525.Az

Avropa Rusiyasız keçinə biləcəkmi? - Xaqani Cəfərli yazır


 

Avropa Rusiyasız keçinə biləcəkmi? - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Ukraynadakı işğalçı müharibəyə görə Rusiyaya qarşı Qərb sərt sanksiyalara başlayarkən qadağalar ilk olaraq "Şimal axını-2" qaz kəmərinə tətbiq edildi. Ardınca Rusiyadan kömür və neft idxalatına qadağa qoyuldu. Avqust ayının ilk günündən Avropa Birliyi Rusiyadan kömür idxalatını tam dayandırıb. Neft idxalatı azaldılıb və ilin sonuna kimi minimum səviyyəyə endiriləcək. Növbədə Rusiyadan qaz idxalatının dayandırılması var. Rusiya isə cavab olaraq Avropaya qaz ixracatını dayandırmaqla "köhnə qitə"ni qarşıdan gələn qışda soyuqdan donmağa məhkum etməklə hədələyir. Rusiyanın qaz inhisarçısı "Qazprom" Avropa ölkələrinə qaz ixracının həcmini azaldıb. İyulun 27-dən "Şimal axını" qaz kəməri ilə ixrac olunan qaz beş dəfə azaldılaraq 20 faizə endirilib. "Qazprom" bunu "təmir işləri" ilə izah edib. Məqsəd Avropanı təhdid etmək və sanksiyaların zəifləməsinə nail olmaq idi. Belə fikirlər mövcuddur ki, Rusiya qazın ixracatını azaldacağı və ya tamamilə dayandıracağı halda Avropada enerji böhranı yaranacaq. Bu isə öz növbəsində iqtisadi tənəzzüllə səbəb olacaq. Qışın yaxınlaşması ilə vəziyyətin daha da ağırlaşacağı ehtimal edilirdi.

Belə bir vəziyyətdə Avropa hökumətləri öz iqtisadiyyatlarını enerji böhranının dağıdıcı təsirindən xilas etməyə məcbur idilər. Artıq görülən tədbirlər öz nəticəsini verməkdədir. Qaz ehtiyatlarının yığılması baxımından Avropa özünün ötənilki göstəricisini doqquz həftə qabaqlayır. Almaniyanın qaz anbarları artıq 75,43 faiz doldurulub. Bu haqda məlumatı avqust ayının 13-də Almaniya rəsmiləri açıqlayıblar. Avropa Birliyinin qərarına görə, qaz anbarları sentyabr ayının 1-dək 75 faiz doldurulmalı idi. Artıq avqust ayının 13-də bu vəzifəyə əməl olundu. Almaniyanın qarşısında duran növbəti vəzifə qaz anbarlarını oktyabrın 1-dək ən azı 85 faiz, noyabrın 1-dək isə ən azı 95 faiz doldurmalıdır. Belə görünür ki, qaz anbarlarının doldurulmasında indiki sürəti saxlamaq mümkün olsa, qarşıya qoyulan vəzifələrə daha tez nail olunacaq. INES Qaz və Hidrogen Saxlama Sistemlərinin Operatorları Assosiasiyasının məlumatına görə, yayda qaz istehlakının azalması və Avropanın şimal-qərbindən mavi yanacaq idxalının artması sayəsində anbarların doldurulması sürətlənib. Bu isə öz növbəsində qiymətləri aşağı salmağa kömək edir.

Aydın görünür ki, Rusiyanın siyasi hakimiyyətinin "Qazprom" vasitəsilə həyata keçirdiyi bu siyasət tamamilə əks effekt verib. May ayından başlayaraq "Qazprom" şirkəti "Şimal axını" kəməri vasitəsilə qazın nəql olunduğu Portovaya kompressor stansiyasının yaxınlığında qazı yandırmağa başlayıb. Bu barədə Finlandiyanın "Yle" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, Portovaya kompressor stansiyasının yaxınlığındakı ərazidə böyük alovu Finlandiyadan görmək olur. Rusiya hasilatı azalda bilmədiyi və qazı saxlamaq üçün anbarlara malik olmadığına görə yandırmaqdan başqa yolu qalmayıb.

Rusiya Avropanın, xüsusilə də Almaniyanın Kremlin şərtlərini qəbul edəcəyinə ümidli idi. İndi isə tam aydın olur ki, Moskvanın qaz şantajı işə yaramayıb. Əksinə, Rusiyadan asılılıq sürətlə azalır. Almaniya qaz anbarlarının doldurulması ilə bağlı nikbin nəticəni açıqladığı ərəfədə ABŞ neftini Almaniyaya daşıyan ilk neft tankeri Avropaya çatıb. Luizianadan Almaniyaya 570 min barel nefti Capricorn Sun tankeri daşıyıb.

Məlum olduğu kimi, Avropa Birliyinin Rusiya neftinə qarşı sanksiyasına görə xam neftin idxalına 5 dekabr 2022-ci ildən, neft məhsullarının idxalına isə 5 fevral 2023-cü ildən qadağa qoyulacaq. Enerji məsələləri üzrə ekspert Aleksandr Frolov hesab edir ki, Almaniya bazarında Rusiya neftini əvəz etmək üçün təxminən Capricorn Sun həcmində neft daşıyan 245 tanker neft lazım olacaq. Bu həcmdə nefti isə ABŞ-ın təmin etmək imkanı yoxdur. Lakin bu, Rusiyaya güzəşt edilməsinə səbəb olmayacaq. Avropa neft-qaz tələbatını başqa mənbələr hesabına təmin etməyə çalışır. Aydın görünür ki, Rusiya Avropanın enerji bazarlarından çıxarılır. Bu isə Rusiyanın çox ciddi problemlə üzləşəcəyi deməkdir. Çünki bu, Rusiyanın neft-qaz gəlirlərinin azalması demək olacaq. Əgər Rusiya büdcəsinin qeyri-neft və qaz gəlirlərinin sürətlə azaldığını da nəzərə alsaq, bu, Moskva üçün çox ağır nəticələr doğuracaq. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin iyul ayında büdcənin qeyri-neft və qaz gəlirləri 29 faiz azalıb ki, bu da son 11 il ərzində rekord göstəricidir. Bunun nəticəsində iyulda Rusiyanın federal büdcəsində 892 milyard rubl kəsir yaranıb. Rusiyalı ekspertlər isə Moskvanın Qərb bazarlarından çıxarılmasının çox ağır nəticələr verəcəyi ilə bağlı xəbərdarlıq edirlər. Belə görünür ki, Kremlin Avropanın soyuq qışda donacağına və bundan sonra Rusiyanın şərtlərini qəbul edəcəyinə bəslədiyi ümid heç zaman gerçəkləşməyəcək. Əksinə, Avropa kimi enerji bazarını itirməklə Rusiya çox ağır maliyyə problemləri ilə üzləşəcək. Yaranacaq maliyyə boşluqlarını heç bir mənbə hesabına doldurmaq mümkün olmayacaq. Bu isə Rusiyanın özündə sosial-iqtisadi problemləri dərinləşdirəcək. Ekspertlər bu ilin sonu, gələn ilin əvvəlində sosial partlayış ehtimalının yaranacağı haqqında da xəbərdarlıq edirlər. Hələlik bu xəbərdarlıqlar Rusiya hakimiyyətinin inadkar siyasətinin dəyişməsinə təsir etmir. Ancaq bir neçə aydan sonra vəziyyət tamamilə dəyişəcək. Aydın görünür ki, Avropa çətinliklə də olsa, Rusiyasız enerji problemlərinin öhdəsindən gələcək. Ancaq Rusiyanın Avropasız öz enerji resurslarını tam reallaşdıra biləcəyi mümkün görünmür. Hindistan kimi ölkələrin çox böyük endirimlə neft alışı isə Rusiyanın gəlir əldə etməsinə imkan vermir.

 

 

 





17.08.2022    çap et  çap et