525.Az

Bakı-Dehli reysi ilə birbaşa uçuşlar başlanıb


 

VİNAY KUMAR: "BU, İKİTƏRƏFLİ ƏMƏKDAŞLIĞI DAHA DA GÜCLƏNDİRƏCƏK"

Bakı-Dehli reysi ilə birbaşa uçuşlar başlanıb<b style="color:red"></b>

Azərbaycan Hava Yolları (AZAL) Bakı ilə Hindistanın paytaxtı Dehli arasında birbaşa uçuşlara başlayıb.

"525"in məlumatına görə, Hindistan Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Vinay Kumar 10 avqust 2022-ci il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanında Dehlidən Bakıya ilk birbaşa reyslə gələn sərnişinləri qarşılayıb. Diplomat deyib ki, reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri Bakıdan Dehliyə, çərşənbə və şənbə günləri isə Dehlidən Bakıya həyata keçiriləcək. Dehlinin İndira Qandi Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuş təxminən 4 saat çəkir.

Bollivudun bir sıra məşhur simaları Dehlidən Bakıya ilk uçuşla gəliblər. Onlar Heydər Əliyev Beynəlxalq Hava Limanında ənənəvi Azərbaycan rəqsləri ilə qarşılanıblar. Tədbir zamanı cənab Vinay Kumar iki ölkə arasında sıx tarixi və mədəni əlaqələrin olduğunu qeyd edərək, iki ölkə arasında birbaşa aviareyslərin iqtisadiyyat, mədəniyyət və turizm kimi müxtəlif sektorlarda ikitərəfli əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.

Səfirliyinin müvəqqəti işlər vəkili vurğulayıb ki, daha sürətli və rahat nəqliyyat əlaqəsi, eləcə də asan elektron viza prosedurlarının köməyi ilə daha çox azərbaycanlı turist Hindistanda çoxsaylı təbii-landşaft obyektləri, zəngin təbii və milli irs, tarixi, coğrafi və mədəni müxtəlifliklər də daxil olmaqla cəlbedici turizm istiqamətlərinin geniş müxtəlifliyindən faydalana bilərlər.

2021-ci ilin yanvar-dekabr aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 739,10 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-iyun ayları ərzində ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 107,7% artaraq 895,95 milyon ABŞ dolları həcmində olub.

Hindistan hazırda Azərbaycan üçün dördüncü ən böyük ixrac ölkəsidir. Cənab Kumar əlavə edib ki, iki ölkə arasında birbaşa aviareysin ikitərəfli ticarəti daha da inkişaf etdirməsi gözlənilir.

PƏRVANƏ

 





10.08.2022    çap et  çap et