https://525.az/img/pics/medium/2022-09/238333_14c6iwio9y.jpg Laçın istiqamətində Ermənistana məxsus PUA ələ keçirilib - Video
https://525.az/img/pics/medium/2022-09/238206_t411ovh8le.jpg Vətən Müharibəsi gündəliyi
https://525.az/img/pics/medium/2021-12/211289_9hl43qyehy.jpg Stəkanda fırtına yaratmaq cəhdi... - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2022-09/238204_2v8p6mxc8z.jpg “525-ci qəzet”in 27 sentyabr sayında nələr var? - ANONS
search
27 Sentyabr 2022
26 Sentyabr 2022

Avropanın dəliqanlı igidi - “Qarabağ” düşərgəsindən...

Avropanın dəliqanlı igidi - “Qarabağ” düşərgəsindən...

Aydın BAĞIROV
[email protected]

Təyyarəmiz Budapeştdən Bakıya qalxmağa hazırlaşanda bələdçinin yerini iki dəqiqəliyə Gündüz Abbaszadə alır. Bir anlıq mənə elə gəlir ki, TV-nin qarşısında oturub əvvəlkitək onun - indiki klub funksionerinin oyunu emosional şərh etməyinə qulaq asacağam. Düzü, Gündüzün danışığı da elə matçı şərh etmiş kimi olur. Məlumat verir ki, “bu gün, yəni avqustun 9-da Qurban Qurbanovun “Qarabağ”a baş məşqçi təyin olunmasından düz 14 il ötür...

Onda mən xatırlayıram ki, Ağdam komandasını qəbul edəndə Qurban Qurbanovun cəmi 36 yaşı vardı, bu gün 50-nin içindədir. 36 yaşında “Qarabağ”a gələndə başındakı olan o qara saç artıq 50 yaşda bir xeyli ağarıb, nəyisə mütaliə edəndə ara-sıra eynək taxdığını belə görürük. Və bu, həm də geridə qalan həmin o 14 illik əzab-əziyyətin nişanəsidir. 

Amma hər keçən il özü yaşa dolduqca komandası ruhən, fiziki olaraq yenilənməyə, qocalıqdan gəncləşməyə doğru gedib. Gəncləşə-gəncləşə də Avropanın dəliqanlı bir igidinə çevrilib “Qarabağ”.
 
Və bu dəliqanlı igidin qanında, ruhunda, oyununda biz Qurban Qurbanovun soyuqqanlılığını, vicdanını və ləyaqətini, “Qarabağ”ın bir klub kimi kübarlıq, nəzakət və mədəniyyətini, nəhayət, qalib Azərbaycanın qeyrətli övladlarının vətənpərvər və cəngavərliyini də görə bilirik. Bax, bu keyfiyyətləri səbəbindəndir ki, “Qarabağ” bir şirkət klubu statusundan ən ali mərtəbəyə - xalq sevgisini qazanmağa kimi yüksələ bilib. 

***

Gündüz mini-çıxışını başa vurduqdan sonra yalnız “Qarabağ” klubunun üzvlərini və qonaqlarını daşıyan xüsusi reysdə gurultulu alqış sədaları gəlir. Salonu futbolçuların, ofis personalının bir ağızdan hayqırtı ilə səsləndirdiyi “Qarabağ”, “Qarabağ” sədaları bürüyür. 

Məlum, komanda cəmi 2-3 saat əvvəl “Ferentsvaroş”u onun meydanında 3:1 hesabı ilə məğlub edib, Çempionlar Liqasının “pley-off”una vəsiqə qazanıb və 5 illik fasilədən sonra qrupun qapısını döyür. 

Udan biz olmuşuq, uduzan macarlar və... ruslar. Rəqibin rusiyalı baş məşqçisi Stanislav Çerçesovun ta əvvəldən “Qarabağ”a yuxarıdan aşağı baxdığını, növbəti mərhələyə vəsiqəni təmin etmiş kimi hər dəfə özünü dartdığını hiss etməmək mümkün deyildi. Bunlar - yəni rusiyalı məşqçilər, futbol mütəxəssisləri, jurnalistləri elə bilirdilər “Qarabağ” kənd komandasıdır (ifadə Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskova məxsusdur). Yəni ənənəvi yekəxanalıq, ədəbazlıq. İndi dilləri girib...

Bir həmkarım dünən mətbuat konfransında Qurban Qurbanova elə bunları da nəzərdə tutmaqla onun Stanislav Çerçesovu taktiki baxımdan üstələməsi ilə bağlı fikir səsləndirdi. O isə bir cümlə də olsa özündənrazılıq ifadə etmədi. Əksinə, Çerçesov haqda bir məşqçi kimi yenə yüksək fikirlər dedi. Sabah eyni nəticə ilə özünün də üzləşə biləcəyini söylədi. Yəni yüksək insani mədəniyyəni, təvazökarlığını bir daha təsdiqlədi. Amma hamı da bilir ki, Qurban Qurbanov dünən Stanislav Çerçesovu udmaq nədi, onun taktikasını söküb zibil kimi məlum qutuya tulladı. 

Qurban Qurbanov və komandası...

Şahruddin, Vadji, Almeyda, Bəhlul, Bədavi, Qara, meydana çıxan və çıxmayan hamı. Toral, Abbas, Musa, Elvin, Kadi... Kadiyə deyirəm, “supersən”. Bizim dildə bircə sözü saqqız kimi uzadaraq və şirinliklə cavab verir ki, “Qardaaaaaaşşşş...”  

Qardaş... Gözəl, isti sözdür. Kaş ki, dünən Budapeşt stadionunda hər biriniz ola idiniz. 30 min macarın arasındakı cəmi 100-150 nəfər azərbaycanlının 90 dəqiqə tribunalardan gələn “Azərbaycan”, “Qarabağ” sədasını bir də orada eşidə idiz. Qələbə insanlarımızı necə birləşdirirmiş... Onda hamı olur elə Kadinin dediyi kimi, qardaş. Doğma qardaş...

Deməli, lazım olanda qardaşlaşa, birləşə bilirik. Bir olanda isə qalib oluruq.

Hərbdə, idmanda, Şuşada, Qarabağda. Sürixdə, Budapeştdə. Növbədə daha haradı?

Çexiyada Plzen şəhəri?

Budapeşt-Bakı

 

Müəllifin digər yazıları
© 2012-2022 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.