525.Az

"Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib


 

"Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib<b style="color:red"></b>

44 günlük müharibə öz möhtəşəm qələbəsi ilə Azərbaycan xalqının şərəf tarixinə çevrilməkdədir. O qələbəni qazanan oğulların bir hissəsi şəhid oldu, bir hissəsi isə qazi. Müharibə iştirakçıları olan veteranlarımızın böyük bir hissəsi isə hal-hazırda müxtəlif hərbi hissələrdə öz işlərini davam etdirir, işğaldan azad olunan torpaqlarımız boyu uzanan sərhədlərimizdə Vətəni müdafiə edirlər. Müharibə davam etdiyi müddətcə döyüşçülərimizin hansı şərtlər altında murdar düşməni məhv etməsinin təfərrüatlarını öyrənə bilmirdik. Müharibə şərtlərinə uyğun, məxfiliyin qorunması, əməliyyat planlarının düşmən əlinə keçməməsi üçün ictimaiyyətə məlumatlar bir mənbədən verilir, Ali Baş Komandanın etdiyi açıqlamalar ən etibarlı mənbə kimi arxa cəbhəyə çatdırılırdı. Nə xoş bizə ki, xalq yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdi və həsrətində olduğumuz qələbə xəbərini də məhz o Uca insanın dilindən eşitdik. Müharibə hərb meydanında bitdi, indi mübarizə başladı, o çətin şəraitdə vuruşaraq qabaqdan-qabağa getməyə nail olan oğulların qəhrəmanlıqlarını əbədiləşdirmək, bunları anbaan yazmaq, gələcək nəsillərə çatdırmaq lazım idi. Qələm sahibləri qələmlərinə sarıldılar. Tarixi qələbəmizlə başa çataraq düşməni darmadağın edən, erməninin məğlubolmazlıq iddialarına məğlubiyyət damğasını vurmağa nail olan, onların "yeni torpaqlar uğrunda yeni müharibə" arzularını qursağında qoyan igid, mərd döyüşçülərimiz haqqında yazılan biri-birindən dəyərli kitablar işıq üzü görməyə başladı. Bu kitablardan ikisi də Zaqatala şəhidlərinə və Zaqatala qazilərinə həsr edilib.

"Qarabağın fatehləri" və "Tarix yazan oğullar" kitablarını araya-ərsəyə gətirmək üçün müəlliflər, "Zaqatala" qəzetinin redaktoru İbrahim İbrahimov və qəzetin redaktor müavini Elmira Mehdiyeva gərgin əmək sərf etmiş, öz peşəkar qələmləri ilə şəhidlərin qəhrəmanlıq obrazlarını yaratmağa, qazilərin yaşayan qəhrəmanlarımız olduğunu göstərməyə nail olmuşlar. "Qarabağın fatehləri" kitabının girişində Elmira Mehdiyeva yazır: "44 günlük müharibədə bütün Azərbaycan bir yumruq kimi birləşdi. Burada yaşayan hər bir millətin nümayəndəsi bu müharibədə qəhrəmanlıq göstərdi. Məğlub olan düşmən təxribat üçün hər cür hiyləyə əl atırdı. Onun əl atdığı təxribatlardan biri də Azərbaycanda yaşayan millətlər arasına nifaq salmaq idi. Bütün dünyaya haray salmışdı ki, guya Azərbaycan tərəfi orada yaşayan azsaylı xalqları zorla müharibəyə cəlb edib, onları ən ön hissələrdə vuruşa göndərir. Lakin bu zaman gözləmədikləri əks müqavimətlə rastlaşdılar. Azsaylı xalqların nümayəndələri informasiya kanallarına çıxdılar, xarici mətbuata müsahibələr verdilər ki, bizim övladlarımız öz vətənləri uğrunda vuruşurlar, öz vətənləri uğrunda şəhid olurlar. Milli azlıqların ən çox yaşadığı Zaqatala, Qax və Balakən bölgəsinin insanları düşmənin bu məkrli niyyətini dönə-dönə pislədilər. Bu gün müharibənin başa çatmasından xeyli vaxt keçib. Bu gün artıq baş verənlərə doğru-dürüst qiymət vermək olur. İkinci Qarabağ müharibəsində Zaqatala 33 şəhid verdi, onlarla qazisi var. Bu kitabdakı yazılarım, onlara hekayə də, oçerk də demək olar, bax, o igid balalarımıza həsr olunub. Mən orada heç kəsin milli mənsubiyyətini qeyd etməmişəm, çünki onların hamısının bir vətəni vardı, o da Azərbaycan idi. Onlar bu vətənin müdafiəsinə qalxmış, qəhrəmancasına vuruşaraq şəhid olmuşlar. Onsuz da hamı bilir ki, Suvagil, Gözbarax, Əlibayramlı kəndlərində konpakt halda saxurlar yaşayır, Danaçı, Aşağı Şardaxlar, Yuxarı Çardaxlar, Masex, Silban, Dardoqqaz kəndlərində avarlar, Əliabad, Mosul kəndində ingiloylar yaşayırlar. Bu rayonda 20-dən çox millətin nümayəndəsi yaşayır. Buradakı insanların bir-biriləri ilə olan ünsiyyəti, xoş münasibəti, səmimiyyət, inanın başqa yerdə yoxdur. Milli müxtəliflik heç vaxtı fikir ayrılığına, intriqaya gətirib çıxartmayıb. Bu gözəl münasibətlərin kökü tarixin dərinliklərinə gedib çıxır. Ona görə də, döyüş qabiliyyəti yüksək olan, fiziki hazırlıqları hərbi hazırlıq tələblərinə cavab verən, möhkəm iradəli, sədaqətli, əmrə müntəzir zaqatalalı gənclər vətənə sədaqətlərini bu gün də döyüş meydanında göstərə bildilər. Bu gənclərin nümayəndəsi düşmən qumbarası üzərinə yataraq yoldaşlarını ölümdən xilas etmiş, özü şəhid olmuşdur, bu gənclərin nümayəndəsi güllə yağışı altında düşmən arxasına keçərək mühasirədə qalan igid döyüşçülərimizə ərzaq və su çatdırıb, amma özü şəhid olub, bu gənclərin nümayəndəsi şəhid olan döyüşçü dostunu kürəyinə bağlayaraq gecənin qaranlığında Murovdan üzüaşağı 8 km yol qət edib. Bax o oğullar haqqındadır bu hekayələr.  Onların qəhrəmanlıqlarını gələcək nəsillər bilməlidirlər. Onlar 44 günlük müharibənin Vətən dərslərini bu qəhrəmanların timsalında öyrənməlidirlər. Kitabı tərtib etməkdə məqsədim də bundan ibarətdir. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, "bu qələbəni Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri birlikdə əldə ediblər".

 Müəllifin giriş üçün verdiyi mətndən götürülən bu hissədə onun kitabı yazmaqda olan məramı, məqsədi aydın görünür və onun heç bir əlavəyə ehtiyacı yoxdur. Kitabda yalnız şəhidlər yox, şahidlər haqqında da bölmə var. Zaqataladan 3 nəfər "Vətən Müharibəsi Qəhrəmanı", 4 nəfər "Qarabağ" ordeni ilə təltif olunanlar, 12 nəfər isə "Azərbaycan Bayrağı" ordeni ilə tətif olunanlar var. Bəli, bu qəhrəmanlar haqqında yazılan yazılarda da elə döyüş səhnələri canlandırılıb ki, oxucu özünü sanki qəhrəmanı ilə birlikdə hiss edir, onun həqiqət olan döyüş bacarığını, qələbə əzmini yaşaya bilir. Kitab Mənəvi Dəyərlərin Təbliği fondunun maliyyə dəstəyi ilə araya-ərsəyə gəlmişdir. Buradakı yazıların heç birini həyəcansız oxumaq mümkün deyildir. Müəllif canlı tarix olaraq gələcək nəsilə əsl qəhrəmanlar təqdim etməyə müvəffəq olmuşdur.

Yenə müəlliflərin ikinci kitaba, "Tarix yazan oğullar" kitabına yazdıqları girişə müraciət edirəm. Orada yazılır: "44 günün yazası o qədər hekayələri var ki. Əgər biz bunları qələmə almasaq, tarix bizi bağışlamaz. 44 gündə Azərbaycan əsgəri tarix yazdı. Elə bir tarix ki, orada yalan və yalançı qəhrəmanlıq yoxdur, elə bir tarix ki, o tarix təhrif olunmuş həqiqətləri gün işığına çıxartdı... Mövzu o qədər genişdir ki, bir kitaba sığışdırmaq mümkün olmur. Ona görə də ikinci kitabın çapını vacib saydıq. Bu kitabda yaşıyan qəhrəmanlarımız haqqında olan hekayələrimiz yer alır. Qazilərimizlə söhbət etdikcə, onların döyüş yoluna nəzər saldıqca bu qəhrəmanlıqların mütləq böyüyən nəslə tanıdılmasının vacibliyini görürük. Bugünkü nəsil bu qəhrəmanlıqları öyrənməli, o ruhda böyüməlidir. Çünki o nəslin də üzərinə böyük vəzifələr düşür. Onlar əldə olunanları qoruyub saxlamağı bacarmalı, digər işğal olunan torpaqları da azad etmənin yollarını işləyib hazırlamağı bacarmalıdırlar".

Müəlliflərdən gələn bu aydın izahatdan sonra deməyə söz qalmır. Lakin onu qeyd etməliyik ki, kitabın çapına Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi göstərmişdir.

Hər iki kitabın bu günlərdə Zaqatala rayonu Heydər Əliyev Mərkəzində rayon rəhbərliyinin, ictimaiyyətin, şəhid ailələrinin və qazilərin iştirakı ilə təqdimatı olmuşdur. İştirakçılar təqdimata gəlməmişdən əvvəl "Zəfər" kompleksinə, "Şəhidlər xiyabanına" və Ulu öndər Heydər Əliyevin abidəsinə gül dəstələri qoymuş, geniş iclas zalında isə Azərbaycanın Dövlət Himni oxunaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər kitabların əhəmiyyətindən danışmaqla yanaşı, müəlliflərin də əməyinin qiymətsiz olduğunu bildirmişlər. Müəlliflərdən isə yeni mesaj gəlmişdir. Onlar maliyyə vəsaiti olan kimi, üçüncü kitabı yazmağa hazır olduqlarını bildirmişlər. Çünki Qarabağda döyüşən hər bir döyüşçü onun haqqında yazılan yazını haqq edir. Onların hər biri bir qəhrəmandır. Tədbirin sonunda iştirakçılara kitablar paylanmışdır.

Şəhla AĞAYEVA, "Zaqatala" qəzeti

 





11.08.2022    çap et  çap et