525.Az

Laçın strateji əhəmiyyətilə yanaşı, həm də böyük iqtisadi potensiala malikdir


 

Laçın strateji əhəmiyyətilə yanaşı,  həm də böyük iqtisadi potensiala malikdir<b style="color:red"></b>

Ermənilər 30 il əvvəl işğal edib və qanunsuz olaraq məskunlaşdıqları Laçın şəhərini və Zabux kəndini tərk etməyə başlayıblar. Proses Rusiya sülhməramlı kontingentinin nəzarəti altında 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən həyata keçirilir.

Qeyd edək ki, Laçında ümumiyyətlə ermənilər yaşamayıb, işğaldan sonra isə Ermənistan hakimiyyəti qanunsuz məskunlaşdırma apararaq dünyanın müxtəlif ölkələrindən, xüsusilə Yaxın Şərqdən erməniləri gətirərək Laçında yerləşdirib.  Zabux kəndinin də etnik tərkibi tarixən azərbaycanlılardan ibarət olub. Ermənilər öz "ənənələrinə" əsaslanaraq işğal etdikləri digər ərazilər kimi, Zabuxu da virana çevirdilər. Daha sonra isə erməni diasporu kənddə kilsə inşa etdi, evlər tikdi və 2013-ci ildə ermənilərin qeyri-qanuni məskunlaşmasına başlandı.

Necə ki ermənilər ərazilərimizi işğal edəndə azərbaycanlılara məxsus bütün əmlakı yandırmışdılar, tərk edəndə də eyni vandal hərəkətlərini davam etdirirlər. Məlumdur ki, İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın Azərbaycana təhvil verildi. Ermənilər onda da eyni vəhşiliyi təkrarladılar. Sosial şəbəkələrin erməni seqmentində yayılmış videogörüntülərdə onların bir sıra sənədləri, o cümlədən, Zabuxda qanunsuz məskunlaşmış ermənilərə məxsus məktəbdəki materialları, əşyaları yandırdıqları yer alıb. Qeyd olunur ki, ermənilər Laçından çıxarkən evləri də yandırmağa hazırlaşırlar.

Onu da qeyd edək ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə uyğun olaraq Azərbaycan Laçın şəhərində alternativ yolun çəkilişini artıq başa çatdırıb və buna görə də ermənilər 25 avqusta qədər şəhəri tərk etməlidirlər.

Millət vəkili Vüqar Bayramov bildirib ki, 30 ildən çox işğal həyatı yaşayan Laçın şəhəri yenidən öz doğma sahiblərinə qovuşacaq. Laçın işğaladək Şərqi Zəngəzurun aparıcı rayonlarından olub. Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb.

2010-cu ildə Laçın Rayon İcra Hakimiyyətinin apardığı qiymətləndirmələrə görə, bütövlükdə, rayonun işğalı ilə əlaqədar əhaliyə dəyən ziyan 9,1 milyard ABŞ dolları təşkil edib. Hazırda işğaldan azad olunan ərazilərimiz üzrə dəymiş ziyanın beynəlxalq metodologiyaya uyğun hesablanması başa çatmaq üzrədir və bundan sonra daha konkret rəqəmlər qeyd etmək mümkün olacaq. Bununla yanaşı, dəymiş ziyan sadəcə əmlakın məhv edilməsi deyil, həmçinin, 30 illik işğal müddətində həmin ərazilərdəki təbii ehtiyatların talanması və torpaqlardan istifadə ilə də ölçülür. Digər tərəfdən, işğal nəticəsində 47,2 min sakinimizin məcburi köçkün həyatı yaşaması beynəlxalq metodologiyada əsas xərclərdən hesab olunur.

Deputat hesab edir ki, tezliklə Laçın şəhəri Azərbaycan Ordusunun tam nəzarətində olacaq: "Laçın rayonu Azərbaycan üçün strateji əhəmiyyət daşımaqla yanaşı, böyük iqtisadi potensiala malikdir. İşğaldan əvvəl Laçın rayonu kənd təsərrüfatı, bir sıra sənaye məhsullarının istehsalında, xüsusilə aqrar sektorda heyvandarlığın inkişafında respublikada öndə gedən rayonlardan hesab olunurdu.

Laçın rayonu kifayət qədər təbii ehtiyatlara malikdir. Rayonda dəmir, mis, mərmər və digər inşaat materiallarının istehsalı üçün xammal ehtiyatları var ki, bu da rayonda emaledici sənaye müəssisələrinin formalaşmasına zəmin yaradır. Laçın, eyni zamanda turizm baxımından, o cümlədən, yay və qış turizminə malik seçilən rayonlardandır. Laçın rayonu bərpa prosesindən sonra qısa bir zamanda Azərbaycanda iqtisadi inkişafa dəstək verən aparıcı rayonlardan birinə çevriləcək".

 

 

 





10.08.2022    çap et  çap et