525.Az

Allahın sizə Salamı var...


 

Allahın sizə Salamı var...<b style="color:red"></b>

Çox illər qabaq oxumuşdum: "Ağdamın girişində quldurlar Qədirin yolunu kəsdilər, üst-başını axtardılar, heç nə tapa bilmədilər. Axırda ağzını açıb baxdılar, gördülər, yazığın səsindən başqa heç nəyi yoxdur".

Ola bilsin, tam yazıldığı kimi xatırlamıram, ancaq məzmunu beləydi. Axırıncı cümlədən isə tam əminəm: "...gördülər, yazığın səsindən başqa heç nəyi yoxdur". Və bəlkə də nə yaxşı ki, səsindən başqa heç nəyi yox idi, başqa hər şeyi - varı-karı olsaydı, bəlkə səsindən də xəbərsiz köçüb bu dünyadan gedərdi. Canlı klassikaya, sənət əntiqinə, yaşayan əfsanəyə çevrilməzdi Qədir Rüstəmov. Nə yaxşı ki, Qədir quldurlardan çox-çox qabaq özü öz ağlıyla, ya da fəhmi ilə (yaxud hər ikisinin köməyilə) dərk eləmişdi ki, bu Dünyada o "yazığın" SƏSindən başqa heç nəyi yoxdur.

Hə, hə! Dərk eləmiş və şükür eləmişdi ki, SƏSi onun bu Dünyadakı hər şeyidir. Qədiri Qədir edən onun İlahi səsə açıq antennasıydı. Ezra Pound dünyadan köçəndə Qədirin 37 yaşı vardı; sənətinin zirvəsindən boylanırdı. Ancaq Pound bəlkə heç Qədir zirvəsinə boylanmamışdı, bəlkə bu qarayanız, çəlimsiz ağdamlı sənət fədaisini heç tanımamışdı da. Ancaq demişdi: "Rəssam - Dünyanın antennasıdır". Qədiri tanısaydı, bunu musiqiçi haqqında da deyərdi. Ancaq "rəssam" demişdi. 

Heç də təsadüfi deyil ki, Leonard Şleyn italyan əsilli amerikalının bu frazasını Renesans dövrünün başqa bir məşhur italyanına - Leonardo da Vinçiyə həsr etdiyi kitabına epiqraf seçib. Həmin da Vinçinin yaratdığı "Mona Liza"nın simasından hansı bir parçasını ayrılıqda götürüb baxsanız, o möcüzə təbəssümün zərrəsini və bu zərrənin arxasındakı tablonu tam görə biləcəksiniz. Rəssam həm də İlahi ölçü duyğusuna da sahibdi; bəlkə də elə buna görə həm də riyaziyyatçıydı, həm də memardı... Və həm də yazardı, FİLOSOFDU! Hər anlamın ölçüsünü, hər ölçünün anlamını bilən - daha doğrusu, duyan bir Düha!

Səsin dalğaları olduğu kimi, rəngin də, Sözün də öz dalğaları var. Anamın çəkdiyi ah təkcə iki hərfdəki həyəcanlı qüssə kombinasiyası deyildi; o ahın gücü (ya da gücsüzlüyü) dalğa-dalğa yayılan energetikasındaydı. Bu ah və bütün dünyadakı Anaların çəkdiyi ahlar fəzanın sonsuzluğuna uçub edər və axırda Allahın adında - adının axırında toplanar. Göy üzündəki o ahlar sonra bu Yer üzündə kimi və ya kimləri tutacaq?! Hə, o da ad yiyəsinin - Allahın bildiyi iş!

Bizi də Allah yaradıb, sənəti də, sənətkarı da! Və bəlkə bu üzdəndir ki, Eliot deyir: "Gerçək sənət biz onu anlamazdan qabaq bizimlə danışa bilir". Marsel Prust isə yeni peyzajları görmək, görə bilmək xoşbəxtliyini başqa cür baxan gözlərə sahib olmaqda görürdü. Prustun bu sözlərinin üzərində çox düşündüm və belə anladım: əgər sən hamı kimi deyil, başqa cür görürsənsə, deməli, başqa cür baxırsan...

İndi hərəmizin əlində bir smartfon var. Ancaq biz hamımız fotoqrafıqmı, Allah eşqinə?! Xeyr! Elə "smart" "fon"lar var ki, onları heç bir özündən deyən, cibimizi "yeyən" smartfon seçə bilməz. Çünki görə bilməz! Nəticədə  baxan, görən, çəkən insandır axı, insan!  Üstəlik də, o, gerçəkdən İnsandırsa! Ürəyi ilə baxacaq, ruhu ilə görəcək.

Allah hamıya bir cüt təbii fotokamera verib - iki göz. Onlar təkcə baxmır, təkcə görmür, həm də çəkir və göstərir. "Fotoqrafik yaddaş" anlayışını yada salın. Gözlər ən birinci öz sahibinin ürəyini göstərir. Biz bütün ömrümüz boyu - hər gün, hər dəqiqə, saniyəbəsaniyə öz Ürəyimizin içindən - duyğusalımızdan, düşüncə fabriklərimizdən canlı yayım edirik. Gözlərimiz bizi çəkib hamıya göstərir. Üzlərdəki saxta niqablar gözlərdəki əsl duyğuları heç vaxt gizlədə bilməz. Bəlkə buna görədir ki, kəşfiyyatçı yetişdirilən adamlarda səslərə, rənglərə, şifrələrə, bir sözlə, hər şeyə təbii "antenna"ları açmağın sirrini öyrədirlər. Və! Ən başlıcası, gözündəki "yayım"ı dayandırmağın yolunu bilməlisən. Kəşfiyyatçısansa, sənin gözlərin ürəyindən, beynindən keçəni ifadə etməməlidir. Fotoqrafın sənəti (sənətinin sehrli gücü) çəkdiyi insanın, ya da heyvanın, quşun içindən çölünə - üzünə, ən əsas gözünə proyeksiya olunan duyğusal Həqiqəti, düşüncə səmimiyyətini vaxtında, anında tutub əbədiləşdirə bilməkdir.

Oxuduğunuz bu essenin qəhrəmanı az əvvəl dediklərimi yüksək sənət səviyyəsində bacarırdı. Bir vaxtlar biz gəncdik, o da bizdən yaşca böyük... gəncdi. Tələbəydik. O isə bizim ruhumuzun dərinliklərinə talib idi;  üzümüzdəki həyəcanlı təbəssümə, gözlərimizdəki səksəkəyə, sonsuz (bəzən də səbəbsiz) sevincimizə, dərin kədərimizə, mehribanlığımıza, nigaranlığımıza, şükranlığımıza, peşmanlığımıza, bir sözlə, iç dünyamızda nə varsa, hamısına. Çünki o, təkcə şəkil çəkmirdi axı. O, İnsanı olduğu kimi canlı çəkmək istəyirdi. Sevgimizi, əzabımızı, lap elə qorxumuzu-ürkümüzü çəkirdi. Sözün bütün anlamlarında DƏRDimizi çəkirdi Adam! Bəlkə bu qədər insanın dərdini çəkib, bu qədər zaman daşımaq da ona ağır gəldi. Bəlkə elə bu ağır xəstəlik də və bu Ölüm də ondandır. Dözülməz ağrıları uzun zaman hətta ən yaxınlarından da gizlətmişdi. "Niyə gizlətmişdi?! - desəniz, bir cavabım var: bu, təkcə Salamın öz ağrıları deyildi ki! Başqalarının Salamda yaşayan ağrılarıydı; əmanət sirlərə - başqa insanların ağrılarına son ana qədər sadiq qaldı, başqalarının özündəki şəklini öz həyatından daha çox qorudu.

...Allahın şəklini kim görüb?! Heç kəs! Heç sonuncu Peyğəmbərin də şəkli yoxdur. Çünki müqəddəslərin hər kəsdə şəkli bir başqadır. Hər ürək Allahını, Peyğəmbərini öz təsəvvürünün, daha doğrusu, təxəyyülünün görə bildiyi, duya və "çəkə bildiyi" qədər (ya da "çəkə bildiyi" kimi) şəkilləndirir. Adətən xarakterli kişilər foto çəkdirməyə çox da həvəsli olmurlar. Çünki kişi özü Allahın "şəklidir" sanki. Allahın özünü də axı insanın yaradıcı fəhmi (hər halda bizim toplumun duyğusal qavrayışı) kişi olaraq görür. "Göydəki kişi özü bizə kömək olsun" kimi duaları eşitmisiniz. Burda "kişi" anlayışı cinsi bir fərq anlamı daşımır; zatən anlam əqli, məntiqi nəsnədir. Allaha yaraşdırılan kişi obrazı isə İnsanın Yaradanla duyğusal energetika bağı və ən əsası xarakter bənzərliyinin rəsmidir - zəhm, rəhm, hökm, ədalət və mərhəmət... cizgilərinin məcmusudur. Bəli, Allah  insanı yaradıb. Ancaq insan da öz Allahını bütün iradələrin üstündəki güc olaraq, ədalətin son instansiyası, Mərhəmətin ali substansiyası, bir obraz olaraq özündə "yaradıb". Heyvanlar, quşlar, bitkilər, cansız əşyalar... onlar Allah nədir, bilmir axı! Hərçənd onları da yaradan Allahdır. Ancaq Allahı tanıyan, öz ruhuna hopduran və sonda ruhunu təslim edəcəyini də bildiyi nəsnə Allahdır.

Bayaq da dediyim kimi, İlahinin hər kəsdə bir cür şəkli var və bu şəkillərin hamısında da Allah... çox gözəl düşüb. Olduğu kimi. Ya da bizim təxəyyülümüzdə olduğu kimi. Allahın rəsmi ən çirkin adamda da belə qənirsiz gözəl "çıxır". Və bir də sən hələ USTA fotoqraf olasan və Allahın hər insandakı zərrəsini tapıb şəklini çəkəsən! Çəkə biləsən! Bu, İlahi bir sənətdir...

 

lll

 

- Gülümsə.

- Mehriban olun.

- Başını dik tut.

- Qamətini düz saxla.

- Bir-birinizə baxın.

- Əl-ələ tutuşun...

 

  Bunlar hər fotoqrafın şəklini çəkdiklərinə dediyi sözlərdir. Bəlkə də standart sözlər. Sıradan sanki. Ancaq bizim qəhrəmanımız - fotokameranı əlində tutan fotoqraf ən əvvəl bir İnsandı və bizə həyatı, həyata bizi öyrədirdi. Bu sıradan görünən fotoqraf göstərişləri həm də həyatının başlanğıcında olanlara Həyatın başlanğıclarını başa salırdı: mehriban olun, gülümsə, qamətini düz saxla  və sair. "Başını dik tut", yəni heç kimin qarşısında və heç nəyin qarşılığında başını əymə. Allahdan başqa heç kəsin qarşısında əyilmə...

Bax, bu üzdən Salam kişinin hər şəklini çəkdiyi ürəyin içində öz şəkli var.

Allahın mükəmməl yaratdığını mükəmmələ yaxın çəkmək böyük sənətdir. Bəli, indi hamı foto çəkir. Ancaq hamı üzdən çəkir. Bilirsiniz. Hər kəs zahirləri çəkir: özününkünü, özgəninkini. Ancaq batinləri çəkmək... Bu, böyük Sənətin işidir.

Adına "selfi" dediyimizə diqqətlə baxın! Nə görürsünüz?! Görürsünüzmü, Allahın sevə-sevə yaratdığı simaları necə ağır təhriflərlə, ciddi yanlışlarla - vizual aldanışlarla çəkirik. Çəkənin sifəti iri, gözləri bir-birindən fərqli ölçüdə... Bədənlər balaca, başlar böyük. Elə bil raxiddirlər. Boyunlar əyri, dodaqlar az qala obyektivin içərisinə keçib... Və az qalırsan deyəsən: ƏCƏBA, BU ADAMIN NEÇƏ MEQAPİKSEL... BURNU VAR?!

...Allahdan mahir fotoqraf yoxdur. Ancaq Allah bir qism bəndəsinə də foto çəkmək sənəti verib. Deyib: "Kimin çəkdiyi şəkil mənim çəkdiyimə daha çox bənzəsə, o, sənətkardır"...

Yəni?!

Yəni Allah bizə verdiyi və bizdən aldığı Salama "Sənətkar" demişdi. Çünki o da hər ölçünün anlamını, hər anlamın ölçüsünü dəqiq bilən adamdı. Varlı-karlı olmağa hər cür imkanı da vardı. Ancaq Hadı oğlu Salam kişi Sənətindən kar edən biri deyildi, sadəcə. O, sərmayə olaraq qoyduğu ömrünün əvəzində Sənətini özünə ən böyük kar bilmişdi. Ağa olmağa fürsəti vardı, ancaq ağayana olmağı seçmişdi. Həyatda da, Sənətdə də belə yaşadı Allahın bizə verdiyi Salam. Hətta ölümündən sonra da... bu şəkildə YAŞAYIR, Allahın bizdən aldığı Salam. Şəklini çəkdiyi hər ürəkdən asdığı şəkildə yaşayır...

Bizimyol.info

 

Müəllifdən: Sənətkar Salam Muxtarov fiziki olaraq yaşasaydı, ötən həftə növbəti ad gününü... keçirmək istəməzdi. Ancaq yaxınları onun adının gününə toplaşardı; övladlar, nəvələr, qohum-qardaş. Bu gün məzarının başına yığışıblar və adını anıblar, özünü anıblar. Bu gün Allahın bizə Salam verdiyi gündür... Allah rəhmətini əsirgəməsin!   

 





16.08.2022    çap et  çap et