Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən artıq ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış laçınlıların, o cümlədən, Zabux və Sus kəndlərinin sakinlərinin doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, köçürülmənin texniki-təşkilati məsələlərinin həlli və digər vəzifələrlə əlaqədar işlərin sürətləndirilməsi barədə struktur bölmələrinə tapşırıqlar verilib. Doğma yurda qayıdacaq sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi, arzu, istək və tələblərinin müəyyənləşdirilməsi üçün sorğular aparılır, köçürülmənin səmərəli təşkili üçün zəruri tədbirlər həyata keçirilir.
Zabux və Sus kəndinin sakinləri isə uzun illər həsrətini çəkdikləri doğma yurda qayıdıb, firavan günlər yaşayacaqlarına, o yerləri yenidən dirçəldəcəklərinə əmin olduqlarını bildirirlər.
30 il əvvəl 32 yaşında ikən Zabuxdan məcburən çıxmalı olan tikinti mühəndisi Tahir Hüseynov deyir ki, illərdir yurd həsrəti, vətən niskili çəkib: "Mən burada özümü tapa bilmədim, gedib Zabuxda tapacağam, özümü orada qoyub gəlmişəm. Bir-neçə gün əvvəl bizi Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə çağırdılar. Getdik, soruşdular ki, Zabuxa qayıtmaq istəyirsiniz? Dedim qardaş, əlbəttə istəyirəm. 1984-cü ildə Zabuxda evimin tikintisinə başlamışdım, 1988-ci ildə tikinti başa çatdı. O evdə bir gün rahat yaşaya bilmədim. 1988-ci il fevralın 13-də ermənilər Xankəndində Azərbaycanın tərkibindən çıxmaq haqqında qərar qəbul edəndən başlayan mübarizəmizin sonunda yurdumuzdan çıxmalı olduq. Mübarizə bitmədi, biz yenə öz yurdumuza qayıdırıq. Evimdən əsər-əlamət qalmayıb, amma ondan da yaxşısını tikəcəm. Oğlum xaricdə yaşayır, ona xəbər verəndə sevincindən ağladı. Dedi mən də qayıdacam. O, körpə uşaq idi Zabuxdan çıxanda, qızım bələkdə idi. Mənim 32 yaşım vardı, indi 62-dir".
Kənd sakini Əli Fərəcovun sözlərinə görə, Zabuxdan 26 yaşında çıxıb: "1988-ci ildə hadisələr başlayanda bir il polislərin arxasınca əliyalın səngərlərdə olduq. Bir il sonra bizə silah verdilər, 4 il döyüşdük, amma yurd-yuvamızı aldılar. Suriyadan erməniləri gətirib yerləşdiriblər evlərimizə. İndi dünən internetdə görürəm ki, evi yandırıb çıxırlar. Öfkəmdən partlayıram, insult keçirmişəm, tez bir zamanda doğma kəndimə, Zabuxa qayıdıb evimi bərpa etmək istəyirəm. 84 yaşında atam 30 ildir televizorun qarşısında xəbərləri güdür ki, nə vaxt evimizə qayıdırıq - deyəcəklər".
Zabux kəndinin sakini Məhər Quliyev bildirib ki, Laçın rayonunun digər kəndlərində olduğu kimi, Zabuxda da keçmişdən köklü şəkildə məskunlaşmış bir nəfər də erməni olmayıb: "Laçın, Zabux, Sus və digər kəndlər bizin əzəli və əbədi torpaqlarımız, yurd yerimizdir. Mən Zabuxdan çıxarkən kədər göz yaşları ilə çıxmışdım, lakin doğma kəndimə sevinc göz yaşlarımla qayıdacağam. Orada bizim ata-babamızın məzarı qalıb, onları ziyarət edərkən, öz el-obamıza qayıtdıqda 30 illik kədərlərimiz silinib yox olacaq. Çox şükür ki, torpaqlarımız düşmən tapdağından azad olundu. Biz laçınlılar də doğma Laçınımıza qayıtmağı səbirsizliklə gözləyirik. Doğma yurduma ayaqyalın da getməyə hazıram".
S.QARAYEVA