525.Az

İsveç və Finlandiya öhdəliklərindən yayınır 


 

ANKARA NƏ EDƏCƏK?

İsveç və Finlandiya  öhdəliklərindən yayınır <b style="color:red"></b>

İsveç və Finlandiya NATO-ya daxil olmaqla bağlı üzərlərinə götürdükləri öhdəlikləri hələ də yerinə yetirməyiblər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir neçə gün əvvəl bəyan etdi ki, Skandinaviya ölkələri Ankara ilə razılaşmalar üzrə hələlik konkret addımlar atmayıb. Onun sözlərinə görə, problemin müzakirəsi üçün üç ölkənin birgə komitəsinin ilk iclası avqustun 26-na planlaşdırılıb.

Məlumat üçün bildirək ki, iyunun 28-də Türkiyə İsveç və Finlandiyanın NATO-ya dəvət edilməsinə qarşı etirazını geri götürüb. Madriddə üç ölkə arasında imzalanan memoranduma əsasən, Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyir, PKK və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı, terrorla mübarizə üzrə milli qanunvericiliyə düzəlişlər etmək öhdəliyini üzərlərinə götürürlər. Finlandiya və İsveç Türkiyənin təqdim etdiyi məlumatlar, sübutlar və kəşfiyyat məlumatları nəzərə alınmaqla, terrorda şübhəli bilinən şəxslərin deportasiya və ya ekstradisiya tələblərinə tez bir zamanda baxacaq. Bundan əlavə, İsveç və Finlandiya Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərini qaldıraraq əməkdaşlığı artıracaq.

İyulun 5-də Finlandiya və İsveç NATO-ya üzvlük protokolunu imzalayıb. İsveç və Finlandiya Alyansa o vaxt qəbul edilə bilər ki, NATO üzvü olan bütün ölkələrin parlamentləri bu qərarı ratifikasiya etsinlər.

Xatırladaq ki, bu həftə ABŞ prezidenti Co Bayden iki ölkənin NATO-ya qoşulma protokollarını imzalayıb. Bundan əvvəl isə protokollar ABŞ Senatı tərəfindən ratifikasiya olunub. Məlumata görə, artıq NATO-nun 30 ölkəsindən 23-ü Skandinaviya dövlətlərinin Alyansa qoşulmasına rəsmən razılıq verib.

Bəs bu iki dövlət Türkiyə ilə imzalanmış memoranduma əməl etməsə, nə baş verəcək? Ankara onların NATO-ya qoşulmasına veto qoyacaq?

Mövzu ilə bağlı "525"ə danışan ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib ki, İsveç və Finlandiya sadəcə PKK-ları deyil, eyni zamanda FETÖ-çuları da təslim etmir: "Təbii ki, bu ölkələrdə söz azadlığı adı altında daha əvvəl qəbul edilmiş qanunlar başqa ölkələr əleyhinə fəaliyyət göstərən terrorçuların rahatca yaşanmasına icazə verir. Dolayısı ilə daxili qanunvericilikdə bir sıra dəyişikliklər etməlidirlər. Onlar terrorçuların sığınacaq alması, yaşaması, təlim almaları üçün hər cür imkan yaradırlar. Türkiyənin tələb etdiyi PKK, PYD və FETÖ mənsubları dərhal təhvil verilməlidir. Amma təbii ki, bunun İsveç və Finlandiyanı çətin duruma salacağını bildikləri üçün bu addımı atmaqdan yayınırlar. Əvəzində onlar terrorçuların ölkəni tərk etməsinə şərait yaradacaqlar".

General deyib ki, daha əvvəl Türkiyə dəfələrlə bəyan edib ki, iki ölkə NATO-nun Baş katibinin iştirakı ilə imzaladıqları anlaşmaya əməl etmədiyi təqdirdə, Türkiyə bu dövlətlərin Alyansa üzv olmalarına razılıq verməyəcək: "Bir neçə gün əvvəl ABŞ prezidenti Co Bayden NATO-ya üzvlüklə bağlı protokolları imzaladı. Lakin NATO üzvü olan 30 ölkədən ən son o sənədi imzalayacaq olan Türkiyədir. Ankara iki dövlətin sözlərini yerinə yetirəcəklərini gözləyir".

Y.Karauz söyləyib ki, imzalanan memoranduma əməl etməsələr, terrorçular üçün təlim mərkəzi, sığınacaq yeri olmaqda davam etsələr, Türkiyə Böyük Millət Məclisi bunu təsdiqləməyəcək:

"Finladiya və İsveçin Alyansa üzvlüyə qəbul edilməsi ilə bağlı məsələni sadəcə Türkiyə-İsveç-Finlandiya əlaqələri kontekstində dəyərləndirmək olmaz. Buna Türkiyənin ABŞ-la münasibətləri baxımından da diqqət etmək lazımdır. Türkiyənin S-400 zenit-raket kompleksi almasına görə ABŞ onu F-35 proqramından çıxardı. Ankara isə hava müdafiəsini gücləndirmək üçün moderenləşmiş F-16 qırıcı təyyarələrini almaq istəyini artıq ortaya qoyub. ABŞ prezident Bayden NATO-nun Madrid zirvəsində buna müsbət yanaşdığını deyib və topu ölkənin qanunvericilik orqanı və siyasi mexanizminə ötürüb. Mən F-16-ların Türkiyəyə verilməsinin İsveç və Finlandiyanın NATO-ya daxil olması məsələsinə tam bağlı olduğunu düşünmürəm. Sadəcə bu, ABŞ-la Türkiyə arasındakı mövcud problemlərdən biri ola bilər. Suriyada terror dövlətinin qurulması cəhdi, İraqda terrorçulara verdiyi dəstəyi azaldaraq, Vaşinqton Türkiyəyə tətbiq etdiyi embarqoları aradan qaldırmalıdır. Sadəcə F-16 təyyarələri Türkiyənin qərarının dəyişməsinə səbəb ola bilməz".

General avqustun 26-na planlaşdırılan görüşdən də danışıb. Onun sözlərinə görə, qısa zamanda nəticə gözləmək düzgün deyil: "Bu ölkələr dediyim kimi, daxili hüququ bəhanə edərək terroçuların bölgə xaricinə çıxmalarını təmin edəcək. Daha sonra fərqli bir şəkildə yeni nizam qurmağa çalışacaqlar. Ona görə də bu görüşlərdən qısa zamanda bir nəticə gözləmək mümkün deyil. Yenə bir sıra fikirlər ifadə ediləcək və orta səviyyədə qarşılıqlı razılaşmaya gəlinəcəyini düşünürəm".

 

 





13.08.2022    çap et  çap et