525.Az

"Tar da birdi, saz da birdi" - İlqar İmamverdiyev yazır


 

"Tar da birdi, saz da birdi" -<b style="color:red"> İlqar İmamverdiyev yazır</b>

Allah rəhmət eləsin böyük saz-söz ustadı göyçəli Aşıq Məhəmmədə. Möhür bənddə necə də anlamlı demiş:

Məhəmmədəm düşdüm xəstə,

Canım qurban yaxşı dosta,

Eşqin olsa sinən üstə,

Tar da birdi, saz da birdi.

Son misranı qəhrəman xalqımıza, xüsusən də, sənət adamlarımıza “525-ci qəzet”imiz vasitəsi ilə çatdırmaqda bir məramım var. Həqiqətən də, sevgi, eşq olarsa, dağı dağ üsətə qoyar, qayalar çapdırar  məhəbbətimizin simvolik Fərhadı kimi. Bütün bu ülvi dəyərləri özüm üçün kəşf etdiyim Türkiyənin Qaziantep şəhərində uzun illər bağlama, iki qollu pərdəli və pərdəsiz bağlama, cürə bağlama, qopuz, təmbur bağlama, divan bağlama (hətta elektronik bağlama) kimi ozanlarımızın əslərlə xalqımızın xoş günlərində çalıb-çağırmaqla yaşatdığı alətini başdan sonadək yığıb quraşdıran, evlərə səadət, xoşbəxtlik ərmağan edən ustad sənətkar Mustafa Akkayaya aiddir. Mən öz aləmimdə Mustafa Akkayanın adının yanında bəy sözünü yazmaqla qürur duyuram. Mustafa adını daşıyan çox tanıdıqlarım var. Fəqət Mustafa bəy dediyimdə Koroğlu dastanında Koroğlunu suya basan Gizioğlu Mustafa bəy ilk ağlıma gələnlərdəndir. Mustafa Akkaya da Bəy adını şərəflə, ləyaqətlə daşıyan etibarlı, sədaqətli dostlarımız arasında yer almaqdadır.  Çünki ömrünü-gününü saz adlı Türk dünyasının möhtəşəm alətini bağlayan bağlama ustası - bağlama ustadıdır. Neçə mim evlərə sevinc, şənlik bəxş etdiyi bu fani dünyada savab, sağlığında isə o dünya üçün Rəhmət qazanmışdır. Çünki əməli sağlam, xoşməramlı, diləyi pak olduğu üçün hər görüşüm zamanı şəxsiyyyətinə, insanlığına doğru-dürüstlüyünə qibtə etmişəm. Qeyd etdiyim bu dəyərli sözlərimin altında sizə çatdıracağım dəyərli fikirlərim, bilgilərim var əziz oxucum. İlk kəz səbəbini açıqlayım Sizlər üçün.

2000-ci ildən qardaş Türkiyəmizin Ərzurum Atatürk universitetinin Kazım Qarabəkir Eytim fakültəsinin musiqi bölümündə, daha sonra 2007-ci ildən bu günə kimi Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında xalq musiqimizin fərqli sahələri ilə yanaşı tar dərsi də deməkdəyəm. Gənc nəsil türk musiqiçilərimizin tarı sevməsində, bu aləti profesyonal çala bilməsi üçün çox xidmətlər göstərdiyim üçün özümdən məmnunam. Bir problemim o idi ki, tar alətini Türkiyədə əldə etmək müşkül məsələ idi bu illər ərzində. Hər zaman Azərbaycana tətilə getdiyim zaman tar ustası sözü-özü bütöv insan Rəşid Məmmədovdan mütləq sarı sim, ağ sim, kök sim, ebonit maddələrdən hazırlanmış mizrablar, Türkiyədə nadir tapılan süd rənkli pərdə, hətta təzə bağlanmış, səsi yetkin olan tarın özünü belə, bir qurumda çalışdığım müəllim yoldaşım Yılmaz Yavuza, TRT sənətcisi Burhan Şahinə, keçmiş tələbəm Ardahan Universitetinin tar müəllimi Yusuf Altuna, Erdal Tazeyə və s. gətirirdimki Azərbaycan milli alətimizin şah əsərini həvəslə çalsınlar, sevərək çalsınlar, məhəbbətlə çalsınlar,  şövqlə çalsınlar. Tək sıxıntımız bu möhtəşəm aləti Türkiyədə əldə etmək cəhdi hər zaman məni narahat edən problemin ən başlıcasından biri idi. Anlayırdım ki, tar alətini Azərbaycandan gətirmək müşkül məsələdir. Bu məsələni həll etməyin tək yolu, tarın Türkiyədə istehsalına nəsib olmaqdır. Bu fikir hər zaman beynimi məşğul edirdi. Çalışırdım ki, bu telli alət Azərbaycanda olduğu kimi Anadoluda da istehsal olunsun. Tək arzum bu idi.

Günlərin birində böyük ustadım Qədim Şuşamızda boy atıb Qədim Gəncəmizdə uzun illər Musa Şuşinskiyə tarı ilə müşayiət etmiş Fazil Əlizadənin 1975-ci ildə tələbəsi olaraq mənə çalmağım üçün sidq ürəklə rəva gördüyü tarının boğazla çanaq hissənin birləşdiyi ikinci oktavanın mi və fa səslərinin cızıltılı çıxması bu alətə qarşı həvəsimi söndürürdü. Rəhmətlik ustadımın bir tövsiyyəsini dəyərli oxucularıma çatdırıram. Deyərdi ki “İlqar, tarı həvəsin olmayanda çal”. Mən isə həm həvəsim olanda həm də həvəsim olmayanda çalmağı qarşıma məqsəd qoymuşdum. Fəqət 2016 ilində tarımda baş vermiş xaric xoşagəlməz səslər nəinki həvəslə çalmağa, əksinə heç  həvəssiz çalmağıma belə imkan vermirdi. Sadəcə həvəsimi öldürürdü bu iki pərdədən çıxan qulağa xoş gəlməyən səslər.

Mustafa bəyin emalatxanasına və satış xidməti göstərdiyi “Geylani musiqi alətləri” dükanına təşrif buyurduğum zaman “dərdi dərd bilənə de” təbiri ağlıma gəldi. Tarımdakı problemi anlatmaqla dərdimi dağıtmaq istəyirdim. Bu səbəblədə hirsləndiyim üçün anidən telefonu yığıb Azərbaycanın gəlmiş keçmiş əfsanəvi sənətkarı, 80 min dollarlıq tarın müəllifi Balabəy Balabəyovu aradım. Tardakı xaric səslər barədə dərdimi anlatdığım zaman, arxayıncasına dediki “tarını Azərbaycana gətir, qalanını  biz həll edərik”. Telefonla olan bu sözlərimi Mustafa bəy də  eşidirdi. Məsələdən tam halı olduğu zaman dedi ki, aparmağa gərək yoxdur. Türk təbiri ilə “mən yaparam”  -dedi. Fikir vermədim sevinc içərisində Balabəylə görüşəcəyim mübarək günü intizar içində xəyalən gözlərimin önünə gətirirdim. Mustafa bəy bu sevinc dolu daxili nigarançılığımı görüb bir daha dedi ki “mən yaparam”.  Bu dəfə də sözünə fikir vermədim. Yenə mənəvi sevinc anlarını xəyalən yaşamaqda davam edirdim. Bu dəfə Mustafa bəy səsinı ucaldıb inamlı və özünə güvənilir tərzdə yüksəkdən dedi ki “hocam, mən yaparam!”. Bu sözün intonasiyasından elə bil yuxudan ayıldım. Və etiraf edim ki, inanmağım gəlmədi. Çünki uzun illər saz bağlayan ustanın tar alətindəki problemi çözəcəyini heç cür ağlıma gətirə bilmirdim. Və qeyri-iradi olaraq tarı Mustafa bəyin qollarına təslim edib ürəyimdə dedim ki, “qırılır qoy qırılsın. Onsuzda çala bilmirəm. Deməkki Fazil müəllimin mənə əmanət etdiyi mübarək tarın ömrü bura qədərmiş”. Və yarı nigarançılıqla fikir xəyal içində Konservatoriyaya geri döndüm. Səbəbi də bu idi ki, tarımdan ayrılmışdım. Bir neçə gün ayağım getmədi Mustafa Bəyin emalatxanasına. Çünki gözlərimlə görmək istəmirdim naqis səslər çıxaran tarın görkəmini. Nəhayət özümdə  qüvvə tapıb emalatxanasına getdiyim zaman tarın kiçik təknəsinin üzünün açıldığını və pərdənin doğru səs çıxara bilməməsinin əsl səbəbini gözümlə görüb, məsələnin nə yerdə olduğunu anlamış oldum. Beləcə məsləhətləşərək tarı əvvəlki səsinə qovuşdurduğu zaman Mustafa bəyin sənətdəki peşəkarlığının yüksək səviyyədə, təcrübəsinin isə yetərincə zəngin olduğuna inandım. Etiraf etməliyəm ki, nəzərimdə yerdən göyə qədər bir anda ucaldı Mustafa bəy. Bu yaxşılığının qarşılığında qalmamaq üçün dedim ki, Mustafa bəy Sizin ki, bu qədər praktik təcrübəniz varsa bağlama kimi tar da yapa bilərsiniz. Nədən yapmayasınız ki? Onsuz da Türkiyədə tələbələrimə tar aləti tapmaq müşkül məsələdir. Bu çətin məsələni Sizin imkanlarınızla həll etməyin vaxtı gəlib çatıb. Bu səbəblədə tarla bağlı bütün sirrləri, gizli olan mətləbləri Mustafa Bəyə həm sözlə, həm də şəkil və video görüntüləri ilə birlikdə ilkin hazırlıq mərhələsinə başladım. Əvvəlcə vaxtı olmadığını desə də. Mən inadımda qəti idim. Gözümdə yüksəlmiş, qəlbimdə məhəbbət taxt - tacı ucaldan bir sənətkara öz mənəvi borcumu vermək niyyətimdən başqa məramım yox idi. Hətta bir neçə il bu mövzuda təbliğat da apardım. Axır dedim ki, Mustafa bəy tarı düzəltmək sizin imkanlarınızla türk şivəsi ilə “kolaydı”. Gəl bu savab işə başla, mən də öz bilgilərimlə sizi yönləndirərəm. Axır qərara gəldik ki, oyma tar yox, qabırğalı tar düzəltsin. Bu daha asanddır. Necə ki  bağlama kimi. Bu təklifim ürəyinə yatdı. Daha bir neçə il gözləmək məcburiyyətində idim. Çünki bağlama ilə bağlı sifarişlərin çoxluğu tar düzəltməyi ikinci plana salırdı. Nəhayət 2021 ilinin oktyabr ayında Konservatoriyda çalışdığım zaman Mustafa bəy parçaya bükülmüş yemiş formada olan sürprizi gün üzünə çıxartdı. İlk gördüyümdə  heyrət etdim. Bugünə  qədər Azərbayca səntkarlarının düzəltmədiyi orijinal qabırğa tarın təknəsi məni çox sevindirdi. Və bu münasibətlə müdürümz dosent doktor Zinnur Gərəyin də görməsini istədim. Məqamına ziyarətə getdik. Bizi xoş qarşıladı və qabırğalı tarı ilk kəz Zinnur Bəy də görüb xeyir duasını verdi. Və bu münasibətlə də xatirə şəkil də çəkdirdik qovun rənkli yarımfabrikat sarı tarla. 

Bu əhvalatdan 7-8 ay keçmiş Mustafa Bəy Konservatoriyamıza təşrif gətirdiyi zaman qabırğalı  tar tam hazır olmuşdu.

Bağlama və tar ustadı Mustafa Akkayanın düzəltdiyi qabırğalı tarın təknə hissəsi. Yandan görünüş.  23.08.2021                                         

 

Bağlama və tar ustadı Mustafa Akkayanın düzəltdiyi qabırğalı tarın təknə hissəsi. Professor İlqar İmamverdiyevə qabırğalı tarın ilk təqdimatı / Qaziantep- Türkiyə  

 

Söhbətdən anladım ki, tarın sapı Azərbaycan sazlarında olduğu kimi xatabənddir. Yəni sap hissəsinin içi boşdu. Əlimə alıb çaldığımda çəkisinin yüngül olduğunu hiss etdim. Yeni alətin səsi və tembri isə ürəyimə yatdı. Xoşuma gələn bir cəhət də o idi ki, Mustafa bəy öz fantaziyasına görə tarın baş hissəsində ilk dəfə yenilik etmişdir. Bu yenilik bu günə kimi gördüyüm heç bir tarda yox idi. Bu yaradıcılığı məni çox sevindirdi. İnancımda yanılmadığım bir daha təsdiq oldu.

Xalqımıza  çatdırmaq istədiyim məram bu idi ki, artıq  Türk dünyasının milli mənəvi dəyəri olan tar Qaziantep şəhərində çalışan Mustafa Akkayın emalatxanasını ziyarət edənlərin diqqətini çəkməkdədir.

Bu mübarək gün səbəbi ilə otağımda asılmış çərçivə içindəki tar şəklini də “Geylani müzik alətləri” satış dükanına hədiyyə etdim ki, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin simvolu kimi yadigar qalsın.

 





07.08.2022    çap et  çap et