525.Az

ABŞ dünya liderliyində israrlıdır


 

ABŞ dünya liderliyində israrlıdır<b style="color:red"></b>

Avqustun 3-də ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı protokolları ratifikasiya edib. Senatda səsvermədə 95 senator protokolların ratifikasiyasının lehinə səs verib.  Senatorlardan yalnız biri, respublikaçı Coş Hauli ratifikasiyanın əleyhinə səs verib. Digər respublikaçı senator Rend Pol bitərəf qalıb. ABŞ-da beynəlxalq müqavilələri ratifikasiya etmək səlahiyyətinə malik olan Senatda Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsində yekdillik göstərilməsi Şimali Atlantika Alyansının genişlənməsində Vaşinqton siyasi elitasının həmfikir olduğunu göstərir. Məlum olduğu kimi, keçmiş Prezident Donald Tramp ABŞ-ın NATO-dan çıxa biləcəyini ifadə etmişdi. İndi isə Trampın mənsub olduğu Respublikaçılar Partiyasının Senatdakı təmsilçilərinin çox böyük əksəriyyəti NATO-nun genişlənməsini dəstəkləyir. Prezident Co Bayden Senatdakı səsverməni tarixi hadisə adlandırıb: "Bu tarixi səsvermə Birləşmiş Ştatların NATO qarşısında öhdəliyinə sədaqətin, eləcə də alyansın bu günün və sabahın çağırışlarına cavab verməyə hazır olmasını təmin etmək istəyinin mühüm əlamətidir". Demokratların Senatdakı fraksiyasının lideri Çak Şumer səsvermədən sonra deyib ki, bu səsvermə Alyansın həmişəkindən daha güclü olduğunu göstərir.

Siyasi təhlilçilər isə Senatdakı səsverməni ABŞ-ın azad dünyanın lideri kimi rolunu böyük səsçoxluğu ilə ratifikasiya etməsi kimi dəyərləndiriblər. Məlum olduğu kimi, Finlandiya və İsveçin NATO-ya üzv olması Prezident Co Baydenin təşəbbüsüdür. Siyasi təhlilçilər hesab edirlər ki, ABŞ-ın 1945-ci ildən rəhbərlik etdiyi beynəlxalq sistem son zamanlar ciddi çağırışlarla üzləşdirdi. NATO-nun genişlənməsi bu çağırışlara verilən tutarlı cavab hesab edilir. NATO-nun Rusiyanın təhdidləri qarşısında genişlənməsi, Çinin hegemonluq iddiaları qarşısında Avstraliya, Böyük Britaniya və ABŞ tərəfindən AUKUS üçtərəfli müdafiə ittifaqının yaradılması Vaşinqtonun dünya liderliyindən imtina etmədiyindən, əksinə, bu missiyasını qətiyyətlə davam etdirmək niyyətində olduğundan xəbər verir.

İkinci Dünya müharibəsidən sonra yaranmış dünya düzəni koronavirus pandemiyasının təsiri ilə dəyişməyə başladı. Rusiyanın Ukraynaya qarşı müharibəsi koronavirus pandemiyasının başlatdığı yeni dünya düzəninə keçidi sürətləndirdi. İndi ABŞ yeni dünya düzənində liderliyini saxlamaqda israrlıdır və buna görə də Vaşinqtonda NATO-nun genişlənməsi məsələsində həmfikirlik hökm sürür. Respublikaçılarla demokratlar arasında ölkə daxilində nə qədər dərin ziddiyyət olsa da, hər iki partiya ABŞ-ın dünya liderliyi məsələsində həmfikirdir. Bu isə o deməkdir ki, Ağ evin sahibi kim olur-olsun, Vaşinqtonun xarici siyasəti ciddi şəkildə dəyişməyəcək. ABŞ-ın avqustun 8-də Ukraynaya bir milyard dollarlıq silah yardımı, 4.5 milyard dollarlıq maliyyə yardımı etməsi də Vaşinqtonun dünya liderliyini qoruyub saxlamaq istəyinin nəticəsidir.

 

 

 





11.08.2022    çap et  çap et