525.Az

“Mirzə Ələkbər Sabir – 160” adlı elektron daycest istifadəçilərə təqdim edilib


 

“Mirzə Ələkbər Sabir – 160” adlı elektron daycest istifadəçilərə təqdim edilib<b style="color:red"></b>

Bu il Azərbaycan satirik ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illik yubileyi qeyd edilir.

Milli ədəbiyyatda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış Mirzə Ələkbər Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. O, mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır.

Sabir yeni ədəbiyyatımızda birinci şairdir ki, müasir ictimai həyatı əsas mövzu seçmiş, ictimai quruluşu cəsarətlə təşrih etmiş, zəmanəsinin həqiqi, əlvan, zəngin tiplər silsiləsini yaratmışdır.

Sabir bədii ədəbiyyatı keçmiş mövhumi təsəvvür, əfsanələrdən, mey-məzə, gül-bülbül, əyləncə vasitəsindən tamam xilas edib həqiqi həyat səhnəsinə endirən, müasir siyasi, məfkurəvi silah səviyyəsinə qaldıran ən böyük yenipərəst, döyüşkən bir şairdir.

Sabir Azərbaycan ədəbiyyatı tarixində çox böyük xidmətləri olan, şeirimizdə tamam yeni bir dövr açan, milyonların qəlbini oxşayan və fəth edən əsil xalq şairidir. Onun ölməz satiraları indi də oxucuların zehnində yaşayır, adamların yeni dünya, yeni həyat uğnında fəal mübarizəsində kəsərli silah rolunu oynayır. Sabir şeiri həmişə, hər yerdə zehni açıq, tərəqqipərvər adamların azadlıq və səadət uğrunda, mübarizə yolunda sönməz bir mayak kimi yanır və nur saçır.

525.az xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Mirzə Ələkbər Sabir – 160” adlı elektron daycest hazırlanıb.

Təqdim olunan daycestdə (ingilis dilindən tərcümədə “xülasə”, “toplu” mənasını verir) görkəmli şairin həyat və yara­dıcılığından bəhs edən, 2020-2022-ci illərdə ölkə ərazisində müxtəlif dövri nəşrlərdə dərc edilən məqalələr araşdırılmış və seçmə yolu ilə diqqətə çatdırılmışdır. Məqalələr illər üz­rə, daxildə isə əlifba düzülüşü ilə verilmişdir.

Elektron daycestlə tanış olmaq istəyənlər http://anl.az/down/M.E.Sabir.pdf linkindən istifadə edə bilərlər.

 





08.08.2022    çap et  çap et