq istədikdə buna imkan vermədilər. Nəhayət, biz hasarın zəif yerindən çıxıb döyüşə-döyüşə özümüzü Araz kənarına çatdırdıq. Burada 8-ci taburun başda Z.Həsənovla birlikdə təbii xəndəklərin köməyilə müdafiə məntəqəsi yaratdıqlarını gördük. Amma Cəbrayıl ərazisindən qaçaraq Arazdan keçmək üçün bura yönələn maşın-traktor karvanı olmayan yolu da kəsmişdi və ətraf mülki əhaliylə yanaşı, mal-qara sürüsüylə də dolub müdafiə olunmağı çətinləşdirirdi. Düşmən qüvvələri müqavimətə rast gəldiyindən zastavadan irəli gələ bilmirdilər. Amma onlar tezliklə vəziyyəti öz xeyirlərinə dəyişmək üçün PDM gətirib onun dəstəyiylə irəliləməyə cəhd etdilər.

Sərhəd boyunca səpələnmiş dinc əhalinin təhlükə altında qaldığını görüb doğru bildiyim çıxış yolunu seçdim. Yanımdakı Rafiq Abışova (sonradan kəşfiyyat bölüyünün starşinası kimi bütün əməliyyatlarda iştirak etmişmi, indi də Azərbaycan Ordusunda qulluğunu davam etdirir) qumbaraatanı götürüb mənimlə gəlməsini əmr etdim. Biz sürünüb zastava divarlarına qədər gələ bildik. Atdığımız qumbaralar zərərsiz olsa da, PDM təcrübəli olduğundan real təhlükəni görüb geri çəkilməyə məcbur oldu. Düşmənin canlı qüvvəsi isə açıq sahəni keçməyə cəsarət eləmədi. Qazandığımız vaxt əhalinin ortalıqdan qaçıb çayın kənarına çatması üçün kifayət etmişdi. Qaranlıq qovuşanda ətrafda heç kimin qalmadığını görüb bizdə Araz qırağına doğru geri çəkildik. Burada məlum oldu ki, sursatla dolu yük maşını və komanda qərargah maşını bir neçə döyüşçü ilə maşın karvanında qalıb. Mən daha yuxarı – briqada kəşfiyyatını təmsil etdiyimə görə komandirliyi öz üzərimə götürdüm və lazımi göstərişlər verdim – hamıya burada qalacağımızı bildirdim. Qərarın könüllü olduğunu qeyd etsəm də, heç kim etiraz edib bizi tərk etmədi. Siyahını tərtib edib 20 nəfər olduğumuzu bildim. Sonra sursat dolu maşını və komanda qərargah maşınını adaya keçirib təhlükəsiz yerdə gizlətməyi qərara aldıq. Qaranlıq düşdüyündən düşmən irəliləmiş artıq sərhəd boyu buraxılıb atılmış maşınları və texnikaları yığmaqla məşğul idi.  ...Artıq 25 oktyabr başlayırdı və yeni naməlum günə hazırlaşmaq vaxtı idi.
 





24.10.2012    çap et  çap et