525.Az

Müqəddəs savaş - Kənan Hacı yazır


 

NURƏDDİN ƏDİLOĞLUNUN “AZƏRNUR” ROMANI ÜZƏRİNƏ QEYDLƏR

Müqəddəs savaş -<b style="color:red"> Kənan Hacı yazır</b>

Bədii düşüncəmizin qaynaqları mifə, folklora söykənir. Elə yazıçılar var ki, dil üzərindən bir növ, folklor ekspedisiyasına çıxır, xalqın min illəri aşan təfəkkür tərzinin nişanələri olan arxaik sözləri, deyimləri, zərb-məsəlləri bədii mətnə gətirməklə dilin normativ üslubunu dəyişirlər. Çağdaş Azərbaycan romançılığında qan yaddaşına söykənən, milli ruhun daşıyıcısı olan əsərləri barmaqla saymaq olar. Qələm əhli nədənsə özünü qloballaşan dünyanın ağuşuna atmağa tələsir və  bir vacib məqam unudulur: “dünyəviliyə” can atma heç də milli dəyərlərə, keçmişə arxa çevirmək demək deyil. Soykökünə bələd olmayan, hardan gəldiyini bilməyən insan heç vaxt dünya vətəndaşı ola bilməyəcək, hibrid düşüncənin məhsulu heç dünya oxucusuna da maraqlı görünməyəcək. Bədii mətn calağı sevmir, çox zaman “əyalət təfəkkürü” söz birləşməsi bəşəri dəyərlərdən məhrum düşüncə tərzinin ifadəsi kimi işlədilir. Amma urbanizasiyanın donoru məhz əyalətdir, əyalət olmasa, urbanizasiya haqda danışmağa dəyməz.

Bu uzun-uzadı müqəddiməyə nə dərəcədə ehtiyac vardı, bilmirəm. Qələm dostum, yazıçı Nurəddin Ədiloğlunun “Azərnur” romanını uzun illərdən sonra bu günlərdə yenidən oxudum və düşündüm ki, ədəbi tənqid tərəfindən layiqli qiymətini almayan bu roman haqda bir neçə söz deməyə mütləq ehtiyac var.

Yazıçı əsəri 1987-1992-ci illərdə yazıb. Romanın yazılması beş il çəkib. Təbii ki, müəllif bu əsəri yazmazdan öncə tarixi qaynaqlarla tanış olub, xeyli araşdırmalar, qeydlər aparıb, bu mövzuyla əlaqədar çoxlu ədəbiyyat oxuyub. Hazırlıq dövrü keçmədən bu masştabda roman yazmaq sadəcə, mümkün deyil. “Azərnur” Zərdüştün “Avesta”sı üzərində, mifoloji motivlər əsasında qurulub, müəllif onun ideyalarından yola çıxaraq qan yaddaşımıza cığır açır. Əsərdə insan oğlunun başına gələn bəlaların səbəbləri mifik obrazların diliylə Zərdüşt işığında çözülür. Ruhumuzun yaraları, mənəvi ağrılarımızın tarixi oxucuya Azərnur adlı müdrikin ətrafında cərəyan edən hadisələr vasitəsilə çatdırılır. Romanda sırf arxaik təfəkkür elementlərindən istifadə olunub ki, Azərbaycan nəsrində bu səpkidə əsər yazan çox az yazıçı olub. Bu mövzuda danışanda ilkin olaraq Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” romanı yada düşür. Müasirlərimizdən isə Sabir Rüstəmxanlının “Göy tanrı” romanı tük mifoloji təfəkkürünün məhsulu kimi ikimininci illərdə yarandı. Mifoloji struktur yazıçıdan böyük cəsarət tələb edir. Nurəddin Ədiloğlu “Azərnur”u yazmağa başlayanda heç otuz yaşı yox idi. Gənc yaşında onun yaddaşı artıq xalqın fundamental etnoqrafik tarixini mənimsəmişdi. Əsərdə o qədər zərb-məsəllər, hikmətli sözlər, bayatılar, xalq inancına söykənən rəvayətlər yer alır ki, gənc bir yazıçının dilə və etnoqrafik mədəniyyətə, mifik təfəkkürə bu qədər dərin bələd olması heyrət doğurur. Müəllif əsəri yazarkən sanki dilə can verir, sözlər yeni məna kəsb edir, metaforik üslub, epik təhkiyə bu mətndə tamamilə yenidir, bənzərsizdir. Hərdən düşünürəm ki, bu əsəri ona ilahi qüvvə pıçıldayıb, o da sadəcə, mirzəlik edib. Dilimizin bal dadan şirinliyini mən bu romandakı qədər heç bir əsərdə duymamışam. Oxucu mütaliə boyu bu gündən qopub tarixin dərinliklərinə gedib çıxır. Əsərdəki obrazların adlarına fikir verin: Bayandur baba, Bağdagül nənə, Ağca nənə, Şamur, Urşan dədə, Toğulca, Uruf, Turqut, Tomar... Hamısı da türk adları. Bu obrazlar öz həyatlarını “Avesta”nın müdrik kəlamlarına uyğun qururlar və hər işdə, əməldə Zərdüştün buyruqlarına istinad edirlər.

Yazıçının bu cür ağır, məsuliyyət tələb edən yükün altına çiyin verməsi təqdirəlayiqdir. Son nəticə olaraq o, bu ağır, əzab-əziyyət tələb edən işin öhdəsindən gəlməyi bacarıb. Onun bu uğurunun iki səbəbi var: özünəinam və zəhmət. 

Hadisələr Xırmantəpə elində baş verir. Nizamlayıcı kosmik başlanğıc və sonrakı dağıdıcı xaos bir-biri ilə əlaqəli şəkildə strukturu yaradır. Azərnur yurdu, ulusu Zərdüştün göstərdiyi yolla getməyə, yaşayışını onun ideyalarına uyğunlaşdırmağa çağırır. Əsərdə xalqımızın etnoqrafik mədəniyyəti, gələnəkləri, yaşam tərzi ən xırda ştrixlərinə qədər canlı boyalarla təsvir edilir. Bu əsəri oxuyan hər bir azərbaycanlı dilimizin zənginliyi qarşısında qürur hissi keçirə bilər. Dil faktoru əsərin bir əlahiddəliyidir, mifik strukturun mürəkkəbliyi və vahid məntiqə tabe etdirilməsi isə onun başqa əsərlərdən seçilməsini şərtləndirir. “Azərnur” yandıqca külə dönən, külündən doğulub yenidən var olan, məğlubiyyətini qələbəyə çevirə bilən yenilməz xalqın böyüklüyü haqqında bir dastandır. Bu cümlələrdə pafos axtarmaq lazım deyil. Mifik təfəkkürün nəzarəti altında olan fantaziya, təxəyyül tarixin külü altında közərən həqiqətləri yelpikləyir. İncik ruhlar dünyaya səpdikləri insan toxumlarının fəlakətlərə səbəb olduğunu, məxluqatın nəfs adlı yırtıcıya yenildiyini görüb onları Oda sitayiş etməyə çağırır. Çünki od işıq deməkdir, ocaq deməkdir, istilik deməkdir, ocaq haram götürmür. Od müqəddəs olduğu üçün insanlar oda and içir.

Dönəlgəsi dönmüş dünya şeytanın hökmü altındaydı və yeni peyğəmbər gəlməyincə fəlakətlər səngiməyəcəkdi. Qəfəsdəki tutuquşu “Xilas!” deyə bağırır. Xilasla Qisas iki qardaşdırlar. Nəsil-nəcabəti bilinməyən tayfa başçısı Udvan şəri təmsil edir, var-dövlət hərisliyi onun gözünü tutur, bəd əməllərindən çəkinmir, elin var-dövlətini çapıb-talayır. Ulu Hörmüzün yolundan çıxmış bu azğın üçün həyatda üç şey var: Şərab, qadın və hökmranlıq. Bunların üçü də şeytanın ən güclü silahıdır. Tanrıyla İblisin savaşında Udvan İblisin tərəfindədir. O, bütün dünyəvi və ilahi aləmləri məsxərəyə qoyur, onun üçün heç bir dəyər yoxdur. Bu məxluq nəfsin mənfur katorqasında insanlığını itirmiş bədheybətə çevrilib. Udvan Əhrimənin, Azərnur isə Hörmüzün törəməsidir. Udvan qız-gəlinlərin irz-namusuna toxunur, zinadan doğulanlar isə özləri də bilmədən günaha batırlar. Qaraca ilə Sevan bir atanın belindən gəldiklərini bilmirlər və nəticədə insest baş verir. Oğuz eli düşünür ki, bu izdivacdan doğulan uşaq yer üzünə bəlalar gətirəcək. “O uşaq dünyaya gəlməməlidir! Əgər bu uşaq doğulsa, onda dünyaya elə bil onun timsalında şeytan gələcək!” Sevan özünü Göyçə gölündə boğur, göl isə murdar ruha əsir düşür. Yazıçı onun ruhunu danışdırır: “Mən öz qəlbimin qaranlığında boğulmuşdum”. Bu fəlakətlər niyə baş verir? Çünki “insansifət divlər dünyaya işığın gözüylə baxmaq istəmirdilər”, qaranlığın ərazilərini genişləndirməklə məşğul idilər. Azərnur Hötenin Faustu kimi, Tolstoyun Sergi atası kimi nəfsiylə mübarizə aparırdı. Sonda o, öz ölümü ilə Göyçə gölünü paklaşdırır, özünü qurban verir ki, göl əvvəlki müqəddəsliyinə, duruluğuna, saflığına qayıtsın. Mənəvi katarsis budur!

Əsərdə “Avesta”dakı rəvayətlərə geniş yer verilir, bu rəvayətlər nəql edilən hadisələrin mahiyyətini anlamaq üçün oxucuya ipucu verir, həm də ideya və məzmuna xidmət edir. Romanda Ədalət meydanı deyilən bir məkan var, həqiqətlər bu meydanda dilə gətirilir, zalımların cəzası bu meydanda verilir. Bu məkan mizan-tərəzini simvolizə edir. Ədalət meydanı həm də millətin yaddaşını özündə hifz edir. “Dünyanın daş tərəzisində yurdun dərdi sərvətindən, sərvəti dərdindən ağır gəlirdi”. Hayaslı yağıların, hayas tayfalarının Ağrı dağının ətəklərindəki azəri yurdlarını yağmalaması, törətdikləri ağlasığmaz vəhşiliklər bizə XX əsrin sonlarında baş vermiş Xocalı qətliamını xatırladır. Yazıçı burda mifoloji xronotopu bu günümüzlə əlaqələndirir. Böyük mətnşunas alim Y. E. Qolosovker “Mifin məntiqi” kitabında yazır ki, “mif dünyasında mütləq məkan və mütləq zaman yoxdur. Onlar hər hansı bir zaman-məkan substansiyasına işıq dalğasının və ya kimyəvi prosesin birləşdiyi kimi birləşiblər. Renoya görə isə bu, məkanla zamanın birgəliyidir”. “Azərnur” romanındakı Xırmantəpə məkan olaraq bütün Azərbaycanı özündə ehtiva edir. Tarix boyu bu millət ağır sınaqlardan keçib, zaman-zaman qaranlıqlardan keçsək də xoşbəxtlikdən sonda həmişə yurdun taleyinə Günəş doğub.

“Qoy bu yurdun taleyinə həmişə Günəş doğsun!” Bu alqış mətn boyunca dəfələrlə təkrarlanır və elə Azərnur başda olmaqla elin bütün oğulları bu Günəşin əbədi olması üçün, yurdun xoş sabahları üçün çalışırlar, Şərlə savaşır, Vətəni yadellilərdən qoruyurlar. Azərnur Suraxanı atəşgahında bir neçə dil bilən Zərdüşt üləmalarının yanında sanskrit, avesta, pəhləvi dillərini mükəmməl öyrənmişdi, manilik təlimini keçmişdi, “Avesta”nı ayrıca şərh edən “Zənd” kitabını oxumuşdu. Zalımlara, sərvət düşkünlərinə qarşı mübarizədə öyrəndikləri həmişə onun karına gəlirdi, buna görə insansifət divlər onu düz yoldan sapdıra bilmirdi. O, öyüd-nəsihətləriylə, müdrik fikirləriylə bizə el ozanı Dədə Qorqudu xatırladır. Oğuzların inam və görüşləri, barış və savaşları, köçəri və oturaq həyatı bu əsərdə ustalıqla öz bədii əksini tapıb. Romanın kompozisiyası dağınıq deyil, bütövdur.

       Yazıçı romanda nənəsi Bağdagül nənənin də obrazını yaradıb. Başqa bir əsərində nənəsinin söz xəzinəsindən necə bəhrələndiyini də qələmə alıb: “Əlimə qələm alan gündən bədii-publisistik yazılarımda onun söz boxçasından çox bəhrələnmişəm... Ən çox da nənəmin ocaqdibi söhbətlərini “ipə-sapa” düzüb  “Bulaq” DƏDƏyə (radioya) sovqat göndərmişəm. (Bu arada o zaman radiodan, qəzetlərdən aldığım qonorarların talonuna baxıram. Sən demə, tələbəlik illəri –“dünyanın düz və duz-çörəkli çağlarında” nənəmin yaddaşını ağ kağıza köçürərək əməlli - başlı pul da qazanmışam”. (Nurəddin Ədiloğlu – “Mənim Bağdagül nənəm” Bakı, 2018, səh. 201) Xırmantəpə elinin ağbirçəyi Bağdagül nənənin duaları, alqışları yurdu susuzluqdan xilas edir. Tayfa ağsaqqalı Ulutürk istiqlal şairi Xəlil Rza Ulutürkün obrazıdır. Şairin yenilməz xarakteri bu obraza köçürülüb. Bir sözlə, obrazların xronotopunu yaradır.    

Bu romanda xalqımızın yaranışdan üzübəri keçdiyi tarixi yola nəzər salınır, məğlubiyyətlərimiz, qələbələrimiz öz əksini tapır. Niyə məğlub olduq, bizi qələbəyə aparan hansı qüvvə idi? Bu sualların cavabı “Azərnur” romanında var. Nurəddin Ədiloğlunun “Azərnur” romanı müstəqillik dövrü ədəbiyyatımızın ən yaxşı romanları sırasında olmağa layiqdir.    

 





10.08.2022    çap et  çap et