525.Az

Qərb Türkiyə-Rusiya yaxınlaşmasından narahatdır - Xaqani Cəfərli yazır


 

Qərb Türkiyə-Rusiya  yaxınlaşmasından narahatdır - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 5-də Rusiyaya səfər etməsi və Soçidə rusiyalı həmkarı Vladimir Putinlə 4 saatdan artıq danışıqlar aparması Qərb mediasının gündəm mövzularından birinə çevrildi. Qərb mediasında Soçi görüşü ilə bağlı yer alan xəbər və təhlillərdə ABŞ-ın Türkiyə-Rusiya yaxınlaşmasından narahatlıq duyduğu ifadə olunur. Nüfuzlu "Financial Times" qəzeti avropalı rəsmilərə istinad edərək Avropa Birliyinin Türkiyə-Rusiya əməkdaşlığını yaxından izlədiyini yazıb. Qəzetin yazdığına görə, Brüssel Türkiyənin ağır sanksiyalara məruz qalan Rusiya üçün ticarət platformasına çevrilməsindən narahat olmağa başlayıb. "Financial Times"ın mövqeyini öyrəndiyi avropalı rəsmilərdən biri Türkiyənin Rusiyaya yönəlik davranışını fürsətçilik adlandırıb. Başqa bir avropalı siyasətçi isə bildirib ki, "Türkiyə bizim narahatlıqlarımızı diqqətə almalıdır".

Avropa Birliyinin təmsilçiləri Türkiyə-Rusiya yaxınlaşması ilə bağlı fikirlərini diplomatik ifadələrlə ifadə etməyə üstünlük verdikləri halda ABŞ rəsmiləri qəti mövqe nümayiş etdirirlər. ABŞ və Avropa mətbuatının məlumatına görə, iyun ayında Ankaraya səfər edən ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo Türkiyə rəsmilərini Rusiya ilə münasibətlərə görə xəbərdar edib. ABŞ maliyyə nazirinin müavinin Ankaraya səfəri NATO-nun Madrid sammiti ərəfəsində həyata keçirilmişdi. İddialara görə, məhz Uolli Adeyemonun Ankaraya səfəri Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı mövqeyində dəyişikliyə səbəb olub.

"Financial Times" və "The Washington Post"un yazdığına görə, ABŞ maliyyə nazirinin müavini Türkiyə rəsmiləri ilə görüş zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə, Qərb şirkətlərini və banklarını Türkiyəni tərk etməyə çağıracaqları ilə bağlı xəbərdar edib. Bəzi türk ekspertlər isə Qərb biznesinin Türkiyəni tərk etməyə başlaması haqqında narahatlıqlarını ifadə etməyə başlayıblar. Ekspertlər həyəcan təbili çalırlar ki, Türkiyə Rusiya ilə çox yaxınlaşarsa, bu proses kütləvi hal ala bilər. İddialara görə, Qərbin böyük maliyyə şirkətləri Türkiyə şirkətlərinə maliyyəni azaltmağa başlayıblar. Bu fikrin dəlili kimi isə Türkiyə birjalarında maliyyə əməliyyatlarının azalması göstərilir.

Qərbin bütün bu çağırışlarına baxmayaraq, rəsmi Ankara Moskva ilə münasibətlərində yaxınlaşmanı davam etdirmək niyyətindədir. Soçi görüşündən sonra mətbuata açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşünü iki dövlət arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirmişdi. Türkiyənin Qərbin narahatlıqlarını diqqətə almaq istəmədiyi yalnız bu dəyərləndirmə ilə yekunlaşmır. Türkiyə Prezidenti rusiyalı həmkarının xahişinə görə sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçiriləcək toplantısına qatıla biləcəklərini ifadə edib. Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının sammiti sentyabrın 15-16-da Səmərqənd şəhərində keçiriləcək. Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Canq Min bildirib ki, Səmərqənd sammiti təşkilatın beynəlxalq nüfuzunun daha da güclənməsində mühüm tarixi mərhələ olacaq. Çinli diplomatın bununla nəyə işarə etdiyi məlum deyil. Ancaq Çinlə ABŞ arasında münasibətlərin son günlər gərginləşdiyini nəzərə alsaq, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammitinin antiqərb toplantısına çevriləcəyini ehtimal etmək olar. Məlum olduğu kimi, ABŞ Konqressinin Nümayəndələr Partiyasının spikeri Nensi Pelosinin Çinin etirazlarına baxmayaraq, Tayvana səfər etməsi Pekinlə Vaşinqton arasında münasibətləri gərginləşdirib. Çinin xarici işlər naziri Van İ bütün dünyanı ABŞ-ın hegemonluğuna qarşı birləşməyə çağırıb. Çox böyük ehtimalla, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammitində təşkilatın genişlənməsi istiqamətində addımlar atılacaq. Məlumata görə, 10-a yaxın ölkə Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü, müşahidəçi və dialoq üzrə tərəfdaşı formatında iştirak etmək istəyir və onların müraciətlərinə Səmərqənd sammitində baxılacaq. Belə görünür ki, Rusiya Türkiyənin də Şanxay Əməkdaşlıq Təşkilatında təmsilçiliyində maraqlıdır. Lakin bunun NATO-nun üzvü olan Türkiyənin maraqlarına uyğun olduğu böyük şübhə altındadır. Çünki Türkiyənin əsas ticarət tərəfdaşları Qərb ölkələridir. Qərb ölkələri Türkiyənin ixracatında əsas yer alır. Şanxay Əməkdaşlıq Təşkilatının aparıcı ölkələri - Rusiya və Çin isə Türkiyənin ticarət dövriyyəsinin idxalat bölümündə ön yer alırlar. Yəni Türkiyə faktiki olaraq Çin və Rusiya üçün mallarını satacaqları bazardır. Türkiyə üçün iqtisadi cəhətdən əlverişsiz olmasına baxmayaraq, Ankara Çin və Rusiya ilə ticarət dövriyyəsini artırmağa çalışır. Soçi görüşündə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq haqqında razılığa gəliblər. Soçidəki danışıqların yekunlarına dair bəyanatda ticarətin həcmini balanslaşdırılmış əsasda artırmaq ifadə edilsə də, reallıqda bunun necə həyata keçiriləcəyi məlum deyil. Üstəlik, cari ilin ilk altı ayının statistikası göstərir ki, Rusiyanın Türkiyəyə ixracatı artır. Soçi görüşündə Qərbi narahat edəcək digər məqam dövlət başçılarının Rusiya qazının rus rublu ilə ödənilməsini razılaşmalarıdır. Bütövlükdə götürdükdə Soçi görüşü Rusiyanın diplomatik qələbəsi kimi dəyərləndirilir və Qərbi də ən çox narahat edən budur.

Avqustun 8-də ABŞ prezident Co Bayden Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi ilə bağlı sərəncam imzalayıb. Sayca 18-ci olan hərbi yardın paketinə HIMARS, NASAMS, 155 mm-lik artilleriya üçün döyüş sursatı və tank əleyhinə raket sistemi olan 1000 ədəd Javelin daxildir. Bu isə o deməkdir ki, Ukrayna ilə Rusiya arasında müharibə daha da şiddətlənəcək. Müharibənin şiddətlənməsi isə bütün bitərəf dövlətləri zamanla seçim qarşısında qoyacaq. Türkiyənin hansı seçimi edəcəyi Soçi görüşündən sonra məchula çevrilib və indi dünyanın aparıcı siyasi mərkəzlərində bu məchulu çözməyə çalışırlar.

 

 

 





10.08.2022    çap et  çap et