525.Az

Tahir Gözəl "Qarabağ" "Ferentsvaroş"u 3:1 udacaq" dedi, mən yazmadım...


 

Tahir Gözəl "Qarabağ" "Ferentsvaroş"u 3:1 udacaq" dedi, mən yazmadım...<b style="color:red"></b>

Budapeştə səfərimin ilk günüdür. "Qarabağ"la birgə şəhərin mərkəzindəki 5 ulduzlu "Kempinski" otelində məskunlaşmışam. Düzü, həm yuxusuzluğuma, həm də yol yorğunluğuma görə bir az dincəlmək istəyirəm. Amma eyni zamanda ənənəvi vərdişimdən də əl çəkmək fikrində deyiləm - ilk dəfə olduğum bu şəhəri saatlarla gəzmək, onun tarixi, memarlığı, mədəniyyəti, insanları, bu qədim paytaxtın qanı, ruhu ilə tanış olmaq.

Hələ avqustun 8-dir, axı. Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Ferentsvaroş"la ağır cavab oyununa 1 gün qalır. Düşünürəm ki, Qurban Qurbanovun axşam saat 18:40-a nəzərdə tutulan uzağı 20 dəqiqəlik mətbuat konfransında iştirakdan sonra tam sərbəst olacağam. Amma bu yerdə onu xüsusi qeyd edim ki, Budapeştə heç jurnalist kimi də getməmişəm. Dostca səfər deyək. Odur ki, "Qarabağ"dakı dostlarım Emrah Çelikellə Asif Əsgərovun adətən, belə səfərlərdə mənə ərklə dedikləri bir söz var: bu yazı-pozunu bir kənara qoy, dincəl, səfərin dadını çıxar.

Və mən elə də etməyə çalışıram. Günorta Budapeştin mərkəzindəki bir gözəl restoranda oturub, isti havada buz kimi italyan pivəsi sifariş edirəm. Elə onda yadıma Bakı düşür. Pivə üçün məzələrin kralları, bəli, məhz bizdədir. Bizimlə müqayisə etsək, burda heç məza yox imiş ki. Yalnız araxis, çipsi... İkinci bakal pivəni sifariş edəndə Gündüz Abbasdzadən zəng gəlir:

-  Qaqaaaaaa....

Gündüzü uzun illərdir tanıyıram. "Qarabağ"da fəaliyyətə başlayandan sonra isə daha yaxından tanımışam. Və bilirəm ki, əgər o, mənimlə danışanda "qaqa" sözünün sonundakı hərfi rezin kimi uzatdısa, deməli, işlə bağlı nəsə sözü olacaq ki, elə də olur.

- Bir xahişimiz var. Axşam Tahir bəy gəlir. Aeroporta bizimlə gedə bilərsənmi? Qısa bir müsahibə üçün...

lll

Axşam saat 21:30-da "Qarabağ"ın prezidenti hava limanının çıxışında görünür.

Tahir Gözəl. Düzü, son illərə qədər onunla yaxınlığım olmayıb. Gərək ki, 2018-ci ildə "Qarabağ"ın bazasında geniş bir müsahibə vermişdi mənə. O vaxtdan aramızda səmimiyyət yarandı. Lakin o müsahibəyə olmuş iki hadisəni siz oxucularla da bölüşmək istəyirəm.

Bir. "Qarabağ" 2017-ci ildə Çempionlar Liqasının qrupunda düşəndən sonra Türkiyədə bir qala tədbir keçirilmişdi. Həmin tədbiri TV-dən izləyəndə onun yüksək natiqliyi, publikanı ələ almaq bacarığı məni sözün həqiqi mənasında, heyrətləndirmişdi. Çıxışına isə böyük şairimiz Nəsiminin beyti ilə yekun vurmuşdu.Onda ha fikirləşmişdim ki, bizim azərbaycanlı klub prezidentlərindən kiminsə kitaba, ədəbiyyata belə marağı varmı, iki misranı yan-yana qoşub deyə bilərmi? Elə biri ağlıma nə o vaxt gəlmişdi, nə də indi gəlir...

İki. Anatoli Banişevskidən bir yazım var idi. Təklif etmişdim ki, AFFA-nın Bakıdakı 4-5 stadionundan birinə - məsələn "Bayıl Arena" və ya  "Dalğa Plaza"ya bu böyük futbolçumuzun adını verib onun əziz xatirəsini əbədiləşdirmək olar. Yaxud Banişevskinin ömrünün sonuna qədər bağlı olduğu "Neftçi"nin stadionunun önündə heykəlini qoymaq mümkündür. Heç birinin vecinə də olmadı. AFFA prezidenti Rövnəq Abdullayev isə məsələyə tipik alverçi, bazar adamı prizmasından yanaşdı. Mətbuat konfransında həmkarımın bununla əlaqədar sualına cavab olaraq dedi ki, o arenaların adı satışdadır, kim istəyirsə, pulunu verib, lap atasının adını qoysun. Mən indinin özündə də güman edirəm ki, o hadisəyə qədər Rövnəq Abdullayev Anatoli Banişevskinin kimliyindən də xəbərsiz olub. Bəlkə də elə indinin özündə də xəbərsizdir. Ona görə həm də Rövnəq Abdullayevin zəkası ilə idarə olunan Azərbaycan futbolunun bu gündə olmasında qeyri-adi nəsə axtarmamalıyıq.

Soruşa bilərsiniz ki, bəs Tahir Gözəlin Banişevski ilə nə əlaqəsi? Axı, o, "Neftçi"nin yox, onun əzəli rəqibi "Qarabağ"ın prezidentidir. Özü də o, Azərbaycanda doğulmayıb, bura gəlmə iş adamıdır. Amma həmin yazıya nümunəvi reaksiyanı məhz Tahir Gözəl vermişdi. Aramızda heç bir şəxsi tanışlığımız, o vaxtadək həyatda bir dəfə də rastlaşmadığımız halda mənim yazımla əlaqədar AFFA-nın baş katibi Elxan Məmmədova zəng etmiş, Banişevskinin adının stadionlardan birinə verilməsinin önəmini vurğulamışdı.

Mən bunları ona görə qeyd edirəm ki, bir insanın mədəniyyəti, ləyaqəti, alicənablığı, dəyərlərə sahib çıxmaq bacarığı onun hansı ölkədə yaşaması, böyüməsi, hansı ölkənin vətəndaşı olması ilə ölçülmür. Qanında, genində, ruhunda nədirsə, o da ortada olur, gec-tez ortaya çıxır.

Bugünkü "Qarabağ" klubunda olduğu kimi.

lll

Düzü, həm özümün yorğunluğuma, həm də Tahir Gözəl uzun yolçuluqdan gəldiyinə görə onunla ayaqüstü, heç 3 dəqiqə də çəkməyən bir açıqlama alıram. Təbii ki, suallar avqustun 9-da olacaq "Ferentsvaroş" - "Qarabağ" oyunu ilə bağlıdır. Soruşuram ki, sabahkı oyuna proqnozunuz nədir? Cavab verir ki, "Qarabağ" 3:1 hesabı ilə udacaq.

Özlüyümdə deyirəm ki, 3:1 sanki çox oldu. Amma mən yazı üçün məhz bu proqnozu baslıq kimi düşündüyüm halda Emrah Çelikel nəzakətlə deyir: "Qardaş, o proqnozu bəlkə yazmayaq?!"

Onu anlamağa çalışıram. Axı, bunu bir futbol mütəxəssisi söyləsə, komandaya elə bir təsiri olmaz. Amma əgər belə cəsarətli proqnozu mühüm oyundan əvvəl klub prezidenti verirsə, bu, istər-istəməz futbolçularda müəyyən arxayınlaşmaya, fikrin oyundan uzaqlaşmasına  gətirib çıxara bilər. Həm də birdən "Qarabağ" sabah uduzsa necə olacaq? İctimai təpki məsələsi... Bu kiçik bir detalın belə komandaya mümkün təsirini nəzərə alıb, proqnozu yazmıram.

Amma "Qarabağ" prezidentinin uzaqgörənliyi özünü doğruldur. Komanda 3:1 hesablı əla bir qələbə qazanaraq ÇL-in "pley-off"una yüksəlir. Matçdan sonra Tahir Gözəllə rastlaşəb təbrikləşəndə hər ikimizin yadına o proqnoz düşür. Gülümsəyirik...

"Gec olsa da, həmin proqnozu Bakıya qayıdandan yazacam" deyib ondan daha bir proqnoz alıram. Amma indi həmin proqnozu da yazmıram. Necə deyərlər, hər şeyin zamanı var...

Budapeşt-Bakı

 

 





13.08.2022    çap et  çap et