525.Az

Rusiya təhlükəli hadisə ərəfəsində - Xaqani Cəfərli yazır


 

Rusiya təhlükəli hadisə ərəfəsində - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

ABŞ Senatının Dövlət Departamentini Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı hərəkətlərinə görə Rusiyanı terrorizmi maliyyələşdirən dövlət kimi tanımağa çağıran qətnaməsi tövsiyə xarakteri daşıdığı üçün diplomatik müharibəyə səbəb olmadı. Üstəlik, dövlət katibi Entoni Blinkenin Rusiyanı terrorizmi maliyyələşdirən dövlət kimi tanımaqda tərəddüd etdiyi haqqında ABŞ mediasında yer alan məlumatlar da ABŞ Senatının tövsiyə xarakterli qətnaməsinin daha çox təbliğat xarakteri daşıdığı qənaətini yaradırdı. Buna görə də Senatın qətnaməsi Moskvada ciddi etirazlar doğurmadı.

Dövlət katibi Entoni Blinkenin tərəddüdü isə ABŞ qanunvericilərinin yeni təşəbbüsünü meydana çıxarıb. Konqressin aşağı palatası olan Nümayəndələr Palatasının üzvü Ted Lyu Rusiyanın terrorizmi maliyyələşdirən dövlət kimi tanınmasını qaçılmaz edən qanun layihəsi hazırlayıb. Respublikaçılar partiyasının üzvü olan Ted Lyunun hazırladığı qanun layihəsinin seçki ərəfəsində olan Nümayəndələr Palatası tərəfidən qəbul olunacağı şübhəsizdir. Yeri gəlmişkən qeyd edik ki, Ted Lyu Tayvanda doğulub və Şərq blokuna qarşı sərt mövqeyi ilə tanınır.  

Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Dövlət Departamentinin Rusiyanı terrorizmi himayə edən dövlət kimi tanımayacağı halda bu vəzifəni qanunvericilərin həyata keçirəcəyi haqda dövlət katibi Entoni Blinkenə xəbərdarlıq etdiyi də ABŞ mətbuatında yer alıb. Tet Lyunun müəllifi olduğu qanun layihəsinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və əksər konqresmenlər tərəfindən dəstəklənəcəyi şübhəsizdir. Bütün bunlar Rusiyanın terrorizmi maliyyələşdirən dövlət kimi tanınma ehtimalının çox yüksək olduğunu göstərir.

ABŞ-ın mövqeyinə görə terroru maliyyələşdirən dövlət öz hərəkətləri ilə beynəlxalq terrorizmi dəstəkləyən ölkələrdir. Onlara qarşı iqtisadi və maliyyə sanksiyalarından tutmuş silah satışının və tədarükünün qadağan edilməsi və ikili təyinatlı malların ixracına nəzarətin artırılmasına qədər müxtəlif sanksiyalar tətbiq edilir. ABŞ dörd ölkəni - Suriya, İran, Şimali Koreya və Kubanı terroru maliyyələşdirən dövlət kimi tanıyıb. Belə görünür ki, Rusiya terroru maliyyələşdirən beşinci dövlət kimi tanınmaq ərəfəsindədir. İraq, Liviya, Cənubi Yəmən və Vyetnam da müxtəlif vaxtlarda bu siyahıda olub, ancaq sonradan siyahıdan çıxarılıblar. Hətta Şimali Koreya da bir dəfə siyahıdan çıxarılıb, ancaq sonradan Konqressin qərarından sonra yenidən siyahıya daxil edilib. Ekspertlər qeyd edirlər ki, Dövlət Departamenti tərəfindən terroru maliyyələşdirən dövlət kimi tanınma ilə Konqress tərəfindən tanınma arasında fərq var. Dövlət Departamenti tərəfindən tanınma zamanı müəyyən zamandan və addımlardan sonra həmin ölkənin adı dövlət katibinin qərarı ilə siyahıdan çıxarılır. Ancaq Konqress tərəfindən terroru maliyyələşdirən dövlət kimi tanınan ölkənin adının siyahıdan çıxarılması üçün yeni bir qanun qəbul edilməlidir ki, bu da çox çətindir. Ona görə də Rusiya Konqressin aşağı palatası tərəfindən terroru maliyyələşdirən dövlət kimi tanınsa, bu ittiham uzun zaman Moskvanın üzərində qala bilər.

Rusiyanın terroru maliyyələşdirən dövlət kimi xarakterizə olunması ilk növbədə Ukraynaya qarşı müharibə ilə bağlıdır. Moskvaya qarşı ikinci ittiham Rusiyanın 2014-cü ildən Donbasdakı separatçıları dəstəkləməsi göstərilir. Üçüncü səbəb Çeçenistan müharibəsi zamanı mülki insanlara qarşı dəhşətli güc tətbiqi, o cümlədən, Qroznıda mülki əhalinin öldürülməsi göstərilir. Dördüncü səbəb olaraq 2015-ci ildən bu günə kimi Suriyadakı vətəndaş müharibəsində Suriya hökumətinin tərəfindən iştirak, o cümlədən, bazarlara, tibb müəssisələrinə və məktəblərə hücumlar əsas götürülür. Rusiya Müdafiə Nazirliyinin Vaqner muzdlularından Ukrayna, Suriya, Sudan və Liviyada istifadəsi də Moskvaya qarşı ittihamda yer alan məqamlardandır. Qeyd edək ki, hələ 2018-ci ildə də Rusiyanın terroru dəstəkləyən dövlət adlandırılması ilə bağlı təşəbbüs irəli sürüləndə layihənin müəllifləri ABŞ seçkilərinə müdaxiləni, Solsberidə kimyəvi silahdan istifadəni və Donbass səmasında “Boeing” sərnişin təyyarəsinin vurulmasını Rusiyaya qarşı irəli sürülən ittihamların sırasına daxil etmişdilər.

Rusiyanın terroru dəstəkləyən dövlət kimi tanınma ehtimalının artmasından sonra ekspertlər belə bir hadisənin baş verəcəyi halda Moskvaya qarşı daha hansı qadağaların tətbiq oluna biləcəyini müzakirə edirlər. Çünki Ukraynaya qarşı müharibəyə görə Rusiyaya çox sanksiyalar tətbiq olunub. Ekpertlər isə qeyd edirlər ki, Rusiyanın terroru dəstəkləyən dövlət adlandırılması Moskva ilə ticarət aparan, xüsusən də silah ticarəti edən ölkələrə və şəxslərə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edilməsini gündəmə gətirəcək. Siyasi şərhçilərə görə, dövlət katibi Entoni Blinken məhz buna görə Rusiyanı terroru dəstəkləyən dövlət kimi tanımağa tərəddüd edir. Çünki Vaşinqton bəzi müttəfiq və tərəfdaşlarına qarşı da sanksiyalar tətbiq etmək məcburiyyətində qalacaq. Digər tərəfdən Rusiyada biznes fəaliyyəti daha da riskli olacaq və bu günə kimi sanksiyalarla təhdid edilməyən xarici şirkətlər də Rusiyanı tərk etmək məcburiyyətində qala bilər. Bundan əlavə, Rusiya terroru dəstəkləyən dövlət kimi tanınsa, ABŞ-da hüquqi toxunulmazlığını itirəcək. Bu o deməkdir ki, "Rusiyanın terror aktlarından" zərər çəkdiklərinə inanan və bunu ABŞ məhkəmələrində sübut edə bilən insanlar Rusiya Federasiyasının dondurulmuş maliyyə aktivlərinə iddia irəli sürəcəklər.

Vaşinqtonda Rusiyanı terroru dəstəkləyən dövlət elan etmək istəyənlərin sırasının genişləndiyi və bununla bağlı Ağ evə təzyiqlərin artdığı bir zamanda bəzi ekspertlər xəbərdarlıq edirlər ki, bu qərar vəziyyəti daha da gərginləşdirə bilər. Çünki bundan sonra Rusiya iqtidarında belə qənaət yaranacaq ki, artıq itirəcək heç nə qalmayıb.

Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova xəbərdarlıq edib ki, Rusiya terroru dəstəkləyən dövlət elan edilsə, bu, Moskva ilə Vaşinqton arasında diplomatik əlaqələrin kəsilməsinə səbəb ola bilər. Rusiya bu addımı atarmı? Bir çox təhlilçilər Moskvanın xəbərdarlığını ciddi hesab etmirlər. Çünki Vaşinqtonla diplomatik əlaqələrin kəsilməsi Rusiyanın BMT-dən də kənarda qalmasına gətirib çıxara bilər. Lakin itirəcək heç nəyi qalmadığını düşünən rəsmi Moskvanın hər addımı atması da mümkündür. Bununla belə , görünür, bütün bunlar Rusiyanı terroru dəstəkləyən dövlət elan etməkdə israrlı olanları narahat etmir.

 

 

 

 





07.08.2022    çap et  çap et