525.Az

Bavariya Opera Festivalı (Maestro Niyazinin əsərinin premyerası)


 

Bavariya Opera Festivalı (Maestro Niyazinin əsərinin premyerası)<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın Əməkdar artisti Əyyub Quliyev Almaniyada “Ürəkdən keçərək” devizi altında keçirilən Qut İmmlinq Opera Sənəti Festivalında uğurla iştirak edib.  

525.az xəbər verir ki, Almaniyanın ən füsunkar bölgələrindən biri olan Bavariyada – İmmlinq şəhərində keçirilən festival hər il Avropa, ABŞ, Latın Amerikası, Çin və Yaponiyadan dəvət olunmuş tanınmış opera müğənniləri, dirijor və rejissorları bir yerə toplayır. 26-ci dəfə keçirilən festival müxtəlif uğurlu və yeni lahiyələri ilə diqqəti cəlb edib – C. Verdinin “Traviata” və V. Bellininin “Norma” operalarının yeni quruluşu, V.A.Mosartın musiqisinə həsr olunmuş “Mozart Gala” gecəsi, İspaniya musiqi gecəsi, Mosartın “Sehirli fleyta” operasının uşaqlar üçün təqdimatı, İtalyan musiqi gecəsi (O Sole Mio) və Saint Polen “Avropa Baleti” teatrının çıxışları da baş tutub. İki ayı əhatə edən festivalın bağlanış mərasimində azərbaycanlı dirijor Əyyub Quliyev və Bavariya Festival Orkestrinin çıxışı xüsusi ilə yadda qalıb.

Konsertlərdə Bavariya Festival orkestri ilə bərabər beynəlxalq ifaçılardan ibarət xor və İtaliya, Fransa, Almaniya, Avstriya, Türkiyə, Rusiya, Rumıniya, Ukraynadan dəvət olunmuş istedadlı opera müğənnilərin yer aldığı konsertlərdə C.Verdinin “Attila”,  “Maqbet”, “Falstaf”, “Siciliya gecəsi”, “Bal maskarad”, “Traviata”, Delibin “Lakme”, Offenbaxın “Qofmanın nağılları”,  Bizenin “Karmen” operalarından nümunələr səsləndirilib. Konsertlərin əsas yaddaqalan hadisələrindən biri Bavariya Festivalı Orkestri tərəfindən səsləndirilən dünya şöhrətli Azərbaycan dirijoru və bəstəkarı Maestro Niyazinin “Qaytağı” əsərinin təqdimatı olub. Niyazinin simfonik rəqsi  bəstəkarın anadan olmasının 110 illiyinə həsr olunub. Müxtəlif ölkələrdən – Almaniya, Avstriya, İtaliya, Rumıniya və Gürcüstandan dəvət olunmuş tanınmış musiqiçilərdən ibarət orkestrin bu ifası böyük əks-səda ilə qarşılanıb. Azərbaycanlı dirijorla bərabər festivalın bədii rəhbəri Korneliya fon Kersenbrok və Gürcüstanın tanınmış xormeysterləri – Gürcüstan Dövlət Xor Kapellasının bədii rəhbəri Arçil Uşveridze və Tbilisi Konservatoriyasının professoru Mixail Edişeraşvilinin konsertlərdə iştirakı isə gecənin dostluq və birlik simvoluna çevrilməsinə səbəb olub. 3 saata qədər davam edən konsertin sonunda dinləyicilərin xüsusi marağını nəzərə alaraq Əyyub Quliyev və konsertin digər iştirakçıları proqrama əlavə olaraq opera nümunələrini ifa ediblər. Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Akademik Opera Teatrının İmmlinq Beynəlxalq Festivalı ilə sıx əməkdaşlıq tarixi vardır. 12 il davamlı olaraq teatrın simfonik orkestri  Bad Endorfda İmmlinq festivalının proqramında uğurla çıxış etmişdir. Eyni zamanda festivalın bədii rəhbəri Korneliya fon Kersenbrokun Bakı Dövlət Opera Teatrının daima dəvət etdiyi dirijorlarında sırasında özünəməxsus yeri var.

 





17.08.2022    çap et  çap et