Naxçıvan Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olduğu üçün burada tərtib olunan saysız-hesabsız arxeoqrafik sənədlərin mövcudluğunu təbii bir hal hesab etmək olar.
Naxçıvana aid arxeoqrafik sənədlərin etibarlı saxlanc yerlərindən biri burada fəaliyyət göstərən tarix muzeyi olmuşdur. Hələ 1926-cı ildə – tam formalaşmadığı bir dövrdə Balabəy Əlibəyovun iki otaqlı evində yerləşən həmin muzeyi zyarət edən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin üzvü, tanınmış arxeoloq V.M.Sısoyev “1926-1927-ci illərdə Naxçıvan Respublikasına səyahətə dair hesabatı”nda bu barədə belə bir məlumat vermişdir: “Muzeydə (Naxçıvan tarix muzeyi nəzərdə tutulur – F.X.) XIX əsrin əvvəllərində torpaq mülkiyyətinə aid bir neçə nüsxə farsca fərman vardır”
1930-1944-ci illərdə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru vəzifəsində işləmiş M.Mirheydərzadə isə həmin xüsusuda yazır: “Ordubaddan və Naxçıvandan əldə edilmiş və alınmış bir çox əlyazmalar, qəbalə və fərmanlar Naxçıvan muzeyində şkafda, bəzi qovluqlarda, ekspozisiyada saxlanılır”.
Araşdırmalardan aydın oldu ki, V.M.Sısoyev və M.Mirheydərzadənin verdiyi bu məlumatlar tamamilə həqiqətə uyğundur. 2021-ci ilin sonlarınadək onların adını çəkdiyi arxeoqrafik sənədlər doğrudan da Naxçıvan Dövlət Tarix Muzeyinin arxivində mövcud olmuşdur. Təəssüf ki, sayı 300-dən çox olan həmin sənədlər, demək olar ki, tədqiqata cəlb edilməmişdır.
Bu sənədlər 2021-ci ilin noyabr ayında AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fonduna köçürülmüşdür.
Əlyazmalar Fonduna yeni daxil olan sənədlərin əksəriyyəti bir (bəzisi iki) vərəqdən ibarətdir. Mətnlər qara tuşla (bəzi xüsusi qeydlər qırmızı tuşla) ağ və bəzən mavi rəngli vərəqlərin bir üzünə (nadir halda vərəqin arxasına da) yazılmışdır. Sərhəddən keçid, doğum və vəfat tarixlərinə aid sənədlər həm hazır blank, həm də əlyazısı formasındadır. Vərəqlər müxtəlif öçülərdədir. Ən kiçiyi 10x15 sm, ən böyüyü isə 30x90 sm. ölçüdədir. Bəzi vərəqlər bir-birinə yapışdırıldığı üçün sənədin ölçüsü böyümüşdür. Bir-iki naqis və solmuş sənəd nəzərə alınmasa, demək olar ki, onların hamısı oxunaqlı vəziyyətdədir.
Dövrün tələblərinə uyğun olaraq bütün sənədlər rəsmi dil kimi qəbul edilən fars dilində, nəstəliq-şikəstə xətti ilə yazılmışdır. Lakin Azərbaycan Rusiyaya ilhaq ediləndən sonrakı illərə aid olan bəzi sənədlər ya rus dilinə tərcümə edilmiş, ya da rus dilində tərtib olıunmuşdur. Sənədlərin tərtibi zamanı şəriət qaydalarına və o dövr üçün məqbul sayılan rəsmi üslubun normalarına əməl edilmişdir.
Sənədlər müvafiq səlahiyyətli şəxslərin və şahidlərin rəsmi və şəxsi möhürü, bəzi şahidlərin isə barmaq izi ilə təsdiq edilmişdir.
300 ilədək bir dövrü (XVI-XIX əsrləri) əhatə edən və əksəriyyətinin əsli, bəzilərinin isə surəti əlimizə gəlib çatan Naxçıvanla bağlı arxeoqrafik sənədlərin məzmunu Naxçıvan şəhəri və ona yaxın olan ətraf kəndlərə, müəyyən hissəsi Ordubad, az qismi isə Şərur və Şahbuz rayonlarına aiddir. Onlar müxtəlif qəbalə (alqı-satqı sənədi), hibənamə (bağışlama sənədi), şəhadətnamə, vəsiyyətnamə, borc öhdəlikləri və qəbzlər, hökm və göstərişlər, əmr və sərəncamlar, xahiş və ərizələr, mübadilə və razılaşma müqavilələri, mülkiyyət sahibliyi, vərəsəlik, həmçinin nikah və təlaq şəhadətnamələri, cehiziyyə, müxtəlif məzmunlu məktub, ayrı-ayrı şəxslərə aid mülk və əşyaların siyahısı, tərk edilmiş əşyaların məsciddən ehtiyacı olanlara paylanması ilə bağlı sənədlərdən ibarətdir.
Naxçıvana aid arxeoqrafik sənədlərin ən qədimi 1685-ci ilə aiddir. Bu sənəd vərəsəlik haqqındadır. Mərhum Məhəmmədəli bəy Qaplan bəy oğlu Kəngərlinin mirasının oğlu Nəzərəli, qızı Səltənət, arvadı Şahcövzi bəyin qızı arasında bölünməsi ilə əlaqədar tərtib olunmuşdur.
Sonrakı dövrlərə aid olan sənədlər 1715, 1754, 1772, 1782, 1785-1789-cu illərini, XIX əsrin demək olar ki, bütün, XX əsrin isə ilk onilliyini əhatə edir.
XVII-XIX əsrlərə aid vərəsəlik, qəbalə və hibənamələrdə miras payı, alqı-satqı və bağışlama obyekti kimi daha çox Kəngərlilərə məxsus torpaqların adı çəkilir. Digər sənədlərdə də onların adlarına tez-tez rast gəlmək olur. Sənədlərdə adı çəkilən Kəngərlilərin bəziləri bunlardır: Şahsuvar bəy Novruz bəy oğlu Kəngərliniski, Lütvəli Sultan Kəngərli, Cahanbaxış bəy Kəngərli, Əsmər xanım Sultan qızı Kəngərli, Məhəmmədkərim Sultan oğlu Kəngərli, İsmayıl bəy Elmşah bəy oğlu Kəngərli, Məhəmmədəli Lütvəli xan oğlu Kəngərli, Mirzə Əli bəy Dinar oğlu Kəngərli, Nisə xanım Səfiqulu xan qızı Kəngərli, Mələk Nisə xanım Səfiqulu xan qızı Kəngərli, Məhəmməd Kazım Hacı Şahsuvar bəy Yüzbaşı oğlu Kəngərli, Məmmədəli bəy Kəngərli, Mirzə İbrahim Mirzə Rəhim oğlu Kəngərli, Mirzə İsmayıl Mirzə Rəhim oğlu Kəngərli
Bu sənədlərin diqqətlə öyrənilməsi Kəngərlilərin nəsil şəcərəsinin müəyyənləşdirilməsi və əldə olan şəcərələrin dəqiqləşdirilməsi üçün böyük faydası ola bilər. Ümumiyyətlə, Naxçıvana aid arxeoqrafik sənədlərin xüsusi tədqiqat obyekti kimi araşdırılmasının mühüm elmi əhəmiyyəti vardır. Çünki həmin sənədlərdə istər tarixi-iqtisadi, sosial-siyasi, hüquqi, istərsə də, etnoqrafik və linqvistik xarakterli bir çox məsələlər öz əksini tapmışdır. Vaxtilə Naxçıvanda mövcud olmuş torpaq mülkiyyət formalari, müliki torpaq sahibliyi, torpaqların satılma şərtləri, yerli əhainin ev, malikanə, bağ, dəyirman, dükan, otlaq, qışlaq və yaylaq sahibliyinə, ailə münasibətləri və vətəndaşların sosial vəziyyətinə aid məlumatların, Hacı Vilayətullah, Mirzə Budaq, Gənci Cəmşid, Hacı Sudi Cəmşidlinski, Qəniverdi, Əmir Hasil, Baba Dərviş, Rəmzəli bəy, Elmşah bəy, Dostxanım, Dinar bəy, Şükrullah, Ağaqardaş kimi insan adları, soyadlarının, Kedir yurdu, Mömin xan yeri, Hüseynqulu xan yeri, “Kekali”, “Tuşmal”, “Allahqulu” adlı torpaq sahələri, Qullar Kəngərli oymağı, Əlixan oymağı, Kələntər bağı, Yusif bağı, Edilağa gölü, kənd adlarından Kürdəmir, Qoçubəy, Axtalı, Orucqulu, Hacıabad, Qarameşin kimi toponimlərin və Naxçıvanda dövriyyədə olan manat, rubl, tümən, dinar, şahı, əşrəfi, kimi pul vahidlərinin adı keçən həmin sənədləri naxçıvanşünaslıq üçün qiymətli tarixi məxəzlər hesab etmək olar.
Naxçıvanda yazılan və tərtib edilən nikah və təlaq şəhadətnamələri, cehiziyyələr də maraqlı tarixi sənədlər kimi tədqiq olunmağa layiqdir.
Yüz il və daha çox illər əvvəl yazılan Nikah şəhadətnamələrinin quruluşu və məzmunu müasir dövrdə axundların yazdığı kəbin kağızlarından demək olar ki, fərqlənmir.
Təlaq şəhadətnaməsinin də özünəməxsus quruluşu olmuşdur. Bu sənəddə əvvəlcə təlaq verənin və təlaq verilənin adı və yaşı, sonra təlaq zamanı şahid tutulan şəxsin adı, təlaqın növü, tarixi, təlaq məclisinin şahidləri, təlaqı icra edənin adı, soyadı və imzası əks olunmalıdır. Fondda qorunan təlaq şəhadətnamələri bu tələblərə əməl edilməklə tərtib olunmuşdur.
Fonda yeni daxil olan maraqlı sənədlərdən biri də cehiziyyələrdir. Sayı çox olmayan bu sənədlərin hamısı XIX əsrin ikinci yarısında tərtib olunmuşdur. Onları nəzərdən keçirərkən aydın olur ki, ərə gedən qızlara müxtəlif ailələr tərəfindən verilən cehizlər, demək olar ki, eynidir. Həmin əşyaları belə qruplaşdırmaq olar: Qurani-Kərim, böyük canamaz, kiçik canamaz, atlas çarşab, ağ çarşab, divar aynası, pərdə, mücrü, xına qabı, şam yandıran, gülabdan, sürmədan, qızıl sürmə mili, aftafa-ləyən, yataq dəsti, kürsü yorğanı, sandıq örtüyü, mücrü örtüyü, döşəkçə, kişi arxalığı, araçqın, şalvar bəndi, qumaş qadın paltarı, Kirman şalı, dəsmal, ipək dəsmal, kənarə, mis kasa, mis məcməi, mis nimçə, mis cam, şüşə çaydan, boşqab, qaşıq, stəkan-zir, qənddan, dolça, abgərdan, çölmək, böyük padnos, teşt, kəfgir, maşa və s.
Maraqlıdır ki, cehiziyyələrin çoxunda cehiz verilən əşyaların sayı və qiyməti də göstərilmişdir. Məsələn, sandıq 1 ədəd, 15 manat, boxça 3 ədəd, 2 man., şamdan 4 ədəd, 2 man., gümüş qaşıq 6 ədəd, 4 man., plovsüzən 1 ədəd, 3 man., mis qazan 1 ədəd, 2 man. və s.
Cehiz verilən bu əşyalarla tanışlıq iki əsrdən də çox bundan əvvəl Naxçıvanda yaşayan əhalinin ailə-məişət şəraiti, milli ənənələrə uyğun yaşam tərzi və maddi vəziyyəti haqqında müəyyən təsəvvür əldə etməyə imkan verir. Adı çəkilən cehiz əşyalarının bir çoxu müasir ev əşyaları ilə müqayisədə köhnə və vaxtı keçmiş görünsə də, Naxçıvana aid arxeoqrafik sənədlər vaxtilə əcdadlarımızın istifadəsində olan ev əşyaları kimi tarixi-etnoqrafik baxımdan çox əhəmiyyətlidir. Həmin əşyaların bir çoxu forması təkmilləşmiş şəkildə bu gün də istifadə olunmaqdadır.
Əlyazmalar Fonduna yeni daxil olan Naxçıvanla bağlı aidarxeoqrafik sənədlər naxçıvanşünaslıq üçün mühüm tarixi əhəmiyyətə malik olmaqla yanaşı etnoqraflar, tarixçilər, dilçilər, hüquqşünaslar, iqtisadçılar və digər mütəxəssislər üçün ən etibarlı ilkin mənbələrdir.
çap et