525.Az

Gündüz İsmayılov: "Arzularımız çin olur, Laçına, Zabuxa qayıtmağa hazırlaşırıq" 


 

Gündüz İsmayılov: "Arzularımız çin olur, Laçına, Zabuxa qayıtmağa hazırlaşırıq" <b style="color:red"></b>

"Laçında rayon mərkəzindən çox da uzaq olmayan məşhur bir kənd var - Zabux, orda doğulmuşam. Uşaq ikən kəndimizi iki yerə ayıran, qışda göz yaşı kimi dupduru, yazda sel sularının "əjdahaya" çevirdiyi dağ çayının haradan başladığını fikirləşəndə xəyalımda qəribə mənzərə canlanırdı. Mənə elə gəlirdi ki, bu çayın başlanğıcına gedib çıxmaq mümkün deyil, o, hansısa uzaq ölkədən, insan ayağı dəyməyən dağlardan başlayır. Təbii ki, bunu yalnız 6-7 yaşlı uşaq düşünə bilərdi. Hətta o vaxt çayyuxarı baxanda uzaqlarda gördüyüm dağları dünyanın qurtaracağı sayırdım. Elə zənn edirdim ki, həmin dağların o biri üzündə həyat yoxdur. Ona görə də, ən böyük arzum nə vaxtsa o dağlara getmək və dünyanın qurtaracağını görmək idi".

Bu fikirlər Laçın rayonunun Zabux kənd sakini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun doğma ata-baba yurdu haqqında xatirələrindəndir. Gündüz İsmayılov deyir ki, dünyaya göz açandan kəndlərində ucu-bucağı, sayı-hesabı bilinməyən cığırlar görüb.

 

"Kəndimizdəki qayaların bəzilərində heyranedici, bir az da vahiməli mənzərələr var idi"

 

Kilometrlərlə uzanan bu cığırlar kəndin hər tərəfini - uzağı, yaxını, bəzən başqa kəndləri "dolanıb qayıdırdı": "Fikirləşirdim ki, həmin cığırlarla uca dağlara - dünyanın qurtaracağına gedib çıxmaq mümkündür. Amma bunun üçün uca dağlara uzanan cığırı tapmaq lazımdır... Kəndimizin ətrafında, daha çox da kəndin ayağında yerləşən evimizin qənşərində sıldırım, şiş qayalar, böyük daş kahalar var idi. Gözümü açandan həmin qayaları görmüşəm, ayağım yer tutandan onların başında gəzmişəm.

Bəlkə də, şəhərdə yaşayanlar, dağ kəndlərinə yaxşı bələd olmayanlar üçün "qaya" anlayışı adi, bir az da qəribə gələ bilər. Amma mənim üçün "qaya" müqəddəs sayılacaq qədər əziz məfhumdur. Mənə elə gəlir ki, zabuxluların, bəlkə də, bütün laçınlıların ən çox işlətdikləri sözlərdən biri "qaya" kəlməsidir. Çünki kəndimizdəki yer adlarının əksəriyyəti bu kəlmə ilə bağlı idi: Qara qaya, Qatar qaya, Şişlər (şiş qayalar mənasında), Bədəl uçan qaya, Kahalı (qayalardan yaranmış çoxlu kahalar) və s.

Kəndimizdəki qayaların bəzilərində heyranedici, bir az da vahiməli mənzərələr var idi. Məsələn, kənddən xeyli aralıda yerləşən Qara qaya o qədər əzəmətli idi ki, kiçik yaşlarımda ona baxmaqdan qorxurdum. Zirvəsindəki qartal başına oxşayan böyük daş parçası onu daha da vahiməli edirdi".

 

"32 ildən çox zaman keçib, ancaq ondakı qədər nə vaxtsa sevindiyimi xatırlamıram"

 

Gündüz İsmayılovun sözlərinə görə, qışın soyuğuna, yayın qızmar günəşinə sinə gərən bu qayaların dibində, bir də gün vuran tərəfində çox gözəl çiçəklər, otlar bitirdi: "Yaz vaxtı kənddən aralıda, əl dəyməyən, ün yetməyən yerlərdə nərgiz, zanbağ yığmaq bütün tay-tuşlarım, elə mənim üçün də böyük arzu idi. Çox vaxt qayaların dibində, onlara yaxın, amma əl çatmaz yerlərdə bitən bu çiçəkləri məşəqqətlə dərməyin ayrı ləzzəti olurdu. Bir dəfə evimizdən çox aralıda sürüşkən bir qayanın dibindən qopardığım zanbağın sevincini indi də xatırlayıram. Bəlkə də, həmin vaxtdan 32 ildən çox zaman keçib, ancaq ondakı qədər nə vaxtsa sevindiyimi xatırlamıram.

Kənd adamları yaxşı bilir, qaya kölgəsi çox sərin olur. O qədər sərin olur ki, yayın cırhacırında adam üşüyür. Qayanın kölgəsi daha çox dibinə düşür, üstəlik, yağış suları da qayanın dibinə süzülür. Ona görə də qayaların dibi daha çox kiçik çəmənliyi xatırladır. Həmin çəmənliyi seyr eləmək, orada dincəlmək bir başqa aləmdir.

Allahqulunun dərəsi deyilən yerdə böyük qayanın ətrafındakı çəmənlik indiki kimi yadımdadır. Qayanın dibindəki kiçik otların, zərif çiçəklərin günəş çönəndən sonra qaya kölgəsində necə "üşüdükləri" gözlərimin qabağından heç vaxt getmir. Yaz ağzı quzu otararkən qaya kölgəsində saatlarla oturmağımı da yaxşı xatırlayıram. O vaxtlar, elə indi də qaya kölgəsində yatmaq ən böyük arzum idi. Amma qorxduğum üçün bunu etmirdim. Fikirləşirdim ki, böyüdükdən sonra nə ilan, nə də soyuqlamaq qorxusu bu arzumun gerçəkləşməsinə mane ola bilər".

 

"Uzaq dağları görmək üçün gedəcəyim cığırları axtardım, amma hər dəfə də yuxudan yarımçıq oyanırdım"

 

Sədr müavini deyir ki, böyüdü, ancaq qayaları görmədən, o yerlərdən yüz kilometrlərlə uzaqda, Bakı adlı böyük bir şəhərdə. Bakıda nə qaya var, nə də qaya kölgəsi: "Yuxularımda gördüm o qayaları. Qaya kölgəsində dincəlməyə çalışdım, uşaq ikən dünyanın qurtaracağı bildiyim uzaq dağları görmək üçün gedəcəyim cığırları axtardım, amma hər dəfə də yuxudan yarımçıq oyandım. "Qəribə taledir. Arzularım kimi yuxularım da yarımçıqdır" deyə düşündüm! Sən demə, yanılmışam. Artıq arzularımız çin olur, Laçına, Zabuxa qayıtmağa hazırlaşırıq.  Nə qədər şükür etsək, yenə də azdır. Bu günləri dövlətimizə, şəhidlərimizə, qazilərimizə, ordumuza, bir də qalib ordumuzun müzəffər Ali Baş Komandanına borcluyuq!"

S.QARAYEVA

 





17.08.2022    çap et  çap et