525.Az

"Yaylaq Festivalına bu qədər ziyarətçi axını olacağını gözləmirdik”


 

"Yaylaq Festivalına bu qədər ziyarətçi axını olacağını gözləmirdik” <b style="color:red"></b>

TƏDBİRİN YEKUNLARINA DAİR ƏSAS TƏŞKİLATÇI QURUMUN KEÇİRDİYİ MƏTBUAT KONFRANSINDA MARAQLI MƏLUMATLAR VERİLİB

Məlum olduğu kimi, məramı Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, o cümlədən xalqımıza məxsus yaylaq və elat mədəniyyətinin yaşadılması və onların  tanıdılması məqsədi daşıyan Milli Yaylaq Festivalı üç illik fasilədən sonra 29-31 iyul tarixlərində baş tutub. İkinci festival Gəncə elinin Hacıkənd qəsəbəsinin inzibati cəhətdən Göygöl rayonuna tabe olan “Xan yaylağı” adlı ərazidə keçirilib. Bu el şənliyinin düzənləndiyi ərazidə yaşayış yurdları (alaçıqlar), “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Yaylaq yatağı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər müxtəlif mövzulu və təyinatlı guşələr salınaraq,  qonaqların ixtiyarına verilib. 
Həmçinin üç gün ərzində  festival iştirakçıları tanınmış incəsənət ustalarımız və musiqi kollektivlərimizlə yanaşı digər, xüsusilə türk dünyasına aid  ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifalarını seyr etmək imkanı qazanıblar. Milli rəqslər, xalq və bəstəkar mahnıları, aşıq deyişmələri,  Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları da daxil idman yarışmaları, sənətkarlıq məhsulları, milli geyim nümunələri festivalın əsas atributları olub.

Festivalın gedişində Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan konsert-tamaşa səhnələrində Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, İtaliya, Sloveniya, Macarıstan, Litva, İran, Ukrayna, Moldova, Pakistan, Hindistan və Rusiyadan (Tatarıstan və Dağıstandan) dəvət olunmuş kollektivlər, eləcə də Azərbaycan Milli Konservatoriyası, Akademik Musiqili Teatr, Şuşa Dövlət Musiqili Dram Teatrı, Dövlət Pantomima teatrı, Bakı Dövlət Sirki, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası kimi incəsənət ocaqlarının ifaçıları, Gəncə, Saatlı, Masallı, Balakən və Qubanın musiqi, rəqs və folklor kollektivləri çıxış ediblər. Festival proqramında Azərbaycanda yaşayan azsaylı xalqların çıxışlarına xüsusi yer ayrılıb. Axısxa türkləri, dağ yəhudiləri, talışlar, avarların mədəniyyət kollektivləri öz koloritli ifaları ilə tamaşaçıların diqqətini cəlb edib.

İkinci Milli Yaylaq Festivalı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun və “Kap.az” – Fərqli Turizm MMC–nin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası və digər dövlət və özəl qurumların tərəfdaşlığı və dəstəyi ilə keçirilib. Üç gün ərzində festivala 22  ölkədən 300-ə yaxın qonaq, ümumən 120 mindən artıq ziyarətçi qatılıb.

Bütün bu faktlar Yaylaq festivallarının ideya təşəbbüskarı və əsas təşkilatçı qurumu olan “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun, eləcə də “Kap.az” – Fərqli Turizm MMC-nin keçirdiyi mətbuat konfransında bir daha səsləndirilib.
Təşkilat komitəsini rəhbəri, “Cavad xan” tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, həmçinin komitənin üzvlərindən Güllü Yoloğlu, Aynur Şıxlı, Sevinc Məmmədova və Mobil Qarayev çıxışlarında bir daha festivalın məqsəd və məramından danışaraq, bu tədbirin istər etnik mədəniyyət və idmanın təbliği, istər də fərqli və dinamik turizm ənənələrinin formalaşdırılması və inkişafı baxımından əhəmiyyətini vurğulayıblar. 

M.Həsənov onu da qeyd edib ki, festivala bu qədər axın gözlənilməz olub: “Bu miqyasda ziyarətçinin olacağını, açığı, gözləmirdik. Bununla belə, bizim üzərimizə düşən işlərin öhdəsindən gəlmişik. 20 hektar ərazidə bütün zəruri tərtibatlar quruldu. 30 kollektivi təmsil edən 250 nəfər 15 komandada çalışırdı”. O, həmçinin festival üçün vəsaitin dövlət büdcəsindən ayrılmalarla deyil, sırf tərəfdaşlar tərəfindən formalaşdığını vurğulayıb.

M. Həsənov festivalın gedişində xüsusən hava şəraitinin qəfil pisləşməsi ilə bağlı yaranan bir sıra xoşagəlməz hallara da toxunaraq, insanların rahatlığı məsələlərinə aid  nöqsanların gələcək tədbirlərdə təkrar olunmaması üçün bütün zəruri amillərə diqqət yetiriləcəyini də qeyd edib. Bununla belə, o, həmin mövzunun şişirdilərək, möhtəşəm el şənliyini gözdən salmaq təzahürlərinin yolverilməz olduğunu da dilə gətirib.
M. Həsənov Gədəbəydə üç il əvvəl  keçirilmiş ilk Milli Yaylaq Festivalı ilə sonuncunun istər təşkilati, istər də miqyas məsələləri ilə bağlı müqayisəsi və bu fərqliliklərin gələcək analoji tədbirlər üçün hansı “dərslər” verə biləcəyinə dair “525-ci qəzet”in təmsilçisinin sualını bu cür cavablandırıb: “Deməliyəm ki, birinci festivalın maliyyə dəstəyi daha çox idi. O vaxt xərclərin demək olar ki, 80 faizi TİKA tərəfindən təmin olunmuşdu.  Bu dəfə isə istər xarici qurumlar, istər də digət tərəfdaşlar hər biri öz sahəsinə aid işləri tənzimləməyi öhdələrinə götürmüşdü. Faktiki olaraq, bu dəfə qəsəbənin yaradılması yükü bizim üzərimizə düşdü. Hacıkənddəki ərazi birinci festivalın ərazisindən iki dəfə artıq bir sahəni əhatə edirdi. Təbii ki, həm quruluş elementləri, həm də tematik sahələr də bu dəfə daha çox idi. Keçən festivalda 12, bu dəfə isə 21 çadır qurmuşduq. Onu da deyim ki, birinci festivalda yerli icra hakimiyyətinin dəstəyi də daha çox hiss olunurdu. Təəssüflər olsun ki, Göygöl rayonunun artıq keçmiş rəhbərliyi tədbirin hazırlıq məsələlərinə o qədər də dəstək vermirdi. Amma deməliyəm ki, festival ərəfəsində yeni təyin edilən rayon rəhbəri bu işə öz həssas yanaşmasını göstərdi. Əlbəttə, inzibati dəstək də ümumi işin xeyrinədir. Həmçinin Gəncə şəhəri icra hakimiyyəti də bir tərəfdaş kimi köməyini əsirgəmədi – texnika, həmçinin təmizlik məsələlərinin təminatı üzrə böyk dəstək verdi. Üç il əvvəlki və indiki festivalları müqayisə etdikdə, deməliyik ki, hər ikisində müəyyən çətinliklər var idi. Amma Gədəbəydə infrastruktur baxımından ərazi əlverişli mövqedə, faktiki asfalt  yolun və təchizat xətlərinin tam kənarında yerləşirdi. Burada isə elektrik enerjisi generatorlar vasitəsi ilə təmin olunurdu, su maşınlarla gətirilirdi, qrunt yolun hamarlanması aparılırdı, ərazi böyük olduğu üçün digər bu kimi məsələlər qarşıya çıxırdı. Amma birinci festivalda qida ilə bağlı çətinliklər olsa da bu dəfə yemək çatışmazlığı yox idi. Özü də müxtəlif xalqların milli mətbəxi geniş şəkildə təqdim olunurdu. Nə yemək-içmək hazırlayan, nə də sənətkar məmulatları nümayiş etdirənlər, eləcə də digər sahələrin təmsilçiləri üçün heç bir icarə haqqı yox idi. Yeməklərin qiymətinə əlavələr  isə təbii ki, mətbəx işi ilə məşğul olanların öz istehsal və nəqliyyat xərclərini qarşılaya bilmək zərurətindən doğur və bu, başa düşüləndir. Bununla belə, ayrıca olaraq, tərəfdaşlar tərəfindən 6 min nəfərdən çox iştirakçıya pulsuz yemək paylanılb”.
Xatırladaq ki, Birinci Milli Yaylaq Festivalı 2019-cu il iyulun 26-28-də Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilib. İlk festivala 3 gün ərzində 50 mindən artıq ziyarətçi, 16 ölkədən 100-dən çox iştirakçı qatılmışdı.

Təşkilatçılar bidiriblər ki, gələn il Milli Yalaq Festivalının yenə də Hacıkənddə keçirilməsi planlaşdırılr və o vaxta qədər qabaqkı tədbirlərin təcrübəsi təhlil edilərək, bu yöndə bütün zəruri işlər aparılacaq, müşahidə olunan çatışmazlıqlar və bu görüşdə diqqətə çatdırılan, o cümlədən yol-infrastruktur məsələləri öz həllini tapacaq.

Zakir MURADOV,
Gəncə

 





08.08.2022    çap et  çap et