525.Az

Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır


 

Şuşa ... Tarixi sükut nələr danışır -<b style="color:red"> Solmaz Rüstəmova-Tohidi yazır</b>

Şuşaya dəvət alandan sevinc, həyəcan və narahatlıq qarışıq hisslər məni tərk etmirdi. Bu hisslər heç də dəvətimin konkret ünvanı ilə bağlı deyildi. AR Diaspora ilə İş üzrə Dövlət Komitəsi ilə uzun illərdir əməkdaşlıq edirik, onların bir çox tədbirlərində, eləcə də xaricdə yaşayan, oxuyan və işləyən azərbaycanlı gənclər üçün təşkil etdikləri yay düşərgələrində dəfələrlə iştirak etmişəm. Bu ilki düşərgənin Şuşada keçirilməsi isə xüsusilə əlamətdar idi və mənə çox sevdiyim gəncliklə növbəti görüşdən əlavə həm də Şuşanı görmək imkanı yaradırdı. Etiraf edim ki, hələ də öz ata-baba məskənlərinə gedib çıxmayan şüşalıların müxtəlif tədbirlərlə bağlı bu şəhərə səfər edənlərə qarşı həssaslığı qarşısında da kiçik bir narahatlığım vardı, ümid edirəm, onlardan qabağa düşməyimi üzürlü sayarlar.

Şuşanın bu gün hər bir azərbaycanlı üçün nə olduğunu deməyə ehtiyac varmı? Tarixən mərdlik və rəmzlər daşıyıcısı olmuş Şuşanın işğal ləkəsini, bu işğalın hər növbəti “ildönümü” ağrısını və nəhayət, qurtuluş təntənəsini yaşamış hər kəsin Şuşaya məxsusi bağlılığı var. Səfər yoldaşlarımız – işğaldan əvvəl də Şuşada olmuş iki görkəmli Azərbaycan dövlət xadimi və ziyalısı – Həsən Həsənov və Vilayət Quliyev, XİN-nin daha iki səlahiyyətli nümayəndəsi, tarixçi alim və millət vəkili Musa Qasımlı, tanınmış kino ustadları, qonaq qismində gedən xanımların da yol boyu söhbətlərindən aydınlaşırdı ki, hər birinin qəlbində və təsəvvüründə öz Şuşası var. Həsən müəllimin həyat yoldaşı Aybəniz xanım isə məşhur Qarabağ musiqiçisi Sadıqcanın nəticəsidir və uzun müddətdən sonra yenidən öz doğma ocağını ziyarətə gedirdi... Onlardan fərqli olaraq Şuşaya bu ilk gəlişimdə öz təəssüratlarımın hər mənada yeni olacağı heç şübhə doğurmurdu.

Lakin Qalaya qalxandan bu məkanla ünsiyyətin məndə oyatdığı təsirdən tam heyrət keçirdim. Bütün həyatım və çoxsaylı səfərlərim boyu üçüncü dəfə idi ki, bu halı yaşayırdım...

İlk dəfə uzaq 80-ci illərin əvvəllərində, Yunanıstanda, Afinanın mərkəzində, hündürlüyü 150 metrdən artıq qayalıq meydançada yerləşən Akropolda, ətrafda turistlərin qaynaşdığı bir məkanda, sanki 3 min illik tarixin sükutunu eşitmişdim. Qədim afinalıların müqəddəs abidələri, “bütün allahların məbədi” Panteon ətrafdakı səs-küyü yatırdaraq öz hekayətini danışırdı.

Sonralar, 90-ların sonlarında İranın Kirman vilayətində səfərdə olarkən 2000 illik tarixi təxmin edilən Bəm qalasının ən uca zirvəsinə qalxmışdım və eyni tarixi sükutu burada da eşitmişdim. Çiy kərpicdən tikilmiş bu qala-şəhərin boş küçələri ilə hərəkət edib yuxarı çıxdıqca Səfəvi xanədanlığı dövründə ən yüksək inkişaf həyatından xəbər verən tikililər - karvansara, mədrəsə, məscid, sinaqoq, hamam, örtülü bazar, evlər... nə vaxtlarsa buralarda sakinlik etmiş insanların indi sükunətli səsini mənə çatdırırdı... 2003-cü ildə çox güclü zəlzələ nəticəsində Bəm qalasının tamamilə dağılıb xarabazarlığa çevrilməsini Təbiətin Tarixə qarşı böyük ədalətsizliyi hesab etmiş, o şəhərdəki həmkarlarıma başsağlığı vermişdim...

İndi də Şuşa... yaşı minlərlə yox, yüz illərlə ölçülsə də artıq öz tarixini yaratmış və neçə nəsil yola salmış bu Qala-Şəhər eyni sükutla “məni eşit” deyirdi...

Eşidirəm, Şuşa, eşidirəm...

Əsrlərin, ruzigarların yox, hətta təbiətin də deyil, insan adlanan məxluqatın xarabazara çevirdiyi hər binanın yanından keçdikcə, həyətlərini ot basmış, tavansız-döşəməsiz, qapısız-pəncərəsiz, yarıuçuq divarları qalmış evlər dolu küçələrinlə addımladıqca vaxtilə bu ətrafı dolduran səsləri eşidirdim... İnsan səsləri, tikinti səsləri, musiqi sədaları, silah səsləri, dağıdılan divarların uğultusu, köməyə çağıran nalələr... daha nə səslər... nə səslər... Cıdır düzündə bu səslər güclü küləyin dalğalandırdığı ağacların dili ilə qüvvətlənir və “mən də şahidəm” deyir...

Xanların şahlar qarşısına çıxdığı, padşahın başı kəsildiyi, qoşunların üz-üzə dayandığı, “Qarabağnamə”lərin yazıldığı, İstehkam – Qala kimi salınan və “siyasi mərkəz” sayılan Şuşanın bu təyinatı nə zaman dəyişdi? Qeyri millətlərin və hakimlərin Şuşanı tədricən “qarışıq” əhalisi olan “qəza mərkəzinə” çevirməyə başladığı zamandanmı? Bu “qarışıq” əhalinin şəhəri tədricən öz aralarında “müsəlman” və “erməni” məhəllələrinə böldüyü vaxtdanmı? Savadsız “hacı və kərbəlayı” üzvlərinin acizliyi üzündən Şuşa Şəhər İdarəsinin bütün pulları erməni məhəllələrini abadlaşdırmağa yönəldiyi, bütün inzibati-idarə binalarının erməni məhəllələrində tikildiyi, neçə-neçə məktəb, xəstəxana, kitabxana, qiraətxana, teatrın erməni məhəllələrində yerləşdiyi və erməni əhalinin də tədricən şəhəri “özününkü”, sonralar “yalnız özününkü” hesab etməyə başladığı vaxtdanmı? Şuşanın türk-müsəlman əhalisinin öz şəhərinin ancaq tarixi-dini binalarına, Xan sarayı, məscidlər, qədim hamamlar, bazarlar, karvansaralara sahib duraraq, şer-ədəbi-musiqi məclisləri ilə yaşadığı və artıq yalnız “mədəni mərkəz” statusu ilə barışdığı andanmı? Müsəlman uşaqlarının əsasən mədrəsələrdə mollalardan fars dilində dərs aldığı, əlifbanı çərəkə vasitəsilə öyrənib təhsili Quran, Sədi, Hafiz, Tarixi-Nadir, Cameyi-Abbas oxumaqla artırdığı, erməni məhəlləsindəki yeni üsullu Real məktəbdə 45 uşaqdan yalnız 5-nin müsəlman olduğu, onlardan da yalnız birinin – “Bu beş adamın illərlə davam edən təhsili zamanı erməni uşaqlarından çəkdiklərini sözlə ifadə etmək imkansızdır”- deyən Əhməd bəy Ağayevin dərsini başa vurduğu, sonrakı nəsillərdə də Realnı məktəbdə “300-400 erməniyə müqabil yalnız 30-a qədər türk tələbə” olduğu (Yusif Vəzir Çəmənzəminli) vaxtlardanmı?

Çox suallar qoyursan, Şuşa...

Cavablar ayrıca bir ağrı doğurur...

Bilirəm, uzun illər ermənilərə sadəcə “dinayrı qardaş” deyən şuşalılar bu “qardaş” artıq şəhərə tam hakimliyi ələ almaq üçün ilk dəfə silaha əl atanda (1905-1906-cı illər) Şüşanın bütün türk-müsəlman əhli də sanki ayıldı, səngərə girdi, atəşə atəşlə, qırğına qırğınla, yanğına yanğınla cavab verdi... Müsəlman və erməni məhəllələri eyni qəzəb və şiddətlə dağıdıldı. Və gənc şüşalı Yusif Vəzirovun şəhadəti ilə “gözəl şəhərimizi xaraba qoydular”. Kimlər ? Artıq yazıçı Çəmənzəminlinin fikrincə: “burjuaziya və ona nökərçilik edən, uzağı görmək istəyən, tarixə dalaraq yekə-yekə ideyalar bulan ziyalılar” və çar məmurları... Başqa şuşalı, təcrübəli, müdrik Mir Möhsün Nəvvab Şuşanın ilk dəfə xarabazarlığa çevrilməsini günbəgün, hadisə-hadisə izləməklə bu suala daha dəqiq cavab verdi, “erməni fitnə-fəsadlarının” arxasında Şuşanı “müsəlmanlardan azad etmək” planlarını və onlara dəstək verən yüksək rütbəli rus general-məmurların adlarını açıqladı. Düşünmək olar ki, Şuşanın türk-müsəlman əhalisi məhz şəhərin “xarabazarlığa” dönməsinə getməklə özlərinin burada sakin və yaşamaq haqlarını qorumuş oldular və bununla da həm rus hakimiyyətinə, həm də erməni əhalisinə dərs verdilər...

Bu dərsin özünəməxsus “mənimsənilməsi” 10-12 il çəkdi. Şuşa yenidən abadlaşdıqca, “dinayrı qardaşlıq” şüarları yenidən gündəmi tutduqca 1917-ci il gəldi. Birinci erməni-müsəlman qırğınların hər halda qarşısını almış Çar Rusiyası tarixə getdi və artıq rus məmur və generallarına ehtiyac görməyən, 4 il dünya müharibəsi cəbhələrində vuruşmuş Osmanlı-Rusiya erməniləri nizami silahlı qoşunları ilə hərəkətə gələrək Cənubi Qafqazda iddia etdikləri əraziləri, o cümlədən Qarabağın dağlıq hissəsini və Şuşanı öz nüfuzları altına aldılar...

Şuşa 1905-1906-cı illər qırğınlarından sonra

 

Burada dayanıram... Çünki Şuşanın bundan sonrakı hekayətini yalnız mən yox, hazırda bu şəhərə toplanmış dünya azərbaycanlıları gəncliyi də eşitməlidir...

***

Şuşaya səfərim, artıq qeyd etdiyim kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin 50 ölkədən gəlmiş 115 nəfər diaspor gəncləri üçün artıq 3-cü yay düşərgəsinin geniş tədbirlər proqramı ilə bağlı idi. Bu proqram çərçivəsində “Azərbaycanın müstəqillik tarixi” mövzusunda paneldə Cümhuriyyət dövrünə dair məruzə etməliyəm. Hələ 2019-cu ildə, Şamaxıda keçirilən II yay düşərgəsində bu mövzuda çıxışlarımın gənclər arasında doğurduğu coşqunluğu indiyə kimi xatırlayıram. Azərbaycan gəncliyinin Cümhuriyyət tarixinə xüsusi marağı və sevgisi var, istər ölkədə, istərsə də xaricdə yaşayanların, fərq etmir.. Bu tarixi ümumən bilirlər, Cümhuriyyət xadimlərini tanıyırlar və sevirlər. Müşahidələrim göstərir ki, bu sevgi bilikdən də çox sanki övladın anaya, bu halda gənclərin Vətənə, ona dövlətçilik yaratmış və əlinə bayraq vermiş insanlara hansısa izaholunmaz tellərlə bağlılığından, şüuraltı minnətdarlıq hissindən irəli gəlir. Cümhuriyyət liderlərinin əqidə, təmənnasızlıq, fədakarlıq kimi şəxsi nümunələr verməsi və ümumən faciəvi bioqrafiyaları da bu sevgini şərtləndirən amillərdəndir. Tarixçi kimi öz vəzifəmi bu hissləri əsaslandırmaqda, onları faktlarla, sübutlarla, təfərrüatlarla möhkəmləndirməkdə, gənclərin Cümhuriyyət dövlətçilik tarixinin həqiqətən qürurverici olduğunun həm də biliklə, ağılla idrakında görürəm.

Məruzəmi elə Şuşaya yetişdiyimiz günün ikinci yarısında etməliyəm və onu konkret mövzu - Cümhuriyyətin “Azərbaycan” adlandırılması tarixi üzərində qurmuşam. Zənnimcə, diaspor gəncliyi üçün təmsil etdikləri ölkənin bu gün çox təbii görünən “Azərbaycan”, özlərinin isə “azərbaycanlı” adının heç də özü-özlüyündə yaranmadığı, bu ada doğru yolun nə vaxt başlandığı və necə keçildiyini bilmək xüsusilə əhəmiyyətlidir. XIX əsrin əvvəlləri, rus işğalından sonra Arazın sağ sahil ərazilərində bu adın nə üçün işlədilmədiyi, İmperiyanın öz yeni təbəələrini hansı adlarla çağırdığı, Azərbaycan ziyalılarının addım-addım, hansı çətinliklərlə və necə inadla “türk” və “Azərbaycan” kəlmələrini bu taya da “gətirdiyi”, dil, xalq, millət anlayışlarına tətbiq etdiyi, türkçülükdən azərbaycançılığa keçid və nəhayət, “Azərbaycan” kəlməsinin müstəqil bir ideologiyanın yaranmasına rəvac verməsi...

Gənclərin çox diqqətlə dinlədiyini görürəm və ürəklənərək Rəsulzadənin banisi olduğu Azərbaycançılıq ideologiyasının əsasları üzərində bir qədər ətraflı dayanıram. Maraqları azalmır, əksinə tam elmi nəzəriyyənin tərkib hissəsi kimi Rəsulzadənin millətin yaranması, milli şüurun formalaşması və milli birliyin əldə edilməsi prosesində irəli sürdüyü şərtlərdən sonuncusu: “xalqı sevmək və milliyyətinə dəli bir aşıq qədər mərbut (bağlı) olmaq!” – alqışlar doğurur: Dəli bir aşiq qədər! Vətənə, xalqa sevginin Rəsulzadə ölçüsü! Auditoriyanın sakitməşməsini xeyli gözləməli oluram.

İdeologiyadan əmələ - dövlətçiliyin yaranmasına keçid mərhələsində Cümhuriyyət xadimlərinin irəli sürdüyü “Azərbaycan muxtariyyəti” şüarının bolşevik Rusiyası, ağqvardiyaçı ruslar, erməni-daşnak millətçiləri və xüsusilə İran mətbuatı və İran dövləti tərəfindən qəbul edilmədiyi, bu qüvvələrin hər birinin azərbaycanlıların hətta muxtariyyət formasında dövlətçilik ideyasına və “Azərbaycan” adına qarşı çıxmasının səbəblərini izah etməklə məruzəmin sonuna yaxınlaşıram. Rəsulzadə başda olmaqla Cümhuriyyət xadimlərinin bütün bu etirazların fövqündə duraraq “Azərbaycan” adını yeni yaratdıqları müstəqil dövlətə verməsi və bununla da böyük uzaqgörənliklə cənuba-şimala bölünmüş Azərbaycan torpaqlarının və xalqının vahid ad- öz tarixi adı altında birləşməsini təmin etməsi kimi “son akkord” gənclər arasında görünməmiş coşqunuq yaradır, alqışlar qopur. Suallar üçün əllər qalxır... Gənc bir qız irəli çıxaraq mikrofonu məndən alır və həyəcanını güclə boğaraq Təbrizdən gəldiyini, ürəyinin nə üçün əsdiyini, bu çıxışın onun üçün nə qədər mühüm, təsirli olduğunu ifadə etməyə çalışır...

Məruzəm bitib, mənə ayrılan vaxtı çoxdan keçmişəm, amma sözümü qurtarmamışam. Suallar yağdıran gənclərə: “Tələsməyin” deyirəm: Şuşadayıq! Onun da öz “Cümhuriyyət” hekayəti var, eşidək, bu dövlətin Şuşanın tarixində və taleyində misilsiz xidmətinin haqqını verək. “Şuşa” və “misilsiz” kəlmələri yenə də maraqları gücləndirir və Şuşanı eşitmək üçün dərhal sükut yaranır...

Paytaxt Bakı daxil ərazisinin böyük hissəsi bolşevik-erməni işğalında, əhalisinin yarısı qaçqın halətində, ordusuz, silah-sursatsız, maliyyəsiz, İstiqlal Bəyannaməsi hələ yalnız kağızda, İrəvanın güzəştinə məcbur edilmiş, İstiqlal üçün ilk təhlükədən-Gəncə böhranından yenicə çıxmış Fətəli Xan-Xoyski hökuməti Şuşaya heyətlər göndərərək Qarabağda hökmranlıq edən və Azərbaycan hakimiyyətini tanımayan erməni milli komitələri ilə nəticəsiz danışıqlar aparır, ağıq vəziyyətə düşmüş, sözü eşidilməyən müsəlman əhalisinə hələ yardım edə bilmir, ta ki, Bakı azad olsun! Paytaxt qurtulandan dərhal sonra isə Qarabağa ilk qoşun hissələri gedir və birinci erməni qiyamı yatırılır.

Daha sonra Cümhuriyyət hökumətini qəbul etməyən Qafqazda hakim İngilis komandanlığının mövqeyi 180 dərəcə dəyişdirilir və ingilislərin birbaşa dəstəyi ilə bütün Qarabağda Azərbaycana tabe yerli hakimiyyət orqanı - Xosrov bəy Sultanovun başçılığı altında, mərkəzi Şuşa olan Qarabağ general-qubernatorluğu yaradılır. Xosrov bəyin artıq ilk tədbirləri tarixi sayıla bilər – Şuşanın erməni məhəllələrini nüfuzlu edən bütün idarələr müsəlman məhəllələrinə köçürülür, Azərbaycan ordusu erməni məhəlləsindəki kazarmalarda yerləşdirilir və s., və s. Bütün bu işlər ermənilərin inadlı müqaviməti və irili-xırdalı silahlı münaqişələrlə müşayiət olunur. Nəhayət, məhz Xosrov bəyin iradəsi və sərt tədbirləri nəticəsində Qarabağın erməni əhalisi müvəqqəti də olsa Azərbaycan hakimiyyətini tanıdığını elan edir. Müvafiq sənəd dərhal Parisə göndərilir və Əlimərdan bəy Topçubaşov tərəfindən Sülh Konfransına təqdim edilərək “erməni əhalisini qırmaqda” ittiham edilən Azərbaycanın müstəqilliyinin tanınmasına əngəl olan çox ciddi maneə aradan qaldırılır.

1920-ci ilin mart-aprel aylarında Ermənistan və Dağlıq Qarabağ erməniləri bolşevik Rusiyası ilə əlbir olub Cümhuriyyətin işğalına məhz Qarabağda müharibə başlamaqla qərar verəndə Cümhuriyyət hökuməti də özünün son dərəcə mühüm, taleyüklü qərarını qəbul edir. Sərhədlərin boşaldılması hesabına belə bütün bölgələrdə olan ordu qüvvələrini, hətta Azərbaycan Parlamentinin 50-60 nəfərlik mühafizə dəstəsini də Qarabağın müdafiəsinə yönəldir, Baş Qərargah rəisi, general Həbib bəy Səlimov bu sonuncu dəstə ilə birlikdə səngərə girir, Şuşanın hər kəndi, hər məhəlləsi, hər küçəsi uğrunda amansız döyüşlər gedir, şəhər bir daha dağıdılır, amma ermənilər tam məğlub edilir. Cümhuriyyət ordusu əslində I Qarabağ müharibəsi sayılacaq bir hərbi udur. Özü işğal ərəfəsində, amma Qarabağın Şuşa daxil dağlıq hissəsini Azərbaycanın tərkibində saxlayan bu möhtəşəm Qələbə ilə Cümhuriyyət hökuməti bütün qarşıdakı illər üçün Dağlıq Qarabağın və Şuşanın taleyini həll etmiş olur.

Hərb meydanına çevrilmiş Şuşanın 1920-ci il Qarabağ savaşından sonrakı şəkilləri - dağıdılmış, yandırılmış görüntüləri, uçulmuş, qaralmış binalar, küçələr bu gün nə qədər acı təsir oyatsa da, ciddi müqavimət göstərən erməni qüvvələrinə qarşı Azərbaycan ordusunun bu addıma getməsinin, xüsusilə şəhərin erməni hissəsinin tamamilə darmadağın edilməsinin öz təyinatı vardı. Məhz bu əsaslı dağıntılardan sonra şəhərdə say etibarilə üstünlük təşkil edən erməni əhalisi artıq özünün Şuşadakı mülkiyyətini və nüfuzunu bərpa etməyə cəhd göstərmədi, məğlubiyyəti ilə barışdı və Xankəndinə üz tutdu. Şuşanın türk-müsəlman əhalisi öz ata-baba yurdunda qaldı və Şuşanın müsəlman şəhəri adını qaytardı. Sovet dövrü Dağlıq Qarabağa muxtariyyət verilərkən Azərbaycanın kommunist rəhbərliyi bu qurumun mərkəzinin Şuşa olmasında israr etsə də, ermənilərin ciddi müqaviməti nəticəsində mərkəz kimi Xankəndi (az sonra - Stepanakert) seçildi və bu Azərbaycan kəndinin tədricən şəhərləşmə və erməniləşmə prosesi başlandı.

Beləliklə, bütöv bir yüzillik boyu çəkdiyi məşəqqətlər, verdiyi itkilər, yaşadığı faciələr müqabilində Şuşa məhz Cümhuriyyət dövründə Azərbaycanın Qarabağ bölgəsinin Siyasi Mərkəzi və bir Azərbaycan şəhəri kimi öz statusunu bərpa və təsdiq etdi. Şuşaya bu ləyaqəti yaşatmış Cümhuriyyət xadimlərinin, Cümhuriyyət Ordusu və Qarabağ qəhrəmanlarının adlarını çəkirəm... Dinləyicilərim sanki hələ də eşitdiklərinin ağırlığından və təsirindən qopa bilmirlər... Sonra birdən hamı ayağa qalxır, alqış səsləri ucalır, təqdir sədaları ətrafı bürüyür və davam edir.

Özümü aldatmıram. Bu uzun, səmimi alqışlar o şanlı tarixə çalınır, mənim yeganə xidmətim Şuşanın Cümhuriyyət sükutunu bu gəncliyə eşitdirmək idi. Eşitdilər... və əminəm ki, heç vaxt unutmayacaqlar...

Məndən sonra tarixçi həmkarım prof. Musa Qasımlı Azərbaycanın müasir müstəqillik tarixindən danışır. Panelin təşkilatçılarından bir xanım əvvəl mənim, sonra moderatorun qulağına nə isə pıçıldayır. Fikrim məruzədə olduğundan sözünü tam tuta bilmirəm. Musa müəllim məruzəsini bitirəndən sonra panelin moderatoru elan edir ki, gənclərin tələbi – xahişi ilə Solmaz xanım sabah daha bir məruzə edəcək və qalan suallara da sabah cavab verəcək. Bax belə!

Yenə alqışlar... Razılaşmaqdan başqa çarə qalmır. Gənclər bizi əhatəyə alır, məruzəmin əvvəlində ən yaxşı suallar üçün vəd etdiyim “Cümhuriyyətin Azərbaycan adı...” kitabımı paylamağa başlayıram...

***

Əslim qarabağlıdır,

Sinəm çarpaz dağlıdır.

Nə gələn var, nə gedən

Məgər yollar bağlıdır?

Sinəsi çarpaz dağlı Şuşanın yolları nə üçün düz 28 il bizlərə bağlı, getməz-gəlməz oldu?

Bu 28 il artıq arxada qalsa da, Böyük Qələbə ilə tarixə dönmüş olsa da, hələ də onun işğalına tarix fakt kimi baxa bilmirəm. O məğlubiyyəti yaşamış hər azərbaycanlı kimi “günahkarlıq sindromu” keçirirəm. Uzaq 92-nin aprelində Azərbaycan Xalq Cəbhəsinin qərargahındakı bir toplantıda Şüşa qəhrəmanı, igid Ramiz Qəmbərovun üzü tüklü, ovurdları batmış, yorğun siması, kədər, ümidsizlik dolu gözləri və “Şuşa əldən gedir, bəylər” – sözləri hələ də yaddaşımdan silinmir. Bu xəbərdarlıqdan dərhal sonra Şuşaya qayıdan Ramiz bir həftə sonra həlak oldu... Şuşanı niyə əldən verdik, necə əldən verdik?

XX əsrin əvvəllərindən iki dəfə silahlı hücuma məruz qalan, evinin, şəhərinin dağılmasına gedən, amma Qaladan çıxmayan və sonda düşmənə qalib gələn Azərbaycan döyüşçüsü, Şuşa əhli üçüncü dəfə niyə təslim oldu?

Gənclərlə ikinci görüşümdə bu mövzuda danışmağa, 44-günlük müharibədə Qələbəni mümkün və tarixən qanunauyğun etmiş amilləri göstərməyə qərar vermişəm.

Azərbaycanın bütün milli dövlətçilik tarixi boyu bölgənin erməni əhalisi və qonşu Ermənistan dövlətinin ərazi iddiaları ilə Qarabağ məsələsi daim gündəmdə olub. 1917-1918-ci ildə faktiki işğal edilmiş bu əraziləri yalnız Azərbaycan Cümhuriyyətinin yaranması və bu dövlətin hərbi, siyasi, diplomatik tədbirləri nəticəsində, sonda müharibə yolu ilə Azərbaycan tərkibində saxlamaq mümkün olmuşdur. Beləliklə, “Böyük Qələbə” zəncirində DÖVLƏTin mövcudluğu amili ilkin və ən mühüm halqadır.

Sovet Azərbaycanı respublikası böyük çətinliklə Dağlıq Qarabağı öz tərkibində saxlamağa nail olsa da, bu ərazilərə muxtariyyət verilməsinin qarşısını ala bilməmiş və bununla da Dövlətin mövcudluğu ilə yanaşı onun Müstəqil olması şərti tam kəskinliyi ilə ortaya çıxmışdır. Azərbaycan SSR tərkibində özünü ayrıca dövlət kimi aparan DQMV adlı “barıt çəlləyi” partlayanda məhz müstəqil Dövlət halqasının zəifliyi ucundan Dağlıq Qarabağla yanaşı 7 ətraf rayonun da itirilməsi baş verdi. Azərbaycan yalnız öz Dövlət müstəqilliyini bərpa etdikdən sonra müvafiq mərhələlərdən keçərək torpaqlarının böyük hissəsini işğaldan azad etdi.

Gənclər diqqətlə qulaq asırlar və qoyduğum suallara cavab verməklə söhbətdə fəal iştirak edirlər.

Qarabağ münaqişələrinin həllində Dövlət amili LİDER faktorunu da aktual edir. Cümhuriyyət dövrü rəhbərliyinin məhz Liderlər Komandası kimi çıxış etməsi Qarabağ məsələsinin müsbət həllinin təminatçısı oldu. Sovet dövrü Dağlıq Qarabağın Azərbaycan tərkibində qalmasında N.Nərimanovun nüfuzu və rolu danılmazdır, haqqı verilməlidir. Sonrakı dövrlərdə də dövlətin milli maraqlarını üstün tutan kommunist liderlər Mir Cəfər Bağırov, Vəli Axundov, Heydər Əliyevin müxtəlif vasitələrlə Dağlıq Qarabağ “alovunun” söndürülməsindəki xidmətlərini açıqlayıram. 80-ci illərin sonlarında münaqişə yenidən baş qaldıranda nə kommunist xadimləri, nə də siyasət meydanına yeni qədəm qoyan milli-demokratik qüvvələrin arasından parlaq Liderin ortaya cıxmaması bütün sonrakı fəlakətlərin başlanğıcını qoydu. Azərbaycan Respublikasının ilk iki prezidenti də özlərinin az müddətli hakimiyyətləri dövründə tarixin onlara verdiyi bütün xalqın Lideri olmaq şansından faydalana bilmədi. Yenidən hakimiyyətə qayıdan Heydər Əliyev əvvəlki Liderlik nüfuzu ilə Qarabağ ətrafı yeni rayonların itirilməsi şəraitində atəşgaha nail olmaq kimi qeyri-populyar qərara getdi, vaxt qazanmaq, ordunu yenidən qurmaq, bunun üçün ölkəyə vəsait gətirmək zərurəti qarşısında “gözləmə” mövqeyinə keçdi və bu müddətdə güclü təzyiqlərə rəğmən Azərbaycan əleyhinə işləyəcək hər hansı diplomatik sənədə imza atmadı. “Gözləmə” dövrü tədqicən “hazırlıq” mərhələsinə keçdikcə, artıq beynəlxalq məsələ olan Qarabağ münaqişəsinin uğurlu həlli üçün həm də münasib şərait tələb olunurdu. Bu şərait yetişən kimi dövlət başçısı İlham Əliyev Lider olaraq Qarabağ məsələsində həlledici nöqtəni qoydu.

“Böyük Qələbə” zəncirində Lider həlqəsi və çəkilən konkret adlar sanki gəncləri ovsunlayıb. Onları “ayıltmaq” üçün “Müharibə ilə qazanılan zəfərdə üçüncü həlqə hansıdır?” soruşuram.

“ORDU! ” – xorla cavab verirlər. Çar Rusiyası dövründə hərbi mükəlləfiyyətə çağırılmayan azərbaycanlılar yalnız fərdi qaydada Rus ordusunda xidmət etmiş, çox yüksək mənsəblərə çatmış, bütöv bir hərbçi nəsillər yetişmişdir. Burada ən mühüm şərt Vətən üçün həlledici məqamda bu hərbçilərin harada olması idi. Və Cümhuriyyət ərəfəsində hələ I dünya müharibəsi bitməmiş bütün bu hərbçilər vuruşduqları cəbhələri qoyaraq Azərbaycana qayıtmaqla, Cümhuriyyət Ordusunu yaratmaqla, 100 il əlinə silah verilməyən azərbaycanlı gənci döyüşçü etməklə və nəhayət, 1920-ci il Qarabağ savaşını udub onu Azərbaycanın tərkibində saxlamaqla gələcək nəsillərə misilsiz nümunə verdilər. Eyni addımı I Qarabağ savaşı dövründə Sovet ordusunda xidmət edən azərbaycanlı zabit və əsgərlər atdı, Vətənə qayıdaraq yeni yaranan ordu sıralarına qoşuldu, gənclər könüllü orduya axışdı. Məğlubiyyət sonluğuna baxmayaraq 11.557 hərbçi şəhid verilmiş I Qarabağ müharibəsi öz qəhrəmanlarını yetişdirdi, Azərbaycan hərb tarixinə öz şanlı səhifələrini yazdı. Tamamilə yeni əsaslar və şərtlərlə qurulan müasir Azərbaycan Ordusunun qələbəsi isə artıq gözlənilən və şərəf gətirici idi. Bəs bu ordu öz gücünü kimdən alırdı?

XALQ! Bütün Qarabağ münaqişələrində Azərbaycan xalqı öz torpağını müdafiə qüdrətinə malik olduğunu dəfələrlə sübut etmişdir. Hər tarixi dövr- Cümhuriyyət, Sovet, Müstəqillik – üzrə nümunələr gətirirəm. Xalq həmin Xalqdır. 1988-ci ildə Topxana meşəsində qırılan ağacları ləyaqətinə təcavüz kimi qəbul edərək ilk dəfə kütləvi surətdə siyasi səhnəyə çıxan, yüz minlərin toplaşdığı Lenin meydanını Azadlıq meydanına çevirən, 20 yanvar şəhidlərini milyonların iştirakı ilə son mənzilə yola salan, qaçqınlarına, köçkünlərinə yiyə duran, şəhid övladlarını “Vətənin başı sağ olsun” deyə torpağa tapşıran Xalq bu 28 ildə bütün dünyaya, beynəlxalq güclərə “işğalla barışmayacağam” iradəsini nümayiş etdirdi. 2020-ci ilin 14 iyulunda yenidən küçələrə, meydanlara axışaraq Ali baş Komandana “Mənə silah ver”, “Məni Qarabağa göndər”, “Müharibə başla”, “Ardınca gəlirəm”, Ölməyə hazıram” – dedi. Eşidildi. Dediyi vədə də əməl etdi.

Qarabağ müharibələrinin gedişində bu xalq həm də başqa bir sınağa çəkildi və bu sınaqdan da qalib çıxdı. MİLLƏT! olduğunu sübut etdi. VƏTƏN anlamını yeni müstəviyə qaldırdı. Rəsulzadənin Vətəni, xalqı “dəli bir aşıq qədər sevmək” formulu Azərbaycanda yaşayan bütün xalqların, o cümlədən 20-dən artıq etnik-milli azlıqların və azsaylı xalqların Qarabağ müharibələrində iştirakı, şəhidlər verməsi ilə özünün tam təsdiqini tapdı. Cümhuriyyət Parlamentinin açılış mərasimində Aslan bəy Səfikürdskinin yeni yaradılan dövlətə “Türk Cümhuriyyəti deyil, Azərbaycan Cümhuriyyəti dedik ki, bütün vətəndaşlara VƏTƏN olsun” sözləri sonrakı dövrlərdə də özünü doğrultdu. Yaşadığı torpağı Vətən olaraq qoruyan xalq Millət səviyyəsinə ucaldı. Nümunələr, rəqəmlər gətirirəm.

Nəhayət, milli Azərbaycan dövlətçiliyi boyu ərazi bütövlüyünü saxlamaq baxımından “Qələbəni” mümkün edən zəncirinin ən ağrılı həlqəsi – GÜZƏŞT amili.

Hələ Cümhuriyyət tarixinə dair mühazirəmdə “İrəvanın güzəştə gedilməsi” ilə bağlı suallar vermişdi. Bu güzəştin edildiyi şəraiti anladıram. Həmin qərarın F.X.Xoysknin təbirincə “qaçılmaz acı həqiqət” olduğu, paytaxt Bakı daxil, Azərbaycanın bütün işğal edilmiş ərazilərini qaytarmaq və hələ yalnız kağız üzərində mövcud olan dövlətin quruculuğuna başlamaq zərurəti, bu işə qadir yeganə hərbi qüvvə - Osmanlı komandanlığının qoyduğu şərti qəbul etmək məcburiyyəti qarşısında qəbul olunduğunu bildirirəm.

Dinləyicilərimə “özünüzü o kişilərin yerinə qoyun, daha kiçik itkiyə getməklə Bakı və Azərbaycanı əldə saxlamaq seçimi qarşısında siz nə qərar verərdiniz?” təklif-sual edirəm. Düşüncəyə dalırlar və başlarının hərəkəti ilə vəziyyəti anladıqlarını bildirirlər.

Sovet dövrü Dağlıq Qarabağın tabeliyi məsələsi hələ ortada olduğu bir dönəmdə Azərbaycan kommunist rəhbərlərinin ümumən Zəngəzur məsələsinin həllinə buraxılmadığı, bütün danışıqların Sovet Rusiyası və daşnak Ermənistanı, daha sonra Sovet Ermənistanı arasında aparıldığı, Zəngəzur və Naxçıvanın Ermənistana vəd edildiyi və d. məsələlərdən danışıram. Azərbaycanın bu mürəkkəbdən durumdan mümkün qədər az itkilərlə çıxmasında öz səyləri ilə yanaşı daşnak generallarının Zəngəzurda “Sünik Muxtar respublikası” və “Dağlıq Ermənistan Respublikası” yaratmaq cəhdlərinin Sovet Rusiyası üçün də qəbuledilməz olması mühüm rol oynamış, nəticədə Zəngəzurun yalnız qərb əraziləri Ermənistana verilmiş, Şərq əraziləri isə Azərbaycan tərkibində qalmışdır. Bu, həmin dövr Azərbaycan üçün ən mümkün “güzəşt” – variantı hesab oluna bilərdi.

100 ildən sonra müstəqil Azərbaycan özünün işğal altında olan ərazilərini hərb yolu ilə azad etməyə qalxarkən və buna müvəffəq olarkən, Rusiya dövləti bir daha öz maraqları ilə regionda göründü. Qarabağın məlum ərazisinə sülhməramlılar qismində rus hərbçilərini yeridilməsi mövcud şəraitdə qonşu güclü dövlətin təklifləri və bir sıra digər amillərlərlə hesablaşmalı olan Azərbaycan hakimiyyətinin özünün bütün mümkün və hətta qeyri-mümkün imkanlardan faydalanmaqla getdiyi məcburi güzəşt sayıla bilər. Bu “qeyri-mümkün”lər arasında Şuşanın azad edilməsi əsas faktdır.

Amma burada bir məqam nəzərə alınmalıdır. Cümhuriyyət dövrü İrəvan, Sovet dövrü Qərbi Zəngəzur kimi itirilmiş sayılan ərazilərdən fərqli olaraq bu gün Azərbaycanın nəzarət etmədiyi Qarabağ əraziləri beynəlxalq hüquq, xarici dövlətlər və Rusiyanın özü tərəfindən Azərbaycanın sözsüz əraziləri kimi tanınmaqla daha əlverişli status daşıyır və onların azad edilməsi yalnız zaman məsələsidir.

Bu “zaman məsələsinə” şəxsi təcrübəmdən bir nümunə gətirirəm. 2013-cü ildə Qubada Azərbaycanlıların soyqırımı Memorial Kompleksinin açılışı mərasimində Muzey ekspozisiyasının müəllifi kimi ölkə başçısını, birinci xanımı və digər qonaqları mən müşayiət edirdim. Prezident muzeyin ayrı-ayrı bölmələrinə xüsusi diqqət göstərir, suallar verir, öz fikirlərini bildirirdi. Ekspozisiyanın son bölməsi – Qafqaz İslam Ordusu guşəsinin qarşısında cənab İlham Əliyev daha çox dayanaraq muzeyin məhz Ordunun qələbəsi, torpaqların azad edilməsi kimi nikbin notlarla bitməsini təqdir etdi. Az sonra Quba ictimaiyyəti qarşısındakı çıxışında Prezident bir daha bu məsələyə qayıtdı və “Mən sizə söz verirəm, o dövr Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarını azad etdiyi kimi, Azərbaycan ordusu da işğal altında olan torpaqlarımızı azad edəcək”- deyərək yumruğunu tribunaya vurdu. Bu yumruğun səsi mikrofonda əks olundu və ətrafa yayıldı. 2013-ci il idi. 2020-ci ildə o yumruq “Dəmir”ə dönüb əvvəl düşmən başına endirildi, sonra Qələbəmizin rəmzi kimi yuxarı qaldırıldı.

Alqışlar qopur. Zamanın imkan verdiyi qədər sözümü demişəm. Qarabağ müharibələrinin yalnız son dövrün deyil, 100 ildən artıq Azərbaycan tarixinin, dövlətçiliyinin və xalqının ən ağrılı, eyni zamanda şərəfli səhifələri olduğu anlamını qavradıqları, məğlubiyyətlər, faciələr, acılarla yanaşı Qələbə təntənəsinin aşıladığı hissləri yaşadıqları gənclərin ciddi, sərt, qayğılı, duyğulu simalarından bəlli olur. Ayağa qalxmağı və Cümhuriyyət dövrü, I və II Qarabağ müharibələrində həlak olmuş şəhidlərimizin xatirəsini sükutla anmağı təklif edirəm. Hamı qalxır, hətta ətrafda olan işçilər, təşkilatçılar da durduqları yerdə donur, bu Müqəddəs Sükutu bütün Şuşa eşidir.

Daha sonra əyləşməyərək, bu iki gündə tarixə baxışımızı, bu günümüzə və gələcəyə inamımızı nikbinliklə, həmin rəmz və məşhur deyimlə bitirməyi xahiş edirəm. Nə demək istədiyimi dərhal anlayırlar, hamı yumruğunu havaya qaldırır və “QARABAĞ AZƏRBAYCANDIR !” hayqırır. Şuşa bu hayqırtını da eşidir...

***

Epiloq əvəzi

Səfərimizin “rəsmi” hissəsi bitib. Yoldaşlarla birgə Şuşanın “görməli” yerlərini gəzirik, dağıntılarla dolu məhəllələri... Amma gənclərin son hayqırtısındanmı, şəhərdəki qələbəlikdən və Azərbaycan dilinin səslənməsindənmi, ətrafda gedən geniş tikinti-abadlıq işlərindənmi, nədənsə gördüklərimə artıq bu günkü reallıqdan baxmağa başlayıram. Bu səslərlə yəqin ki, sükutu pozulmuş Şuşanı eşitmək istəyirəm və elə bil eşidirəm də. Çünki qənbər daşlar döşənmiş tarixi küçələrlə addımladıqca məşhur “Şuşa, sən azadsan!” şüarını məlum fakt kimi artıq yalnız şüurla deyil, bütün varlığımla qavrayıram.

Həsən Həsənovun və Vilayət Quliyevin xanımları – Aybəniz xanım və Şəhla xanım- hər ikisi Qarabağın tanınmış, əsl-nəcabətli nəsillərindəndir. Şuşanı tam fərqli bir hissiyyatla gəzirlər, ata-baba yurdlarını axtarırlar, tapırlar... Daha bir məşhur “Şuşa, biz qayıtdıq!” şüarını da məhz öz doğma ocaqlarına qayıtmış bu xanımların timsalında bütün vücudumla, dərimlə hiss edirəm.

Şuşa azaddır!

Şuşaya qayıtmışıq!

İndi bu dağıdılmış, viran qoyulmuş Şuşanın özünü özünə qaytarmaq lazımdır.

Bu işi hamımız, elliklə görməliyik. Hər kəs öz sahəsində. Biz tarixçilər, etnoqraflar, arxeoloqlar, memarlar tarixi Şuşanın əvvəlki simasını əldə olan mənbələr, xəritələr, sənədlər, xatirələr əsasında bərpa etməli, şuşalı görkəmli Simaların bu şəhərdəki izlərinə, evlərinə, yurdlarına yeni nəfəs verməliyik.

Bu sahədə ilk təcrübənin əsasını artıq Böyük Bülbülün oğlu Polad Bülbüloğlu qoyub. Öz ata-baba yurdunu, Bülbülün bu şəhərdəki mülkünü – ev-muzeyini bərpa edib, bu evin qarşısındakı geniş çəmənlikdə musiqi festivalları keçirmək üçün təbii konsert “zalı” – səhnəli meydan qurub. Həmin günlər bu məkanda Muğam müsabiqəsinin yekun konserti keçirilirdi və Qarabağ şikəstəsinə Bülbülün Şuşadakı evində qulaq asmağın verdiyi zövq, Qarabağ bəylərini xatırladan Polad bəyin oxuduğu xalq mahnılarının oyatdığı hisslər sözlə ifadə ediləsi deyildi...

Sözümün sonunda bizə Şuşa səfərini yaşatmış Diasporla İş Üzrə Dövlət Komitəsinə, Fuad Muradova və bütün əməkdaşlara dərin təşəkkürümü bildirirəm. Bu Komitənin kifayət qədər gənc, işgüzar, enerjili kollektivi bəlkə də dünyaya səpələnmiş Azərbaycan gəncliyini Vətənin tarixi şəhərlərində bir araya gətirməklə, onları bir-biri ilə və ölkənin siyasi, diplomatik, elmi, iqtisadi, ictimai, mədəni sahələrini təmsil edən mütəxəssislərlə görüşdürməklə nə qədər mühüm, gələcəyə ünvanlanmış işlər gördüklərinin tam dərinliklərinə varmır. Yay düşərgələrinə dünyanın 50 ölkəsindən Vətənə bağlı, tarixini bilən, elmlə, siyasətlə maraqlanan, savadlı, ağıllı, ciddi, məsuliyyətli, ictimai aktiv gənclərin seçildiyi də göz qabağında idi və bu məqamı ayrıca paneldə iştirak edən görkəmli diplomatlarımız və XİN yüksək səlahiyyətli əməkdaşları da vurğuladılar.

Şuşanı xüsusi ovqatla tərk edirik.

Yolların artıq açıqdır, Şuşa, gələnin-gedənin nə çox...

Sinənə bir daha çarpaz dağlar çəkilməsin...

Tarixi sükutunu eşitmiş Azərbaycan gəncliyi sənin bu günkü səs-sorağını dünyaya yayacaq, keçmiş şöhrətini yenidən qaytaracaq, artıracaq...

 





12.08.2022    çap et  çap et