525.Az

Ermənistan seçim qarşısındadırsa... - Sosial şəbəkədə yazılanlar


 

Ermənistan seçim qarşısındadırsa... - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Aqşin Kərimov, jurnalist:

- Ordu mülki həyatdan tamamilə fərqlidir, orada istənilən qadağa qəbul olunur və olunmalıdır.

Dünyanın ordu sistemi belədir, bunun əksini deyən varsa, ya ordu sistemindən anlayışı yoxdur, ya da ki məqsədli şəkildə təhrifedici təsəvvürlər yaratmaq istəyir.

Əməliyyatlar zamanı isə qadağaların dozası dəfələrlə artır, şübhə dairəsi genişlənir, ətrafda baş verən hər bir hərəkətin hesabatı soruşulur.

İş o yerə çata bilər ki, dislokasiya edilən bölmələrin yanında var-gəl edən mülki şəxs də saxlanılaraq sorğu-suala çəkilsin.

Ordu rəhbərliyi əmr verirsə ki, çəkiliş olmaz, deməli, olmaz. Ordudakı şəxsi heyətin bu əmri müzakirə etməyə haqqı yoxdur və buna maksimum uymalıdır. 

Təəssüflər olsun ki, hərbçilərin özü də bir anlıq emosiyaların qurbanına çevrilir və sonda ordu sıralarından xaric edilir.

 

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Hamı foto-montajla "Təbrizin sehrli nağılları"nı oxuyur...

Hələ oxumamışam. Amma  20 il əvvəl, Təbrizə çox çətinliklə baş tutan bir səfərimi xatırlayıram.

Şəhərin girəcəyində "Təbriz səre-İran əst" (Yəni "Təbriz İranın başıdır") yazılı böyük transparant asılmışdı.

Bizi hava limanında qarşılayan ostandar Məhəmmədzadəyə "Yaxşı olardı ki, Təbriz bu tayda hər mənada Azərbaycanın başı olsun" - dedim.

Ostandar diplomatik və qonaqpərvərlik məharətini nümayiş etdirərək: "Nəxeyr, ağayi vəzir, hər iki tərəfdə başımız,  başımızın tacı əziz Bakıdır" - dedi. Bilmədim, bununla Təbrizlə işimizin olmaması mesajını verirdi, ya Bakı sevgisini bəyan edirdi...

 

Fazil Mustafa, millət vəkili:

- Erməni əsilli keçmiş Azərbaycan vətəndaşları yenidən vətəndaşlığımızı qəbul üçün müraciət edirlər. Buna adi bir müraciət kimi baxmaq lazım deyil. "Hiyləgərlik edirlər", "inanmaq olmaz" kimi ifadələrin də yeri deyil. Sadəlövh olmayaq, abdəst alıb müsəlman olacaq erməni axtarışında deyilik ki... Bizim hədəfimiz nədir, Azərbaycan vətəndaşlığını qəbul edən, onun qanunlarına tabe olan ermənilərin Qarabağda yaşamasına təminat vermək. Belədirsə, siyasi cəhətdən ağıllı davranmağa məhkumuq, belə bir tendensiyanın inkişafına imkan yaratmalıyıq. Fikrimcə, ilkin mərhələdə Qarabağın bizim nəzarətimiz altında olan erməni kəndlərinin birində Azərbaycan vətəndaşlığını qəbul edən erməniləri yerləşdirib, onlarla bağlı dünyaya təbliğatı çatdırmalıyıq. Bir erməni kəndi obrazı yaratmaq və birgəyaşayış modelini təqdim və təbliğ etmək. Yəni görürsünüzmü, vətəndaşlığımızı qəbul edən ermənilərlə hər hansı problemimiz yoxdur. Normal Azərbaycan vətəndaşı kimi yaşaya bilirlər. Təbii ki, hərtərəfli nəzarət mexanizmini düşünərək. İndilik ikidirlər, stimullaşdırsaq, sayları arta bilər. Buradan da Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər və terrorçu, yaxud da separatçı ermənilər ayrımını diplomatiyada daha sıx-sıx istifadə etməmiz mümkündür. Həm də təkcə diplomatiyada deyil.

 

Sənan Nəcəfov, jurnalist:

- "Ölkəni xilas etmək üçün Qarabağı qurban verəcəyik". bunu Ermənistan Siyasi Elmlər Assosiasiyasının icraçı direktoru Beniamin Poqosyan 1inTV Yutub kanalının efirində bildirib.

O, Ermənistanın seçim qarşısında qaldığını və ölkəni xilas etmək üçün Qarabağı qurban verməyə məcbur olduğunu bildirib. Ermənistan guya hərbi şantaj və müharibə ilə hədələnir.

"Azərbaycanı qəzəbləndirməmək üçün biz hər cür qəti addımlardan qaçırıq. Ermənistan seçim qarşısındadırsa: ya Qarabağı qurban verin, ya da Ermənistanı xilas edin, biz Qarabağı qurban verməyə məcburuq".

 

Asif Nərimanlı, jurnalist:

- Laçın dəhlizi Qarabağda qalan ermənilər üçün yol olmaqla yanaşı, həm də qaz, elektrik, internet xətlərinin keçdiyi infrastruktur marşrutudur: dəhliz bu kommunikasiya xətlərinin olmadığı yeni yola köçürüldükdən ermənilər bundan məhrum olacaq;

Elektrik enerjisi: müharibədən sonra separatçıların işğal dövründə nəzarət etdiyi 31 SES-dən 29-u ordumuzun nəzarətinə keçib; elektrik təminatı böyük ölçüdə Laçın dəhlizi üzərindən təmin edilirdi; separatçılar "alternativ"lərinin olduğunu iddia etsə də, 2 SES-lə təmin etmək çətin olacaq;

Xankəndidə elektrik enerjisinin verilməsində fasilələrin yaranması da bunu deməyə əsas verir; şəhərin elektrik enerjisinin müəyyən hissəsi də Şuşa yarımstansiyasından verilir;

Təbii qaz: bu ilin mart ayında Xankəndinin qaz təminatında yaranan problemdən sonra Azərbaycan bu istiqamətdə nəzarətini gücləndirdi; Laçın dəhlizindən keçən qaz infrastrukturunun dayanması isə bu məsələdə də ermənilərin ciddi çətinliklə üzləşəcəyindən xəbər verir;

Dəhlizin istiqamətinin dəyişməsindən sonra ermənilərin qaldığı ərazilərin onlar üçün yaşaması mümkün olmayan torpaq parçasına çevriləcəyi perspektivi aydın görünür. Və bu, ermənilərin ya getməsi, ya Azərbaycan vətəndaşı olması seçimini sürətləndirə bilər. Çoxluğun birinci seçimi edəcəyi ehtimalı daha böyükdür.

lll

Zabuxdan çıxan qondarma "erməni icması"nın rəhbəri Andranik Çavuşyan Xankəndidə qalacaq: onunla birlikdə 7 ailə də separatçıların olduğu bölgəyə köçəcək;

Çavuşyan 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabux kəndinə köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb.

 

İlham Əzizov, yazıçı:

- Azərbaycan hakimiyyəti dünən Aşura mərasimlərinin keçirilməsinə icazə verdi. İcazə öz yerində, hətta bu ayinlərin keçirilməsinə texniki, insani yardım göstərdi. Ona görə ayinlər ölkənin dörd bir yanında insidentsiz, sakit başa çatdı. Yüz illər boyu davam edən bu ayinlərə öz hörmət və ehtiramını göstərdi. Bu hakimiyyəti antidemokratik sayan "sözdə demokrat"lar neçə gündü insanların dini hüquqlarına hörmət qoymur, olmazın həqarətlər edirlər (Əlbəttə, hamısı yox).

Amma bir hakimiyyət nümayəndəsi buna qarşı çıxmadı. Əziz liberal və demokratlar, demokratiya tək sizə sərf edəndə olmur, başqalarının da hüquqlarına hörmət edəndə bərqərar olur. Siyasəti sevmədiyiniz hakimiyyətdən öyrənin.

 

Xaqani Səfəroğlu, jurnalist:

"Aztelekom" internetin qiymətini qaldırıb. Müştərilərdən xəbərsiz.

15 manat ödədiyimiz internet üçün qəfildən 20 manat istəyirlər.

Heç soruşan da olmayıb ki, ay oğul, ay vətəndaş, istəyərsənmi sənin - küləkli Bakı sakininin internetinin qiyməti qalxsın? Adama deməzlər ki, qiymət qalxıb? Bəlkə mən xidmətdən imtina etdim? İstəmədim?

Pulu da əvvəlcədən alırlar. Keyfiyyətdə heç bir dəyişkilik yoxdur. Keyfiyyət bir yana, müştəridən xəbərsiz qiyməti necə qaldırmaq olar?

 

Nihat Pir, yazar:

- Hacıbaba Hüseynovun dəfi satışa çıxarılıb. Alıcılardan biri də Milli İncəsənət Muzeyi olub. Fikirləşiblər ki, yəqin, bizə pulsuz verərlər. Rəhmətliyin nəvəsi də dəfi 150 minə satdığını deyincə İncəsənət muzeyi açıqlama yayıb ki, "Bizə heç kəsin dəfi lazım deyil".

 

Mehriban Zeynalova, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri:

- Yevlaxda arvadına hirslənən kişi, evini odlayıb, nəticədə 300 nəfər evsiz qalıb... Niyə yazdım bunu? Belə çıxır ki, o üç yüz nəfər zorakılığın qurbanı olub. Bəzən zorakılığın sərhədləri bilinmir, onun fəsadı, acısı, fəlakəti görünmür. Amma bu hadisədə, real 300 nəfər zorakılığın qurbanına çevrilib.

 

Fərhad Mehdiyev, professor:

- Abşeron yarımadasında şam ağaclarında xəstəlik yayılır və ağaclar buna görə quruyur. Hal-hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəstəliyin tam olaraq müəyyən edilməsində lazımi cəhdləri etdiyini müşahidə edə bilmirik.

Nazirliyin əməkdaşları xəstə ağacları budamaqla, sonra budadıqları qol qanadları xüsusi şəkildə məhv etmədikləri üçün adını demək istəməyən bir mütəxəssisin fikrinə görə, hətta xəstəliyin yayılmasına səbəb olurlar.

Ağaclarda olan xəstəliyin növü və dərmanların tapılması üçün təcili tədbir görülməsə, Abşeron yarımadasında bütün şam ağacları quruya bilər və bu xəstəlik respublikanın digər rayonlarına da keçər, zatən az sayda olan yaşıllığımız daha da azala bilər. Ümid edirəm ki məsələyə lazımi diqqət ayrılacaqdır.

 

Qismət Rüstəmov, şair:

- Yadıma gəlir, Orxan Pamuk bir müsahibəsində demişdi ki, qırx ildir mənim qrammatikamı düzəltməyə çalışırlar. Bir dəfə İstanbulda da bu məzmunda mübahisəyə düşmüşdüm, qatı millətçi bir türk abimiz mənə israrla isbat etmək istəyirdi ki, Pamuk ümumiyyətlə yaza bilmir. Soruşmuşdum ki, Pamukun ilk romanı "Cövdət bəy və oğulları" çapdan çıxanda o vaxtın ən hörmətli tənqidçisi Fethi Naci romanı hər cəhətdən bəyənib ən sevdiyim 20 romandan biridir deməmişdi? Noldu, adam 27 yaşında türkcə bilirdi, sonra dili korlandı? Ancaq mübahisənin kökü bu cür üzdə deyil. Son vaxtlar bizdə də dilə qarşı analoji şəkildə mühafizəkar, radikal, bəzən faşizanlığa varan təəssübkeşlik nidaları yüksəlir. Obrazlı desək, qloballaşma dövründə, artıq həyatın təbii ritmi olan qəbuletmə/ötürmə, təsirə düşmə/təsirə salma erasında Azərbaycan dilinin quru sərhədlərini qrammatik normalarla "bağlamaq" faydasız işdir. Çox yox, 50 il bundan qabaq həyatımızda "oxuya bilmirəm, səs at" kimi bir ifadə yox idi və yəqin ki, təsəvvür də edilmirdi, indi isə var, heç kim üçün təəccüblü deyil. Dildəki ənənəvi normalardan sapma kimi görünən qırışları ütüləyib dümdüz etmək, hər şeyi bircürləşdirmək bizi yeni əsrin ritmiylə ayaqlaşmağa qoymur. Ədəbi dil xeyli dərəcədə auntentik məsələdir, yəni stilistik vahidlər, məsələn, ritm hissiylə bağlıdır, burada yeni qayda köhnənin əsirliyindən çıxmadan yaranmır. Tutalım, Joze Saramaqo tamamilə durğu işarələrindən istifadə etmədən yazıb, bizim dilə onun əsərləri dilimizin qayda-qanunlarına əsasən çevrilib, nöqtəsi-vergülü yerində. Ancaq Saramaqonun oxucuya sonsuz azadlıq bəxş edən, öz nəfəsini harda dərməyi oxucunun özünə buraxdığı üslub, ritm yoxa çıxıb. Dilə münasibətdə də sənaye öncəsi dövrün reflekslərindən xilas ola bilmirik, ona görə də nöqtə-vergül davasında, şəkilçi savaşlarında qocalıb gedirik...

 

İntiqam Yaşar, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı:

- Metronun İçərişəhər stansiyasının qarşısında olan bulaqlardan hər gün su axır. İfrat israfçılıqdan başqa bir şey deyil. Olmazmı ki, o su borularının ucuna bir açıb-bağlama elementi əlavə oluna, kim istəsə içsin və bağlasın?

 





13.08.2022    çap et  çap et