Avqustun 11-də Latviya parlamenti Rusiyanı terrorizmi maliyyələşdirən ölkə elan edib. Latviya Seyminin qərarında deyilir ki, Rusiya Federasiyası uzun illərdir terrorçu rejimləri və təşkilatları birbaşa və dolayısı ilə maliyyələşdirir. "Uzun illərdir ki, Rusiya Suriyada Əsəd rejimini silahla təmin edir, Skripal ailəsinin zəhərlənməsində, MH-17 təyyarəsinin vurulmasında birbaşa günahkardır. Rusiya birbaşa və dolayı yolla müxtəlif terrorçu rejimləri və təşkilatları dəstəkləyib və maliyyələşdirir". Latviya parlamentinin qərarında deyilir ki, Seym Rusiyanın Ukraynada mülki əhaliyə qarşı siyasi məqsədlər üçün törətdiyi zorakılığı terrorizm, Rusiyanı isə terrorizmi maliyyələşdirən dövlət kimi tanıyır, digər həmfikir ölkələri də eyni münasibət bildirməyə çağırır. Latviya parlamenti Avropa Birliyinə daxil olan ölkələri Rusiya və Belarus vətəndaşlarına vizaların verilməsini dərhal dayandırmağa da çağırıb.
Latviya parlamentinin üzvləri Belarus rejiminin dəstəyi ilə Ukraynaya qarşı hərbi təcavüzü və genişmiqyaslı işğalı qətiyyətlə pislədiklərini bəyan etməklə yanaşı, Avroatlantik birliyini və onun tərəfdaşlarını təcili olaraq Rusiyaya qarşı hərtərəfli sanksiyaları gücləndirməyə və tətbiq etməyə çağırıblar.
Latviya ilə yanaşı, Estoniya da Rusiya vətəndaşlarına Avropa Birliyinə keçid hüququnun ləğvini tələb edib. Estoniyanın Baş naziri Kaja Kallas hesab edir ki, Avropa ölkələrinə keçid hüquq deyil, imtiyazdır. Estoniyada hesab edirlər ki, Rusiya vətəndaşlarını bu imtiyazdan məhrum etmək lazımdır. Rusiyanın diqqəti isə Latviya Seyminin qərarına yönəlib.
Rusiya Xarici İşlər Nazirliyi Latviya Seyminin Rusiyanı terrorizmi himayə edən dövlət kimi tanınmasını rusofobiyanın növbəti təzahürü adlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, "Latviyanın ali qanunverici orqanının bu addımı mövcud beynəlxalq hüquqa kobud şəkildə ziddir və dövlətlərin suveren bərabərliyi prinsipini pozur".
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov rəsmi Moskvanı cavab tədbirləri görməyə çağırıb. "Bizim çoxlu iqtisadi rıçaqlarımız var ki, bu dövlət bu dünyada özünü narahat hiss etsin". Dövlət Dumasının başqa bir üzvü Oleq Morozov Latviya parlamentinin qərarına qarşı olaraq ən sərt diplomatik və iqtisadi tədbirlər görməyə çağırıb. Rusiya Federasiya Şurasının Beynəlxalq komitəsinin üzvü Sergey Tsekov isə bildirib ki, Latviyanı öz yerində oturtmaq üçün Moskva "ağrılı" tədbirlər görməlidir. Rusiyalı senator hesab edir ki, ilk növbədə iqtisadi məhdudiyyətlər tətbiq etməlidir və Latviya mallarının Rusiya ərazisindən tranzitinə qadağa qoyulmalıdır.
Latviya Seymindən üç ay öncə, may ayında Litva seymi Rusiyanı terrorizmi himayə edən, maliyyələşdirən dövlət kimi tanımışdı. O zaman da Rusiya rəsmiləri Litvanın ünvanına kəskin fikirlər səsləndirmişdilər. Lakin Rusiya rəsmilərinin təhdidləri söz olaraq qaldı. İndi də Latviyanın ünvanına səslənən təhdidlərin hansısa qərara, hərəkətə çevriləcəyini gözləmək çətindir. Ukraynada sonu görünməyən müharibəyə cəlb olunan Rusiyanın NATO üzvü olan Baltikyanı respublikaları təhdid etmək imkanı sadəcə olaraq yoxdur.