525.Az

Ermənistan Ukraynadakı müharibənin sonunu gözləyir


 

Ermənistan Ukraynadakı müharibənin sonunu gözləyir<b style="color:red"></b>

Ermənistan məğlub dövlət kimi imza atdığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Bəyanatın imzalanmasından 1 il 9 ay vaxt keçməsinə baxmayaraq, İrəvan manipulyasiya ilə məşğul olaraq silahlı qüvvələrini hələ də Qarabağdan çıxarmayıb. Üçtərəfli sənədə əsasən, sülhməramlılar bölgəyə daxil olduqda, erməni silahı qüvvələri oradan çıxmalı idi. Eyni zamanda, Ermənistan 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərini, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən üçtərəfli Brüssel görüşlərində də əldə edilmiş razılaşmaları yerinə yetirməkdən boyun qaçırır. Ermənistan imza atdığı bəyanatları yerinə yetirməməklə nəyə nail olmaq istəyir? Ümumiyyətlə, İrəvanın imtina siyasəti necə nəticələnə bilər?

Milli Məclisin deputatı Asim Mollazadə "525"ə deyib ki, Ermənistan prosesi uzadır, çünki indiyə qədər anlaya bilmir ki, hansı istiqamətdə inkişaf edəcək, kimlərlə əlaqə quracaq: "Bir tərəfdən ölkənin daxilində Rusiyanın ən böyük hərbi bazası var, Ermənistan Rusiyanın rəhbərlik etdiyi bütün təşkilatların üzvüdür, digər tərəfdən isə Qərb ölkələri ilə də müəyyən oyunlar aparır. Çox güman ki, Ermənistan hansı istiqamətdə hərəkət edəcəyini müəyyənləşdirmək üçün Ukraynadakı müharibənin sonunu gözləyir".

Deputat hesab edir ki, başqa bir məqam Ermənistanla xaricdəki erməni diasporu arasında çox ciddi fikir ayrılıqlarının olmasıdır: "Ermənistanın daxilindəki daşnak partiyası (Daşnaksütyun) və keçmiş Qarabağ klanı Paşinyan hökumətinə irəli getmək, sülh yaratmaq istiqamətində addımlar atmağa imkan vermir. Düşünürəm ki, bu proses hələ davam edəcək və dediyim kimi, çox güman ki, Ukraynadakı məsələlərin həllindən sonra onlar öz qəti addımlarını atmağa hazır olacaqlar".

A.Mollazadə Avropa İttifaqının (Aİ) prosesdəki roluna da toxunub. Onun sözlərinə görə, Aİ həqiqətən də sülh istiqamətindəki vasitəçiliyində səmimidir. Avropanın maraqlarına uyğundur ki, Cənubi Qafqazda sülh yaransın, enerji, nəqliyyat sahəsində əməkdaşlıq daha da genişlənsin: "Sadəcə olaraq görünən budur ki, Avropada keçirilən hər bir görüşdən sonra Ermənistana digər tərəfdən real təzyiqlər gəlir və İrəvan üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirmir. Ermənistanın siyasəti iki istiqamətdə formalaşdırılıb. Ona görə də bu ölkə hələlik hansı istiqaməti seçib inkişaf edəcəyini özü də anlaya bilmir".

Deputat deyib ki, Azərbaycan səbirlə gözləyir, amma səbrin də tükənmək məqamı çata bilər: "Hesab edirəm ki, Ermənistanın özünü xilas etmək üçün yeganə çıxış yolu ərazi iddialarına son qoyub Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmasıdır. İrəvan öz yeganə şansını dəyərləndirərək Azərbaycan və Türkiyəni seçməklə müstəqil bir dövlətə çevrilə bilər. Hazırda Ermənistan müstəqil dövlət deyil, indiki oyunlar isə onu tam məhvə aparır".

 Onun sözlərinə görə, Ermənistan öz mövcudluğunu qorumaq üçün üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir. Əks halda bu ölkənin gələcəyi yoxdur.

Son proseslərin, eyni zamanda daxili gərginliyin Ermənistanda hakimiyyət çevrilişinə səbəb ola bilməsi ehtimalına gəlincə, A.Mollazadə düşünür ki, söhbət təkcə müxalifətdən deyil, həm də hərbi qruplaşmalardan gedir. Hərbi cinayətkarlar ənənəvi olaraq terrora əl ata, hərbi çevrilişə cəhd edə bilərlər: "Onların arxasında dayanan qüvvələr Ermənistan hakimiyyətindən prinsipcə, narazıdır və istənilən zaman Ermənistanda bu hadisələr baş verə bilər".

 

 

 





11.08.2022    çap et  çap et