525.Az

İbrahimxəlil xanın zövcəsi Xanımnənənin bir şeiri haqqında


 

İbrahimxəlil xanın zövcəsi Xanımnənənin bir şeiri haqqında <b style="color:red"></b>

Gülhüseyn KAZIMOV

Qarabağ xanı İbrahimxəlilin arvadlarından biri  Cəbrayıl bəylərindən olan Minbaşılı Nəbi ağanın qızı Xanımnənə xanım idi. O,  həm də gözəl təbli şairə idi. Hələ mərhum İbrahimxəlil xan sağ ikən Xanımnənədən doğulmuş oğlanları  Məhəmmədhəsən ağa və Cavad ağa gənc yaşlarında vəfat ediblər.  Qeyd etmək lazımdır ki, Məhəmmədhəsən ağa İbrahimxəlilin ən böyük oğlu və birinci vəliəhd idi. O, öldükdən sonra vəliəhd Mehdiqulu xan oldu.

Gənc yaşında həyatdan getmiş əziz oğlu Cavad ağanın faciəsinə anası Xanımnənə “Oğul, vay!..” adlı şeir yazıb. Bu faciyəyə Molla Pənah Vaqif də şeir həsr edib.  Aşağıda hər iki şeiri oxucularımıza təqdim edirik.

Xanımnənə xanımın şeiri:

OĞUL, VAY!..

Növrəstə Cavadım!

Güldəstə Cavadım!

Heyif ola ki, getdin sən,

Ey xəstə Cavadım!

 

Qaldı bədovun cərgə düzülmüş başı bağlı,

Üstü bəzənən xələtin əsbablı, yaraqlı.

Hərdəm yolunu gözlər atın oxlu, sədaqlı.

 

Peykanlı Cavadım,

Saf qanlı Cavadım!

Çıxdım necə tez sandan,

Ad-sanlı Cavadım!

 

Divanxanana baxubanı qulların ağlar,

Qapında əli bağlı durub ellərin ağlar,

Bülbülün oxur bağda, qızıl güllərin ağlar.

 

Hörmətli Cavadım!

Mürvətli Cavadım!

Həsərətlə yumdun gözünü,

Həsrətli Cavadım!

 

Gülzarına, aranına, yaylağına qurban,

Kaşanəşi viranə boş otağına qurban.

Getdin, ay oğul, necə dözüm dağına qurban.

 

Himmətli Cavadım,

Qeyrətli  Cavadım,

Qayıt geriyə, qayıt amandır,

Şövkətli Cavadım!

 

Yayınma gözümdən, dinim, imanım, oğul vay!

Fikrim, xəyalım, təndə şirin canım, oğul vay!

Dərdini çəkən ellər ilən yanım, oğul vay!

 

Heybətli Cavadım,

Qüdrətli Cavadım!

Gəl etmə fəramuş məni,

İzzətli Cavadım!

 

Məni gözü yaşlı qoyub o taya gedirsən,

Yə'ni, bu fənadan koçüb, üqbaya gedirsən,

Xeyrə dönə, oğlum, yolun, hər caya gedirsən.

 

Kamallı Cavadım,

Zavallı Cavadım!

Toyu yasa dönən,

Qara iqballı Cavadım!            

Oğul vay, oğul vay, oğul!...

***

Molla Pənah Vaqifin Cavad ağanın ölümünə yazdığı şeiri:

 

Nagahan bir dərdə düşdün, olmadı dərman, Cavad!

Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!

Yetməyib məqsudə, getdin belə növcavan, Cavad!

Qaldı İbrahim xan, qan yaş töküb giryan, Cavad!

Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad!

 

Faktları Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi" əsərindən,  şeirləri isə Vasif Quliyevdən götürmüşük.

 

 





07.08.2022    çap et  çap et