525.Az

Həm yeni biliklər, həm istirahət


 

GƏNC ALİMLƏRİN LƏNKƏRANDAKI YAY DÜŞƏRGƏSİNİN QAYƏSİ BELƏ OLUB

Həm yeni biliklər, həm istirahət<b style="color:red"></b>

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Lənkəranda "Gənc alimlərin yay düşərgəsi" keçirilib. Düşərgənin məkanı kimi Lənkəran Olimpiya Kompleksi seçilib. Düşərgənin silsilə tədbirlərində Azərbaycan Milli Elmlər Akademiyasının, müxtəlif universitetlərin, eləcə də ayrı-ayrı nazirliklərin elmi müəssisə və təşkilatlarında çalışan 60 nəfərdən  çox gənc alim iştirak edib.

Bir həftə müddətində gənc alimlər üçün "Tənqidi düşüncə", "Beynəlxalq təqaüdlər", "Gənc alimlərin fərdi və intellektual inkişafı", "Təqdimat bacarıqlarının təkmilləşdirilməsi", "Akademik tədqiqatların nəticələrinin elmmetrik bazalarda işıqlandırılması", "Motivasiya və Hədəf", "Liderlik bacarıqları" təlimləri,  "Xəmsə" intellektual-əyləncəli oyunu, şahmat, dama, voleybol yarışları, bədii yaradıcılıq müsabiqələri təşkil edilib.

"Azərbaycanın dörd bir yanında çalışan gənc alim və mütəxəssislər həmçinin, öz diyarları haqda maraqlı tərzdə bir növ, tanıtım materialları təqdim edirdilər. AMEA Gəncə Bölməsinin təmsilçiləri kimi, biz də gənc alimlər üçün "Gəncə şəhəri - multikulturalizm mərkəzidir" mövzusunda mühazirə keçirdik. Həmçinin, gənc tədqiqatçılar arasında əlaqələrin daha da sıxlaşdırılması, əldə etdiyimiz təcrübələrin mübadiləsi yönündə də tədbirin son günündə geniş müzakirələrə baş vurduq", - deyə görüşün iştirakçısı, AMEA Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər Şurasının sədri Elnur Həsənov bildirib.

Görüşün gedişində iştirakçılar AMEA Lənkəran Regional Elmi Mərkəzində olaraq, buranın tədqiqat laboratoriya və sahələrində yetişdirilən müxtəlif çay növləri, sitrus bitkiləri, zəngin meşə genefondu haqda bilgilərləi tanış olublar, eləcə də bu sahələrdə çalışan tanınmış alim və mütəxəssislərin mühazirələrini dinləyiblər.

Düşərgənin sonuncu günü 44 Günlük Vətən müharibəsi şəhidi, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı olmuş Mənsur Bağırzadənin atası Zahir Bağırovun gənclərlə görüşü təşkil edilib. İştirakçılar Şəhidlər xiyabanını da ziyarət ediblər.

Zakir MURADOV,

Gəncə

 





16.08.2022    çap et  çap et