525.Az

Niderland ekzotikası barədə xoş təəssüratlar - Telman Orucov yazır


 

Niderland ekzotikası  barədə xoş təəssüratlar - <b style="color:red"> Telman Orucov yazır</b>

Əvvəli ötən çərşənbə sayımızda

 

  Hollandiya heyvandarlığı ilə SSRİ-dəki bu istehsal sahəsini müqayisə etdikdə, bizim aşağı səviyyəli təsərrüfatçılığımız hollandlardan çox geri qaldığımızı göstərirdi. SSRİ-də heyvandarlığın intensiv inkişafına nə qədər cəhd edilsə də, bu səylər istənilən nəticəni vermirdi. Sərt tələbkarlıq və cəza qorxusu isə inkişaf yollarını tapmağa deyil, rəqəmlərin şişirdilməsinə əl atmağa səbəb olurdu. Xüsusən cənub respublikalarında yemlə təchizat, xüsusən ayaqaltı otla təminat pis vəziyyətdə idi, ciddi surətdə çatışmırdı. Əmək bölgüsündəki istehsal sahələri arasındakı düzgün proporsiyaların yaradılmasına fikir verilmədiyindən, bitkiçilik sahəsindəki nisbi uğurlar heyvandarlığın yem ehtiyatı ilə təminatının daha da pisləşməsinə səbəb olurdu. Şəhərətrafı heyvandarlıq zonalarında isə, onlar şəhərləri təzə məhsulla təmin etmək üçün yaradılmışdı, mal-qara məcburən izafi qarışıq yem ilə qidalandırılırdı, bu da məhsulun maya dəyərinin xeyli artmasına səbəb olurdu. SSRİ öz tarixinin sonuna qədər aqrar problemlərin həllində daim çətinlik çəkirdi, xüsusən heyvandarlıqda ağır problemlərlə üzləşməli olurdu, əsaslı iş görülməsi əvəzinə palliativ tədbirlərin həyata keçirilməsi məhsul qıtlığını aradan qaldıra bilmirdi, bu isə əhalinin sosial vəziyyətinə də mənfi təsir göstərməmiş qalmırdı.

Hollandlar təkcə təsərrüfatçılıqları ilə deyil, həm də yaradıcılıq potensialı ilə seçilən bir xalqdır, bu, təsviri sənət sahəsində xüsusilə nəzərə çarpır. Dünyanın iri muzeylərini holland rəngkarlığının məşhur nümunələri bəzəyir. XVI-XVII əsrlərdə holland və flamand rəssamları öz əsərləri ilə böyük şöhrət tapmışdılar, onlar Avropa incəsənətinə də güclü təsir göstərmişdilər. XVII əsrin böyük rəssamı Rembrandt van Reyn və XIX əsrin sonunda istedadı gur parlamış Vinsent van Qoq dahilik zirvəsinə yüksəlmişdilər. Rembrandtın əsərlərinə dünyanın ən məşhur muzeylərində rast gəlmək mümkündür. Onun bir sıra tabloları Amsterdamdakı Reyksmuzeyumda nümayiş etdirilir və hamımız onlarla böyük maraqla tanış olduq. 1999-cu ildə dostumla birlikdə ikinci dəfə Amsterdamda olarkən bizə böyük qonaqpərvərlik göstərən gənc holland iş adamı ilə birlikdə bu muzeydə yenidən olduq. Mən vaxtilə Van Qoqun ayrıca muzeyində olmuşdum və müqayisə olunmayan təəssürata yiyələnmişdim, ona görə də yenidən onun əsərlərini görmək istədim. Lakin muzey binası təmirə dayandığından işləmirdi. Ona görə də Reyksmuzeyumda tablolara ikinci dəfə baxmalı olduq. Muzeydə Van Qoqun iki "Şaftalı ağacı" tablosunda çiçəklərə bürünmüş şəkildəki kiçik çətirli ağac təsvir olunurdu. Rembrandtın bir əsəri barədə holland dostumuzla mübahisəmiz oldu, dedim ki, rəssamın "Azmış oğul" adlı Bibliya hadisəsinə həsr olunmuş tablosuna mən Ermitajda tamaşa etmişəm. Holland həmin əsərin Reyksmuzeyumdə olduğunu dedi, mübahisəyə birinci mərtəbənin dəhlizində satılan albomlara baxmağımızla son qoyuldu. Tablonun altında rəssamın və əsərin adından sonra Leninqrad, Ermitaj muzeyi yazılmışdı. Gənc holland mübahisəsinə görə üzrxahlıq etdi.

Rembrandtın “Azmış oğulun qayıtması” tablosu

 

Ümumiyyətlə, Rembrandt çox janrlarda işləmiş, əsərlərində insan təbiətinə yaxşı bələd olduğunu ifadə edə bilmişdi. Muzeydə daha çox tamaşaçı böyük rəssamın "Gecə qarovul dəstəsi" tablosunun qarşısında toplaşır. Əsərdə çox sayda obrazlar, o cümlədən, müəllifin özü də təsvir olunmuşdur. Belə kütləvi marağı sonralar mən Luvrda Leonardo da Vinçinin "Cokonda" ("Mona Liza") portretindəki, Mikelancelonun və Rafaelin Vatikan muzeyində nümayiş etdirilən böyük freskalarındakı ecazkar sənət ustalığına tamaşa edənlərin sıx toplaşmasında görmüşdüm. Vaxtilə romalılar dahi rus rəssamı Karl Bryullovun "Pompeyinin son günü" tablosuna baxmağa bu qaydada uzun müddət ərzində axışmışdılar. Rəngkarlığa maraq göstərənlər rəssamlıq incilərinə ilahi qüvvələrə bəslənən sitayiş qaydasında tamaşa edir, heyranlıq göstərir, əsərdəki sirlərə bələd olmağa çalışırlar. İstər bu "Miloşlu Venera" heykəl portreti, yaxud Mikelancelonun müqəddəs Pyotr kilsəsini bəzəyən "Pyeta" - "Fəryad" heykəltəraşlıq kompozisiyası olsun, istərsə də fransız rəssamı Ejen Delakruanın "Azadlıq xalqı irəli aparır" və ya rus rəssamı Aleksandr İvanovun "Xristin zühur etməsi" adlı monumental əsərləri olsun, onlara tamaşa edənlərdə bu sənət inciləri ən ülvi hisslər oyadır. Çünki bu əsərlərdə ideoloji təsirlər deyil, ümumbəşəri hisslər və dəyərlər ön plana çəkilir.

Van Qoqun Amsterdamdakı dördmərtəbəli, işıqlı muzeyində onun bir sıra sənət inciləri, o cümlədən, "Günəbaxanlar" seriyası nümayiş etdirilir. Əsərdə çiçəyin təsvirində öz təsir gücünü tapan günəş enerjisi elə bil ki, tamaşaçının da daxili dünyasına işıq və hərarət saçır. Onun avtoportreti isə bu böyük, həm də bədbəxt insanın həyatda necə ağır sınaqlara dözdüyünü göz önündə canlandırır. Rembrandtın baş çəkdiyimiz ev-muzeyi isə rəssamın sadə, dəbdəbədən uzaq olan həyat tərzindən xəbər verir. Van Qoq bütün həyatı boyu bircə tablosunu sata bilib, yalnız qardaşı Teonun maddi yardımı ilə yaşadığı halda, indi onun əsərləri on milyonlarla avroya satılır. Rembrandt da elə varlı deyildi, yeganə təsəllisi öz yaradıcılığı və tablosunda nümayiş etdirdiyi arvadı Saşkiya ilə bu evdə xoş günlər yaşaması idi. Ondan əvvəl böyük flamand rəssamı Paul Rubens öz arvadı Yelena Fourmentin "Kiçik kürk" əsərində hissiyyatlı obrazını yaratmışdı. Dahi italyan rəssamı Rafael də Romada yaşadığı 12 il ərzində məşuqəsi olmuş Fornarinadan (italyan dilində "Kökə satıcısı" deməkdir) ilhamlandığına görə onun təsvirini gələcək əsrlərə yadigar qoymuşdu. Fransız rəssamı Enqr isə öz tablosunda Rafaellə Fornarinanı birlikdə təsvir etmişdir. Ümumiyyətlə, böyük ustaların sevdiyi qadınlar öz məhəbbətlərinin uca qiyməti kimi onların əsərlərində ilham pərisi timsalında yer tapmışlar və tarixə qovuşmuşlar. Ali istedad sahibləri ilə ülvi ünsiyyətə girən qadınlar təkcə şərəfə nail olmurdular, həm də gözləmədikləri halda sonrakı əsrlərdə də ömür sürənlərin pərəstiş mənbəyi rolunu oynayaraq, onların müasirlərinə çevrilirdilər.

Hollandiya özünün təsviri sənət kapitalına layiqincə qiymət verir. Ölkədə dövlətin himayəsi altında 12 muzey vardır. Haaqada yerləşən Mauritsis də Amsterdamdakı Reyks Muzeyum - kral muzeyi kimi məşhurdur. Bu muzeylərdə Yan van Eykin, İeoronim Bosxun, portret ustası Frans Xalsın (olduğumuz Harlem şəhərindəki onun muzeyi rəssamın əsərləri ilə daha zəngindir), peyzaj rəssamları Yan Vermeyerin, Salomon van Ryuzdalın tabloları nümayiş etdirilir.

Holland rəngkarlığı, mübaliğəsiz olaraq hər cür tərifə layiqdir. Bu ölkədə təsviri sənət çox inkişaf etmişdir. Bu sözləri heykəltaraşlıq haqqında demək çətindir. Dahi rəssamların fəaliyyəti dövründə elə bir qiymətli heykəltaraşlıq əsəri meydana gəlməmişdi. İtaliyada isə Renessans həm rəngkarlığa, həm heykəltaraşlığa güclü təsir göstərmiş, hər iki sahədə dünyanı heyran qoyan incilər yaradılmışdır. Dahi rəssamlar Mikelancelo və Rafael həm də arxitekturada da öz böyük istedadlarını nümayiş etdirə bilmişdilər. Ona görə də İtaliya həm rəngkarlıq, həm heykəltaraşlıq, həm də arxitektura sahəsindəki dahiyanə əsərlərlə doludur. Bernininin Müqəddəs Pyotr kilsəsi meydanını bəzəyən sütunları və onların üzərindəki heykəllər, şəhər-muzey sayılmalı olan Venetsiyanın San Marko meydanı və ya Florensiyanın Vekkio meydanındakı möhtəşəm binalar və heykəllər elə bil ki, gələcək nəsilləri təəccübləndirmək, öz möcüzələrinə onların heyranlıq göstərməsi üçün yaranmışdır. Bu inciləri görən hər kəs italyan sənətinə, Renessans dahilərinə pərəstişi ilahi qüvvələrə sitayiş səviyyəsinə qaldırır və burada heç bir səhv də yoxdur, çünki əsrlər keçsə də, onlar tarixə qiymətini heç də itirməyən, insan istedadının yüksəkliyini, əlçatmazlığını anlamağa kömək edən və müqəddəslik haləsi qazanmış naxışlar vurmuşlar.

Van Qoqun “Günəbaxanlar” seriyasından

 

Holland teatrı və ədəbiyyatı barədə də yüksək ifadələr işlətmək haqsızlıq olardı. Onlar rəssamların bəxş etdikləri hədiyyələrlə müqayisədə kölgələ qalırlar. Təəssüflə qeyd etmək lazımdır ki, burada dünya tamaşaçısını və oxucusunu heyrətləndirən tamaşalar və bədii əsərlər meydana gəlməmişdir. Nədənsə, bu istedadlı xalq yaradıcılığın bu sahələrində öz bacarığını nümayiş etdirə bilməmişdir. Nisbətən qiymətli sayılmalı olan bəzi əsərlər XX əsrdə yaranmışdır. II Dünya müharibəsindən sonra Rotterdamda qoyulan "Dağılan şəhər" abidəsi ona vurulan ağır yaralar haqqında təsəvvür yaradır. 1940-cı ildə Hitler ordusu Rotterdamı amansız bombardmana məruz qoymaqla şəhərin arxitektura abidələrini bütünlüklə məhv etmişdi. Abidə alman nasistlərinin vəhşiliyini bədii obrazın köməkliyi ilə əks etdirir.

Biz Amsterdamla yaxından tanış olmaq imkanı əldə etdik. Şəhəri bəzəyən çox sayda kanallar olduqca yaxşı təsir bağışlayır. Təsadüfi deyildir ki, Amsterdamı Şimalın Venetsiyası adlandırırlar. Lakin buranın nə San Marko meydanı, nə qondolaları, nə Rialtosu, nə də "Ah" körpüsü vardır. Burada turistləri gəzdirən xırda gəmilər üzür. Kanalların üstündə nazik saplardan hörülmüş pəncərə pərdəsinə bənzəyən körpü tağları ucalır. Sudakı yaşayış barjlarında - vonbotlarda da ailələr məskunlaşmışlar. Onlar iri həcmə malik olduqlarından yaşayış sahəsinin genişliyi ilə seçilir. Orada yaşayanlar Çinin çaylarındakı conkolarında bütün ömürlərini sürən ailələri xatırladırlar. Vyetnamda isə dənizlərdə də su üstündə tikilən evlərdə çox sayda kasıblarla yanaşı, varlılar da yaşayır. Su üstündəki bu evlərdə hər cür yaşayış şəraiti yaradılmışdır.

Kanallar, heç şübhəsiz, şəhərə gözəllik verir. Lakin ona başqa cür yanaşanlar da vardır. Böyük fransız filosofu Volter (XVIII əsr) bir müddət Amsterdamda yaşamış, şəhəri tərk edərkən qəzəbini ifadə etməklə demişdi: "Əlvida kanallar, qazlar və kanalyalar (əclaflar)!" Volteri razı salmaq da çətin idi, o, Sovet turisti deyildi ki, istənilən şəraitlə razılaşsın. Prussiya kralı Böyük II Fridrix Potsamda San-Susi sarayını tikdirdikdən sonra 1750-ci illərdə Volteri ora qonaq dəvət etmişdi. Filosof gözəl landşaftlı parka malik olan bu möhtəşəm sarayda iki il qaldıqdan sonra kralla sözləşmiş və çox narazı şəkildə Potsdamtı tərk etmişdi. Əgər kralın qonaqpərvərliyi onu qane etməmişdirsə, Amsterdam bu şıltaq insanın könlünü oxşamaqda, heç şübhəsiz, çətinlik çəkmiş olardı.

(Ardı var)

 





10.08.2022    çap et  çap et