525.Az

"Öncə Vətən" deyən qəhrəman...


 

ŞƏHİD LEYTENANT NURLAN ZEYNALOVUN XATİRƏSİNƏ

"Öncə Vətən" deyən qəhrəman...<b style="color:red"></b>

Kimdir şəhid? Nədir şəhidlik? Kimə şəhid deyilir? Şəhidin imtiyazları nələrdir?

Bu suallar Nurlanın ta uşaqlıqdan öz-özünə verdiyi, araşdırdığı suallar idi. Bunu nə ailəsi bilərdi, nə də dostları... Kimsə onun qəlbindəki bu mistik düşüncələrdən xəbərdar deyildi. Ümumiyyətlə, ailəsinin sözlərinə görə, çox qapalı, sirli insan olub Nurlan. Öz hisslərini, düşüncələrini hələm-hələm paylaşmaz, elə öz dünyasındaca yaşarmış. "Dünya" demiş, ömrünün son bir ilində ən çox işlətdiyi cümlə isə "mən bu dünyanın adamı deyiləm, onsuz da çox qalmayacam burda" olarmış. İndi anlayırlar onun nə demək istədiyini, indi başa düşürlər gənc qəlbində qopan fırtınaları...

Vətən müharibəsi şəhidimiz, leytenant Nurlan Zeynalovdan gedir söhbət. I Qarabağ müharibəsi qazisi Rəfail Zeynalovun ailəsində dünyaya göz açan Nurlanın xəmiri vətən sevgisi, Qarabağ həsrəti, müharibə təşnəsiylə yoğrulmuşdu. Körpəliyindən silahdan başqa oyuncağı olmazmış. Alınan heç bir oyuncağın üzünə baxmaz, silah isə əlindən yerə düşməzmiş. Əslində sakit, dinməz, mülayim təbiətinə zidd idi bu silah sevgisi, amma içində hər gün onunla birgə böyüyən vətən sevgisiylə necə də uyumlu, necə də bir imiş... Bunu da ailəsi deyir...

lll

Nurlan Rəfail oğlu Zeynalov 25 noyabr 1989-cu ildə Sabirabad rayonunda doğulub. Orta təhsilini 1996-2007-ci illərdə M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbində alan Nurlan, orta məktəbi əla qiymətlərlə başa vuraraq elə həmin ildə də Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olur. 2011-ci ildə Universitetin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsini bitirib oktyabr ayında həqiqi hərbi xidmətə çağırılır.

Hərbi xidmətə çağırıldığı gün onun həyatının ən gözəl günlərindən biri olur. Çünki bu, onun illərdir içində saxladığı arzusu idi. Axı o, hərbçi peşəsini çox sevirdi. Hər kəsə də eyni sözü deyərmiş: "Nə olur olsun, mən əsgərliyə gedəcəyəm. Əgər bir problem çıxsa, məni aparmasalar, qaçıb gedəcəyəm". Beləcə fəxrlə, qürurla vətən borcunu yerinə yetirmək üçün yola düşür. Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə, Quru Qoşunlarında xidmət etməyə başladıqdan az sonra Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində 4-5 ay müddətində xüsusi təlimlərdə iştirak etmək üçün göndərilir. Bu təlimləri uğurla başa vuran Nurlan Zeynalov leytenant rütbəsinə yiyələnərək yenidən xidmət etdiyi hərbi hissəyə dönür. Atası Rəfail kişi, anası Kəmalə xanım (rəsmi adı Məleykə) deyirlər ki, leytenant rütbəsi alanda Nurlanın sevincinin həddi-hüdudu yoxmuş. Onlara zəng edərək "məni təbrik edin, mən artıq leytenantam", - deyir. Əlbəttə, hər biri çox sevinirlər, yaxın gələcəkdə bu rütbənin, bu sevincin onlara baha başa gələcəyindən xəbərsiz...

İki il müddətində Vətənə qüsursuz xidmət edən leytenant Zeynalov 2013-cü ildə ordu sıralarından tərxis olunaraq yaşadığı Sabirabad rayonuna qayıdır.

2014-2017-cü illərdə regional ASAN xidmət mərkəzində Notariat kontorunda aparıcı mütəxəssis kimi işə başlayan gənc, oğlan burda gələcək həyat yoldaşı Kübra xanımla tanış olaraq ailə qurur. 2017-ci ilin may ayından 2019-cu ilədək isə özəl şirkətlərin birində Kadrlar şöbəsinin rəisi vəzifəsində çalışır. 2019-cu ilin iyun ayında atasının da əməkdaşı olduğu Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda Kadrlar şöbəsinin rəisi kimi işə başlayır. Mən də Nurlanı şəhadətindən sonra məhz burada tanıdım. Agentliyin həyətində onun və buranın I Qarabağ müharibəsi şəhidinin adına bulaq tikilib. İki il keçməsinə baxmayaraq, iş yoldaşları, rəhbərlik hələ də Nurlanı gözəl insan, perspektivli gənc kadr, məsuliyyətli və bacarıqlı işçi kimi yad edir, haqqında gözəl sözlər söyləyirlər.

Nurlanın gedişi də bütün Agentlik əməkdaşları üçün gözlənilməz hadisə imiş. Çox qısa zamanda burda böyük uğurlar qazanan və gözəl gələcək vəd edən Nurlan Zeynalov həmin zamanlarda ermənilərlə sərhədyanı zonalarda vəziyyətin gərginləşməsindən çox narahat və nigaran idi. Bütün fikri cəbhədə olan gənc oğlan müharibə başlanan gün artıq qərarını vermişdi. Özü iş yerində olsa da, ürəyi, ağlı Vətənini müdafiəyə qalxan ordunun yanında, gözü cəbhədən gələn yeni xəbərlərdə, qulağı telefonda idi. Çağırış gözləyirdi Nurlan... İrəli atılmaq üçün bircə çağırış. Axı o, hərbi kursu boşuna keçməmiş, leytenant rütbəsinə elə-belə yiyələnməmiş, iki il səbəbsiz hərbi xidmətdə olmamışdı. Bu günlər üçün idi onun bütün hazırlığı. Atasına necə deyirdi? "Ata, görürəm, hərdən sizə xor baxırlar, sanki Qarabağı siz - o vaxtkı döyüşçülər vermisiniz, müdafiə edə bilməmisiniz. Amma elə deyil. Siz o çətin şəraitdə, əliyalın torpaqlarımızı qorumusunuz. Biz isə indi - bütün imkanlarımızla Qarabağı geri qaytaracaq, həm bu problemi həll edəcəyik, həm də sizin başınızı yerdən qaldıracağıq".

Cəmi ikicə gün səbr edə bildi Nurlan. 28 sentyabr 2020-ci ildə çağırış gözləmədən hərbi komissarlığa müraciət edərək könüllü müharibəyə göndərilməsini tələb etdi. İsrarlı tələblərindən sonra Xüsusi Təyinatlı Qoşunların əsgər və zabitlərindən ibarət olan "Həmlə" taborunda xidmətə başladı.

Ailəsinin onu Gəncədə təlimlərdə zənn etdiyi zamanlarda onun döyüş yolu artıq Murovdağ ətrafından başlayıb, Füzuli, Zəngilan, Xocavənd istiqamətlərinə qədər uzanmışdı. O, bölük komandiri olaraq çox ağır, çətin döyüş tapşırıqlarının yerinə yetirilməsində misilsiz rol oynamışdı.

İndi Kəmalə ana yana-yana danışır: "Hərdən zəng edirdi, arxadan güllə səslərini eşidib, soruşurdum hardasan, deyirdi təlimdəyik, onun səsidir. Birdən mənlə danışdığı yerdə hansısa əsgərinə nəyəsə görə qışqırırdı. Deyirdim, anan qurban, uşaqların xətrinə dəymə, müharibə deyil ki, təlimdir də, qışqırma üstlərinə. Mən nə biləydim ki, balam odun-alovun içində mənlə danışırmış, əsgərini qorumaqdan ötrü qışqırırmış".

Müharibədə onunla çiyin-çiyinə vuruşan döyüş yoldaşları Nurlanın vətən sevgisini, komandir kimi məsuliyyətini, cəsarətini, şücaətini danışa-danışa bitirə bilmirlər. Onun dəfələrlə ağır döyüş zamanı yaralı əsgərlərinə ilk tibbi yardım göstərərək təxliyyəsinə kömək etdiyini, ya da təhlükəsiz zonaya aparıb, onun sağlamlığından əmin olandan sonra özünün yenidən döyüşə atıldığını deyirlər.

Şuşa döyüşləri uğrunda iki dəfə yaralanan Nurlan döyüş yoldaşlarının bütün israrlarına baxmadan geri çəkilmir, döyüşə davam edir. Hətta başqa bir zabit dostunun "yaralısan, gəlmə" sözlərinə əsgərlərini göstərərək "bəs onları kimə əmanət edim?" - deyə cavab verir. Beləcə müharibənin son gününə qədər şücaətlə, qəhrəmanlıqla döyüşür. 9 noyabr 2020-ci il Xocavənd uğrunda döyüş isə onun son döyüşü olur. Həmin döyüşlərdə 71 kənd, 8 yüksəkliyin azad edilməsində misilsiz igidlik göstərən Nurlan mənfur snayper gülləsinin qurbanına çevrilir. O tək güllə onu cəmi 31 yaşında bu həyatdan, ailəsindən, sevdiklərindən qoparır. Nurlan Zeynalov ta uşaqlığından maraqlandığı, suallarına cavab tapmağa çalışdığı o şəhidlik məqamına ucalır.

Sabirabad Şəhidlər xiyabanında dəfn edilən Nurlan Zeynalov şəhadətindən sonra "İgidliyə görə", "Vətən uğrunda", " Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları, III dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

Son günə qədər onun müharibədə olduğunu bilməyən ailəsiylə axırıncı dəfə noyabrın 7-də danışır və tezliklə qələbə qazanacağımızı müjdələyir. Qohumuna isə "burda vəziyyət çətindir. Məndən iki gün xəbər ala bilməsən, bil ki, şəhid olmuşam" - deyir. Həqiqətən də iki gün səssizlikdən sonra onun şəhadət xəbəri gəlir.

Anası Kəmalə xanım Nurlanın tamamilə fərqli insan olduğunu, az yaşına rəğmən, ailəsinin, sevdiklərinin arxa-dayağı, güvənc yeri olduğunu deyir.

Atası Rəfail bəy isə gözlərində buğlanan yaşları boğazının qəhəriylə udub əlavə edir: "31 ildə Nurlandan cəmi bircə dəfə də olsun özümüzə qarşı" eh" sözü eşitmədik, hansısa hörmətsiz hərəkətini görmədik ki, indi onun yoxluğunda yadımıza salıb, heç olmasa iynə ucu qədər də olsa, təsəlli tapaq, ürəyimiz soyusun. Yoxdur. Onun mənfi heç bir xüsusiyyəti, heç bir xatirəsi yoxdur. Elmə, biliyə önəm verən, kitabları özünə ən yaxın dost seçən, hər birimizin ayrı-ayrı qayğısına qalan, bütün yükü öz gənc qəlbinə yığıb, bizə çətinlik hiss etdirməyən oğul idi o. Vətən, Qarabağ isə onun tək amalı, tək arzusu, ən böyük sevgisi idi. Belə bir oğulun son aqibəti elə bu cür də olmalı idi. Ona şəhidlik yaraşardı ancaq".

Bacısı Nuranə xanım mənim "bəlkə də indi hansınızsa ailəsini, balasını, işini arxada buraxıb müharibə getdiyi üçün onu qınayırsınız" sözümə qətiyyətlə cavab verir: "Əsla! Bizim heç birimizin ağlına başqa şey gəlməzdi onsuz da. Biz Qarabağ veteranının evində məhz bu tərbiyədə böyümüşdük: öncə vətən! Zamanında atam da iki övladını qoyub düz 6 il Qarabağda döyüşmüşdü. Bəli, biz onunçün çox darıxırdıq, qorxurduq, amma onun müharibəyə getməyib, yanımızda qalmağı ağlımıza da gəlmirdi. Vətən dardadırsa, mütləq orda olmalı idi. Nurlan da o cür. Biz indi də Nurlan üçün darıxırıq. Amma Nurlan elə orda olmalı idi. Vətən sağ olsun!"

Bu sözün qarşılığında cavab tapmıram. Sadəcə qürurdan, fəxarətdən gözlərim dolur. Başımı qaldırıb qucağında körpə Nurayını əzizləyən Nurlanın şəklinə baxıram və övladlarını bu qeyrətdə böyüdən ananı, atanı minnətdarlıqla süzürəm.

Nurlanın ata-anası kirayədə yaşayırlar. Onların kirayə qaldıqları binanın sakinlərindən İlham bəyin təşəbbüsü ilə cavanlar Nurlanın adına həyətdə bulaq tikiblər. Onlar Nurlanı cəmi 1-2 dəfə ancaq görüblər. Şəkillərdən tanıyır, valideynlərinin onlarla eyni binada qaldıqlarını bilirlər. Bununla belə, şəhidin adını yaşatmaq üçün belə bir nəcib təşəbbüs göstəriblər. İndi bu binaya gələn hər kəsi ilk qarşılayan şəhid Nurlandır. Elə bulağın yanında İlham bəylə də görüşüb minnətdarlığımızı dilə gətiririk.

Bir daha anlayıram ki, "öncə Vətən" deyən valideynlər, bu tərbiyədə böyüyən qəhrəman oğullar və onları unudulmağa qoymayan qədirbilən insanlarımız olduqca bu vətənin, bu xalqın kürəyi yerə gəlməz! 

 





11.08.2022    çap et  çap et