525.Az

Keçmiş müttəfiqlərin düşmənçiliyi


 

Keçmiş müttəfiqlərin düşmənçiliyi<b style="color:red"></b>

Estoniya xarici işlər naziri Urmas Reinsalu bildirib ki, Rusiyaya qarşı növbəti sanksiyalar paketinə Rusiya vətəndaşlarına Avropa Birliyinin giriş vizalarının verilməsinə qadağa da daxil edilməlidir. Estoniyalı nazir bu təkliflə Ukraynaya üçgünlük rəsmi səfəri çərçivəsində Kiyevdə çıxış edib. Nazir Urmas Reinsalu bu mövzunu Ukrayna prezidenti Volodimir Zelenski ilə də müzakirə edib. Nazir bu təklifinin avqustun sonunda qərar veriləcək yeni sanksiya tədbirləri paketində əks olunması üçün Avropa Birliyinə üzv ölkələr arasında dəstək axtardığını da qeyd edib. Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin qadağan edilməsi təklifində Estoniya xarici işlər naziri Urmas Reinsalu yalnız deyil. Latviya xarici işlər naziri Edqars Rinkeviç də estoniyalı həmkarı ilə eyni fikirdədir.

Rusiya vətəndaşlarının Avropa Birliyinə daxil olması hələlik qadağan edilməsə də, Latviya özünün ərazisinə daxil olan Rusiya vətəndaşlarından Ukraynadakı xüsusi hərbi əməliyyatı pisləyən sənəd imzalamasını tələb edir, əks halda onlar ölkəyə buraxılmır. Ukraynadakı xüsusi hərbi əməliyyatı pisləmək isə Rusiyada hüquqi məsuliyyət yaradır və belə bir sənəd imzalayan şəxs ömrünün bir hissəsini dəmir barmaqlıqlar arxasında keçirməli olacaq.

Avqustun 1-dən Latviya Rusiya ilə iqtisadi əməkdaşlıq haqqında sazişini də dayandırıb. Bu barədə rəsmi məlumatı Latviya Xarici İşlər Nazirliyi yayıb. Həmin gündən etibarən Latviya və Rusiya hökumətləri arasında iqtisadi, elmi-texniki, humanitar və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılması haqqında saziş dayandırılıb.

Həmçinin, avqustun 1-dən Latviya və Rusiya arasında iki ölkənin sərhədyanı rayonlarının sakinləri arasında qarşılıqlı gediş-gəlişin asanlaşdırılmasına dair 2010-cu il müqaviləsi qüvvədən salınıb.  Bundan başqa, Latviya Seymi enerji qanununa dəyişiklikləri təsdiqləyib və 2023-cü il yanvarın 1-dən Rusiyadan təbii qazın idxalına qadağa qoyub.

Latviya Seyminin Xarici Əlaqələr Komissiyası Rusiyanın Ukraynaya və onun sakinlərinə qarşı zorakı hərəkətlərini terrorizm, Rusiya Federasiyasının özünü isə terrorizmi himayə edən dövlət kimi tanıyan qətnamə layihəsini təsdiqləyib.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs isə Avropa Birliyini Rusiyanı terrorizmin maliyyələşdirən dövlət kimi tanımağa çağırıb.

Latviya və Estoniya təxminən 30 il öncəyə kimi Rusiya ilə birlikdə Sovet İttifaqının tərkibinə daxil idilər. Bu üç respublika digər 12 respublika ilə birlikdə müttəfiq respublikalar adlanırdı. Bu gün Rusiyaya münasibətdə ən sərt mövqeni də məhz keçmiş müttəfiq respublikalar nümayiş etdirir. Belə görünür ki, keçmiş müttəfiq respublikalar bu gün düşmən dövlətlərə çevriliblər.

 

 

 

 

 

 





08.08.2022    çap et  çap et