525.Az

Minacat - Hikmət Əbdülhəlimov yazır


 

Minacat - <b style="color:red"> Hikmət Əbdülhəlimov yazır</b>

Xalq şairi Bəxtiyar Vahabzadənin unudulmaz xatirəsinə ithaf olunur.

 

2000-ci ilin payız günlərinin birində axşamüstü Bakının Yasamal rayonunun Zərdabi küçəsində, keçmişdə Zərgərlik zavodu kimi tanınan binanın qarşı tərəfində "QAZ-31" markalı minik avtomobili dayandı. Sürücünün yanında oturmuş ixtiyar sinnində olan Xalq şairi avtomobildən düşən yoldaşına müraciətlə:

- Hikmət, zurnaçı Ələfsərə həsr etdiyin radio verilişində qiymətli tapıntılar var, onların üzərində işləsən, daha dərinə gedə bilərsən - deyərək vidalaşıb yoluna davam etdi...

Dörd yüz kilometrədək məsafəni qət edərək yol yorğunu olduğunu nəzərə alaraq, həm də utancaq təbiətimə uyğun olmadığına görə mən təfsilata varmadım və bu tapıntıları nədə gördüyünü soruşmadım, lakin ani olaraq onun fikrini oxudum.

Əhvalat belə başlamışdı. Şairin doğma şəhəri Şəkidən Milli Məclis deputatlığına namizədliyi irəli sürülmüşdü. Şəkidə onunla görüşlər nəzərdə tutulurdu. Həmin görüşlərdə onunla olmağı alim-filoloq Ramazan Qafarlıya və mənə təklif etmiş, biz də məmnuniyyətlə razılaşmışdıq. Səhər saatlarında Şəkiyə yola düşdük. Mən yolda qulaq asmaq üçün maqnitofon lent yazılarını, xüsusən də şairin məşhur zurnaçı Ələfsər Rəhimovun (Şəkilinin) zurnada ifalarının vurğunu olduğunu bildiyimdən onun lent yazılarını da götürmüşdüm. Həmin lent yazılarının içərisində Respublika radiosunun birinci proqramında radio jurnalisti Nəsibə Balabəylinin redaktorluğu və mənim müəllifliyimlə "Xeyirə qənşər" verilişində efirə getmiş və geniş əks-səda yaratmış yarım saatlıq lent yazısı da vardı.

Biz Ramazan müəllimlə arxa oturacaqda, Bəxtiyar müəllim isə sürücünün yanında oturmuş, verilişə qulaq asdıqca arada başını arxaya çevirərək məmnunluğunu bildirirdi. Mən verilişə şairin hələ Ələfsərin sağlığında ona ithaf etdiyi şeiri da daxil etmişdim.

Şair radio verilişində Ələfsərin segah muğamına qulaq asarkən mənim səsləndirdiyim "Ələfsər zurnanın ecazkar səsilə daş ürəkləri yumşaldır, yumşaq ürəkləri kövrəldir, kövrəkləri ağladırdı" - sözündən sonra yenə başını arxaya çevirərək mənə razılıq işarəsini bildirdi. Biz Qobustan-Şamaxı yoluna çatanda yolun sağ tərəfindəki naməlum türk əskərinin qəbrini ziyarət etdik. Bu zaman o, əsəbi halda gileyləndi ki, bəs nəyə görə indiyədək qəbrin yanında onun sözlərinə yazılmış xatirə lövhəsini qoymayıblar... O, hər iki rayonun İcra Hakimiyyəti başçıları ilə görüşüb onlara ciddi narazılığını bildirərək bir neçə saat ərzındə mərmər lövhəni qoydurdu. Sonra yolumuza davam edib Şəkiyə gedərək bir neçə gün seçicilərlə görüşdən sonra Bakıya qayıtdıq. Şair doğma yurdu Şəkidən Milli Məclisə deputatlığa namizədliyinin verilməsindən qürur hissi keçirir, bunu etiraf edir, deyirdi ki, hələ Sovet dönəmində dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, lakin indi ilk dəfədir ki, millət vəkili kimi Şəkini müstəqil respublikamızın Milli Məclisində təmsil edəcək.

Zaman, vaxt keçdikcə şairin - "Hikmət, Ələfsərə həsr etdiyin radio verilişində qiymətli tapıntılar var, onların üzərində işləsən, daha dərinə gedə bilərsən" - sözləri yadımdan çıxmırdı, bir Ustad tövsiyəsi və vəsiyyəti kimi sanki yaddaşıma həkk olunmuşdu. Və mən onun düşündüklərini anladım. Onun məşhur "Muğam" poemasındakı:

Daş ürəklərdə yanıb,

daşları sındırdı muğam,

Haqqa düşmən olana

haqqı tanıtdırdı muğam

- sətirləri radio verilişində mənim səsləndirdiyim "Ələfsər zurnanın ecazkar səsilə daş ürəkləri yumşaldır, yumşaq ürəkləri kövrəldir, kövrəkləri ağladırdı" fikri bu misralarla səsləşirdi. Hər iki halda ürəyə, qəlbə müraciət olunur, onun sirli dünyasının açılmasına səy göstərilirdi. Birinci halda muğama müraciətlə, ikinci halda isə Ələfsərin zurnasının naləsilə Ulu Tanrıya ünvanlanan Minacatla... Bəli, şairin tapıntı kimi dəyərləndirdiyi də bu misralar və onların içində yaşayan gözəgörünməz ruhi, mənəvi dünyalar idi, qalırdı bu fikirlərin dalınca dərinə getmək...

"...daş ürəkləri yumşaldır..."

Ələfsərin zurnasının sehrli, insanın özünü özündən, huşunu əlindən alan səsi Böyük Yaradana - Cənab Haqqa müraciət, yalvarış, günahlarımızdan keçməsi üçün dildeməsi - Minacat idi. Özü də sözsüz, lakin sözün gücündən qat-qat təsirli, dərin mənalı, yanıqlı, düşündürücü, insan qəlbinin ən dərin qatlarından gələn hissləri Allah-Təalaya çatdıran səs. Bu səsə laqeyd qalmaq insan adını daşıyan, damarlarında türk qanı axanlar üçün qeyri-mümkün idi...

Yüksək vəzifəli məmur adəti üzrə qaş-qabaqlı, ifrat süni və ciddi görkəmlə köməkçilərilə salamlaşmadan "Zəng etmişdilər?" - deyə soruşaraq cavabı gözləmədən sifətlə kabinetinə daxil oldu. Ayaq üstə dayanmış, son dəblə geyinmiş katibəsi armudu stəkanda onun üçün dəmlədiyi çayı şefinin xoşladığı ağ gilas mürəbbəsilə gətirib qabağına qoydu. Artıq ixtiyar yaşına çatmış məmurun vəzifə sarıdan bəxti yaman gətirmişdi. Tikintidə iş icraçılığından böyük vəzifələrin ilk pilləsinə qədəm basanda tabeliyində olduğu rəhbər işçilərin xasiyyətini, psixologiyasını, zəif tərəflərini öyrənmək, onların xoşuna gəlmək düsturlarını mükəmməl mənimsəmişdi. Rəhbərlərinin hər cür acı sözlərini, hətta təhqiramiz təhdidlərini də məmnunluqla qəbul etmişdi. Bunun müqabilində içində yığılıb qalmış qəzəb, kin dalğasını, buxarını tabeliyində olanların üstünə tökür, onları təhqir etməkdən, alçaltmaqdan həzz alırdı. Özü də effekti artırmaq üçün bunu hamının gözü qarşısında edirdi.

Deyirlər, dünyanın gözəgörünməz, əclaf qanunları var. Gələcək böyük məmur da bu yazılmamış əclaf qanunların mahiyyətini yaxşı mənimsəmiş, həyatını onun tələblərinə uyğun qurmuş, həmin qanunlar da onu öz ağuşuna alaraq zirvələrə qaldırmışdı. Xəyanət, satqınlıq, yalan danışmaq, verdiyi sözdən qaçmaq, riyakarlıq həyat qayəsinə çevrilmişdi. Nəfsinin həddi-hüdudu yox idi, gözü heç nədən doymurdu. Ən tragikomik görünən isə onun ailə üzvlərinə, qohum-əqrəbaya evinə halal çörək gətirdiyini utanıb-qızarmadan daim təlqin etməsi idi. Ərinin rüşvət və korrupsiya "mütəxəssisi" olduğunu həyat yoldaşının utanmadan fərəhlə, ucadan "bacarana baş qurbandır" ifadəsini işlətməsi də bu ailənin mənəvi tənəzzülündən xəbər verirdi. Onun familiyasını daşıyan doğmaları da, necə deyərlər, sonu görünməyən bostana düşmüş, sayəsində cah-cəlal içərisində kefə baxırdılar.

Düşüncəsi dolaşıq olduğuna görə nitqi, danışığı da dolaşıq idi. Buna görə də ictimai qınağa tuş olur, belə savadsızın yüksək vəzifələrə irəli çəkilməsinin, uzun illər "əvəzolunmaz kadr"   qiyafəsində böyük vəzıfələrdə qalmasının səbəbini bilənlər bilir, bilməyənlər isə mat-məətəl qalıqdılar.

Həlləm-qəlləm işləri bacarmayanları quru, fərasətsiz, vecsiz adlandırır, onun olduğu məclislərdə iztehza ilə "uzaq qohum" adlandırdığı büllür kimi saflıq və təmizlik rəmzinə bərabər tutulan qohumunun adının belə çəkilməsini qadağan etmişdi.  Varlı, imkanlı ailədə dünyaya gələn, ehtiyacın nə olduğunu bilmədən qayğısız böyüyüb boya-başa çatan bu məmur daş ürəkli, insani hisslərdən uzaq, xudpəsənd və şöhrətpərəst idi. İnsanları özündən maddi və mənəvi cəhətdən asılı vəziyyətdə saxlamaqdan həzz alır, onların taleyinə ağır zərbələr vuran əməllərdən belə çəkinmir, hətta bunu onların gözü qarşısında, utanmadan edirdi. Qısqanclıq və paxıllıq da öz yerində. Yalnız onun özü və ailəsi hamıdan yaxşı, cah-cəlal içərisində yaşamalı, hamı onlara həsəd aparmalı idi. Bəzən mənə elə gəlirdi ki, o, elə Allahın özünü də, ölümün reallığını da dərk və qəbul etmir. Di gəl ki, vəzifə və onun sayəsində oğurladığı var-dövləti özü, ailəsi və yaxın doğmaları üçün dağılmaz sipər olmuş, paxırlarını ört-basdır etmişdi.

Uzun müddət əyləşdiyi son vəzifə kreslosunda "əvəzolunmaz kadr" sayılırdı. Katibənin gətirdiyi çay stəkanına əlini uzadanda gözü xidməti telefonların yanına qoyulmuş "Panasonik" əl radiosuna sataşdı. O, çox nadir hallarda radioya qulaq asardı. Rişxəndlə deyərdi ki, radionun dövrü keçib. Radioya çəkməçilər, yamaqçılar, saatsazlar, pensiyaçılar qulaq asırlar. O, düyməni basan kimi radionun "xeyirə qənşər" proqramında efirdə gedən məşhur zurnaçı Ələfsərə həsr olunmuş verilişi eşitdi. Qəlbləri lərzəyə gətirən zurnanın naləsi onu da ağuşuna aldı, vəzifə və var-dövlət sahibi olmamışdan əvvəl əli, ayağı yalın insan kimi dünyaya gəldiyini, insan olduğunu, insanlığa qayıtmalı olduğunu yadına saldı. Ələfsərin zurnanın dili ilə səsləndirdiyi Minacatı ona Böyük Yaradanın varlığını, dünyanın faniliyini, ölümün labüdlüyünü xatırlatdı. Məmur zurnanın naləsindən məst olmuşdu, telefon zənglərinə də cavab vermirdi... Katibə çayı təzələdi, telefonla zəng edənlərin siyahısını masanın üstünə qoydu. Lakin o, bütün bunlara heç reaksiya da vermədi. Minacat onun qəlbində bütün həyatı boyu yatıb qalmış hissləri oyatmışdı. Dərindən köks ötürüb, fikrə getdi. Deyəsən, vicdanı oyanmağa başlamış, ondan haqq-hesab istəyirdi. Və həmin gündən, həmin saatdan Minacatın səsi qulaqlarından getmədi, həyatına hakim kəsildi. Minacat onun həyatını əlindən almış, daş ürəyini yumşaltmış, kim olduğunu, insan kimi həyatdakı qayəsini ona anlatmışdı. Daşürəkli bu adamın ürəyi yumşalmağa başlamışdı. Bunu onunla ünsiyyədə olanlar da hiss etmişdilər, lakin səbəbini anlaya bilmirdilər. Dünyanın fani, "gəlimli-gedimli, son ucu ölümlü"  olduğunu, var-dövlətin sonda onu yığanın qəniminə çevrilməsini dərk etməyə, bununla da təşviş keçirməyə, qorxu içərisində yaşamağa başlamışdı. Günahlarını yumaq üçün qurbanlıq qoyunlar kəsdirərək kasıblara payladır, bəzilərinə əl tutur, hətta bəzi qohum və dostlarının yas mərasimlərinin xərcini də öz üzərinə götürürdü. Bu əməllərdə onun ürəyinin yumşaldığına işarə verən əlamətlər olsa da, hər halda köhnə şakəri - şöhrətpərəstliyi də öz işini görürdü. Ürəyi yumşalmış məmurun tutulduğu günah xəstəliyindən tamamilə sağalmasının dərmanını isə böyük alim Bəyazid Bistani verir. Günah xəstəliyinin dərmanı: Tövbə kökü ilə peşmanlıq yarpağını qarışdır. Qəlb həvəngində iman həvəgdəstəsi ilə döy, insaf ələyindən keçirib gözyaşı ilə yoğur, sonra da eşq təndirində bişirib, hər səhər - axşam bol-bol ye. Onda sənin xəstəliyindən əsər-əlamət qalmaz...

"...yumşaq ürəkləri kövrəldir..."

Ələfsərin qara zurnanın naləsilə insanları ovsunladığı Minacata qulaq asanlardan biri də ürəyi yumşaq bir insan kimi tanınan əməlisaleh birisi idi. Yaşadığı uzun ömür ərzində günah işlərdən uzaq olmuş, başqalarının səhv, nöqsan və qüsurlarını müşahidə edib, təhlil apararaq özü üçün həyati nəticələr çıxarmışdı. Yetimin, kasıbın hayına hay verər, onlara imkanı çatana qədər əl tutar, maddi və mənəvi köməklik göstərər, xeyir və hüzür məclislərində fəal iştirak edər, kimsəsizin dəfnini yola verərdi. Ürəyi yumşaq insan kimi o, sadəlik simvolu olub, haqq və ədaləti müqəddəs sayırdı.

Ürəyi yumşaq insan Ələfsərin zurnasının səsi ilə Cənab Haqqa ünvanlanan Minacatın təsirindən qəhərlənmişdi, özünü ağlamaqdan birtəhər saxlayırdı. Musiqinin təsirindən həyat ona bir gecənin yuxusu kimi gəldi, oyandıqda artıq hər şeyin ötüb keçdiyini gördü. Təsəllini hədər yaşanmayan ömrünü insanlara yaxşılığa həsr etməyində, onlara həmişə sevgi ilə yanaşmağında görürdü. Minacat isə hələ də onu öz ağuşunda saxlayaraq qəhərləndirir, kövrəldir, düşündürürdü...

Daşürəkli məmur bəlkə indi, Minacatın təsirindən sonra yumşaq ürəkli insanın ruhi, mənəvi dünyasını dərk edə, dəyərləndirə bilər, özünün yaşadığı ömrün hədər getdiyinə təəssüflənərdi.

"...kövrəkləri ağladırdı..."

Minacatın sehrli dünyasına düşənlərdən biri də təbiətən kövrək ürəkli ixtiyar yaşında bir insan idi. Onu kövrək ürəkli edən həyatın sərt, məşəqqətli, qəddar üzü olmuşdu. Üç yaşında olarkən müharibəyə getmiş atasından qara kağız gəlmiş, on bir yaşına çatanda anası faciəli şəkildə həlak olmuşdu. Həyat, tale ona yetimlik damğası vurdu.

Deyirlər, yetim qürurlu olur. Özündən kiçik xəstə qardaşını və qoca nənəsini dolandırmaq zorunda qalaraq hər cür ağır, yaşına uyğun olmayan cürbəcür ağır işlərin altına çiynini verən bu yetim həm də harınlamış varlıların, onların "gül balalarının" təhqir, təqib və aşağılayıcı hərəkətlərini dəf etməli, bəzən də sakitcə həzm etməli olur, buna rəğmən, heç bir halda qürurunu sındırmır, əyilmir, yetim, kimsəsiz olduğuna, basqılara məruz qaldığına görə kövrəlir, daxildə ağlayır, lakin heç vaxt bu vəziyyətini büruzə vermir, qürurunu qoruyurdu.

O, Minacatı səsləndirən, dilləndirən Ustadı şəxsən tanıyır, bir-birlərinə böyük hörmət qoyurdular. Ustadın zurnada çaldığı "Sona bülbüllər" sanki ilahi səsə sahib olan məşhur xanəndə Qədir Rüstəmovun oxuduğu "Sona bülbüllər"lə bir-birini tamamlayır, səsləşirdi. Ustad sənətkar kövrək ürəkli dostunun  "Sona bülbüllər"inə olan sevcisini, vurğunluğunu nəzərə alaraq onun iştirak etdiyi tədbirlərdə mütləq bu yanıqlı mahnını səsləndirər, mahnının ortasında Minacata da müraciət edərdi.

Minacat onun kövrək qəlbini yerindən qoparıb ərşə qaldırmışdı. Yaşadığı uzun, mənalı, "daşdan su çıxan kimi" keçən ömrü kino lenti kimi gözlərinin qarşısından keçir, için-için ağlayırdı. "Segah" üstündə nalə çəkən  zurnanın yalnız İlahiyə məlum olan səsinin sirri huşunu-ruhunu əlindən alır, tükləri ürpəşirdi.

"Daşdan su çıxan kimi" böyüyən bu kövrək qəlbli insanın həyat qayəsi Zərdüşt peyğəmbərin məşhur "Düz düşünmək, düz danışmaq, düz yaşamaq" üçsütun nəzəriyyəsilə üst-üstə düşürdü. Onun həyat qayəsinin digər amalı Böyük Yaradana yetişməyin dörd mərhələsi - şəriət, təriqət, mərifət və həqiqətə sədaqət, insanlara sevgi, onlara qarşı hər zaman xeyirxah olmaq, təmənnasızlıq, mərhəmətlilik idi. Uzun illər orta pillədə rəhbər vəzifələrdə işləməsi, əlində müəyyən ixtiyarın olması xeyirxahlıq əlini hər kəsə uzatmağa imkan yaradırdı. Alicənab təbiəti onu "yox" kiməsə deməyə qoymurdu.

Mənəvi gözəlliyin əsas şərti kimi dəyərləndirilən sadəlik və təvazökarlıq onun təbiətinin ayrılmaz hissəsi idi. Burada dahi Tolstoyun "Təvazökarlıq çox vaxt zəiflik və qətiyyətsizlik kimi qəbul edilir. Lakin təcrübə insanlara onların yanıldığını sübut etdikdə, təvazökarlıq xarakterə yeni şərafət, qüvvə və hörmət gətirir" - kəlamı yada düşür.

Deyirlər, insan dünyaya nurani sifətdə gəlir. Ancaq onların çox cüzi bir hissəsi ilahidən bəxş edilən bu sifəti qoruyub saxlaya bilir. Bu, təmiz, yumşaq, təvazökar, kövrək, genişürəkli, xeyirxah insanlara qismət olan ilahi vergi, Allah payıdır. Sözügedən kövrək qəlbli insan da anadangəlmə nurani sifətini qoruyub saxlaya bilmişdi. İxtiyar yaşının 50 ilini yaşadığı qədim əyalət şəhərində - kiçik vətənində də, həyatının son illərini yaşadığı Bakıda da bir-birindən xəbərsiz müxtəlif insanlar onun sifətindəki nuraniliyi heyrətlə qeyd edirdilər. Görünür, bu, həm də onun ruhi və mənəvi saflığını qoruyub saxlamasına Tanrının verdiyi böyük mukafat idi. Hər halda Allah bilən yaxşıdır.

Minacat yalnız özünə məlum olan sirli məlhəmi və ünvanlandığı gözəgörünməz Yaradanın xeyir-duası ilə daş ürəkləri yumşaltmış, yumşaq ürəkləri kövrəltmiş, kövrəkləri ağladaraq onların emosional gərginliyini götürüb vəziyyətlərini yüngülləşdirmişdi.

P.S. Dünyanın qəribə işləri varmış. Zurnanın dili ilə (zurna - Ələfsərin ürəyinin dili idi) Tanrıya müraciət edən və bu zaman ən müxtəlif qəlbli insanlara məlhəm olan həmin o dildə danışan böyük sənətkar ozü də bu dünyadan narazı getdi. Heç bir günahı olmadan daşürəkli qatilin xəncərinə tuş gəldi. Lakin insanların ruhi, mənəvi zənginliyini təmin edən ilahi ifası ilə onların yaddaşına həkk olundu.

Yaranışdan bilirik ömrə nəhayətdir ölüm,

Zamanın hökmü budur, hər kəsə qismətdir ölüm,

- deyən ustad şair B.Vahabzadə də öz qaçılmaz qismətini gördü. Mənə isə onun tövsiyəsinə hörmət, ehtiram və sədaqət rəmzi olaraq bu yazını qələmə almaq qaldı.

Böyük alman şairi Henrix Heyne yazırdı ki, hər bir insan bir dünyadır, o dünya onunla doğulur və onunla ölür. Hər məzar daşının altında dünyanın tarixi var. Bu tarixlərdən ikisini - iki Böyük Ustadın ruhunu şad etməklə Ulu Tanrıdan onlara qəni-qəni rəhmət diləyirəm.

 





14.08.2022    çap et  çap et