525.Az

Dul qadının tənhalığı- Telman Orucov yazır


 

Dul qadının tənhalığı- <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə saylarımızda)

 

 

 Direktor baxışlarını Ruhiyyəyə dikib dedi:

- Mən sizinlə razıyam, ancaq məlumatlı olmaq da lazımdır, çünki bəzən ciddi məsələlərə də toxunulur. Məsələn, son vaxtlar bir neçə sayt sizin ərinizin başına gələnləri yazmaqla bərabər, sizi də hallandırır. Sizə hörmət bəslədiyimə görə, bu yazılar mənə toxunur.

Ruhiyyənin əvvəlki laqeydliyi bütünlüklə yoxa çıxdı, ona görə də direktora sualla müraciət etdi:

- Axı nədən yazırlar, sizə çətin deyilsə, bəlkə deyəsiniz, mən də bilim.

- Sizin haqqınızda ləyaqətinizə toxunan bir şey yoxdur, ərinizi isə patanatom tədqiqatı kimi təqdim edirlər. Yazırlar ki, beynəlxalq fırıldaqçılarla yaxınlıq etdiyinə görə bir neçə milyon dollarlıq ziyana düşmüşdür. Guya İrandan olan və özünü böyük iş adamı kimi təqdim edən birisi onu antikvar mallarla ticarət işinə cəlb etmək adı altında aldatmış, sonradan guya İsveçrə polisi onu həbs etmiş və əlindəki qiymətli malların hamısı müsadirə edilmişdir. Polis bəyanat vermişdir ki, onun satmaq istədiyi tarixi artefaktlar olduğundan, yəqin ki, muzeylərdən oğurlanmışdır. İranın tarixinə aid olduğundan, rəsmi qaydada dövlət orqanlarına qaytarılacaqdır. Guya əriniz Həsənə o, söz veribmiş ki, əgər onların birgə layihəsinə 3 milyon dollar pul qoysa, bir neçə aya, mallar satılandan sonra o, 10-15 milyon dollar gəlir götürəcəkdir. Həsən də onun yağlı dilinə aldanıb, barəsində lazımi məlumatlara sahib olmadan, özünə məxsus olan və başqalarından borc götürdüyü pulu həmin iranlıya vermiş və iki aydan sonra ondan belə bir xəbər gəlmişdir. Bəlkə də, iranlının özü fırıldaqçıdır, çünki xəbərdar edib ki, əgər Həsən İsveçrəyə gəlsə, burada onu tutacaqlar, çünki malların alınmasına sərf etdiyi pulların mənbəyini demişdir, başqa sözlə, Həsəndən götürdüyünü etiraf edibmiş. Hətta yazırlar ki, İnterpol da bağlanmış keçmiş bankın əməkdaşı olan ərinizlə ciddi maraqlanır və respublika Daxili İşlər Nazirliyinə müvafiq sorğu göndərmişdir.

Ruhiyyə çaş-baş qalmışdı, bu qədər pul Həsəndə haradan ola bilərdi. Direktor onun maraqlandığını hiss edib, jurnalist araşdırmasının faktlarını açıqladı:

- İşin öyrənilməsi göstərmişdir ki, pulun yalnız yarım milyon dolları Həsən Hüseynova məxsusdur, qalan iki milyon yarımını isə köhnə iş yoldaşlarından, bankın direktorundan və onun oğlundan almışdır. Ona görə də Həsənə təzyiq göstərirlər ki, hardan tapırsa tapsın, borc götürdüyü pulları qaytarsın.

Ruhiyyə tamam özünü itirmişdi və soruşdu:

- Bəs məndən nə yazırlar?

- Sizdən bir az əvvəl Həsənə ərə getdiyinizi və onun sizə mərhum ərinizdən qalan evdə yaşadığını yazırlar. Əvvəllər də belə fırıldaq əlaqələrə girdiyinə görə böyük borcu olduğundan Badamdardakı evini nisbətən ucuz qiymətə satıb borclarını ödəyibmiş. İndi isə satmağa bir şeyi yoxdur, bahalı maşınını da satıb, pulu ondan əl çəkməyən bir borc sahibinə qaytarıbmış. Onu da yazırlar ki, evlənməsi onu dilənçi vəziyyətinə düşməsinin qarşısını almışdır, ailənin bütün məişət xərclərini arvadı özü ödəyir.

Ruhiyyə direktora onu məlumatlandırdığına görə razılığını bildirdi və ona dedi ki, inanın ki, heç nədən xəbərim yox idi, lakin qonşuların son bir neçə gün ərzində mənə soyuq münasibət bəsləmələrindən şübhələnmişdim, güman edirdim ki, ərə getməyimə, ərimi evimə gətirməyimə, yəqin ki, yaxşı baxmadıqlarından mənə münasibətləri dəyişilmişdir.

 

Ruhiyyə ərindən boşanır

 

Sonra o, direktorun kabinetini tərk edib evinə tələsdi. Əri evdə yox idi, oğlundan da heç nə soruşmaq istəmirdi ki, onun könlünə yara vurmasın. Axşam Həsən evə yenə gec gəldi, əvvəlki kimi, olduqca qaşqabaqlı idi. Ruhiyyə soruşdu:

- Tanışlar mənə internetdən oxuduqları bəzi şeyləri dedilər. Bunlar doğrudurmu? Bəs sən niyə belə oyunlara girmisən, axı özünü çox ağıllı adam, səriştəli maliyyəçi hesab edirdin? Bütün el içində biabır olduq, belə hadisə məlum idisə, məni niyə bədbəxt edirdin?

- Səni niyə bədbəxt edirəm? Hadisə adam başına gəlir də. Mən səninlə ailə qurmaq planlarıma görə varlanmaq istəyirdim, özümün də tələbatım az deyildi.

Ruhiyyə:

- Deməli, öz təqsirini mənim üstümə yıxmaq istəyirsən, məgər mənim səndən var-dövlət barədə bir tələbim olmuşdumu, sənə bir söz demişdimmi? Çətinə düşsəndə, niyə vicdanını danmağa can atırsan?

Həsən Ruhiyyədən belə sərt sözlər gözləmirdi:

- Mənim başıma iş gəlib, özümü itirmişəm. Sən də mənə vicdandan dəm vurursan. Fəlakətə düşənə kömək əlini uzatmaq əvəzinə, mənə hücum edirsən. Görürsən ki, mən çox zəifəm, məni məhv etmək də o qədər çətin deyildir. Görünür, sən məndən uzaqlaşmaq istəyirsən, bəhanə axtarırdın, o da əlinə göydən düşdü.

Ruhiyyə Həsənin ağılsızlığına təəccüb qalmışdı:

- Bəli, mən sənin danışıqlarına inanmışdım, gizlətmirəm, güman edirdim ki, sən məni həqiqətən də sevirsən, iki ay bir yerdə yaşadığımız müddətdə gördüm ki, söz qılafının daxilində heç bir özək yoxdur, sənin məhəbbət barədə dediklərin də qoz qabığından qiymətli deyilmiş.

Ruhiyyə yenidən xoşbəxt olmağa can atırdı, ona görə də Həsənin yağlı dilinə aldanmışdı. Dələduzlar ovlamaq istədiklərinin, fırıldaq gəlməyə çalışdıqlarının dilini tapa bilir və bu dildə ustalıqla danışıb, qurbanının sayıqlığını itirməsinə nail olurlar. O, Həsənin onun evinə köçməsini xatırladı, şəhərin kənarında villası olduğunu deyirdi, həmin vaxt əvvəlki borcunu ödəmək üçün isə bu evi artıq satıbmış. O, yadına saldı ki, toylarından bir həftə sonra özünün də bu mənzilə uçota düşməsini istədiyini bildirmişdi. Ruhiyyə məəttəl qalmışdı, öz evi olan adam da özgəsinin mənzilində uçota girə bilərmi? Özünün də günahı az deyildir, niyə onu Hüseynin evinə, onun yataq otağına buraxdı. Özü-özünə etiraf etdi ki, başını elə itirmişdi ki, Həsənin ən təhlükəli təkliflərinə də boyun əyə bilərdi. Yaxşı ki, bu məsələ vaxtında açıldı, yoxsa o, məni yuxuya verib, bu evi də satışa çıxara bilərdi. Ruhiyyənin gözündə əri artıq narkoman, dələduz idi, nə qədər gec deyildi, onunla tezliklə üzülüşmək lazımdır. O, mənə bədbəxtlikdən başqa heç nə verməyəcəkdir. Özü də gözləmədiyi halda, onda Həsənə qarşı nifrət yarandı, nifrət isə emosiyanı daha güclü edir. Bu pərvanə az sonra güvəyə çevrilib, onun hüceyrələrini yun paltar kimi məhv etməyə başlayacaqdır. Nə qədər gec deyil, ondan ayrılmaq lazımdır. Ona görə də ciddi qaydada dedi:

- Həsən, biz müxtəlif adamlarıq, ittifaqımız da ani hissin təsiri ilə yaranmışdı, ona görə də məhvə məhkum idi. Mən sabah səndən boşanmaq barədə məhkəməyə ərizə verəcəyəm. Başa düşməlisən ki, nikahımızı saxlamağa cəhd etsən, bu, sənin vəziyyətini daha da ağırlaşdıra bilər. Biz artıq bir yerdə yaşaya bilmərik və sən bu mənzildə yaşamağına bu gündən son qoymalısan. Bu, mənim xahişim deyil, tələbimdir. Sənin baş ağrını mən öz üstümə götürə bilmərəm. Mən oğlumu böyüdüb, boya-başa çatdırmalıyam. Bu da mənim taleyimdir. Şikayət etmədən əzab çəkməyə öyrənməliyəmmiş.

Həsən:

- Deməli, məni qovursan, sənin sədaqətin iki aydan uzağa getmədi. Başqaları isə uzun müddət azadlıqdan məhrum olmuş ərlərinin həbsdən azad olunmalarını gözləyir. Sən isə o saat məni küçəyə atırsan ki, iri məbləğdə borcu olan adamın arvadı adlanmayasan. Mən də gərək səninlə ailə qurandan əvvəl səni hərtərəfli öyrənəydim. Görünür, mən də səhv etmişəm. Əlbəttə, sən dilənçinin arvadı olmaq istəmirsən, mən isə artıq dilənçidən də pis vəziyyətdəyəm. Çünki adamlar arasında etibarımı itirmişəm. Heç kəs məni özünə yaxın qoymayacaqdır.

Əgər boşanmağı qərara almısansa, mən də sənə yük olmağa çalışmayacağam. Heyifsilənirəm ki, biz bir-birimizlə dil tapa bilmədik, əgər biz bir-birimizi anlasaq, hansı qəza baş versə də, sən məni atmazdın, biz birlikdə vəziyyətdən çıxmağa çalışardıq. Görünür, sən öz adını qorumaq xatirinə hətta mənim həbs edilməyimə də razı olarsan, sənə adlı-sanlı ər lazımdır, mən isə artıq heç bir yüksək silkə mənsub deyiləm. Mən hər şeyimi itirmişəm, indi də arvadım məni başından kənar etməyə tələsir. Sən deyirsən ki, mənimlə ailə quranda səhv etmisən, bundan sonra çalış ki, səhv etməyəsən.

Bu sözlərdən sonra o, hönkür-hönkür ağladı və hıçqırıqlarına aram verməyərək dedi:

- Məni döyüşü uduzmuşam, bu, vuruşu, müharibəni uduzmaq deyil. Mən yenə dirçələcəyəm, özümü yenidən təsdiq edəcəyəm. Bəlkə də, o vaxt sən məndən ayrıldığına görə peşman olacaq, səhv etdiyini anlayacaqsan. Bəlkə, gec deyil, belə qəddar addımı atmayasan, bunu etsən, mən məhv ola bilərəm, onsuz də düşdüyüm ağır vəziyyət mənim axırıma çıxa bilər.

Ruhiyyə dedi:

- Mən sənin çətinliyə düşdüyünə görə deyil, ürəyimə yol tapa bilmədiyimə görə səndən ayrılmaq istəyirəm. Mən elə bilirdim ki, yeni ailənin yandırdığı ocaq məni qızdıracaq, tənhalığıma son qoyacaqdır. Təəssüf ki, bu baş vermədi, fiziki yaxınlığımız da məni sənə alışdıra, ürəkdən yaxınlaşdıra bilmədi. Biz səhvən bu addımı atmışdıq və indi səhvimizi düzəltməliyik. Bilirəm ki, məndən narazı qalırsan, bəlkə də, mənə nifrət edirsən. Öz səhvimə görə, yəqin ki, mən bunlara layiqəm. Sən şərab içməyi sevirdin, səninlə ailə quranda isə mənə fincan dolusu zəhər içirtdin. İndi isə göz yaşımı silmək üçün mənə dəsmal təklif etmək əvəzinə, öz günahını da mənim üstümə yıxmaq istəyirsən. Heç nə demirəm, bu da mənim bəxtimdir, nə gözləyirdim, nə alındı. Əlbəttə, bu, mənim öz günahımdır ki, sənin müəmmalı dilinə inandım və çox tezliklə səninlə ailə qurmağa razılıq verdim. Səni yaxşı tanıya bilməmişdim, çünki nar meyvəsi yalnız parçalandıqda daxilində nə olduğunu göstərir. Buna isə müəyyən vaxt lazım gəldi və mən səhvimi anladım. Dəsmal göz yaşlarımı quruda bilər, bəs ürəyimdən axan qara qanlar necə olsun.

Həsən əsəbi qaydada dedi:

- Bu nə dəsmaldır salmısan ortalığa, səndən çox indi o, mənə lazımdır.

Ruhiyyə ona belə cavab verdi:

- Rusiya çarı I Nikolay jandarmların rəisi təyin etdiyi Benkendorfa çox inanırdı, Puşkini də onun əliylə məhv etməyə çalışırdı. Axı bir il əvvəl onun Dekabristlər üsyanının yatırılmasında xüsusi xidməti olmuşdu. Çar ona yeni bir ciddi tapşırıq verəndə, Benkendorfun tutulduğunu, bir an tərəddüd etdiyini görəndə, ona dəsmalı uzadıb dedi: "Bununla günahsız adamların, yetimlərin və dul qadınların göz yaşlarını silərsən". Mən də o qurbanlardan biriyəm, yenidən dul qalıram və göz yaşlarım yenə də mənim tənhalığımı müşahidə edəcəkdir.

Həsən onun sözündən yapışıb, qərarını dəyişdirmək tərəfə onu əyməyə cəhd etdi:

- Bəlkə, indi də ayrılmaq barədə tələsdin. Niyə belə tez qərar verirsən. Biz bir yerdə olsaq, daha qüvvətli olarıq, çətinlikləri də dəf edə bilərik.

Ruhiyyə:

- Yox, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Mən qərarımı dəyişən deyiləm. Bu hadisə də baş verməsə, mən səndən uzaqlaşmaq istəyirdim. Mən könül Eldoradosu axtarırdım, gəlib Nevadanın "Ölüm vadisinə" düşdüm. Hətta on illər də bir yerdə olsaq da, biz bir-birimizə yad adamlar olacaqdıq. Könlün istəməyən bir adamla bir damın altında yaşamaq, bir yastığa baş qoymaq məhbəsdə ömür sürməkdən heç də fərqlənmir. Ürək daim qəm-qüssə içərisində olur, yeni ailəni Gülüstani-irəm təsəvvür etdiyin halda, qaratikan və ya qanqal cəngəlliyinə düşməyə görə ah-vay eləməyin də faydası yoxdur. Ayrılmaq bunun yeganə düzgün vasitəsidir, axı tikanların içində vəhşi heyvanlar da yaşamaqdan qorxurlar.

Həsən ilk dəfə idi ki, Ruhiyyənin sərt üzünü görürdü, onu ələ alanda bu qız ona quzu təsiri bağışlamışdı. Kənd yerlərində anası ölmüş körpə quzuya sınmış lüləyi metalla əvəz olunmuş çaynikdən süd içirirlər. Quzu adət etdiyindən metal lüləli çayniki görən kimi qabaq ayaqlarını qatlayıb, dizi üstündə oturur ki, onu südə qonaq etsinlər. İndi bu quzudan əsər-əlamət yox idi, qısa bir müddətdə o, buynuzları ilə şirin də üstünə gedən vəhşi camış kəlinə bənzəyirdi. Ona görə xahişin, yalvarmağın artıq olduğu qərarına gəlib, çamadanlarına paltarlarını qablaşdırmağa başladı. Telefonla taksi sifariş verdi və yükünü də götürüb, Ruhiyyəni tərk etdi. İlk dəfə idi ki, bu çox danışan, dilavərliyi ilə seçilən adam dilini də tərpətmədən qapıdan çıxdı.

  (Ardı var)   

 





07.08.2022    çap et  çap et