525.Az

Qazax ədəbi əlaqələrinə daha bir töhfə


 

Qazax ədəbi əlaqələrinə daha bir töhfə<b style="color:red"></b>

Qazax və Azərbaycan xalqları arasında ictimai-siyasi və mədəni-ədəbi əlaqələrin tarixi bu xalqların tarixi qədər qədimdir. Bu ilişgilər əsrlərin sınağından çıxaraq bugünümüzdə daha da sıx və qapsamlı şəkildə davam etdirilir. Xalqlarımızı mənəvi tellərlə bir-birinə bağlayan “Qorqud” (“Xorxut”)  nəğmələrini, böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin dahi Azərbaycan klassikləri Nizami və Füzulinin yaradıcılığından faydalanmasını bu əlaqələrin təməl daşı saymaq olar. Əl Fərabi yaradıcılığı da zaman-zaman Azərbaycan bədii fikrində öz yerini tapıb. Sovet dövründə böyük Abayın yaradıcılığı ilə yanaşı, görkəmli qazax ədibləri Muxtar Auezov, Oljas Süleymenov, A.Alimjanov, S.Sanbayev, O.Bokeyev kimi istedadlı qələm sahiblərinin əsərlərinin Azərbaycan oxucularına çatdırılması, bunlardan bir çoxunun yaradıcılığının Azərbaycan ədəbi-mədəni arealında elmi dövriyyəyə daxil olması qardaş xalqlar arasında  ilişgilərin daha da inkişafından xəbər verir.

Dövlət müstəqilliyini bərpa etmiş ölkələrimiz arasında birbaşa diplomatik əlaqələr yaradıldıqdan sonra xalqlarımızın mənəvi, ədəbi ilişgiləri daha da intensiv şəkil almışdır. Azərbaycan-qazax ümumi mənzərəsini əks etdirən toplunun nəşri, Abayın “Əqliyyələr” əsərinin tərcüməsi, BDU-da Abay adına Qazax Dili, Tarixi və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərməsi, qəzet-jurnallarda, sosial şəbəkələrdə qazax  ədəbiyyatı nümunələrinin oxuculara çatdırılması, Abayın, M.Auezovun, O.Süleymenovun, J.Jabayevin, R.Seysenbayevin yubileylərinin qeyd edilməsi, onların xatirəsinə və yaradıcılığına həsr edilmiş elmi sessiyaların keçirilməsi, kitablarının nəşr edilib Azərbaycan oxucusuna çatdırılması bu bağların get-gedə daha da möhkəmləndirilməsindən xəbər verir. Türk xalqları ədəbiyyatı kontekstində Qazax ədəbiyyatına və onun görkəmli nümayəndələrinin yaradıcılığına da geniş yer verilir. Qeyd edim ki, Qazax-Azərbaycan ədəbi ilişgiləri iki istiqamətdə inkişaf edir; birincisi, elmi istiqamətdir. Bu sahədə son illərdə bir çox araşdırmalar aparılmışdır. Professor Nizami Məmmədov, mərhum ədəbiyyatşünas, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Arif Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və başqalarının tədqiqatları bu əlaqələri daha da zənginləşdirir. Xüsusilə, Nizami Məmmədovun “Qazax ədəbiyyatı”, “Koblandı Batır” (qazax xalq qəhrəmanlıq daxtanı), “Alaş-Orda: Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti” kimi fundamental monoqrafiya və kitabları son dövrlərdə iki xalq arasındakı ədəbi əlaqələrin ən mühüm elmi faktlarından biridir.

Ədəbi ilişgilər sahəsində ikinci istiqamət isə bədii yaradıcılıqdır. Bu sahədə də bir çox faktorlar bu əlaqələrin keçmişi və bugününü əks etdirir. Bu cəhətdən Abay Kunanbayevin və Oljas Süleymenovun yaradıcılığını göstərmək olar. Hər ikisinin yaradıcılığının tərcüməsinin əlli illik bir tarixi vardır. Oljas Süleymenovun “Az Ya” əsəri Azərbaycan ədəbi-elmi fikrinə, türkoloji sahəyə müəyyən bir istiqamət vermişdir. Digər Qazax yazıçıları da vaxtaşırı Azərbaycan oxucularına çatdırılıb. Ancaq qeyd edim ki, bədii tərcümədə ən böyük uğurları son illərə aid etmək olar. Bu ugurların əldə edilməsində iki faktoru xüsusi qeyd etmək gərəkir. Birincisi, Qazaxıstan dövlət müstəqilliyini bərpa edəndən sonra ictimai və mədəni həyatın bütün sahələrində dirçəliş hərəkatının əsası qoyuldu. Ölkənin ilk prezidenti N.Nazarbayevin təşəbbüsü və ictimai şüurun modernləşdirilməsi sahəsində “Ruxani-janqıru” dövlət proqramı qəbul edildi. Həmin proqram çərçivəsində görülən işlərdən biri də qazax ədiblərinin əsərlərinin dünya dillərinə çevrilməsi və oxuculara çatdırılmasıdır. Həmin proqram çərçivəsində görülən işlərdən biri də qazax ədiblərinin əsərlərinin dünya dillərinə çevrilməsi və oxuculara çatdırılmasıdır. Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi həmişə bu hərəkata öz töhfəsini verir və onun inkişafı üçün imkanlarını əsirgəmir.

İkincisi, Qazax ədəbi-bədii irsinin dilimizə çevrilməsidir. Bu, çox zəhmət və istedad tələb edən bir prosesdir. Bu prosesdə görkəmli yazçı Nəriman Əbdülrəhmanlı faktorunu ayrıca qeyd etmək lazım gəlir. Məlumdur ki, bir çox roman və hekayələr müəllifi N.Əbdülrəhnmanlının yaradıcılığının böyük bir qismini tərcüməçilik təşkil edir və dünya ədəbiyyatının görkəmli yazıçılarının bir çox nəsr əsərlərini dilimizə çevirib. Bu tərcümələr içərisində Qazax ədəbiyyatından tərcümələr xüsusi yer tutur. Yazıçı Qazax ədəbiyyatının klassiki Abay Kunanbayevin “Qara sözlər” kitabını ilk dəfə olaraq dilimizə çevirib. Çağdaş qazax ədəbiyyatının görkəmli nümayəndəsi Rollan Seysenbayevin “Dünyanın çökdüyü gün” (romanlar və esse) kitabı da bu yaxınlarda işıq üzü görüb. N.Əbdülrəhmanlının Qazax ədəbiyyatından tərcümələri sahəsində ən böyük layihəsi bütövlükdə qazax nəsrini əhatə etməsi və onların yaradıcılığından nəsr nümunələrini tərcümə etməsidir. Azərbaycan oxucularına bu günlərdə  təqdim edilən “Qazax nəsri” (Bakı, Qanun, 2022, 608 s.) antologiyası da xalqlarımız arasındakı əlaqələri daha da möhkmləndirmək yolunda atılmış addımlardan biridir. Kitabın redaktoru Mahir N. Qarayev, rəyçisi isə filologiya elmləri doktoru, professor B.Əhmədli, koordinatoru isə Qazaxıstanın Azərbaycandakı səfirliyidir. Qazax xalqının və ədəbiyyatın dostu, yazıçı, tərcüməçi, publisist Nəriman Əbdülrəhmanlının çevirdiyi və tərtib etdiyi antologiyaya qazax nəsrinin görkəmli nümayəndələri daxil edilmişdir. Burada qazax klassik Abay Kunanbayevdən başlamış 2000-ci illərdə ədəbiyyata gələn gənc ədəbi nəslin nümayəndələrinədək əlli dörd yazıçının yazıçının yaradıcılığından seçmə nümunələr yer alır. Onu da qeyd edək ki, oxucular antologiyadakı yazıçıların əksəriyyətinin yaradıcılığı ilə ilk dəfə tanış olmaq fürsəti qazanırlar. Müəlliflər haqqında dolğun bioqrafik məlumatlarln təqdim olunması isə antologiyanın sanbalını daha da artırır. Abay Kunanbayev, Şakərim Kudayberdiyev, İlyas Cansuqurov, Beimbet Maylin, Muxtar auezov, Sabit Mukanov, Qabit Musrepov, Qabiden Mustafin, Taken Alimkulov, Safuan Saymerdenov, Kemel Tokayev, Abdicəmil Nurpeisov, Saken Yunusov, Oljas Süleymenov, Rollan Seysenbayev və başqa onalrla qazax yazıçısının hekayələri, esseləri, povestləri və əsərlərindən parçalar verilmişdir. Antologiyanın özəlliklərindən biri də budur ki, Qazax ədəbiyyatının tədrisində ən yaxşı dərs vəsaiti kimi istifadə etmək olar.

Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri hörmətli Serjan Abdıkərimovun təşəbbüsü ilə araya-ərsəyə gələn bu antologiyadakı əsərlər Azərbaycan oxucularının əlindən tutub qardaş qazax xalqının qüdrətli ruhuna, zəngin mədəniyyətinə, zərif dünyaduyumuna çox maraqlı və sehirli səyəhətə çıxaracaq. Əminəm ki, oxucular bu səyahətdən əliboş dönməyəcək, bütöv bir xalqın mənəvi zənginliyindən özlərinə pay götürəcəklər.

 





12.08.2022    çap et  çap et